QIRMZI VƏ QARA
Stendalın
eyniadlı romanı haqqında
İnsan
kainatın ən möcüzəli varlığıdır.
Minillərdir ki, özünün psixologiyasının tərifini
tapmaqda aciz olan insan özünü araşdırdıqca daha
çox kainatı kəşf etməyə nail oldu, amma
özünü tapa bilmədi… Özünü tapa bilməyən
ulu insanlar minillər əvvəl dini inanca tapındılar.
Varlıq
olaraq bəşər övladı tapınandır. Dini inanc
üçün tapınan insanlar bir gün tapınaqlar
yaratdılar və o gündən qəlblərində özləri
ilə yaşatdıqları yaradanı tapınaqlara
daşıdılar və min illərdir ki, tapınaqlarda mənsəb
sahibləri, söz sahibləri olan ruhanilər külli miqdarda
ağlagəlməz varidata və böyük gücə
müyəssərdirlər. Özünün
yaratdığı dini inanc insandan bir addım önə
çıxdı…
Dünya
gülzar, əhli-dünya insanlar şən, şaqraq idilər. Tərki-dünya abidlik həyatı
yaşayan ruhanilər və onların "dünyası"
digər insanlar üçün bir növ qaranlıq
görünürdü. Dünyəviliyə qara görünən
ruhanilik yalnız bu dünyada bir rəngi təmsil edən
qüvvə ilə daha çox uzlaşdı, daha çox
yaxınlaşdı, daha sıx bağlı oldu. O qüvvə
qırmızını özündə ehtiva edən
çılğın döyüşçü , əskər
ruhu, və hər yeri qana boyayan müharibələr idi.
Xristian dünyasında bu özünü belə xarakterizə
etmiş oldu: kilsə və cəngavərlər, kilsələrə
bağlı müxtəlif ordenlər- tamplierlər, prioratlar
və s.
XIX əsr
Fransız ədəbiyyatının görkəmli nümayəndələrindən
biri olan Stendal məhz ona daha çox məşhurluq gətirən
"Qırmızı və qara" romanında bu
mövzuları önə çəkmiş, özünəməxsus,
bənzərsiz bir şəkildə psixoloji sarsıntılar
və cəmiyyətdə müəyyən mənsəb hərisliyi
ilə alovlanan, çılğın ehtiraslara əsir olan, kəskin
siyasi-ideoloji fikir ayrılıqlarına mənsub insanların,
sərvətin, pulun və ümumiyyətlə dövrün
ictimai-siyasi vəziyyətini
mükəmməl şəkildə təsvir
etmişdir. Stendala görə inqilabi, siyasi hadisələr
xalq və dölətdən daha çox ayrı-ayrı fərdlərə
təsir göstərir. Roman o dövrkü Fransa burjua
inqilabından sonrakı ictimai həyatı, burjua cəmiyyətindəki
ictimai əxlaqi çürüklüyü, cəmiyyətdəki
ziddiyyəti eyni zamanda da fərdlərin üzərinə
köçürülmüş cəmiyyətin sosial və psixoloji vəziyyətini
özündə ehtiva edir.
Əsərin
baş qəhrəmanı Jülyen xarakter etibarı ilə cəmiyyətdə
mənsəb qazanmaq istəyən çılğın
bir gəncdir. Napoleonçu
Jülyen içində yuva qurmuş bu ehtiraslı
napoleonçuluğu zahirə çıxara
bilmir,çünki inqilabdan
sonrakı Fransada bunu aşkara çıxarmaq bütün cəmiyyətdə
nüfuzunu itirmək, olan-qalanından da məhrum olmaq demək
idi. Dülgər Sorelin ailəsində dünyaya gələn
Jülyen mənsub olduğu sinfə nifrət edir. O az vaxtda
yüksək mənsəb əldə etmək
üçün alışıb-yananlardan idi. Ailəsinin ənənəvi
ağac emalı və dülgərlik peşəsi Jülyenin
xarakterinə,onun əldə etmək istədiklərinə
yad idi. Napolen dövründə sadə xalq nümayəndələrinin
karyera qurub mənsəb sahibi olmasının tək yolu orduya girmək idi.
İndi isə zaman dəyişib və cismən cılız,
iddiaları isə böyük olan Jülyen üçün
bunlar mümkünsüzdü. Ancaq qoca alay həkiminin ona öyrətdiyi latın dili və
kure Şelandan aldığı dini dərslər Jülyenin
girdabdan çıxmasının vizit kartı oldu. Cəmiyyətdə
ali mənsəb qazanmaq istəyən Jülyenin yeganə yolu
ruhani olmaq idi,lakin Jülyen əslində tanrını
tanımırdı. Onun tanrısı qara əbaya
bürünüb varlı bir insana çevrilmək hissi idi.
Jülyen daxilən qırmızı -əskər idi. Bu, hiss olaraq onun ruhuna hakim kəsilmişdi.
