Yada satarıq, itə atmarıq

 

ya Azərbaycan xalçaları xaricə necə daşınır?

 

Azərbaycan xalqına dünya şöhrəti gətirən sənət növləri arasında xalçaçılıq mühüm yer tutur. Hələ Azərbaycanda eneolit dövrü abidələrindən tapılmış ip ucluqları bu dövrdə əhalinin toxuculuqla məşğul olmasının bariz nümunəsidir. Ölkənin zəngin təbiəti qədimdən qoyunçuluğun, bununla birlikdə xalçaçılığın da yayılması üçün yaxşı şərait yaratmışdır. Xalçaçılığın lap əvvəllərdən başlayaraq, sevimli məşğuliyyətə çevrilməsinin əsas səbəbi əgər ilk dövrlərdə yalnız onun məişətdə mühüm rol oynaması ilə bağlı idisə, sonrakı mərhələdə bu sənət növünün həm insanların, obrazlı dillə desək, «Çörək ağacına», iqtisadi ehtiyaclarının təminatçısına çevrildi. Bütün bunların nəticəsində Azərbaycan dünyanın ən məşhur xalçaçılıq mərkəzinə çevrilmişdi.

Arxeoloji materiallara əsasən, I hələ e.ə II minillikdə Azərbaycanda xalçaçılığın yüksək inkişaf mərhələsi keçdiyinin şahidi oluruq. Hər gün Allaha pənah aparan azərbaycanlı mü-səlmanların xalça üzərində namaz qılması da bu sənətə olan ehtiramın göstəricisidir. Bir vaxtlar toxuculuq qabiliyyətini keçə həsir toxumaqla ifadə edən qədim azərbaycanlıların xalçaçılığın növlərini getdikcə genişləndirməsi təbiidir. Beləcə, məişətimizə həsir, palaz, xovlu xovsuz xalçalar, onunla birlikdə gündəlik həyatımızda namazlıq, heybə, xurcun, kəmər, duzqabı, məfrə s. əşyalar daxil olur. Bir çox Azərbaycan klassiklərinin əsərlərində (Q.Təbrizi, N.Gəncəvi, X.Şirvani), eləcə tarixin atası sayılan Heredotun qeydlərində Azərbaycan xalçalarının dəyərli olması barədə məlumatlar vardır. Bir çox Avropa rəssamlarının əsərlərində, Şərq minia-türlərində Azərbaycan xalçalarının təsvirinə rast gəlinir.

Azərbaycan xalçaları başlıca texnoloji xüsusiyyətlərinə görə 4 növə bölünür. Texnoloji baxımdan xalçalar xovsuz xovlu olur. Xalçaçılığın ilkin mərhələsi sayıla biləcək birinci növə: - palaz, kilim, cecim, şəddə, mərmi, zili, sumaq s. aiddir. Hələ qədim zamanlarda çadırların, alaçıqların bəzədilməsində xovsuz xalçalar geniş istifadə olunmuşdur. Xovsuz xalçalar texnoloji baxımdan sadə toxunuşlu olub, çox vaxt istifadə olunan toxunma üslubunun adı ilə adlandırılıb. Belə nümunələr ölkənin ayrı-ayrı yerlərində toxunub. Bu yerlərdə toxunan xovlu xalçalar da bədii xüsusiyyətlərinə və ilmələrin sıxlığına görə 4 qrupa bölünürlər. Hər qrupa bir neçə xalça daxil olur ki, onlar da bir qayda olaraq toxunduğu yerin adını daşıyır:

1.Quba-Şirvan, 2.Gəncə-Qazax, 3.Qarabağ, 4.Təbriz xalçaları və s.

Quba-Şirvan xalçaları üçün böyük və kiçik naxışlar, güllər, təkrarlanan həndəsi və nəbati naxış elementləri səciyyəvidir. Rəngləri nisbətən yığcam olsa da, xalçalar isti və soyuq rənglərin vəhdəti ilə yadda qalır. Bu qrupun məşhur nümunəsi sayılan, adətən kiçik ölçülü (4 m-ə qədər), cecim, afurca, qorankənd, Şirvan, Şilyan, Pirədil, Xirəbuta, Xirəaxşana çeşidli Quba-Şirvan xalçaları sıx, yumşaq və qısa xovlu olur. 1 kv.metrdə 400 min ilməsi olan bu xalçalarda ilmələrin hündürlüyü 3-6 millimetrə qədər olur.

Qarabağ qrupu - bu xalçaların ara sahə adlanan yerində həndəsi formalı iri güllər və nəfis naxışlar üstünlük təşkil edir. Bu xalçalarda daha çox qara, tünd sürməyi, qırmızı rənglərdən istifadə olunur. Buynuz, ləmbəran, ləmpə, malbəyli, açma-yumma, balıq çeşidləri bu qrupun geniş yayılan nümunələridir. Qarabağ xalçaları başqa tip xalçalara nisbətən daha böyük ölçüdə olur (təxminən 20 kv.m). Hər kv.metrdə ən çoxu 200 minə qədər ilmə olur. Onların  hündürlüyü 6-10 mm-ə çatır. Qarabağda bir neçə nümunədən ibarət Xəli-Gəbə dəsti də geniş yayılıb.

