ARTIQ ADAM
Hekayə
Xəstəxananın
həyətinə xeyli adam toplaşmışdı.
Qadınlar bir tərəfdə, kişilər başqa bir tərəfdə
öz aralarında asta-asta xəstəxananın reanimasiya
palatasında yatan xəstədən
danışırdılar. Qadınlardan biri, deyəsən xəstənin
anası idi, ortalığa “yazıq oğlum nə gün
gördü ki?” deyə süni şəkildə
ağlamısındı. Onun artistlik etdiyini, oğlunun
halına ürəkdən yanmadığını təcrübəsiz
insanlar belə, asanlıqla sezərdi.
Bəzənib-düzənmiş,
ətrafdakılara naz satmaqla məşğul olan qız, deyəsən
bacısı idi, sanki anasına həm cavab, həm təskinlik,
həm də özlərinə bəraət qazandırmaq kimi
“gunah özündədir, az içərdi”, deyə
mızıldandı.
Digər
bir cavan qadın sakitcə başını aşağı
salıb, dərin xəyallara getmişdi. Üzündə dərin
bir peşmançılıq hissi vardı. Sanki bu günədək
etdklərinin yanlış olduğunu indi anlamışdı.
Amma artıq çox gec idi. Sonrakı
peşmançılıq heç vaxt fayda vermir. Bu qadın,
deyəsən, xəstənin həyat yoldaşı idi.
Yanında 7-10 yaşlarında iki oğlan uşağı
dayanmadan göz yaşı axıdırdılar.
Hamının başı söhbətə
qarışdığından onlara təsəlli vermək
heç kəsin yadına düşmürdü.
Digər
yaxın-uzaq qohumlar da xəstədən daha çox onun
ana-bacısının əziyyət çəkərək xəstəxanaya
gəlmələrindən narahat olduqlarını ehyam
vururdular.
Əvvəli
ötən saylarımızda
“Mənim
pulum, tanışlarım, hörmətim yoxdur. Amma
qardaşıma qurban edəcək bir canım var. Onun
günahını mən üzərimə götürəcəyəm.
Maşını mənim sürdüyümü, qəzanı
da mənim törətdiyimi etiraf edəcəyəm. Mənim
həbsxanada, ya azadlıqda qalmağım çox da önəmli
deyil. Amma qardaşımın gələcəyi məhv ola bilər.
Eybi yox, mən həbsxanaya gedərəm, qardaşım hakim
işləyəndə mənim azadlığa
çıxmağıma kömək edər”, - Azad dedi. Onun
dedikləri ailənin üzərindən böyük bir
yükü götürdü. Kədər-qəm yerini sevincə
verdi. Azadın həbs olunması heç kimdə narahatlıq
yaratmırdı, buna görə də məsələni
Azadın dediyi kimi yoluna qoydular. Tezliklə məhkəmə
oldu və Azad “içkili vəziyyətdə,
sürücüluk hüququ olmadan qəza törədərək
bir nəfərin ölümünə səbəb
olduğundan” on il həbs cəzası aldı.
Məhkəməyə
yalnız Azadın dostları gəlmişdi. Qardaşı və
valideynləri məhkəməyə belə, gəlməyi
özlərinə əziyyət bilmişdilər. Azad
özünü qəhrəman kimi hiss edirdi.
Düşünürdü ki, bu gündən hamı ondan
danışacaq, onun fədakarlığı
qardaşının və valideynlərinin ona olan münasibətində
fundamental dəyişiklik yaradacaq, ona bu günə kimi
göstərmədikləri hörmət və qayğı
göstərəcəklər. Hətta ola bilsin ki,
qardaşını sevdikləri kimi onu da sevə biləcəklər.
Həbsxana
həyatı Azadın düşündüyündən daha
ağır idi. Orada verilən yeməyi yeyə bilmirdi. Əvvəllər
ayda bir dəfə yanına gələn həyat
yoldaşı indi iki-üç aydan bir gəlirdi. Valideynləri
isə böyük qardaşına problem olar deyə, bir bəhanə
ilə həbsxanada ona baş çəkmirdi.