Jülyen həyatla mübarizədə arzularına
çatmaq üçün vuruşurdu. O əslində ruhani
libasına bürünüb döyüşürdü.
Jülyen həyatla,ətrafındakı aristokrat burjuaziya ilə
savaşırdı. Ruhanilik isə onun qalxanı idi. İlk
vaxtlar bunu anlamayan sadəlövh,bəsit düşüncəli
gənc zamanla daha bitkin,daha mükəmməl birisi olmağa
başladı və müdhiş fəndgirliyi onu xeyli irəli
apardı.
On səkkiz
yaşlı dülgər oğlu vaxtilə qoca alay
loğmanından öyrəndiyi latın dili sayəsində cənab
Renalın vasitəsiylə parlayır. Əvvəlcə ona
cansıxıcı gələn mürəbbilik tədricən
onu çox dəyişdiri və o uşaqları sevir. İlk
vaxtlarda onda ikrah hissi yaradan,nifrətlə baxdığı
xanım Renal tədricən onun üçün o zaman qədər
duymadığı bir hissin ünvanı olur. Nifrətdən
sevgiyə bir addım məsafənin olduğu aşkara
çıxır. Məqsədimiz əsəri qısa
xülasələrlə təqdim etmək deyil. Belə bir
möhtəşəm psixoloji romanı hər kəs
özü oxuyub öz fəlsəfəsi ilə müzakirə
etsə daha yaxşı olar. Hər kəsin dünyaya, həyata,
oxuduqlarına, gördüklərinə və əməllərinə
baxış bucağı fərqlidir.
Stendal
Jülyenin timsalında müdhiş bir eqolu gəncin
obrazını yaratmışdır. Jülyen eqodur. Ona
aşiq olan hər iki qadın-xanım Renal və madmazel
Matilda Jülyenin aşiqi,onun əsiridirlər. Hər iki
qadının ona dəli kimi bənd olmasının birinci səbəbi
Jülyenin onlara qarşı biganəliyidir, və əsrarəngiz
qadın qəlbi bununla barışa bilmir. Qarşılarında
nə qədər mənsəbli,şöhrətli
insanların əyilmələrinə öyrəşmiş
bu yüksək elitar təbəqənin gözəl
qadınları dülgər oğlunun bu biganəliyinin
qarşısında acizdirlər. Jülyen bir növ öz
şahmat taxtasında onları pat vəziyyətə
salır. Jülyen həm stoik, həm də işini bilən
manipulyatordur. Bunu təkcə qadınlar üzərində
manipulyasiyasında deyil həmçinin arzularındakı
qırmızadan-hərbçidən qara mantiyalı
keşişə keçiddə də müşahidə etmək
olar. O qırmızı alovdur, dəhşətli atəşdir
və bu təhlükəli, yandırıb-yaxan qırmızı
alov arxada yalnız qara bir xərabət buraxır. Əsər
bir-birinə zidd müxtəlif obrazlarla zəngindir. Jülyen
Sorel içində var olduğu sinfi bərabərsziliyə
nifrət edir. İnsanların maskalanmağı, var-dövlət
hərisliyi, tanrının ədalətindən
danışıb ən böyük haqsızlıq edən
yaltaq din xadimlərinin ikiüzlülüyü onda ikrah hissi
oyadır. Əgər əlində imkanı olardısa o bu
saxta quruluşu gərəksiz zadəgan titularını məhv
edərdi. Jülyenə görə, "İnqilab bu və
digər ictimai quruluşun şıltaqlıqları nəticəsində
yaradılmış bütün titulları məhv eyləyir.
Hətta bu zaman insan ölümün üzünə dik baxmaq
bacarığına görə layiq olduğu yeri tutur. Bu vaxt
ağıl da öz qüdrətini itirir… "
Atasının
timsalında özü də daxil olmaqla bütün sərvət
hərisi olan insanlar bir gün onun gözündə qəpik qədər
də dəyər sahibi olmurlar. Jülyen bir gün əsl
gerçəyi dərk edir, amma bu gerçəklər onun
sonunu gətirir.
Stendal
romanda bir zamanlar içində döyüş ruhu olan, lakin
miskin, elmə, kitablara maraq yetirən, oxumaq, keşiş
olmaq hərisliyi ruhunda kök
salan, lakin sonradan ehtirasa yenilən, iki qadının həyatını
məhv etdikdən sonra həqiqətləri əxz edib
özünü fəda edən şəxsiyyətin
obrazını mükəmməl şəkildə təsvir
etmişdir. Yazıçı roman boyu Jülyen kimi
istedadlı bir gəncin qısa ömür yolunda şəxsiyyətin
formalaşmasında özünü təsdiq etməsində
mühitin və zamanın rolunu ustalıqla
canlandırmışdı. "Qırmızı və
qara" bəsit eşq oyunlarından ibarət əsər
deyil, mükəmməl psixoloji realist bir romandır.
Mövzusu həyatdan və qismən də
yazıçının öz yaşadıqlarından
alınmış bu roman Stendalın ən şah əsəridir.
