“Köhnə Bakı üçün, köhnə
insanlar üçün darıxıram”
Cahangir
Novruzov: "Sənət əxlaqının mənə miras
qoyduğu şərtləri qəbul edərlərsə, Azərbaycana
gələrəm"
Rejissor, aktyor, pedaqoq Cahangir Novruzov APA-ya müsahibə verib. “Hürriyyət” həmin müsahibəni təqdim edir:
- Səhər sizinlə telefonla danışanda nəvənizin gəldiyini
dediniz. Nəvələrinizin
içində Cahangir
var?
- Yox, yoxdur.
- Babalarının adını
daşıyan yoxdur?
- Hansı adı istəyirlər, onu da qoyurlar. Mən belə məsələlərdə
təkid edən adam deyiləm. Kimin ürəyindən nə keçir o adı da verir.
- İllərdir ölkədən
kənarda – Türkiyədə
- yaşayırsınız. Qəribçilik bildiyim qədər yaradıcı
adamlara təsir edir, doğulub-böyüdükləri
yerlər üçün,
dostlar üçün
darıxırlar. Heç
Türkiyədə yalnızlıq
hissi ilə üzləşmisiniz?
- Vətənin üçün
darıxmaq çox
normal hissdir. Türkiyə
yad məmləkət deyil,
doğmadır. Amma bütün
hallarda mənim doğulduğum yer Azərbaycandır, Bakıdır.
Hər kəs öz kəndinin daşı-kəsəyi üçün
darıxar. Mən də darıxıram – dostlarım üçün,
evimiz üçün,
doğulduğum ünvan
– Cəfər Cabbarlı
8-dəki o həyət üçün
darıxıram. Köhnə
Bakı üçün,
köhnə insanlar üçün, artıq
itməkdə olan bəzi adətlərimiz üçün darıxıram.
Xülasə, Bakıya
gələndə də
darıxıram, gəlməyəndə
də.
- Bakıya gələndə
nə üçün
darıxırsınız?
- Çox dəyərlərimizi
unutduğunuz, itirdiyimiz
üçün. “Müasirlik”,
xüsusilə də informatik texnologiya vasitələrindən istifadə,
əsasən milli köklərimizi
sarsıdır, onlara zərər vurur. Bu “köpəkoğlu” telefonlar
gənclərin beyninə
özlərinin də
xəbəri olmadan, elə şeylər yeridir ki, zamanla öz milli kimliklərindən
və olması gərəkən gələcəklərindən
uzaq düşürlər.
Çünkü qloballaşma
siyasətində milli kimlik
sürüləşməyə mane olur.
- Bakıya gələndə
köhnə məhəllənizə
gedirsiniz?
- Hə, məhəlləmiz
qalıb. Bəzən
uşaqlıq dostlarımla
görüşüb həsrət
gidəririk. Türkiyədə
ən çox istirahət günlərində
darıxıram. Çünki
nə qohum, nə də köhnə dostlar var, nə də övladlarım yanımdadır.
Kimə gedib bir çay içəsən? Ona görə
ya işdə oluram, ya da arada
bir oradakı dostların yanına gedirəm. Orada da çox gözəl dostlarımız var.
- Cahangir müəllim,
Bakı sürətlə
gözəlləşir, müasirlər.
Amma bir məsələ
də var ki, bu müasirlik bəzi köhnə evlərin sökülməsi, məhəllələrin,
küçələrin öz
simalarını dəyişməsi
hesabına başa gəlir.
- Sanki Bakının ruhunu redaktə ediblər. Hər dəfə Bakıya gələndə
hansısa binanı haqsız olaraq yerində görməyəndə
nə hisslər keçirdiyimi bir bilərsəydiniz?!..
- Cahangir müəllim, atanızın bir sözü varmış:
“Artist ol, amma artistxasiyyət olma!” Bilmək istəyirdim artistxasiyyət nə deməkdir?
- Oğul, elə şeylər var ki, onun içini qurdalamağa dəyməz. Mən şou adamı deyiləm. O sözün mənasını başa
düşənlər düşür,
başa düşməyənlər
də özlərindən
küssünlər. Mən
sözümü dedim,
anlayan anlayacaq.
- Cahangir müəllim, Azərbaycan teatrındakı
ümumi vəziyyət
haqqında nə düşünürsünüz? Sizi qane edirmi?
