AZƏRBAYCAN DEMOKRAT
FİRQƏSİNİN 80-Cİ İLDÖNÜMÜ
əvvəli ötən sayımızda
1945-1946-cı
illər İran Azərbaycanında
Milli İstiqlal uğrunda
mübarizənin ən
qanlı, həm də şərəfli dövrü olmuşdur. İstibdad rejiminin əsarətindən qurtarmaq
uğrunda başlayan bu mübarizənin alovu ara-sıra səngimiş kimi görünsə də, heç vaxt sönməyib və qələbəyə qədər
davam edəcəkdir.
Bu mübarizənin başlanması
Azərbaycan Demokrat Firqəsinin yaradılması
hicri 12 Şəhrivər
1324-cü il, miladi tarixlə
3 sentyabr 1945-ci ildə
ADF-nin tarixə “12
ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ” adı ilə həkk olunaraq 05.09.1945-ci
il tarixində bəyan
edildi. Bu tarixi bəyanatı Qüzeyli-Güneyli
Azərbaycan ictimaiyyətinin,
xüsusilə gənc
və orta yaşlı nəslinə
təqdim edirik.
Yuxarıda dediyimiz kimi biz təzə bir iş başlamamışıq.
İllərdir ki, Azərbaycanın
aydınları Azərbaycan
və İranın azadlıq və istiqlalının gizli və açıq şəkildə Azərbaycanlıları
mədəni muxtariyyət
üçün mübarizə
etmişlər. İndi demokratik
ölkələrin qəhrəman
cavanlarının mübarizəsi
sayəsində faşizmin
əsası yıxılmış
və millətlərin
başqa millətlər
üzərində ağalıq
nəzəriyyəsinin boş
bir iddia olduğu sübuta yetmiş, bütün dünya millətlərinin
sərbəst bir surətdə öz müqəddəratını təyin
etmələri qanunlar,
müqavilələr vasitəsilə
elan olunmuşdur. Bu halda
Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri çeşidli
fərdlər halında
mübarizəsini davam
etdirə bilməzdi.
Ona görə də bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm
intizama malik bir firqə (partiya) təşkilatı yaranmalı
idi. Azərbaycan Demokrat Fİrqəsi bu ehtiyacdan doğulmuş
bir təşkilatdır.
O təşkilat bütün
demokratik və azadlıqsevər şəxsləri
öz sıralarına
dəvət etməklə
bir ağır çəkili milli bir mərkəz yaradacaqdır.
O Azərbaycan xalqını
azadlıq hədəfinə
doğru getməyə
sövq etməklə,
həm də İran xalqının tərəqqi
və təkamül yolunu açmış olacaqdır. Əlbəttə
bu firqənin proqram və əsasnaməsi çox tezliklə konfrans tərəfindən qəbul
edilib xalq arasında yayılacaqdır.
Bununla bərabər Təsisçilər
Heyəti bu vasitə ilə firqənin əsas fikirlərini bütövlükdə
xalqa elan etməklə
onları öz sıralarına çağırmağa
başlamışdır.
Əziz
həmvətənlər! Budur,
böyük tarixi mübarizə dövrü
başlanır. Azərbaycan
Demokrat Firqəsi hansı sinfə və təbəqəyə
mənsub olmasından
asılı olmayaraq, hamını öz təşkilatına üzv
olmağa və müqəddəs milli mübarizə
işində iştirak
etməyə çağırır.
Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə
açıqdır. Hər
kəs bizim şüarlarımızı və
məqsədlərimizi qəbul
edərsə çox
tezliklə özünü
firqə təşkilatına
üzv yazdırmalı
və Azərbaycanın,
bütövlükdə İranın
azadlıq bayraqdarının
sırasına daxil olmalıdır. Bizim şüarlarımız bunlardır:
1. İranın istiqlal və bütövlüyünü
saxlamaqla bərabər
Azərbaycan xalqına
azadlıq və mədəni muxtariyyət
verilməlidir ki, öz
mədəniyyəti yolunda
və Azərbaycanın
abadlaşması və
tərəqqisi üçün
ümumilikdə ölkənin
bütün ədalətli
qanunlarına əməl
etməklə bərabər
öz taleyini təyin etsin.
2. Bu məqsədi həyata keçirmək üçün
çox tezliklə Əyalət və Vilayət yığıncaqlarını
təşkil edib işə başlamaq lazımdır. Bu yığıncaqlar
mədəni, tibbi, iqtisadi sahələrdə
fəaliyyət göstərməklə
bərabər, bu baxımdan əsasən bütün dövlət işçilərinin əməliyyatını
təftiş edib, onların işdən kənarlaşdırılaraq, başqaları
ilə əvəz edilməsi ilə əlaqədar fikirlərini
açıqlasınlar.
