ARTIQ ADAM
Hekayə
Xəstəxananın həyətinə
xeyli adam toplaşmışdı. Qadınlar
bir tərəfdə,
kişilər başqa
bir tərəfdə öz aralarında asta-asta xəstəxananın
reanimasiya palatasında
yatan xəstədən
danışırdılar. Qadınlardan
biri, deyəsən xəstənin anası idi, ortalığa “yazıq oğlum nə gün gördü ki?” deyə süni şəkildə ağlamısındı. Onun
artistlik etdiyini, oğlunun halına ürəkdən yanmadığını
təcrübəsiz insanlar
belə, asanlıqla sezərdi.
Bəzənib-düzənmiş, ətrafdakılara
naz satmaqla məşğul olan qız, deyəsən bacısı idi, sanki anasına həm cavab, həm təskinlik, həm də özlərinə bəraət
qazandırmaq kimi “gunah özündədir, az içərdi”, deyə mızıldandı.
Digər bir cavan qadın sakitcə başını aşağı
salıb, dərin xəyallara getmişdi. Üzündə dərin bir peşmançılıq
hissi vardı. Sanki bu günədək etdklərinin yanlış
olduğunu indi anlamışdı. Amma artıq
çox gec idi. Sonrakı peşmançılıq heç
vaxt fayda vermir. Bu qadın, deyəsən, xəstənin
həyat yoldaşı
idi. Yanında 7-10 yaşlarında iki oğlan uşağı dayanmadan göz yaşı axıdırdılar.
Hamının başı
söhbətə qarışdığından
onlara təsəlli vermək heç kəsin yadına düşmürdü.
Digər yaxın-uzaq qohumlar
da xəstədən daha
çox onun ana-bacısının əziyyət
çəkərək xəstəxanaya
gəlmələrindən narahat
olduqlarını ehyam
vururdular.
(Əvvəli ötən sayımızda)
Xəstənin adı Azad idi.
Azad onunla bir məhlədə böyümüşdü,
uşaqlıqdan yaxın
dost idilər. Azad yeganə
ürək qızdırdığı
dostuna öz ailəsi haqqında ətraflı danışmışdı.
Onlar üç bacı, iki qardaş idilər. Ailələri imkanlı, valideynləri təhsilli və cəmiyyətdə
hörmət qazanmış
insanlardı. Demək
olar ki, heç bir sosial problemləri
yox idi. Azadın qardaşı ailənin ilki olduğundan, ona xüsusi bir münasibət vardı. Valideynlər, o cümlədən
onların ağzına
baxan bütün qohumlar Azadın böyük qardaşını
sevir, ona qayğı göstərirdi.
Sanki bu evdə tək bir oğlan
usağı varmış.
Əslində, bu Azadı çox sevindirirdi, çünki
o, böyük qardaşını
çox sevirdi, onun üçün ölümə getməyə
belə, hazır idi.
Azad uşaqlıqdan qardaşı
cəzalanmasın deyə,
onun bütün günah işlərini öz üstünə götürdüyündən, buna görə pis ad çıxarmışdı. Əksinə,
özünün bütün
yaxşı islərini
qardaşının adına
yazırdı. Hami elə
bilirdi ki, Azad vecsiz, çətin tərbiyə
olunan, qabiliyyətsiz bir usaqdır. Böyük qardaş isə, əksinə, tayfanın göz bəbəyi, ailənin yeganə ümid yeri idi.
Böyük qardaş həqiqətən
dərslərini yaxşı
oxuyurdu, amma çox təkəbbürlü,
eqoist, özünə
vurğun, ərköyün
biri idi. Azaddan çox-çox yaraşıqlı, fiziki cəhətdən daha yaxşı inkişaf etmişdi. Azad onun kölgəsində yox kimi idi. Ata-ana yalnız böyük qardaş haqqında düşünür, onun
bütün arzu və istəklərini yerinə yetirirdilər.
Artıq
böyük qardaş
universitetin hüquq fakültəsinin son kursunda
idi. Tezliklə dövlət imtahanı verib, çoxdan arzuladığı hakimlik
fəaliyyətinə başlamağı
düşünürdü. Atası da lazım olan adamlarla danışmışdı, onun
hakim olması ilə bağlı heç bir problem olmayacaqdı. Atası böyük qardaşa yağın içində bir “Mercedes”
də bağışlamışdı.
Azad yalnız qardaşının
maşınını yumaq
lazım gələndə
maşına toxuna bilirdi.
Azad nə qədər çalışsa da, universitetə
daxil ola bilməmişdi.
Ona görə, erkən
yaşlarında özünə
bir peşə seçib, əmək fəaliyyətinə başlamışdı.
Qardaşından qabağa
düşüb evlənmişdi.
