ARTIQ
ADAM
Hekayə
Xəstəxananın
həyətinə xeyli adam toplaşmışdı. Qadınlar
bir tərəfdə, kişilər başqa bir tərəfdə
öz aralarında asta-asta xəstəxananın reanimasiya
palatasında yatan xəstədən
danışırdılar. Qadınlardan biri, deyəsən xəstənin
anası idi, ortalığa “yazıq oğlum nə gün
gördü ki?” deyə süni şəkildə
ağlamısındı. Onun artistlik etdiyini, oğlunun
halına ürəkdən yanmadığını təcrübəsiz
insanlar belə, asanlıqla sezərdi.
Bəzənib-düzənmiş, ətrafdakılara
naz satmaqla məşğul
olan qız, deyəsən bacısı idi, sanki anasına həm
cavab, həm təskinlik, həm də özlərinə bəraət
qazandırmaq kimi “gunah özündədir, az içərdi”,
deyə mızıldandı.
Digər
bir cavan qadın sakitcə başını
aşağı salıb, dərin xəyallara getmişdi.
Üzündə dərin bir peşmançılıq hissi
vardı. Sanki bu günədək etdklərinin yanlış
olduğunu indi anlamışdı. Amma artıq çox gec
idi. Sonrakı peşmançılıq heç vaxt fayda
vermir. Bu qadın, deyəsən, xəstənin həyat
yoldaşı idi. Yanında 7-10 yaşlarında iki oğlan
uşağı dayanmadan göz yaşı
axıdırdılar. Hamının başı söhbətə
qarışdığından onlara təsəlli vermək
heç kəsin yadına düşmürdü.
Digər
yaxın-uzaq qohumlar da
xəstədən daha çox onun ana-bacısının əziyyət
çəkərək xəstəxanaya gəlmələrindən
narahat olduqlarını ehyam vururdular.
Kişilərin qrupunda da buna uyğun söhbət
gedirdi. Eynəkli, bahalı brend kostyum geyinmiş,
gözündə optik eynək olan və kənardan da
çox təkəbbürlü biri olduğu görünən,
orta yaşlı birisi, deyəsən xəstənin
böyük qardaşı idi, soyuqqanlılıqla “həyatı
yanlış yaşamağın axırı budur” deyərək,
sanki caniyə ədalətli cəza verməsi ilə fəxr
edən bir hakim ədası ilə başını bir az da
dik tutub, ətrafındakıların başı üzərindən
uzaqlara baxırdı. Digərləri bunun hər sözünə
“bəli, bəli, tamamilə düzdür“ deməklə, sanki
onun rəğbətini qazanmaqda yarışırdı.
Bir başqası, deyəsən
xəstənin yaxın dostu idi, asta-asta
“heyif, çox yaxşı bir oğlan idi” dedi və ətrafındakılara
baxıb, sanki özünə tərəfdar
axtarırmış kimi onun dediklərini təsdiq edəcək
bir nəfərin olmasına ümid etdi. Amma nahaq, heç kəs
onun fikrini bölüşmədi.
Deyəsən qonşuları olan
basqa birisi, “Yaxşı oğlan narkotik qəbul
etməz, içki düşkünü olmaz”, deyərək,
xəstənin dostunu susdurdu və bu azmış kimi,
şübhəli gözlərlə baxıb, onu da töhmət
altında buraxdı. Sanki, “sən də onlardansan”, deyə
hökm verdi. Xəstənin dostu qorxudan dərhal susdu və qələbəlikdən
bir-iki addım aralandı...