İnsan psixologiyasnı, onun fərd olaraq maddi və mənəvi
ehtiyaclarının varlığı necə dəyişdirmək
iqtidarında olmasını, sevgi oyunlarını,
ikiüzlülüyə qarşı sonsuz nifrəti, pulun
insan üzərindəki hakimliyini, eşqin insanı hansı
vəziyyətə salmağını, həqiqi eşqin
unudulmazlığını, ölməzliyini bu qədər
peşəkar, bu qədər çəkici, sirr içində
sirr kimi təsvir etmək yazıçının mükəmməl
peşəkarlığının təsdiqidir.
Tanrının ədalətini təbliğ edən, üzdə
özlərini tərki-dünyalığa, nəfsani hisslərdən
uzaq olmağa "təhkim" edən, saxtakar din xadimlərinin
əlində insan həyatı alver predmetinə çevrilir.
Sərvət ehtirası qəzəbli atanı belə muma
döndərir, ölümə təhkim olunmuş oğlunun
pulları acgöz ataya nemət kimi görünür və
Jülyen belə deyir: "Pulsuzluq qarşısındakı
qorxu, şişirdilmiş, adı insan qəddarlığı
olan tamahkarlıq ona imkan verəcək ki, mənim vəsiyyət
elədiyim üç-dörd yüz luidorla təsəlli
tapıb, sakitləşsin. Bir bazar günü, nahardan sonra o
bu qızılları veryerli paxıllara göstərəcək.
Onun baxışları o paxılların üzündə gəzərək,
açıq-aşkar soruşacaq: sizin hansınız bu
pulların əvəzində oğlunuzun boynunu gilyotinə
qoymağına həvəslə razı olmazdınız? Onun
bu fəlsəfəsi həqiqətdən çox uzaq olmasa
da, adamı öldürəcək qədər qəddar
idi".
Dəhşətlidir,
deyilmi?
Jülyen
tanrıya inanmırdı və bunu ölümqabağı
onun görüşünə gələn artist rahibə və
ruhunun bağışlanması üçün dua edənlərə
xitabında da aydın sezmək olar: "O, xeyirxah rahib bizə
Tanrıdan danışardı. Amma hansı Tanrıdan?
İncildəki
Tanrıdan, qisas həvəsiylə alışıb-yanan
xırdaçı Tanrıdan deyil, Volterin ədalətli,
xeyirxah, böyük ürəkli Tanrısından!”
Əzbər
bildiyi Əhdi-Cədidi xatırlayan Jülyeni həyəcan
bürüdü:
- Amma necə
ola bilər ki, rahiblər Tanrını bu qədər urvatdan
salandan sonra onun adının əzəmətinə
inansınlar.
Tanrıya
inanmadığı kimi, ziddiyyətli fikirlər içində
azmış Jülyen sevgiyə də inanmır. Lakin bir
gün gec də olsa sevdiyinə, sevildiyinə inanır.
İki qadınla macara yaşayan Jülyen onların
arasında sevgi seçimi edir. O xanım Renalın neçə
böyük bir məhəbbətlə onu sevdiyini dərk
edir, öz acizliyindən, riyakarlığından utanır və
ölümü daha üstün tutur. Ölüm Jülyenin
kirlənmiş ruhunu təmizləyəcək, onu bu
dünyadakı mənəvi əzablardan qurtaracaqdı.
İki qadın arasında qalan Jülyen Sorel sonda əsl
sevgisinin kim olduğunu çox gözəl anlayır. Matilda
ona, o isə xanım Renala pərəstiş edir. Matilda onun
xanımı , o isə xanım Renalın aşiqi olur.
Xanım Renal onun ülvi eşqi, Matilda isə bioloji arvadı
və doğulacaq övladının anasıdır. Hər
iki qadın Jülyen üçün fədakarlıq edir. Matilda
onun gilyotində vurulmuş başını özü ilə
aparıb dağda dəfn edir, dünyanın xərcini çəkərək
onun qəbrini düzəltdirir, dünyəvi olaraq Matilda hər
nə lazımdırsa edir amma xanım Renal saf, qibtə ediləcək
bir şəkildə sevgisinə qovuşur. Jülyenin
edamından üç gün sonra övladlarını
qucaqlayaraq dünyasını dəyişir. Bir-birinə əks
olan ülvi bir məhəbbət. İzah olunmaz məhəbbətlə
övladlarını qucaqlamış ana və eyni zamanda da
sevdiyi adamın yoxluğuna dözməyib ürəyi onun
sevgisi ilə döyünən və əbədi
ayrılığa dözməyən sevən qadın və möhtəşəm Stendal
zəkasının məhsulu olan dərin psixoloji realist roman.
Romanın möhtəşəmliyi insanı içdən
titrədir, fərdlərin dərin, çılğın və
mürəkkəb psixologiyasını rəngli boyalarla
göz önündə canlandırır.
Fərid
MURADZADƏ
Hürriyyət.-
2025.- 11 fevral, №6.- S.15.