Azad
yavaş-yavaş depressiyaya düşürdü. Ozünü
tənha hiss edirdi. Yalnız uşaqlıq dostu onu tərk etməmişdi.
İmkanı olmasa da həftədə bir dəfə onun
yanına gəlir, yemək gətirirdi.
Azad həbsxanada
kəskin arıqlamışdı. Digər vərəmli məhbuslardan
vərəmə yoluxmuşdu. Müalicə üçün
çoxlu pul lazım idi, amma heç kəs ona sahib
çıxmırdı. Böyük qardaşı sanki
heç əvvəlcədən qardaşı olmamış
kimi özünü aparır, uzaqdan uzağa olsa da onunla
maraqlanmırdı.
Qardaşının
artıq hakim işlədiyini eşitmişdi. Amma onun
azadlığa çıxması ilə bağlı heç
bir cəhd etmirdi. Azadın həyat yoldaşı ilə
bağlı dostundan eşitdiyi xəbər də onu birdəfəlik
məhv etmişdi. Həyat yoldaşı, “məni qoyub həbsxananı
seçmisənsə, mənə sənin kimi ər lazım
deyil“, deyib boşanmaq qərarı vermişdi. Hətta Azad
esitmişdi ki, həyat yoldaşı rəsmən
boşanmadan artıq özünə yeni bir sevgili
tapmış, günlərini onunla eyş-işrətdə
keçirir.
Azadın
yeganə ümidi oğlanlarına idi. Onlar da çox
kiçik idilər, əllərindən bir şey gəlmirdi.
Nə vaxta böyüyələr, nə vaxta Azada kömək
edələr, xəyaldan başqa bir şey deyildi. Bir tərəfdən
xəstəlik, digər tərəfdən ona qarşı olan
etinasızlıq Azadı içindən yeməyə
başlamışdı. Hətta özünə qəsd etməyi
belə, ağlından keçirsə də, sonra
uşaqları gözünün qarşısına gəlmiş,
“yox ölümümlə onları üzməyə haqqım
yoxdur”, deyə fikrindən vaz keçmişdi.
Fikir
Azadı bir dəqiqə belə sərbəst
buraxmırdı. Bir dəfə adəti üzrə həbsxananın
həyətində bir kənara çəkilib, dərin fikirlərə
qərq olmuşdu. Bu vaxt salam-kəlamı olan dustaqlardan biri
ona yaxınlasdı: “Qardaş, yüz fikir bir borcu ödəməz…
Bunun bir yolu var, elə yaşayasan ki, həyatın
etibarsız üzünü görməyəsən”. Azad
mexaniki olaraq, “O necə olur” suali verdi. Məhbus yoldaşı
ona bir siqaret uzatdı: “Al, bütün qəm-kədərin
düşməni budur”. Azad düşünmədən
siqareti aldı, çəkməyə başladı. Birdən-birə
canına xoş bir rahatlıq gəldi. Ətrafını
saran qaranlıq rəngli bir aləmə çevrildi. İndiyə
kimi ona çətin gələn məsələlər indi
çox asan görünməyə başladı. İlk dəfə
idi ki, Azad xoşbəxtlik duyğusunu yaşayırdı.
Həmin
gündən Azad narkotik qəbul etməyə başladı. Bu
barədə çox sonralar dostuna da dedi. Dostu nə qədər,
“bu yola düşmə, bu yolun sonu yoxdur”, desə də Azad
“zatən, mənim yaşamağım heç kimə, hətta
özümə belə lazım deyil”, - dedi. Dostu çox
israr etsə də, urəyində ona haqq qazandırdı. Zatən valideynləri və həyat
yoldaşı onun varlığını unutmuşdular. Fədakarlığı
müqabilində qardaşı borclu qalmasın deyə onun
ölümünü arzulayırdı...
Nəhayət,
həbsxanada qurulan məhkəmələrin birində
ağır xəstə olmasını nəzərə
alıb, qalan cəzasını şərti cəza ilə əvəzləyib
Azadı həbsdən azad etdilər. Azadlığa
çıxmaq sevinci Azadı həbsxananın qapısında
tərk etdi. Onu qarşılamağa heç kim gəlməmişdi.