3. Azərbaycanın ibtidai məktəblərində dördüncü
sinifə qədər
dərslər ancaq Azərbaycan dilində aparılmalıdır və
dördüncü sinifdən
başlayaraq yuxarı
siniflərdə dövlət
dili olmaq etibarilə fars dili də Azərbaycan
dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanın
Milli Universitetinin təşkili
də Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
4. Azərbaycan Demokrat Firqəsi sənayenin, fabrikaların genişlənməsinə
ciddi çalışacaq
və səy göstərəcək ki, mövcud
fabrikaları təkmilləşdirməklə
bərabər işsizliyi
aradan qaldırılması,
manufaktura və maşın sənayesini genişləndirmək üçün
vasitələr əldə
edərək yeni fabrikalar
yaratsın.
5. Ticarətin genişlənməsini
ADF-si çox zəruri və ciddi məsələlərdən
hesab edir. Bu günə qədər ticarət yollarının
bağlı qalması
çoxlu kəndlilərin,
xüsusilə bağ
sahiblərinin və kiçik sazibkarların sərvətlərinin əllərindən
çıxmasına və
onların dilənçi
halına düşməsinə
səbəb olmuşdur.
Bunun qabağını almaq
məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin
xarici bazarlara çıxarılması üçün
tranzit yolları axtarmaq işinə də ciddi başlamağı,
bu vasitə ilə ümummilli sərvətin azalmasının
qabağının alınmasını
nəzərdə tutmuşdur.
6. Demokrat Firqəsinin əsas məqsədlərindən
biri də Azərbaycan şəhərlərinin
abadlaşdırılmasıdır. Bu məqsədə çatmaq
üçün Firqə,
çox tezliklə şəhər əncümənlərinin
qanuni təsdiqini tapıb (burada əncümənlərə qanunla
bələdiyyə statusu
verilərək, bələdiyyələrə
çevrilməsi nəzərdə
tutulur) şəhər
əhalisinə müstəqidl
bir surətdə şəhərin abadlığına
çalışıb onları
səliqəyə salaraq
müasir hala gəlməsinə imkan verilsin. Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili cari məsələlərindəndir.
7. ADF-nin təsisçiləri gözəl bilirlər ki,
ölkənin məhsul
istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin
qüvvətli qoludur.
Ona görə Firqə
kəndlilər arasında
yaranan hərəkatı
nəzərə almalıdır.
Firqə səy edəcəkdir ki, kəndlilərin
ehtiyaclarını qarşılamaq
üçün əsaslı
tədbirlər görülsün.
Xüsusilə kəndli
ilə sahibkarın arasında müəyyən
bir hüdud təyin etmək və bəzi torpaq sahibləri tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağını
almaq Demokrat Fİrqəsinin təcili vəzifələrindəndir. Firqə
səy edəcək
ki, məsələ elə
bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın, həm də torpaq sahibləri özlərinin gələcəyinə
inam duyub, rəğbətlə kəndlərinin
və öz ölkəsinin abadlığına
çalışsınlar. Boş torpaqları, Azərbayanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin
məhsulunu Tehranda və sair şəhərlərdə
istifadə edən torpaq sahiblərinin torpaqları, onların tezliklə Azərbaycana müraciət etməkdikləri
halda, Demokrat Firqəsinin əsasnaməsinə
müvafiq olaraq kəndlilərin ixtiyarına
verilməlidir. Biz Azərbaycandan
kənarda özlərinin
təmtəraqlı həyatını
təmin etməkdən
ötəri sərvətini
xaricə aparanları
Azərbaycanlı hesab
etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, biz onlar üçün belə bir haqqı tanımırıq. Bundan əlavə Firqə çalışacaq ki, Azərbaycan
kəndlilərinin əksəriyyəti
torpaq və əkin alətləri ilə çox asan və sadə
bir surətdə təmin edilsin.
8. Demokrat Firqəsinin mühüm vəzifələrindən
biri də işsizliklə mübarizə
etməkdir. İndidən
bu təhlükə çox ciddi bir surətdə özünü göstərməkdədir.
Gələcəkdə bu
sel (prosses) gündən-günə
qüvvətlənəcəkdir. Mərkəzi dövlət
və yerli məmurlar tərəfindən
bu istiqamətdə heç bir iş görülməmişdir.
Əgər prosses bu minval ilə davam edərsə, Azərbaycan xalqının
əksəriyyəti çətin
bir duruma düşməyə məhkumdur.
Firqə çalışır
ki, bu təhlükənin
qabağını almaq
üçün ciddi
tədbirlər görülsün.
Hələlik fabriklərin
yaradılması, ticarətin
genişləndirilməsi, əkinçi
təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər bu təhlükənin qarşısını
xeyli almış olar.
