AZƏRBAYCAN DEMOKRAT
FİRQƏSİNİN 80-Cİ İLDÖNÜMÜ
1945-1946-cı
illər İran Azərbaycanında Milli İstiqlal uğrunda
mübarizənin ən qanlı, həm də şərəfli
dövrü olmuşdur. İstibdad rejiminin əsarətindən
qurtarmaq uğrunda başlayan bu mübarizənin alovu
ara-sıra səngimiş kimi görünsə də,
heç vaxt sönməyib və qələbəyə qədər
davam edəcəkdir. Bu mübarizənin başlanması Azərbaycan
Demokrat Firqəsinin yaradılması hicri 12 Şəhrivər
1324-cü il, miladi tarixlə 3 sentyabr 1945-ci ildə ADF-nin tarixə
“12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ”
adı ilə həkk olunaraq 05.09.1945-ci il tarixində bəyan
edildi. Bu tarixi bəyanatı Qüzeyli-Güneyli Azərbaycan
ictimaiyyətinin, xüsusilə gənc və orta yaşlı
nəslinə təqdim edirik.
AZƏRBAYCAN
DEMOKRAT FİRQƏSİNİN
“12
ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ”
Məlumdur
ki, dünya ölkələrində yaşayanlar çoxlu
tarixi prosess və səbəblərə görə vahid cəmiyyət
halında deyillər. Hər bir ölkənin sərhəddi
daxilində yaşayan qəbilə, tayfa və millətlər
dil, irqi, adət-ənənələri və s. cəhətdən
bir çox xüsusiyyətlərə malikdirdər. Əgər
hər bir ölkənin quruluşunda və idarəçilik
sistemində bu xüsusiyyətlər nəzərə
alınmasa, orada həqiqi demokratiya və milli hökumət
mövcud ola bilməz. Dünyanın böyük və
mütərəqqi ölkələrinin milli hökumətlərinin
nailiyyətlərini sorğulayanda görürük ki,
bunların hamısı həmin millətlərin özəl
xüsusiyyətlərinin nəzərə alınmasına əsaslanır.
Amerika Birləşmiş Ştatları, Birləşmiş
Sovet Cümhuriyyətləri, həmçinin İsveçrənin
dövlət quruluşları bizim bu fikrimizi mövcud fakt
olaraq təsdiq edir. Bu klassik demokratik ölkələrdə
milli hüquqları və federasiya üsulunu qorumaqla
bütün millətlərinin fərdlərinin ölkənin
müqəddəratını həll etmək və dövlət
işlərində iştirak etməsinə müvəffəq
olmuşlar Məhəlli hüquqlar və federasiya üsulunun
mərkəzi idarəetməyə zərər vura biləcəyi
fikirləri əsassız və çürük
iddialardır. Amma, bunun əksinə olaraq təcrübə
sübut etmişdir ki, qəbilələr, tayfalar, millətlər
və mərkəzdən kənar yaşayan əhalinin nə
qədər müstəqil və sərbəst şəkildə
dövlət işlərinə müdaxilə və
iştirakı təmin edilərsə, onların vətənlə
əlaqəsi və vətənə məhəbbəti o nisbətdə
artıq və möhkəm ola bilər. Bu düşüncə
və əsas ilə Konstitusiya tələb edən hərəkat
yaradanlar və İranın Əsas Qanununu
(Konstitusiyasını) yazanlar əyalət və vilayət əncümənlərini
(yığıncaqlarını) irəli çəkərək
çalışmışlar ki, bu vasitə ilə
bütün İran xalqını ölkənin müqəddəratını
təyin etməkdə iştirakını təmin etsinlər,
əyalət və vilayətlərin yerli özünəməxsus
ehtiyaclarını onların əhalisi vasitəsilə təmin
etməyə çalışsınlar. Əyalət və
vilayət yığıncaqlarının qapalı, qeyri-şəffaf
keçirilməsi İran millətlərinin ictimai hüquqdan
məhrum edilməsi deməkdir. Mütləqiyyət
bürokratiyası rejimi və mənasız mərkəzləşmə
vasitəsilə İran məmləkəti bir ovuc satqın,
oğru və istismarçı ünsürlərin əlində
oyancaq olmuş və bu səbəbdən tərəqqi və
təkamül karvanıdan həddən artıq dalda
qalmışdır. Tamamilə yararsız bürokratik rejimin
mövcudluğunun nəticəsidir ki, İranlıların əksər
hissəsi ictimai hüquqdan məhrum, qayda-qanuna və milli
hökumətə bədbin olub, İranın gələcəyinə
şübhə və ümidsizlik gözü ilə
baxırlar.
