Ekoloji tarazlığı qoruyaq,
ətraf mühitin sağlamlığını
təmin edək!
Kompleks
Tədbirlər Planına uyğun olaraq ARDNŞ və onun
strukturlarının son illərdə neft və neft
tullantıları ilə çirklənmiş ərazilərin
təmizlənməsi, yaşıllıqların
artırılması istiqamətində gördüyü
işlər yüksək dəyərləndirilir
“Ekoloji sahəyə
çox böyük diqqət göstərilir və bu da təbiidir.
Bu, elə bir sahədir ki, buraya qoyulan vəsaiti, bəlkə
də, Azərbaycan iqtisadiyyatı da, vətəndaşları
da görmürlər. Amma bunu həm indiki nəsillər, həm
də gələcək nəsillər görəcəklər.
Çünki ekologiya məsələləri hər bir
ölkə üçün, hər bir vətəndaş
üçün vacib olmalıdır. Bu, insanların
sağlamlığıdır. Sağlam ekoloji mühit,
sağlam hava, təmiz su- bütün bunlar insanın həyatı
üçün ən əhəmiyyətli məsələlərdir.”
Dövlət başçısı
İlham Əliyev bu məsələlərin həllinə
diqqətin daha da artırılmasını qarşıya ən
ümdə məqsəd kimi qoyur. Ölkə Prezidenti bir məqamı
da qeyd edir ki, əsrlər boyu regionda bu məsələlərə
ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa
edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf
mühitin qorunması beşinci, onuncu dərəcəli məsələ
kimi gündəlikdə dayanırdı. Bir sözlə,
ekologiya sözü əvvəlki illərdə o qədər
də çox işlədilmirdi. Lakin Azərbaycanda ekoloji məsələlərin
həlli işinə 1970-80-cı illərdə böyük
diqqət göstərilirdi. Bu gün Bakının ətrafında
gördüyümüz ağaclar, meşəliklər,
yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin
təşəbbüsü, onun şəxsi iştirakı ilə
salınıb. Dövlət başçısı bildirir ki,
həmin illərdə bu kimi məsələlər imkan
daxilində həllini tapsa da, Azərbaycan müstəqil
dövlət olmadığı üçün müstəqil
siyasət apara bilmirdi.
Azərbaycan müstəqillik
qazandıqdan, daha dəqiq desək 1993-cü ildə ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra digər sahələr kimi bu
istiqamətdə də mühüm tədbirlər
görülməyə başlandı. Bir sözlə, ekoloji
problemlərin həlli dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi.
Fevralın 18-də
Prezident İlham Əliyevin yanında keçirilən ekoloji
problemlərə həsr olunmuş müşavirədə
ötən bu müddət ərzində ekoloji tarazlığın
bərpa edilməsi, ətraf mühitin qorunması,
yaşıllıqların genişləndirilməsi istiqamətində
görülən işlərə diqqət yetirilərək
qarşıda duran konkret vəzifələr
açıqlandı.
Dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. “Bu
gün ekoloji məsələlərin həlli vacib məsələlərdən
biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə
böyük diqqət göstərilir. Ona görə ki, bu
gün Azərbaycanın qarşısında həllini
gözləyən əsas məsələlərdən biri
ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır”
söyləyən dövlət başçısı bildirir
ki, ekoloji tədbirlərin görülməsi ancaq “Ekologiya
ili” ilə məhdudlaşmamalıdır.
Dövlət
başçısı həlli vacib məsələləri
diqqətə çatdırır: “Abşeron
yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük ehtiyac var.
Bizim hamımız bunu bilirik və elə etməyik ki,
Bakı, onun ətrafı, bütün Abşeron
yarımadası ekoloji cəhətdən ən təmiz
bölgəyə çevrilsin.”
Uzun illər ərzində
neft-qaz sənayesinin inkişafı nəticəsində
Abşeronun böyük əraziləri həm neftlə, həm
də neft tullantıları ilə çirklənib. Bu kimi
ekoloji problemlərin həlli üçün təxirəsalınmaz
tədbirlərin vacib olduğunu bildirən dövlət
başçısı İlham Əliyev Azərbaycan Dövlət
Neft Şirkətinin iştirakı ilə həmin ərazilərdə
həyata keçirilən təmizlənmə işlərini,
yeni yaşıllıqların salınmasını yüksək
qiymətləndirir.