Gəncə-Qazax xalçalarının  kompozisiyaları sadə naxış  elementləri ilə Quba-Şirvan xalçalarına nisbətən daha həndəsidir. Bu xalçalarda şux sarı, yaşıl, narıncı rənglərə daha çox rast gəlinir. Onların böyüklüyü adətən 10 kv.metrə  qədər olur. 1 kv.metrdə ən çox  160 min ilmə olur. Hündürlüyü də 6-12 mm-ə çatır. Salahlı, Gəncə, Səhralı, Çıraxlı, Şıxlı, Qarayazı, Qaraçöl bu qrupun ən məşhur çeşidlərindəndir.

Təbriz xalçaları isə kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası, dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu naxışlı kompozisiyalarla yanaşı, həm də sujetli xalçaların toxunması ilə seçilir. Məsələn, «Dərvişlər», «Dörd fəsil», «Leyli və Məcnun» və s. Belə xalçalarda 1 kv.metrdə ilmələrin sıxlığı 700-800 minə çatır. Şeyx Səfi, ləçəytimik, ağaclı, Səra-bel, açma-yumma, kompozisiyaların adlarıdır.

Müasir dövrdə də Azərbaycan xalçaçılığını inkişaf etdirən sənətkarlar vardır. Belə sənətkarların sırasında Lətif Kərimovun, Kamil Əliyevin, Cəfər Miçurinin, Eldar Mikayılzadənin, Aydın Rəcəbovun, Məmmədhüseyn Əliyevin adlarını çəkmək olar.

Bildiyimiz kimi, indi xalçalarımız muzeylərdən başqa əsasən İçərişəhərdə də satılır və nümayiş etdirilir. Burada xalçaların satışı və bizi maraqlandıran digər bu kimi suallara cavab tapmaq üçün İçərişəhərdəki xalça dükanlarını gəzmək qərarına gəldik.

İçərişəhərdə kitabxananın yanında yerləşən xalça dükanında çalışan Famin İsmayılovun sözlərinə görə, hazırda hökm sürən maliyyə böhranı hər şeydə olduğu kimi xalçaların satışına da mənfi təsir göstərib. «Həftədə iki-üç xalça güclə satılır ki, müştərilərin də əksəriyyəti amerikalılar və italyanlardır. Krizisdən öncə isə ingilislər, hətta azərbaycanlılar da xalça alırdılar». F.İsmayılovdan xalçanı aradan aldığı ilə maraqlandıq. Onun sözlərinə görə, xalçaları əsasən camaat özü gətirib satır: «Bəzən isə, biz özümüz də köhnə xalçaların çeşmində yeni-yeni xalçalar toxumaq üçün «Azərxalçaya» müraciət edirik. Belə xalçaları əsasən azərbaycanlılar alır. Azərbaycanlılar köhnə xalçalara nisbətən belə yenidən işlənmiş xalçaları almağı daha üstün tuturlar». Famin bəy onu da əlavə etdi ki, Bərdənin uşaq evində uşaqlar tərəfindən tikilmiş kuklaları alıb, üzərinə heç bir əlavə gəlir qoymadan satırlar.

Burada satılan ən bahalı xalça barəsində soruşduqda, F.İsmayılov bildirdi ki, ən bahalı xalça ipək xalçalar, Qazax antik xalçaları (kilsə xalçaları) hesab olunur.

Tarazlığı pozmamaq üçün Azərbaycan xalçalarını alıb xaricə aparan əcnəbilərdən biri ilə də danışmağı qərara aldıq. Müsahibim olan Maykl adlı bir amerikalı Azərbaycan xalçalarının xarici ölkələrdə çox bəyənildiyini söylədi. Ondan bu xalçaları nə üçün aldığını soruşduqda qeyd etdi ki,  Azərbaycan xalçalarını onlar daha çox şəxsi kolleksiya və ya evin interyerinin bəzədilməsi üçün alırlar. Maykıl hətta bu xalçaların qiymətlərindən də razı olduğunu bildirdi.

Onu da qeyd etmək lazımdır ki, əcnəbilər məhz tarixə çox bağlı olduğundan, tarix qədər dəyərli olan qədim Azərbaycan xalçalarını alaraq öz mədəniyyətlərinin inkişafına müsbət təsir göstərirlər.

 

P.S. Bu yerdə məşhur «İtə ataram, yada satmaram» deyimi yada düşür...

 

 

Aygün Qasımova

 

Hürriyyət.- 2009.- 2-5 mart.- S. 12.