İnkar
etmək olmaz ki, bu gün bizim ölkəmizdə milli
hökumət və qayda-qanundan əsər
qalmamışdır. İran dövləti əməldə
iradəsiz və pozucu bir maşın halına
düşmüşdür ki, onun başında duranlar
xalqı qarət etməkdən başqa bir məqsəd və
niyyət təqib etmirlər. Bütün sahələrdə
fəsad, bədbəxtliklər və fəlakət hökm
sürür. Bütün əcaibliklər bundan
yaranmışdır. Dərəbəyliyin qüvvətlənməsi,
diktator və diktatorsevənlərin tapılması bu
ağılsız və faydasız idarəetmə üsulunun
nəticəsidir ki, dörd-beş nəfər
çürük siyasi başçılar güc ilə
İran camaatına zorla qəbul etdirmişlər.
Əgər
İranda yaşayan ellər, millətlər, xalqlar ölkənin
istiqlalını qorumaqla bərabər öz yerlərində
və öz sərhəddləri hüdudunda azad və
muxtariyyətə malik olsaydılar, ölkənin bütün
ümumi qanunlarına riayət etməklə bərabər,
öz müqəddəratını öz istək və iradələri
ilə təyin etməyi bacarsaydılar, əgər onların
özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən
tərəqqiləri uğrunda öz əlləri ilə
münasib olmayan qeyd və şərtsiz çalışmaq
haqqı olsaydı İranın vəziyyəti və hala
düşməz, saysız qurbanlar hesabına əldə
edilmiş qayda, əsas qanun (konstitusiya) təsirsiz qalmazdı.
Buna görə bu vəziyyət min illər davam edərsə
İran xalqının düşkün, pis vəziyyət və
çarəsizlik dəryasından xilas olub, tərəqqi və
təkamül yoluna qədəm qoyması, müstəbid,
qaniçən və zalım ünsürlərin əlindən
xilas olması mümkün deyil. Əgər bu mənhus rejim
olduğu kimi qalarsa, siyasi firqələr (partiyalar) və sair
demokratik təşkilatlardan hətta kiçik faydalar belə
hasil olmayacaqdır. Ayrı bir çarə yoxdur. Xalq
içindən və camaatın geniş xalq kütlələrinin
ehtiyacına uyğun əyalət və vilayətlərdə
yaşayan xalqların xüsusiyyətləri əsasında əsas
qanunun təkmilləşdirilməsi və icrası üzrə
ciddi işə başlayıb milli hökuməti işlək
və yararlı hala gətirmək lazımdır. Məhəlli
hüquqlar və federasiya sisteminin bəsit və sadə
forması olan əyalət və vilayət iclasları təzə
bir fikir deyildir. Təkcə müasir və mütərəqqi
ölkələrdə deyil, tarixən böyük ölkələrdə
belə, xalqın və millətlərin xüsusiyyətlərini
nəzərə alaraq onların əllərini daxili işlərində
açıq qoymuşlar. Böyük Dariyuşun ölkədaxili
ərazi bölgüsü də ancaq bu təbii ehtiyac üzərində
qurulmuşdur. Qədim İranın ərazi bölgüsü
bu günkü fedaralizm və muxtariyyət üsulunun ibtidai
formasından başqa bir şey deyildir. Hazırda
İrandakı mövcud olan şahənşahlıq rejiminin
başqa təfsiri, izahı yoxdur. Əgər mərkəzi
hakimiyyəti diktatorluq, özbaşınalıq və
zorakılıqdan ötrü saxlamaq istəsək, bu başqa
məsələdir. Əgər istəsək ki, mərkəzi
dövləti demorkatik hökumətdən yüksəkdə
durmasını qəbul edək, o vaxt, böyük milli, mədəni
xüsusiyyətlərə malik olan əyalət və vilayətlərə
öz daxili işlərində azadlıq və muxtariyyət
verməliyik ki, bu vasitə ilə onlar mərkəz ilə mənəvi
rabitələrini gücləndirə bilsin.