- Hər gəldiyimdə 2-3
tamaşaya baxmaqla bütün Azərbaycan teatrı haqqında danışa bilmərəm.
- Ümumiyyətlə teatr salonlarına smartfonlarla girən, tamaşaya baxmaqdan çox onu çəkib sosial mediada paylaşmağa aludə olan çağdaş tamaşaçının səviyyəsi
necə, sizi qane edirmi?
- Bilirsiniz, teatr tamaşasına baxmaq kimi, roman oxumaq kimi hər şeyin
öz qaydası var. Sən heç vaxt roman oxuduğun sırada - əgər fövqəladə bir hadisə baş verməyibsə - qalxıb
gedə bilməzsən.
Dram əsərlərinin də
öz oxuma qanunları var, tamaşada
olduğu kimi istədiyin an qalxıb çıxa bilməzsən.
Pərdə və ya şəkil bitəndə ayrıla bilərsən. Əks təqdirdə bir şey başa düşə bilməzsən.
Qarşında canlı insan olmadığında, kitab və
ya telefondan bir əsər oxuduğunda düşünürsən
ki, davranışınla ədibə
hörmətsizlik etmirsən.
Amma qarşısında Səməd
Vurğun, Vaqif Səmədoğlu, ya da Mirzə Ələkbər
Sabir otursaydı — onların
sözünü yarıda
qoyub gedə bilərdinmi? Bəs o zaman
onların əsərini
niyə səhlənkar
oxuyursan, filminə niyə diqqətsiz baxırsan, hörmətsizlik
edirsən? Söylədiklərimin
hamısı tamaşaçı
mədəniyyəti, tamaşaçı
bilgiliyidir və bunlara riayət olunmur. Halbuki bu qayda-qanunlar mədəniyyətin özəyidir.
O hər kəsin əlində gəzdirdiyi telefonlar, evdəki televizorlar əsil, olması gərəkən
mədəniyyətimizi pozur.
O telefonlar sayəsində
dost olmayan, ya da dost kimi görünənlərin
bizi görməyə
məcbur etdiklərini
görürük. Bizi
inanmağa məcbur etdiklərinə inanırıq.
Baxışlarımızı şəkilləndirir, inanclarımızı
qurğulayırlar. Bizi
özümüzdən azdırırlar.
Torpaq dediyin nədir ki? Niyə adını qoymuşuq
"vətən"? Halbuki
quru torpaq parçasıdır. Bəs
sən niyə onun uğrunda can qoyursan? Çünkü
o torpaq parçasının
üstündə yaratdığımız
mədəniyyət dediyimiz
adətlərimizdir, gələnəklərimizdir,
qarşında duran insanın məsləyinə,
böyüklərimizə olan
hörmətimizdir, ailələrinizə
verdiyimiz müqəddəs
sevgimizdir, atalarımızın
məzarlarına olan ehtiramımızdır onu
Vətən edən.
O torpaq üstündə
min illər qurbanlar verərək yaratdığımız
mədəniyyətə görə
müqəddəsdir, bu
səbəbdən Vətəndir!
Baxın, uğruna minlərlə can verdiyimiz
Qarabağa milli mədəniyyətimizin
beşiyi deyirik. Hər şeyin bir qaydası var. Biz yaratdığımız mədəniyyəti,
bizim olan dəyərləri qoruyuruq
və qorumalıyıq.
Mədəniyyət bir
millətin yüz illərlə, min illərlə
torpağın üstündə
yaratdığı və
qiymətləndirdiyi uğrunda
can verdiyi dəyərlərdir.
Teatr da o mədəniyyətin
ayrılmaz bir hissəsidir.
Jurnalistika nə vaxt korlandı bilirsinizmi? Amerikada biri çıxıb dedi:
"Əgər it adamı
dişləsə, bu xəbər deyil. Adam iti dişləsə, bu xəbərdir." O andan sonra insan
dəyərdən düşdü,
heyvana çevrildi.
İndi heç bir
film, tamaşa, xəbər
belə, əgər içində ölüm,
fəlakət, zorakılıq,
əxlaqsızlıq yoxdursa,
maraqlı sayılmır.
- Bəs Türkiyədə
bununla bağlı vəziyyət necədir?