Bu gün ətraf
mühitin mühafizəsinə və insanların
sağlamlığına təminat yaradan mütərəqqi
texnologiyaya malik yeni müəssisələrin tikilməsinə,
köhnə texnologiyaların yenisi ilə əvəz
olununmasına, yaşıllıqların və parkların
salınmasına, mütəxəssislərin
hazırlanmasına xüsusi diqqət yetirilir. Dövlət
başçısı İlham Əliyevin 2006-cı il 28
sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün kompleks Tədbirlər Planı”nda bir
çox tələblərlə yanaşı, meşələrin
seyrəkləşməsinin, torpağın
erroziyasının, meşə massivlərinin azalması təhlükəsinin
yaranmasının qarşısının alınması barədə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Kompleks Tədbirlər
Planında ARDNŞ və onun strukturları
qarşısında da vacib vəzifələr qoyulmuşdu. Son
illərdə neft və neft tullantıları ilə
çirklənmiş ərazilərin təmizlənməsi,
rekultivasiyası, münbit torpaqla örtülməsi, ağac
və gül kollarının əkilməsi, bir sözlə həmin
ərazilərin yaşıllaşdırılması istiqamətində
atılan addımlar göz qabağındadır. Müşavirədə
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Şirkətin bu
istiqamətdə gördüyü işləri, “Ekologiya ili”
çərçivəsində həyata keçiriləcək
tədbirlər planını diqqətə çatdıraraq
2006-cı ildə dövlət başçısının sərəncamı
ilə ARDNŞ-in tərkibində yeni strukturun-Ekologiya İdarəsinin
yaradılmasını da mühüm addım kimi dəyərləndirdi.
Tədbirlər
planı çərçivəsində ölkənin gərgin
ekoloji vəziyyətdə olan bölgələrində,
xüsusən Bakı şəhərinin və Abşeron
yarımadasının sağlamlaşdırılması
istiqamətində konkret tədbirlər həyata
keçirilir. Belə ki, Bakı Buxtasının, Bibiheybət
zonasının, Heydər Əliyev Beynəlxalq Hava
Limanının ətrafının, Abşeron
yarımadasındakı göllərin, neftlə çirklənmiş
torpaqların, çay suları altında qalmış sahələrin
və digər istehsalat tullantıları ilə çirklənmiş
ərazilərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması və digər tədbirlərin
həyata keçirilməsi üçün Prezident İlham Əliyevin
göstərişinə əsasən maliyyə vəsaitlərinin
ayrılması bu problemlərin vaxtında həllini
reallaşdırmışdır.
Bu günlərdə
Prezident İlham Əliyev Qaradağ rayonunda yeni gəmiqayırma
zavodunun təməlqoyma mərasimindən qayıdarkən
yolüstü Bibiheybət Neft-Qazçıxarma İdarəsinin
ərazisində aparılan təmizlik və abadlıq işlərinin
gedişi ilə tanış olmuşdur. ARDNŞ-in prezidenti
R.Abdullayev bu ərazidə görülən tədbirlər
barədə məlumat verərək bildirmişdir ki, bu
günədək təkcə Bibiheybət
Neft-Qazçıxarma İdarəsinin ərazisində 526
hektar çirkli torpaq sahəsinin monitorinqi aparılmış,
216 hektar ərazi mexaniki və bioloji üsullarla rekultivasiya
edilmişdir. Təmizlənmiş ərazilərdə 60 mindən
artıq müxtəlif ağac, kol və gül tingləri əkilib.
Ətraf mühitin
sağlamlaşdırılması istiqamətində
qarşıda duran vəzifələri yerinə yetirilməsi
məqsədilə “Dövlət Neft Şirkətinin Ekoloji
Siyasəti” təsdiq edilib. Bu proqramm da uğurla həyata
keçirilir. Ekoloji durumun sağlamlaşdırılması,
təhlükəsiz iş şəraitinin yaradılması hər
bir idarə və müəssisənin fəaliyyətində
başlıca məqsəddir.
ARDNŞ-in prezidenti
R.Abdullayev bu günlərdə verdiyi müsahibəsində Azərbaycanda
yeni neft emalı müəssisələrinin tikintisi və
neft-qaz kompleksinin yenidən qurulması istiqamətində
görülən tədbirləri diqqətə
çatdıraraq onların ekoloji tarazlığın
qorunmasında əhəmiyyətini açıqlayıb. Bildirib
ki, ARDNŞ bu gün ölkəmizin neft məhsullarına tələbatını
tam ödəməyə imkan verən emal kompleksinə
malikdir. Bu kompleks həmçinin xaricə əhəmiyyətli
həcmlərdə neft məhsulları ixrac etmək
iqtidarındadır. Emal zavodlarımızda istehsal olunan yanacaq
növləri artıq AVRO-2 standartına tam
uyğunlaşdırılıb. Hazırda emal müəssisələrimizdə
AVRO-3 standartına keçidlə bağlı zəruri təkmilləşdirmə
tədbirləri həyata keçirilir. Emal zavodlarında
istismar edilən qurğuların böyük hissəsi
artıq köhnəlib. ARDNŞ-in neft emalı zavodları
şəhərdə yerləşir ki, bu da ekoloji nöqteyi-nəzərdən
məqsədəuyğun sayıla bilməz. Prezident İlham Əliyev
şəhərdən kənarda müasir tələblərə
cavab verən yeni neft-qaz emalı və neft kimyası
kompleksinin yaradılması barədə göstəriş
verib. Hazırda ARDNŞ-də neft-qaz emalı və neft-kimya sənayesinin
inkişafı üzrə dünyanın aparıcı
şirkətləri ilə birlikdə konseptual təqdimatın
hazırlanması üzərində gərgin iş
aparılır. Hazırlanmış Konsepsiya Prezident İlham Əliyevin
müvafiq sərəncamına əsasən yaradılmış
Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin
strateji inkişafı barədə təkliflərin
hazırlanması Komissiyasına təqdim olunacaq.