Gedəcəyi yer də yox idi. Valideynləri çoxdan onu
unutmuşdular. Həyat yoldaşı qeyri-qanuni başqa
kişilərlə yaşayırdı. Azada küçə
həyatını seçməkdən başqa yol
qalmamışdı…
Azad həmin
gündən özü kimilərlə şəhərin
uçuq-sökük evlərində, zibil atılan dalanlarda
gecələməyə başladı. Dostu onu tapıb həkimə
apardı. Dövlət hesabına vərəm və şəkər
xəstəliyindən mualicə almasına
yardımçı oldu. Azada xəstəxanada mütəmadi
olaraq dövlət hesabına xeyli bahalı dərman
yazırdılar... Azad apteklərin biri ilə
danışıb, həmin dərmanları yarı qiymətinə
aptekə satırdı. Aldığı pulu isə yalnız
övladlarına xərcləyir, onları əyləncə
yerlərinə aparır, onlara əyin-baş alırdı.
Uşaqları dəfələrlə onun harda
yaşamasını soruşsalar da, o, yerini bildirmirdi. Hətta
bir dəfə böyük oğlu “biz səninlə qalmaq istəyirik”
desə də Azad, “yox, ananızın yanında qalın, mən
qalan yer uzaqdır, məktəbə gedib-gəlmək sizə
çətin olar”, deyərək başından etmişdi.
Azad digər
“bomj” tanışları ilə birlikdə narkotik və spirtli
içki qəbul edirdi. Yavaş-yavaş daxili orqanları
sıradan çıxırdı. Qara ciyərində serroz
ildırım sürəti ilə inkişaf edirdi. Ona kömək
edəcək kimsə yox idi. Zatən, o, içində çəkdiyi
fiziki ağrıları bir o qədər hiss etmirdi. Onu əzən,
məhv edən mənəvi ağrılar idi. Bu ağrı
qardaşının, bacılarının, ata və
anasının ondan imtina etmələri, həyat
yoldaşının ondan boşanmadan başqa kisilərlə
oturub-durmasından əmələ gəlmişdi. Azadın
yaşamağa gücü qalmamışdı. O, hiss edirdi ki,
tezliklə həyatdan gedəcək. Bu da onun yeganə ümid
və sevinc mənbəyi idi. O, yaşamağa o qədər
nifrət edirdi ki, ölüm onun üçün həyatının
ən böyük hədiyyəsi olacaqdı.
Bir
gün küçədə gecələyən
yoldaşları səhər Azadın
oyanmadığını
gördülər. Nə qədər
çalısdılarsa, Azad ayılmadı. O, çətinliklə
nəfəs alırdı, rəngi meyit rəngində idi.
Verilən heç bir suala cavab vermirdi. Yoldaşları onun
ağır vəziyyətdə olduğunu başa
düşdülər və təcili tibb yardıma müraciət
etdilər. Xəstəxanaya yerləşdiriləndə
artıq çox gec idi. Azada heç kim kömək edə
bilməzdi. O, ağır kamotoz vəziyyətdə can vermə
növbəsini gözləyirdi. Elə bil Əzrayıl da,
valideynləri kimi, onu tərk etmişdi… Ölüm növbəsi
ona çatmırdı ki, çatmırdı. Bütün həyatı
boyu özünün bu dünyada artıq olduğunu
düşünən Azad ölüm yatağında bu cansıxıcı
dünyadan köçəcəyi anı gözləyirdi.
Onun həyətdə qohum-qardaşının
toplanmasından, həyat yoldaşının dərin
peşmançılığından, övladlarının
onun üçün tökdükləri göz
yaşlarından və dostunun onun üçün hər
cür fədakarlığa hazır olmasından xəbəri
yox idi. Bəlkə də son nəfəsində bunlardan xəbəri
olsaydı, ölümünü bu qədər istəməzdi…
AZAD
Hürriyyət.-
2025.- 21 yanvar, №3.- S.13.