Vaqif poeziya günlərindən Molla Pənah
Vaqifə MƏKTUB
Əziz Molla Pənah Vaqif,
Sizə – Şərqin görkəmli söz
ustadına, hikmətli şairinə, dövlət xadiminə,
Qarabağın fəxri olan dahi şəxsiyyətinə bu məktubu
30 illik böyük ayrılıq, istirablı günlərdən
sonra böyük ehtiram hissi ilə yazıram. Zaman bizi
ayırsa da, Sizin qoyub getdiyiniz ədəbi irs, hikmətli
sözlər, Şuşa şəhəri ilə bağlı
tarixi yaddaş bu gün də yaşayır, yenidən
doğulur.
Bizlərə ərmağan qoyduğunuz Suşa Azərbaycan
xalqının mədəni irsində eləcə də milli
yaddaşında xüsusi əhəmiyyəti həmçinin əvəzsiz yeri
olaraq tarixi baxımdan böyük dəyərlərə
malikdir. Xalqımız üçün o təkcə bir şəhər
deyil, o, ruhumuzun bir hissəsi, mənəvi qidası, qürur
mənbəyi, milli kimliyimizin canlı simvoludur.
Siz Şuşada – Azərbaycanın mədəniyyət
beşiyində, poeziyanın, sənətin
taclandığı bir şəhərdə yaşayıb
yaratdınız. Sizin qurduğunuz “Vaqif poeziya məktəbi” təkcə
Qarabağda deyil, bütün Azərbaycan ədəbiyyatında
yeni bir səhifə açdı. Real həyatı, xalqın
duyğularını, təbiətin gözəlliyini sadə
dillə ifadə edən şeirləriniz əsrlər boyu
oxunur və sevilir.
Şuşa mənim üçün Azərbaycan ədəbiyyatının
beşiyi olaraq qısa müddət ərzində regionun mədəniyyət
mərkəzinə çevrilən bir ocaq kimi
uşaqlıqdan ata-babalarımın söylədikləri xatirələrindən, eləcə
də oxuduğum bədii ədəbiyyatlarda, kitablarda təsəvvürümdə
canlanan ideal şəhər obrazına çevrilə bilib.
Onun daş küçələri, dumanlı dağ mənzərələri,
tarixi abidələri, ən əsası yetirdiyi söz
ustadları bu torpağın hər qarışının
ruhla dolu olduğunun bir daha sübutuna çevrilib. Ədəbiyyatımızın
əvəzsiz söz incisi olan Xurşidbanu Natəvan, musiqi
tariximizin qan yaddaşına çevrilən Üzeyir Hacıbəyli,
Bülbül həmçinin
Süleyman Sani Axundov, Mir Möhsün Nəvvab kimi şəxsiyyətlər
bu torpaqda doğularaq bu müqəddəs vətəndən
ilhamlanıblar.
Əziz Molla Pənah,
Düşüncələrimdə həm də
Şuşanın ədəbi irsi yalnız onun yetişdirdiyi
sənətkarlarla deyil, həm də yaratdığı ədəbi
ruhla ölçülür. Orada ədəbiyyat bir həyat tərzi
olaraq sanki poeziya küçələrdə nəfəs
alır.
Bu gün isə, əsrlər sonra, Şuşa yenidən
azaddır. Sizin vaxtilə yaşayıb
yaratdığınız, hikmətli kəlamlarla bəzədiyiniz
bu müqəddəs torpaq artıq azaddır. Bu gün də düşmən
tapdağından azad olunan bu əsraraəngiz şəhər,
onun havası sanki Natəvanın misralarını
pıçıldayır, Üzeyir bəyin notları isə
dağlar arasında əks-səda verir.
1992-ci ildə Şuşanın Ermənistan silahlı
qüvvələri tərəfindən işğalı təkcə
torpaq itkisi deyildi. İnanın mənə əziz Molla Pənah,
bu, mənim eləcə də milyonlarla azərbaycanlının
qəlbində sağalmaz bir yara idi. O zaman hələ gənc
olsam da, böyüklərin gözlərindəki
ağrını, eşitdiyim acı xəbərləri
heç unutmuram. Şuşa işğal olunduqdan sonra Azərbaycan
ədəbiyyatı sanki bir ruhunu itirdi, səsi bir qədər
də batdı, qələmlər bir müddət susdu. Onun
işğalı mənəvi müstəvidə də dərin
izlər buraxdı. Uzun illər boyu hər yeni nəsil bu
şəhəri yalnız kitab səhifələrindən,
köhnə videolardan və yaşlı nənə-babaların
xatirələrindən tanıya bildi. Bu həsrət nə az
nə çox düz 30 il çəkdi. Bu 30 ildə çox
məqamlar dəyişdi. Çox arzular Xarı bülbül
tək boynu bükük, gözü nəmli, qəmli
qaldı.
Əziz Molla Pənah,
Lakin 2020-ci ilin payızında başlayan 44
günlük Vətən müharibəsi ilə bu acı
tarix yeni bir tarixlə əvəzləndi. Şuşa
coğrafi mövqeyinə görə Qarabağın yüksəkliyində
yerləşdiyi üçün bölgəyə nəzarət
baxımından hərbi cəhətdən olduqca vacib stateji
mövqeyə malik idi. Bu baxımdan məhz Zəfər tarixli
Zəfər Sərkərdəmin qətiyyəti, Vətən
oğullarımın qəhrəmanlığı, sücayətilə
Azərbaycanın rəşadətli Ordusu, şəhidlərin
qanı, xalqın birliyi nəticəsində 8 noyabr 2020-ci ildə
Şuşa şəhərini erməni şovinistlərindən
azad etdi. Əlbəttə ki, bu xəbəri eşidəndə
inanılmaz bir duyğu yaşadım, qürur, sevinc və
göz yaşları bir-birinə qarışdı.