Bir halda
ki, biz Azərbaycanın xüsusiyyətlərindən bəhs
edirik və deyirik ki, bu geniş torpaqda dörd milyon yarım
Azərbaycanlı yaşayır və bu camaatın dili, adət-ənənəlri,
vergi cəhətdən İranın başqa əyalətləri
ilə böyük fərqi vardır, həm də bu
xalqın öz mədəni işlərində və öz
torpağının abadlaşdırılmasına müdaxilə
və iştirak etsin, bu zaman biz mərkəzi hökumətin əleyhinə
deyil, onun güclənməsinə
çalışmış oluruq. Bəzi dar düşüncəli
adamlar xəyal edirlər ki, qara-gürüh çomaq, zor
vasitəsilə bu xalqın dilini, xüsusiyyətlərini, adət-ənənələrini,
sərvətini əlindən almaq mümkündür. Onlar bu
xam xəyalla insanları, hətta Azərbaycanın uzaq kəndlərində
belə, öz ana dilindən başqa bir dil bilməyən kəndliləri
belə, fars dilində danışmağa vadar və məcbur
etməyə çalışırlar. Bunlar İran
xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət
sözünü, insanların paltarı və dilini süni
surətdə birləşdirməklə reallaşdıra biləcəklərini
düşünürlər. Bilmirlər ki, dilin kökü
anaların sinəsindən, xalqın adət-ənənələrindən
və maddi həyatından yaranır. Nə qədər analar
diri və maddi həyat qaynamaqdadır bu xalqın dilini və
adət-ənənələrini əvəz etmək
mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt
yarana bilər ki, xalqın hamısı öz xüsusiyyətlərini
və daxili azadlığını saxlamaqla tərəqqi
edib, bir-biri ilə bərabər ola bilsin. Azərbaycan
xalqı mərkəzin çürük və yaramaz
adamlarının siyasəti sayəsində özünün
istedad qabliyyət və zəkasına baxmayaraq hər cür
azadlıq, ixtiyardan məhrum edilmişdir. Onun
oğullarının öz ana dilində təhsil almaq
imkanları olmamışdır. Onun ziyalıları xalqın
mədəni, tibbi və sair ehtiyaclarını qarşılamaq
üçün heç bir haqq və ixtiyara malik deyildir.
Onlar öz ana yurdlarında və özlərinin qızıl
törədən torpaqlarında yoxsul və çarəsizlik
halında yabançılar və əsirlər kimi yoxsul halda
yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və
milliyyətini hər an aşağılanaraq təhqir etməkdədirlər.
Rza xanın şum siyasətinin tərəfdarı və mərkəzi
dövlətin rəsmi nümayəndəsi, bəlkə də
Azərbaycan xalqı düşmənlərinin nümunəsi
olan Əbdüllah Mustafinin təhqiramiz sözləri
bayquş səsi kimi hazırda da Azərbaycan xalqının
qulaqlarında əks-səda verir. Bir müəyyən saydan
başqa bütün Azərbaycan xalqı özlərinin
adına, şöhrətinə, milliyyətinə sıx bir
surətdə bağlıdır. Bunlar həmişə səy
etmişlər, Azərbaycanın azadlığı, səadəti
və bununla bərabər bütün İranın
azadlığı, səadəti uğrunda ciddi
çalışmışlar. Biz mətləbin
uzanmasını nəzərə alaraq Azərbaycanın parlaq
tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi
və cəsur babalarının böyük bir dövlət təşkil
edib uzun illər müstəqil siyasi həyat sürdüklərini
də irəli çəkməyirik. Səfəvi sultanlarının
Azərbaycan oğullarından təşkil etdiyi
qızılbaş ordusunun bu günkü İranın təşkilində
gördükləri böyük işlər və göstərdikləri
böyük qəhrəmanlıqlardan da bəhs etmirik.
