Zəlimxan Yaqub poeziyasının gücü...

 

Zəlimxan Yaqub – 75

                                 

Torpaq, yurd, Vətən sevgisi hər bir insanda o, dünyaya göz açanda doğulur. bu müqəddəs hissləri son nəfəsinədək onu tərk etmir. Bu sevgi, məhəbbət bizə ruhumuz qədər yaxındır, doğmadır...

 

Qüvvətim, zorum torpaq,

Ocağım, qorum torpaq,

Səndə bir iz qoymasam,

Alışsın gorum torpaq!

 

Bu misralar sevimli şairimiz Zəlimxan Yaqubundur. Bütün varlığı ilə sinəsində ölçüyəgəlməz torpaq, Vətən sevgisi gəzdirmiş Zəlimxan Yaqubun.

Şairin uzun illər - təxminən 35 il əvvəl işıq üzü görmüş " Ziyarətin qəbul olsun" toplusu qarşımdadır. Topludakı şeirləri oxuyuram heyrətə gəlirəm. Mənim indiki yaşım qədər əvvəllər yazılmış bu şeirlər bu günümüzdə çox aktualdır, zamanla səsləşir.

Zəlimxan Yaqub bir şair kimi öz şeirlərini ürəyinin odunda elə bişirib yazır ki, orda tam bişməmiş, çiy misra tapmaq çətindir. Bunu kitabın ilk şeiri olan " Ağsaqqal sözü"ndə şair özü etiraf edir:

 

Oğul, elə saxla qəlbi, ürəyi,

Göy kimi boşalıb dolandan olsun.

Bir qalın kitab var, bir qalan kitab

Yazanda elə yaz kitabını sən,

Qalından olmasın, qalandan olsun.

 

Məncə poeziya aləmində şimşək kimi çaxmış Zəlimxan Yaqubun illər boyu işıq üzü görmüş topluları da qalan kitablardandır.

Kitabın ilk fəslində şairin " millətimizin dar günü - 20 yanvar günü"nə həsr olunmuş şeirləri toplanıb. Bütün xalqımız kimi şair   bu qara günləri çox ağrılı-acılı yaşayıb, bu qanlı faciəni törədənlərə nifrəti ərşə qalxıb.

" Torpaq üstə can verənlər, yatır torpaqlar altında; şəhidi olmayan torpaq, qalar tapdaqlar altında" deyən şair qətiyyətlə tanımışam mənə dağlar çəkənləri"... qənaətinə gəlir.

Qanlı faciədə həlak olmuş hər bir soydaşımızın mərdliyi,cəsarəti, ölümün gözünə dik baxması şairi çox təsirləndirir.

- Ruhlarınız önündə hər gün səcdə qılmışam,

Sanıram hər qəbrdə özüm basdırılmışam.

Ümumiyyətlə, şairin bu bölmədə topladığı şeirləri bu qan yaddaşını heç vaxt unutmamağa səsləyir. Çünki bu faciə bir millətin yox, bütün millətlərin faciəsidir.

Şairin özü demişkən:

Yüz milləti yaraladı,

Bir millətə dəyən güllə.

Əsl söz sərrafı olan şair bu kədərli hissləri nikbin notlarla bitirir. İnanır ki, xalqın iradəsini toplarla, tanklarla qırmaq olmaz. Sonda həmişə haqq-ədalət qalib gəlir.

İgid ərənləri, mərd oğulları olan torpaq basılmaz.

 

Heç kəs oynamasın qoy,

Qəzəbim nifrətimlə.

Tarixlərdə bəlliyəm,

Bəşərə hörmətimlə.

Qanlı silahımla yox,

Namusum, qeyrətimlə.

Təpədən dırnağadək,

Silahlı əsgər mənəm.

 

Kitabda şairin müxtəlif mövzularda qələmə aldığı şeirləri yer alıb onların hər birində şairin həyata münasibəti, sevgisi, məhəbbəti tərənnüm olunub.

Şair bunu belə etiraf edir:

Yaşıldı, aldı bilmərəm,

Tirmədi, şaldı bilmərəm,

Kimə qaldı bilmərəm,

Mənə sevdiklərim qədər.

 

yaxud şairin " Ölləm" şeirinə nəzər salaq. İndi dillər əzbəri olan bu misralarda şair necə səmimidir:

 

Aran da, yaylaq da doğmadır mənə,

Qəlbimi dağlara verməsəm ölləm.

