Cənubda ilk qız
məktəbini təşkil edən Məryəm xanım...
Cənub bölgəsində ilk qız məktəbi Lənkəranda
keçən əsrin 1918-ci ilində maarifpərvər Azərbaycan
xanımı Məryəm Bayraməlibəyova tərəfindən
açılıb. Bu nəcib və işıqlı işdə
atası qızına dəstək olub və evində sinif
otağı ayırıb.
Məktəb “Ünas” (“Qızlar”) adı altında fəaliyyətə
başlasa da, ilk günlər bir sıra problemlərlə
üz-üzə qalıb. Birinci növbədə həmin
dövrdə bəzi ailələr qızlarına təhsil
almağı qəti şəkildə qadağan edib. Çətinliklərə
baxmayaraq, Məryəm xanım və atası Lənkəranı
qapı-qapı gəzərək insanları inandırıb və
məktəbə 9-12 qız toplaya bilib. Özü də Məryəm
xanım qızları məktəbə cəlb etmək
üçün çadrada gəzib.
Lənkəranda yeganə qadın müəllim olan Məryəm
xanımın məktəbində şagirdlər təkcə
yazmaq və oxumağı öyrənməyib, həm də
pullu səhnəciklər hazırlayıb valideynlərin
qarşısında çıxış ediblər. Əldə
olunan vəsait isə kasıb qızların məktəbə
cəlb olunması üçün xərclənib. Yer gəlmişkən
onu da qeyd edək ki, görkəmli teatr sənətinin
ustaları – Xalq artistləri Həqiqət Rzayeva, Cahan
Talışinskaya, Münəvvər Kələntərli
müxtəlif illərdə Məryəm xanımın məktəbində
oxuyublar. Məktəb fəaliyyət göstərdikcə, hətta
dindar qadınlar belə gənc müəllimin hekayələrini
dinləməyə gəliblər. İşgüzar fəaliyyətini
nəzərə alıb Məryəm xanım 1925-ci ildə
Moskvada keçirilmiş I Ümumittifaq Müəllimlər
Qurultayına dəvət edilib. O, bu zaman Qızıl Meydanda
çıxış edən Şərqin ilk qadını
kimi adını tarixə yazıb.
Məryəm xanım ömrü boyu
savadsızlığa qarşı mübarizə aparıb,
qadınları mədəni və ictimai həyata cəlb etməyə
çalışıb. Bu məqsədlə o, Lənkəranda
ilk qadın xeyriyyə cəmiyyətini də yaradıb.
Gəlin, bu tərəqqipərvər ziyalı xanımın
həyatına bir balaca nəzər salaq. O, 1898-ci il yanvar
ayının 22-də Lənkəran şəhərində
dünyaya göz açıb. Həyat yoldaşı Cavad bəy
Məlik-Yeganov 1918-ci ildə Respublikanın müstəqillik bəyannaməsini
imzalayan parlamentin 16 üzvündən biri olub. Məhz bu fəaliyyətinə
görə sovet dövründə Kareliya düşərgələrindən
birinə sürgün edilib, elə orada dünyasını dəyişib.
Əvvəlcə Məryəm xanımı “xalq
düşməninin arvadı”, 1937-ci ildə isə Müsavat
partiyasının fəal üzvü kimi məhkum edib
Bayıl həbsxanasına göndəriblər, sonra Arxangelsk
şəhərinə köçürülüb. 1948-ci ildə
həbs müddəti başa çatıb və Bakıya
qayıdıb. Bütün bu işgəncələrin nəticəsində
Məryəm xanım görmə qabiliyyətini itirib, bir daha
əmək, ictimai fəaliyyətinə qayıda bilməyib.
1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı
ilə bütün ittihamlar Məryəm xanımın üzərindən
götürülüb və adı təmizə
çıxarılıb. Yoldaşı Cavad bəy isə bir
il sonra - 1957-ci ildə reabilitasiya olunub. Məryəm Bayraməlibəyova
1987-ci ildə 89 yaşında Bakıda haqq dünyasına
qovuşub. 2000-ci ildə Məlik-Yeganovların Bakıda
yaşadığı binaya onların xatirə lövhəsi
vurulub.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət .- 2025.- 29 iyul (¹26).- S.14.