- Türkiyədə mədəniyyət
xəbərləri deyilən
bir şey yoxdur ki. Yeni tamaşalar qoyulur, filmlər çəkilir, kitablar yazılır. Amma bunların
heç biri xəbərlərdə yer
almır. Sanki qos-qoca Türkiyədə heç
bir mədəniyyət
hadisəsi baş vermir. Amma hər Qurban bayramında “öküz qaçdı!”
xəbəri var. Bu, xəbərdirmi!?
Bunlar hamısı insanları insanlıq dəyərlərindən uzaqlaşdırır.
Milləti öz dəyərlərinə yabancılaşdırır.
- Bu yerdə teatrın funksiyası nədir?
- Teatrın vəzifəsi
odur ki, insanları “sürü mədəniyyəti”ndən
çıxarıb, hər
birinə şəxsiyyət
olduğunu xatırlatsın.
- Demək, teatr məbəd olmalıdır?
- Təbii. Teatr - yalanın həqiqətə
xidmət etdiyi müqəddəs bir məbəddir; səhnə
isə yalanın qurban edildiyi qurbangahdır. Amma artıq
bizdə, hətta dünyada belə teatrın məbəd vəzifəsi demək olar ki, unutdurulub. Çünki biz çoxluq
olaraq hər şeyi yıpratmağa, alışmışıq. Rüşvət,
riyakarlıq, tanışlıqla
iş görmək,
haram, yalan kimi naqisliklər bizim xislətimizdə yer tutub. Bir tür qurtara bilmirik bu bəlalardan. Heyf ki, indi teatrımız
da həyatımıza bənzəməyə
başlayıb. Amma bu
çox çəkməz,
çünki yalan yol tutub çox
yürüməz.
Teatr sənəti cəmiyyətin
həyatını yalnız
əks etdirməklə
kifayətlənməyən, həm də onu formalaşdıran ən mühüm sosial institutlardan biridir. O, mənsub olduğu xalqın mənəvi, əxlaqi, fəlsəfi və estetik dəyərlərinin
təşəkkül və
inkişafının özünəməxsus
memarlığını öhdəsinə
almış bir sənətdir.
- Düzəltməyə hardan
başlamaq lazımdır?
- Hər kəs özündən başlamalıdır.
Bu boyda zəfər çalmışıq. Müzəffər
bir xalq statusuna qurbanlar verərək ucalmışıq.
Artıq bu ada layiq davranmalıyıq.
Bilirsiniz, çox gözəl bir söz var: “ Yaxşılıq
edib qarşılığını
gözləyənlər sələmçidir”.
Müharibəyə getmisən,
canını qoymusan, şikəst olmusan, övlad qurban vermisən. Bunlar hamısı doğrudur, müqəddəsdir. Amma bəziləri
bundan sui-istifadə etməkdən çəkinmir.
Mən Yaşat Fondunun İdarə Heyətinin üzvüyəm
və fondun müharibə iştirakçıları
üçün nələr
etdiklərini yaxşı
bilirəm. Mənə
bilirsiniz, fırıldaqçılar
tərəfindən nə
qədər zənglər
gəlib? Heç inanmazdım ki, vətəni
uğrunda canlarını
qoymuş insanların
qazandığı o haqqı
yemək istəyən
alçaqlar var. Belə
şeyləri edənlər
elə Qarabağda xəyanət edənlərin
xislətində olanlardandır.
Belələrinin ucbatından
o qəhrəmanların müqəddəs
ruhlarının üzərinə
kölgə düşəcəkdi.
Bu həyatda gördüyüm
ən böyük əxlaqsızlıq, şərəfsizlikdir.
Hər milləti analar tərbiyə edir. Analarımız millətimizin əxlaqının
məsuliyyətini və
keşiyini çəkməlidirlər.
Əxlaq çox vacib məsələdir. O
milli mənəviyyatı bəlirlər.
Əxlaq vicdandan doğur. Vicdanını susduranın, ana damarı,
namus adlanan şah damarı çürüyüb məhv
olar.
- Cahangir müəllim, dediniz ki, insanlarımızın
şəxsiyyət kimi
formalaşması üçün
teatrın da məsuliyyəti
düşür. Onun üçün belə bir sual vermək
istəyirəm. Teatrlarımızın
hazırkı durğunluqdan
çıxmaqları üçün
hansı praktiki məsləhətlər verə
bilərsiniz? Nə etməliyik?