Yazda çiyələyi, yayda yarpızı,

Payızda moruğu dərməsəm ölləm.

 

Barmağı pərdədə, mizrabı teldə,

Turacı meşədə, sonanı göldə,

Kəkliyi qayada, ceyranı çöldə,

Qartalı zirvədə görməsəm ölləm.

 

Zəlimxan Yaqub üçün bir şair kimi mövzu qıtlığı yoxdur. Onun üçün dünya sözün həqiqi mənasında poeziyadır. böyük şairimiz adı həqiqətlərə, müşahidə etdiklərinə elə dərin poetik  don geydirir ki, heyran qalırsan. Baxın:

 

Torpaq duzdu, vətən çörək,

Zirvəyə bax, coşsun ürək,

Dağlar şeiri kimə gərək,

Dağlar kimi yazılmasa.

 

Dağılmaz dərdim, azarım,

Eldən düşməsə güzarım,

Od tutub yanar məzarım,

El içində qazılmasa!

 

İndi şeir yazan, şairlik eşqinə düşənlər çoxdur. Yazırlar, heç mürəkkəbi qurumamış kitabları çap olunur. Heç bir misraları da yadda qalmır.

Şair Zəlimxanınsa öz dünyası var, söz dünyası var. Bu dünya hikmətlə doludur. Hər gün oxusan da bu şeirlərdən ayrıla bilmirsən, çoxları dillər əzbəridir, mahnılar bəstələnib, yaddaşlara həkk olunub. Bir şair kimi bu, Zəlimxan Yaqubun xoşbəxtliyidir. Çünki Zəlimxan Yaqub şeir  yazmaq xatirinə şeir yazmır. O, ürəyinin atəşi püskürəndə, onu dilləndirəndə şeir yazır.

 

Dərd daşıdım, qəm yüklədim şələmə,

Şeirə döndü səsim düşdü aləmə,

Ey Zəlimxan yaxşı sarıl qələmə,

Qalsa yenə bu nəğmələr qalacaq!

 

Kitabda şairin poemaları da yer alıb. Şairin " Göyçə dərdi",  "Cavidin qız balası",  " Kökündən qopan ağac", " İnsan" poemaları da maraqla oxunur. Bu poemaların hər misrasında söz sərrafı Zəlimxan Yaqubun ürək döyüntüləri, duyulur, eşidilir. " Cavidin qız balası" poeması böyük ədib Hüseyn Cavidin qızı Turan Cavidə həsr olunub. Bu poemanı həyəcansız oxumaq olmur. Cavidin sonbeşiyi Turan - Cavidin qız balası. Bu körpə qızcığazın nisgillərini, qəmli həyatını belə dolğun şəkildə canlandırmağı ancaq Zəlimxan Yaqub kimi söz ustadları bacarardı. Hüseyn Cavidin dəhşətli sürgün həyatı, burda qoyub məcburən ayrıldığı doğmaları taleyi barədə düşüncələri çox təsirlidir.

 

Düşünür, hey düşünür,

Görən Turan həkimlik məktəbinə getdimi?!

Ərtoğrul məktəbini

Arzu elədiyidək, əlaçı bitirdimi?

Görəsən harda qaldı Müşkünazın axırı,

Onun çiyninə düşdü qayğıların ağırı.

 

Atasızlıq qurbanı olsa da, bu son dərəcə ağır itki Turanın qamətini əysə , məğrur iradəsini qıra bilmədi. Turan yaşadı atasının arzularını yaşatdı.

 

Oldu ismət qalası,

Oldu qeyrət qalası

Cavidin cəfakeşi,

Cavidin qız balası!

 

Elinə, yurduna bağlı əvəzsiz şairimiz Zəlimxan Yaqubun dünyasını vaxtsız dəyişməsi çox ürəklərə dağ çəkdi. Bu qədər oxucu sevgisi, oxucu məhəbbəti qazanmaq ölümsüzlük deyilmi?!

 

Bu da şairin həyat amalı:

alim doğuldum, ki, dahi,

Peşman da deyiləm, gələn günümə.

Əliboş aparma məni, İlahi,

Doğulan günümdən ölən günümə!

 

Ruhu şad olsun!!!

 

Fuad Biləsuvarlı

şair-jurnalist

 

Hürriyyət.- 2025.- 21 yanvar, №3.- S.12.