R.Abdullayev bildirir ki,
bu gün ARDNŞ Xəzər dənizində istismara
yarasız özüllərin yenilənməsi prosesini də
uğurla davam etdirir. Estakadayanı meydançalar
abadlaşdırılır, köhnə meydançalar,
sualtı borular dəyişdirilir, bu da nəticədə Xəzər
dənizinin çirklənməsini minimal səviyyəyə
endirir. Yeni özüllərdə sutəmizləyici
qurğular yerləşdirilir.
Martın 30-da Çilov
adasında gücü sutkada 300 kubmetr olan “ƏKS-OSMOS”
qurğusunun açılışı oldu. ARDNŞ-in
prezidenti R.Abdullayev bildirmişdir ki, Xəzər suyunun
şirinləşdirilməsi, məişətdə və
suvarmada istifadə edilməsi Prezident İlham Əliyevin
yanında keçirilən ekoloji problemlərə həsr
olunmuş müşavirədə Şirkət və onun
strukturları qarşısında mühüm vəzifə
kimi qoyub. Şirkətin prezidenti adada məişət
sularını təmizləyən və hər birinin
sutkalıq istehsal gücü 200 kubmetr olan 2 ədəd
“KU-200” qurğusunun quraşdırıldığını da
bildirib. “ƏKS-OSMOS” qurğusu ada sakinlərin məişət
ehtiyaclarının və içməli suya olan təlabatının
tam ödənilməsinə şərait yaradacaq. Həmin ərazidə
yaşıllaşdırma və abadlıq işləri
görülüb. Şirkətin idarə və müəssisələrdə
ağacəkmə kampaniyalarının, iməciliklərin
keçirilməsi artıq xoş bir ənənəyə
çevrilib. Ötən üç ildə neft mədənlərinin
təmizlənmiş ərazilərində 120 mindən
artıq ağac əkilmiş, “Ekologiya ili” çərçivəsində
150 min ağac və 16 min gül tinginin əkilməsi nəzərdə
tutulub.
ARDNŞ ekoloji təbliğat
işinin gücləndirilməsi istiqamətində də
mühüm işlər görür. Məlum olduğu kimi
Şirkətin maliyyə dəstəyi ilə 2007-ci ildən
etibarən ənənəvi ekologiya və təbii fəlakətlər,
ekstremal hallara həsr edilmiş İNEPO Beynəlxalq Ətraf
Mühitin Mühafizəsi layihə Olimpiadası keçirilir.
Yaxın günlərdə də bu ənənəvi tədbirin
keçirilməsi nəzərdə tutulub. Olimpiadanın məqsədi
ekoloji problemlərin həlli və ətraf mühitin
mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq,
onlarda ətraf mühitə qarşı həssas münasibət
formalaşdırmaq, təbii, mədəni, tarixi və
sosial-estetik dəyərlərin qorunması ruhunu
aşılamaqdır. Tədbirin devizi belədir-Sağlam gələcəyimiz
öz əlimizdədir.
Hər bir Azərbaycan
vətəndaşı təbiəti mühafizə siyasətinə,
ekoloji mədəniyyətə, təbii resursları
qorumağa və qənaətlə istifadəyə yönəldilən
tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə
səylərini daha da artırmalıdırlar. Maarifləndirmə
işinin gücləndirilməsi ən vacib məsələlərdəndir.
“Biz qısa müddət ərzində deyə bilərəm
ki, hər sahədə dönüş yarada bildik: həm
dövlət siyasətində, həm ictimai fikirdə. İndi
bax, mən görürəm ki, təşəbbüslərimiz
əhali tərəfindən necə də gözəl
qarşılanır. Artıq əhali, insanlar bu təşəbbüslərə
qoşulurlar, iməciliklər keçirilir, kütləvi
qaydada ağaclar əkilir. Yəni, bu, bir xalq hərəkatı
formasını almışdır. Belə də
olmalıdır. Çünki bu, bizim ümummilli
işimizdir.”
Yeganə
Əliyeva
İki
sahil.- 2010.- 1 aprel.- S. 13.