Ata-anası onun böyük qardaşından
qabağa düşməsinə
pis baxdıqlarından,
Azada toy etməkdən
imtina etmişdilər.
Azad bundan incisə də, özünü günahkar bilmişdi. Həyat yoldaşı da xeyli gözəgəlimli,
yaraşıqlı bir
qiz idi. Azaddan çox, onun ailəsinə görə bu evliliklə razılaşmışdı.
Amma evlənəndən sonra
Azadla ailəsi arasında soyuqluq olduğunu biləndə xeyli peşman olmuşdusa da, taleyi ilə barışmışdı.
Azadın
bir-birinin ardınca iki oğlu olmuşdu.
Ona insan kimi baxan, təmənnasız sevgi və qayğı
göstərən bu iki usağı və məhəllədəki
uşaqlıq dostu idi. Azad özlüyündə
oğlanları naminə
yaşamaq qərarı
vermişdi. O, valideynlərinin
buraxdığı səhvi
təkrarlamaq istəmirdi.
Ona görə, lap uşaqlıdan
oğlanlarını bir-birinə
qarşılıqlı məhəbbət
və qayğı hissi ilə tərbiyə edirdi.
Azad arvadının oynaq xasiyyətindən narahat olsa da, bunu üzə
vurmurdu. Bəzən əsaslı qısqanclıq
onu narahat edir, ancaq uşaqları
naminə çox da dərinə getmirdi. Həyat yoldaşının
gözü küçələrdən
yığışmırdı. Yolda qoşa getdikləri vaxt belə, Azaddan yaraşıqlı və imkanlı birini görəndə ona işvə-naz satmaqdan çəkinmirdi. Bəzən
Azadın bunu hiss etməsini belə, vecinə almırdı.
Günlər bu cür - gah kədər, gah qayğı
ilə keçirdi.
Azad öz ürəyini
yalnız dostuna aça bilirdi. Onunla dərdləşir, dəfələrlə böyük
qardaşı ilə fəxr etdiyini, onu çox sevdiyini, özünə arxa-dayaq bildiyini deyirdi. Hətta xəyallarında əlinə
pul düşəcəyi
halda qardaşına çox bahalı maşın alacağına
da söz vermişdi.
Ata-anası, bacıları və qardaşı sanki Azadı görmürdülər, heç
kəs onunla maraqlanmır, kirayədə
qaldığı evinə
gəlib-getmir, ad günlərində
belə, onu yadlarına salmırdılar.
Elə bil həyatda belə bir insan yox
idi. Azad fərqinə
varsa da, bu vəziyyəti normal qəbul
edir, hər şeydə özünü
günahlandırırdı. “Ali təhsil alsaydım, ata-anamin razılığı
olmadan tez evlənməsəydim, ata-anama
daha çox qayğı göstərsəydim,
yəqin ki, başqa münasibət görərdim”,
- deyə düşünürdü.
Əslində, dostu Azadın ailəsini yaxşı tanıyırdı, onların
eqoist, meşşan insanlar olduğunu bilirdi. Azada olan munasibət də bununla bağlı idi. Onlar heç bir ali təhsili
olmayan Azadın onların övladi olmasından utanır, əksinə böyük oğlanları ilə bağlı hər fürsətdə ürək
dolusu söz açırdılar.
Adi günlərin birində
Azad pis xəbər eşitdi. Böyük qardaşı dostları ilə növbəti kef məclisindən gələndə
yolda qəza törətmiş, maşınla
bir nəfəri vurub öldürmüşdü.
Gənclər hadisə
yerindən qaçsalar
da, maşını görən
olmuşdu. Azad bu xəbəri eşidən
kimi qaça-qaça
qan-tərin içində
atasıgilə gəldi.
Onsuz da Azaddan zəhləsi gedən valideynləri, ”nə
var, at ölüb, itlərin
bayramıdır? Qardaşının
başına gələnlərdən
sevinirsən?”, - deyə
sərt baxışlarla
sual etmişdilər. Daha sonra öz
aralarında “Onun bütün əziyyəti
boşa gedəcək.
Həbsxanaya düşsə,
bir daha hüquq sistemində işləyə bilməyəcək.
Gərək, onu həbsxanaya qoymayaq. Amma necə?”, - deyərək,
bu sualın cavabını tapmağa o
qədər aludə olmuşdular ki, artıq Azadın orada olması tam yadlarından çıxmışdı. Azad yavaşca, ”Mən
ölmüşəm ki, qardaşım
həbs olunsun?!”, deyəndə atası təəccüblə üzünü
ona çevirib, “Sənin nə kimi gücün, imkanın, hörmətin
var ki, qardaşını həbs
olunmaqdan xilas edəsən?”, - dedi.
(Ardı var)
AZAD
Hürriyyət.- 2025.- 14 yanvar,
№2.- S.13.