Digərləri, xəstənin uzaqdan-yaxından
qohumu olanlar isə səssizcə
yuxarıdan gələn xəbəri səbrsizliklə
gözlədiklərini ifadə edən bir vəziyyət
almışdılar. Üzlərindən hiss olunurdu ki, əslində
xəstəyə görə yox, xəstənin kifayət qədər
varlı və vəzifəli qardaşına görə oraya
gəlmişdilər. Yaxın qohumlarından biri ürəyində,
“bu da nə ölən kimi ölür, nə də dirlən
kimi dirilir” fikrini tez-tez təkrarlayırdı. Hər dəfə
yuxarıdan, xəstənin yanından bir xəbər gətirən
həyətə çıxan kimi dərhal onun ətrafına
toplaşır, xəstənin vəziyyəti ilə
bağlı sorğu-sual edirdilər. Əslində, onları
xəstənin nə vaxt öləcəyi
maraqlandırırdı. Xəstə yaşadıqca onlar
“qızıl kimi vaxtlarını” boş keçirmələrindən
narahat idilər… Məsələn, ticarətçi olan
yaxın qohumlardan biri “gör nə qədər qazancdan qaldım”
deyə, beynində ziyanını hesablayırdı. Başqa
birisi məşuqəsi ilə görüşməyə tələsdiyindən,
sanki xəstə ilə danışırmış kimi ürəyində,
“əşi, ölursən öl, bizim də canımız
qurtarsın, bütün işlərimi korlayırsan”, -
deyirdi.
Xəstənin bir neçə
saatdan artıq yaşamayacağı xəbərini
eşidib, tələm-tələsik özlərini
qohumcanlı, canıyanan kimi göstərmək məqsədi
ilə xəstəxanaya gələnlər onun hələ də
yaşadığı xəbərini eşitdikcə, ürəklərində
o söyüş qalmırdı ki, xəstənin unvanına
söyməsinlər. Sanki qohumları onun ölməsi
yaşamasından daha çox maraqlandırırdı. Hətta
bəzi yaxın qohumlar bu adamın bu dünyada olduğundan elə
bu gün xəbər tutmuşdu. Yəni xəstənin
ölməsi, ya qalması yaxınlarını
maraqlandırmırdı. Onları ancaq yas mərasiminin xərcləri,
yasa başsağlığına gələn insanların dairəsi,
veriləcək ehsanın menyusu daha çox
düşündürürdü.
Hava buludlu idi, arabir
çiskin yağış yağırdı. Elə bil
buludlar yaxınları tərəfindən tərk edilmiş
ömrünün çiçəklənən vaxtı bu
dünya ilə vidalaşan gəncin halına yanır və
onun üçün göz yaşı axıdırdı.
Qohumlardan bəziləri yarım saat gözləyəndən
sonra “deyəsən, bu teziklə ölməyəcək”, - deyərək,
hərəsi bir bəhanə ilə
dağılışmağa başlamışdı. Bəziləri
xəstənin böyük qardaşına yaltaqlıq edərək,
zorla orada dayanmışdı. Amma ürəklərində
ağır vəziyyətdə olan xəstəni hər
cür söyüşlərə qonaq edirdilər. Bəziləri
hətta gəncin ölmünü gözləmədən,
onun gorunu söyməyə başlamışdı.
Camaatdan
bir qədər aralı nimdaş paltarda arıq bir oğlan əllərini
qoynuna qoyub, günahkar adamlar kimi başını
aşağı salaraq, dərin fikirlərə qərq
olmuşdu. Üzündən görünürdü ki,
yuxarıda xəstə yatan adamla çox yaxın əlaqələri
var. Əlində olsa onunla ölər, ya da onun yaşaması
üçün hansı orqanı lazımdırsa, təmənnasız
verərdi. Düzdür, kasıb bir oğlan idi, pulu yox idi,
amma dağ kimi urəyi, damarlarında qanı, sağlam
orqanları var idi. Bunlar da çox baha qiyməti olan şeylərdir.
Nəhayət, həmin oğlan
heç kəsin xəbəri olmadan
müalicə həkiminin yanına qalxdı. “Həkim, mənim
yaxın dostumdur, o, çox gözəl bir insandır. Onun
yaşaması üçün nə lazımdırsa, mən
hazıram. Hətta onun əvəzinə olməyə belə
razıyam”, - dedi və özünü ağlamaqdan saxlaya bilmədi.