9. Seçki qanununda Azərbaycan haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə dörd milyondan yuxarı Azərbaycanlı
yaşamaqdadır. Bu ədalətsiz
qanuna əsasən Azərbaycana ölkənin
Parlamentində 20 vəkil
yeri verilmişdir. Bu qətiyyən mütənasib
bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək ki, Azərbaycanın öz əhalisinin say nisbətinə
uyğun vəkil seçmək hüququ olsun. Bu Təqribən Parlament nümayəndələrinin
üçdə birini
təşkil etmiş
olar. ADF-si Parlamentə (məclisə)
seçkilərin mütləq
azad olması tərəfdarıdır. O dövlət
məmurlarının, ölkə
daxilində və xaricində yaşayan varlıların əhalini
qorxutmaq, aldatmaq yolu ilə seçki
prossesinə qarışmalarına
ciddi müxalif olacaqdır. Gərək seçki prossesi bütövlükdə İranda
eyni vaxtda başlayaraq, eyni vaxtda qurtarsın.
10. ADF dövlət idarələrinə
soxulmuş pozğun, əyri və rüşvətxor şəxslərə
qarşı ciddi mübarizə edəcək,
dövlət məmurları
arasında saf, düzgün, obyektiv insanları dəstəkləyəcək.
Xüsusilə Firqə
çalışacaq ki, onların
maaşları, həyat
şəraitləri elə
təşkil edilsin
ki, onlar üçün
oğurluq, xəyanət
etməyə bəhanə
qalmasın. Onlar özlərinə abırlı
həyat qura bilsinlər.
11. Demokrat Firqəsi səy göstərəcək
ki, Azərbaycanda dolayısı
ilə alınan vergilər ciddi surətdə azaldılsın.
Yığılan vergilərin
yarısından yuxarı
hissəsi Azərbaycanın
öz ehtiyaclarına sərf edilsin və dolayısı ilə yığılan vergilər ciddi surətdə azalsın.
12. ADF-si bütün demokratik dövlətlər,
xüsusilə müttəfiqlərlə
dostluq münasibətləri
saxlamaq tərəfdarıdır.
Bu dostluğu davam etdirmək üçün
mərkəzdə və
şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər
arasında dostluğu
pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövlət işlərindən
kənarlaşdırmağa çalışacaq. Demokrat
Firqəsini yaradılanların
əsl məqsədi budur. Biz ümidvarıq
ki, hər bir vətənpərvər Azərbaycanlı,
Azərbaycanın daxilində
və ya xaricdə yaşamasından
asılı olmayaraq bu müqəddəs məqsədə çatmaq
üçün bizimlə
həmfikir və əlbir olacaqdır. Təbii ki, insan əvvəl öz evini sahmana salmasa,
məhəllə, şəhər
və ya ölkə üçün
işləyə bilməz.
Biz əvvəl öz
evimiz olan Azərbaycandan başlayırıq
və inanırıq
ki, Azərbaycanın islah
və tərəqqisi
İranın tərəqqisinə
səbəb olacaqdır.
Vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin əsarətindən
xilas olacaqdır.
Yaşasın Demokratik Azərbaycan!
Yaşasın Müstəqil və
Azad İran!
Yaşasın İran və Azərbaycan
azadlığının həqiqi
məşəldarı olan
Azərbaycan Demokratik Firqəsi!
(imzalar) – 14 şəhrivər
(05.09.1945)
Qeyd:
İran Azərbaycanında uzun yüzilliklərdən
bəri təhsil, yazı işləri, dövlət və hətta fərdi kargüzarlıq sənədləri,
ədəbiyyat, mətbuat
və s. fars dilində aparıldığından
bəyanatın mətnində
Azərbaycan dilində
pərçim edilmiş
çoxsaylı fars sözlərinin işlənməsinə,
eləcə də, cümlə quruluşları
və söz sonluqlarının Azərbaycan
ədəbi dili qaydaları ilə tərs-mütənasib olan
fars dili stilində yazıldığından,
oxucularımızın bəyanatın
mətnini dəqiq başa düşməsini
asanlaşdırmaq məqsədilə
bəyanatın mətninin
məzmun və mahiyyətini olduğu kimi saxlamaqla Azərbaycan ədəbi dilinin qayda və
tələblərinə uyğunlaşdırılmışdır.
Azərbaycan Demokrat Firqəsi
Mərkəzi Komitəsinin
sədri:
Adilə Çernik-Bülənt
İranlı Mühacirlər Cəmiyyəti
İctimai Birliyinin sədri:
Firidun
Ənuşirəvan oğlu İbrahimi
Hürriyyət.- 2025.- 30 sentyabr,
¹35.- S.13.