Hətta
İran və Azərbaycanın məşrutə hərəkatında
Səttərxanın bayrağı altında fədakarlıq
göstərən Azərbaycan mücahidlərinin fəyaliyyətlərini
də ayrı mövqeyə saxlayırıq. Şeyx Məhəmməd
Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı
və bundan sonra meydana çıxan bütün qiyamlar və
azadlıq hərəkatlarını da şərh etməyəcəyik.
Biz deyirik: Azərbaycan torpağında dörd milyondan
çox bir xalq yaşayır ki, onlar özlərinin milli mənsubiyyətini
tanıyır, özlərinə məxsus dilləri və
ayrı bir adət-ənənələri vardır. Bu xalq
deyir: biz istəyirik ki, İranın istiqlaliyyətini və
bütövlüyünü qorumaqla bərabər öz daxili
işlərimizi idarə etməkdə muxtar və azad olaq.
Öz evimizi öz istəyimizlə və iradəmizlə idarə
edək, məhəlli ehtiyaclarımızı öz
gücümüzlə təmin edək.
Azərbaycan
deyir: Tehran bizim dərdimizə yetişmir və bizim
ehtiyaclarımızı aydınlaşdırıb çarə
etməkdə acizdir. Bizim mədəniyyətimizin tərəqqisini
məhdudlaşdırır. Bizim ana dilimizi təhqir edib
başqa vətəndaşlarımız kimi sərbəst
yaşamağa yol vermir. Bununla belə biz oradan rabitəmizi kəsmək
iddiasında deyilik. Ölkəmizin bütün və ümumi
qanunlarına itaət edəcəyik. Ölkə Parlamentində
iştirak edərək fəaliyyət göstərəcəyik.
Fars dilinin dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə
öz dilimiz ilə bərabər tədris edilməsinə
imkan verəcəyik. Amma bunların hamısı ilə bərabər
özümüz üçün bu haqqı da qəbul edirik
ki, gərək öz evimizin ixtiyar sahibi olub, onu öz səliqəmizlə
idarə etmək imkanına malik olaq.
Qeyd:
İran Azərbaycanında uzun yüzilliklərdən bəri
təhsil, yazı işləri, dövlət və hətta fərdi
kargüzarlıq sənədləri, ədəbiyyat, mətbuat
və s. fars dilində aparıldığından bəyanatın
mətnində Azərbaycan dilində pərçim edilmiş
çoxsaylı fars sözlərinin işlənməsinə,
eləcə də, cümlə quruluşları və söz
sonluqlarının Azərbaycan ədəbi dili qaydaları ilə
tərs-mütənasib olan fars dili stilində
yazıldığından, oxucularımızın bəyanatın
mətnini dəqiq başa düşməsini
asanlaşdırmaq məqsədilə bəyanatın mətninin
məzmun və mahiyyətini olduğu kimi saxlamaqla Azərbaycan
ədəbi dilinin qayda və tələblərinə
uyğunlaşdırılmışdır.
Davamı
gələn sayımızda
Azərbaycan
Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri:
Adilə
Çernik-Bülənt
İranlı
Mühacirlər Cəmiyyəti İctimai Birliyinin sədri:
Firidun Ənuşirəvan oğlu İbrahimi
Hürriyyət.-
2025.- 23 sentyabr, ¹34.- S.13.