- Teatr bənzərsiz bir sənətdir. Onun unikallığı isə tamaşaçı
ilə canlı ünsiyyət qurmaq, onu ikna etmək,
təhtəlşüuruna təsir
edə bilmək gücündədir: o, səhnə
hadisələri, obrazlar
və duyğular vasitəsilə insanın
zövqünün, fikrinin
inkişafı üçün
yol açmalıdır,
vicdanını oyatmalıdır,
milli özünüdərki möhkəmləndirməli, milli-mənəvi mədəniyyətimizin
yaddaş kodlarını
nəsildən-nəslə ötürməlidir. Məhz
teatr cəmiyyətin öz ideallarını, səhvlərini və məqsədlərini yenidən
dərk edərək mənəvi həyatını
daima yeniləyə biləcək yeganə məkan olmalıdır.
Söylədiyim tablonu gerçəkləşdirə
biləcək profesionallar
teatrlara gətirildiyində
Azərbaycan teatrı
yenidən dirçələ
bilər. Teatrda baş rejissor-bədii rəhbər adlanan bir institut var idi. O illərlə püxtələşmiş, zamanla
harmanlanmış bir məslək idi. Onu işi bilməyənlər
ləğv etdilər.
Onu yenidən yaratmaq müşkül məsələdir, amma səbirlə mümkündür…
- Cahangir müəllim, qayıdaq yaradıcılığına.
“Qu quşunun nəğməsi”ndən
sonra vətəndə
yeni tamaşaya quruluş
verməyi düşünürsünüz?
- Nədən olmasın. Təkidlə təklif edənlər var. Amma o teatrların
yaradıcı və texniki potensialını öyrənməm lazımdır.
Özəlliklə yetişməsini
görmədiyim gəncləri,
onların istedad və intellektual səviyyəsini öyrənib
- bilməm lazım.
- Sizcə Cahangir Novruzov getməyib vətəndə qalsaydı,
Azərbaycan teatrında
hansı keyfiyyət dəyişikliyi olardı?
- Bunu indi kimsə
bilə bilməz. Mən də yalnız təxmin yürüdə bilərəm.
Qoy bu suala
bu vəziyyəti yaradanlar cavab versin.
- Cahangir müəllim, 71 yaşınız var. Sualıma
görə, üzr istəyirəm. Vətənə
birdəfəlik qayıtmağı
düşünürsünüz?
- Mən Türkiyədə
hal-hazırda aktiv yaradıcı və pedaqoji bir həyat
sürürəm. Vətənə
təqaüdə çıxmaq
üçün gəlməm
nə qədər doğru olur? Konkret təklif, dəvət hələ
ki, yoxdur. Sanki qorxurlar,
ehtiyat edirlər.
- Əgər belə bir dəvət olarsa…
- Əgər belə bir dəvət olarsa, 11 illik teatr savadımın, 70 ildir gördüyüm sənət əxlaqının
mənə miras qoyduğu, öyrətdiyi
şərtləri qəbul
edərlərsə, gələrəm.
Əks təqdirdə
gəlib hər kəsin etdiyini etməm fərqli nəticə verməz. Teatrımızda olan xəstəliyi hamılıqla
ortaya çıxarmaq
onu gerçəkdən
həyata qaytarmaq lazımdır.
Söhbətimizi Qarsia Lorkanın
sözləri ilə bitirmək istəyirəm:
“Teatr - göz yaşları və gülüş məktəbidir,
insanların köhnəlmiş
və ya yalançı əxlaqı
ifşa edə bildiyi, canlı nümunələr üzərində
insan qəlbinin və insan duyğusunun
əbədi qanunlarını
izah edə bildiyi azad tribunadır.
Öz teatrını yaratmağa kömək etməyən xalq ya ölüdür, ya da ölüm ayağındadır. Lakin teatr
göz yaşları və ya gülüş
vasitəsilə cəmiyyətin,
tarixin nəbzini, xalqının dramını,
doğma mənzərənin
və milli ruhun gerçək rənglərini
tuta bilmirsə, onun teatra adlanmaq
haqqı yoxdur. Onu ya qumarxana,
ya da iyrənc bir işlə - ‘vaxt öldürməklə’
məşğul olun bir müəssisə adlandırmaq lazımdır”.
Cahangir Novruzov
İlkin Naib
Hürriyyət.- 2025.- 12 avqust,
¹28.- S.13.