Həkim
bu gəncin nə qədər səmimi olduğunu öz təcrübəsindən
bilirdi. Həm də onu təəəcüb
götürmüşdü: “Necə ola bilər ki, yad biri bu
qədər canıyananlıq etsin, xəstənin
yaşaması naminə hətta öz
sağlamlığından imtina etsin, amma xəstənin
yaxın qohumları ancaq onun nə vaxt öləcəyilə
maraqlansınlar, qətiyyən xəstənin yaşaması
qayğısına qalmasınlar”.
Xəstə 30-35 yaşlarında idi. Həddən artıq arıqlamışdı,
qabırğaları sayılırdı. Rəngi sapsarı
idi. Qarnına su yığılmışdı, çətinliklə
nəfəs alırdı. Huşu alaqaranlıq idi. Həkimlər
xəstənin həkimə geç müraciət etdiyindən
qara ciyər və böyrəklərin öz
funksiyalarını itirdiyini deyirdilər. Xəstənin bu vəziyyətə
düşməsinin səbəbi ağır vərəm və
şəkər xəstəliyi ilə yanaşı, narkomaniya
və alkoqolizmə qurşanması olmuşdu.
Əslində, alkoqolizm və
narkomaniya sosial bir xəstəlikdir. Yəni
cəmiyyət həyatında həyatını düz
qurmayanların və ya sosial maneələri dəf etmək
gücündə olmayanların düşdüyü bir
bataqlıq idi. Xüsusən ailə və dövlət
vaxtında belə vəziyyətdə olanlara yardım əli
uzatmayanda, demək olar ki, hamı üçün son eyni olur:
şəxsiyyətin deqradasiyası və orqanik
pozğunluqlar. Görünür, bu xəstənin də həyatı
hamar olmamış, erkən yaşlarından həyat ona
yanlız sərt üzünü göstərmiş, bu zaman
kimsə ona kömək əli uzatmamışdı. Belə
adamlar dəryada fırtınaya düşmüş
qayığa bənzəyir. Onların sağ qalması
yalnız bir möcüzə ola bilərdi.
Xəstə huşsuz vəziyyətdə
küçədə təsadüfən
aşkar edilib xəstəxanaya gətirildiyindən, onun
keçmişi ilə bağlı ailə üzvləri
heç bir kəlmə söz açmadığından, bu
azmış kimi, xəstənin keçmişi ilə
bağlı həkimin verdiyi suallara aqressiv münasibət
göstərdiklərindən, həkim xəstə haqqında
heç bir ciddi məlumata malik deyildi. İndi onun yaxın bir
dostu, xəstə üçün həyatını qurban
verməyə hazır olan biri həkimin əlinə göydəndüşmə
oldu. Gəncin qolundan tutub otağına apardı. Kabinetində
termosdan çay süzüb birini gəncin qabağına,
birini də öz stolunün ustünə qoydu. Tərəddüdlə,
“sən xəstənin keçmişi haqqında nəsə
bilirsən, onun müalicə olunması həm də onun
haqqında dəqiq bilgilərin olmasını tələb
edir”, - dedi. Xəstənin dostu bir neçə dəqiqəliyə
susdu, gözlərindən keçmişə, o xoşbəxt günlərə
getdiyi aydın görünürdü. Hətta bayaqdan kədərdən
hər dəqiqə göz yaşı axıdan gəncin
üzündə bir xoş təbəssüm
göründü. Görünür, yadına olduqca xoş
xatirələr düşmüşdü. Həkim oglana, “istəsən
heç nə deməyə də bilərsən, heç ailə
üzvləri də xəstə ilə bağlı heç
bir məlumat vermədilər”, - dedi. Cavan oğlan tez cavab
verdi: “Yox, yox, əgər dediklərim bir saat da olsa dostumun
ömrünü uzatmağa səbəb olacaqsa, saatlarla onun
haqqında danışaram”. Həkim, “onda buyur, səni dinləyirəm“,
- deyərək kreslosunda yerini rahatladı və maraqlı bir
hekayə eşidəcəyinə əminlik ifadə edən
bir görkəm aldı…
(Ardı var)
AZAD
Hürriyyət.-
2025.- 7 yanvar, №1.- S.13.