Şuşanın azadlığı sanki içimizdəki 30
illik susqunluğu da özüylə birlikdə azad etdi.
Şuşanın 30 ildən sonra
Zəfər sorağı həm də 30 illik
işğal dövründə itirilmiş ədalətin bərpası,
milli qürurun, ləyaqətin təntənəsi idi.
Şuşanın geri qaytarılması xalqımızın
birliyini, dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını
bütün dünyaya nümayiş etdirdi. Həmçinin
Şuşa Zəfəri təkcə hərbi uğur deyildi,
bu, həm də mədəniyyətimizin qələbəsi
idi. Çünki biz ədəbiyyatımızın
beşiyini, Vaqifimin doğma elini, obasını geri qaytara
bilmişdik.
Bu gün Şuşada “Vaqif poeziya günləri” yenidən
keçirilir. Sizin məqbərəniz bərpa edilib, şeirləriniz
səsləndirilir, adınızla bağlı o müqəddəs
ruh yenidən doğur. Bu zəfər Sizin kimi söz
adamlarının, torpaq və xalq uğrunda
çalışan maarifçilərin ruhuna bir ehtiramdır.
Natəvanın büstünün yenidən ucaldılması,
Xarıbülbül Musiqi Festivalının bərpası
bütün bunlar hamısı bir xalqın mədəni
intibahının sübutudur.
Bu gün Şuşa yenidən canlanır. Mən
özüm də tezliklə ora səfər etməyi
arzulayıram. Natəvanın məclisinin keçdiyi yerləri
gəzmək, Üzeyir Hacıbəylinin ev muzeyində
dayanmaq, Bülbülün oxuduğu notları ruhumda bir daha
qürurla, qalib xalqın qalib övladı olaraq eşitmək
istəyirəm. Bir arzum da var. İşğaldan azad olunan
Şuşamdan bir ovuc torpaq gətirərək 44 günlük
Vətən müharibəsinin Gəncədən olan ilk Şəhid
övladı, qardaşım oğlu İlqar Vüqar oğlu
Burcəliyevin məzarı üstünə tökmək. 19
yaşlı körpə balamın qəlbi hər zaman
Şuşanı görmək arzusu ilə
çırpınırdı. Onun taleyinə nəsib
olmuşdu Vətən müharibəsi.
Torpaqlarımızın azadlığı üğrunda
2020-ci ilin sentyabr ayının 27-si günündə
Talış kəndi, Talış yüksəkliyi,
Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhidlik zirvəsinə yüksəldiyi
üçün Şuşanı azad görə bilmədi.
Ancaq ruhu hər zaman azad olan bütün torpaqlarımızda
dolanmaqla bu sevincin qürurunu bizim qədər
yaşadığını
bilirəm. Elə bu sevincin qüruru da qəlbimdə
Şuşa sevgisinin, Şuşa məhəbbətinin Vaqif
şeir büsatının varlığında cəmlənməkdədir.
2022-ci ilin “Şuşa ili” elan edilməsi yalnız
keçmişin yox, həm də gələcəyin şəhəri
olaraq neçə-neçə gənc ədiblərin
yetişməsində müstəsna xidmətlərini göstərəcəkdir.
Onun hər daşında yeni bir tarix, hər küçəsində
əbədi bir sönməz poeziya ruhu var. Bu şəhər
bir daha sübut etdi ki, milli kimlik, mədəniyyət və
ruh bir xalqın həqiqi dirəniş gücüdür.
Şuşa zəfəri
Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu
şəhər artıq azadlıq, qürur, dirçəliş
rəmzinə çevrilə bilib. Şuşanın
azadlığı ilə başlayan yeni dövr,
Qarabağın bərpası və inkişafı yolunda
atılan möhkəm bir addımdır. Bu gün Şuşa
yenidən Azərbaycanın mədəniyyət paytaxtı
kimi dirçəlir və Zəfər tariximizin əbədi
simvoluna çevrilir. Sizin poetik baxışınızdan can
tapan Şuşa bu gün də mədəniyyətin
qalası, Azərbaycanın mənəvi sütunu olaraq
ucalır. Qələm dostlarının, el şairlərinin,
muğam ustalarının səsi yenidən Şuşa
dağlarında əks-səda verir. Bu səda Sizin
sözünüzlə başlayıb, Zəfərlə
tamamlanan bir xalq dastanına çevrilib.
Əziz Molla Pənah,
Xüsusi olaraq qeyd etmək istəyirəm ki,
Şuşanın ədəbi irsi, zəfər tariximizdəki
əhəmiyyəti təkcə tarixçilər, ədəbiyyatçılar
üçün deyil, həm də hər bir azərbaycanlı
üçün önəmlidir. Şuşa – bizim kimliyimizin
ayrılmaz parçasıdır. Onu sevmək, qorumaq,
yaşatmaq hər birimizin borcudur. Bu məktubu da
xalqımızın minnətdarlıq hissi ilə sevincini,
Sizin ruhunuza olan dərin ehtiramın ifadəsi olaraq,
böyük qürurla yazıram. Zaman sizi unutmadı. Biz
unutmadıq. Şuşa yaşadıqca, Siz də
yaşayacaqsınız. Şuşa yenidən bizimlədir – həm
qəlbimizdə, həm də reallıqda!
Sizə ən dərin ehtiramla,
azərbaycanlı bir övladınız
Anar Ərtoğrul Burcəliyev,
Teatrşünas-tənqidçi
Hürriyyət .- 2025.- 29 iyul (¹26).- S.13.