Neft sənayesi uzun illər Azərbaycanın
sosial-iqtisadi inkişafını
təmin edəcəkdir
Üç il əvvəl
jurnalistlərin “Dövlət Neft Şirkətinin gələcək
planları nədən ibarətdir?” sualına şirkətin
prezidenti belə cavab vermişdir: “Artıq Azərbaycanın
hüdudlarını aşan şirkətimiz xarici ölkələrdə
bir sıra müəssisə və nümayəndəliklər
açıb. Bu qurumlar vasitəsilə biz xaricdə həyata
keçirilən irimiqyaslı layihələrdə iştirak
etmək niyyətindəyik.”
Şirkətin
prezidenti əlavə olaraq bildirmişdir ki, ARDNŞ daxili vəsaitlər
hesabına “Ümid”, “Babək”, “Əşrəfi”,
“Qarabağ” və digər yataqlarda kəşfiyyat işləri
aparmağı planlaşdırır. “Azərbaycan
Respublikasının yanacaq-energetika kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda nəzərdə
tutulmuş vəzifələrə uyğun işlər başa
çatdırılacaqdır.
Ötən 3 ildə
şirkətin əmək kollektivlərinin Dövlət
Proqramında nəzərdə tutulmuş və ölkə
Prezidentinin qarşıya qoyduğu vəzifələrin
uğurla həyata keçirilməsi ilə əlamətdar
oldu. İlk növbədə onu qeyd edək ki, Dövlət
Neft Şirkəti beynəlxalq quruma çevrilmiş,
müasir tələblərə cavab verən modern və
güclü bir qurum kimi dünyada böyük nüfuz
qazanmışdır. Şirkətin strukturunun beynəlxalq
standartlara uyğunlaşdırılması təmin
edilmişdir. Bununla bağlı şirkətin tabeliyində
olan idarələrin sayı 18-ə çatdırılmışdır.
Bundan başqa, şirkətin struktur bölmələri tərəfindən
yaradılmış 29 müştərək müəssisə
və 4 alyans neft və qaz sənayesinin bütün sahələrində
uğurlu işlərini davam etdirir.
Xatırladaq ki, bu
faktlar ARDNŞ prezidenti Rövnəq Abdullayevin 3 il əvvəl
jurnalistlərə müsahibəsindən
götürülmüşdür. Ötən müddətdə
Azərbaycan neft sənayesinin daha böyük uğurlar əldə
etdiyi dövlət başçısı İlham Əliyevin
2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş
yığıncaqdakı nitqində xüsusi
vurğulanmışdır. Əfsanəvi dəniz şəhəri
Neft Daşlarının 60 illiyində iştirak edən
ölkə rəhbəri demişdir: “Azərbaycan Dövlət
Neft Şirkətinin fəaliyyətini xüsusi qeyd etmək
istəyirəm. Səmərəli fəaliyyət nəticəsində
neft şirkəti Heydər Əliyevin neft strategiyasının
icrasında çox böyük işlər
görübdür.”
Bu gün Azərbaycan
dünyanın inkişaf etmiş dövlətlərindən
biridir. Bu yüksəlişin təməlində ulu öndərin
işləyib tətbiq etdiyi, Prezident İlham Əliyevin
uğurla başa çatdırdığı neft
strategiyası dayanır. Ötən il dünyada ağır
maliyyə böhranına baxmayaraq, ölkəmizdə
ümumi daxili məhsulun artması respublikada iqtisadiyyatın
neft amilindən aslılığının azaldılması
istiqamətində həyata keçirilən siyasətin
faktiki nəticəsidir. İrimiqyaslı neft layihələrinin
və müqavilələrin icrası ən uğurlu nəticələr
əldə etməyə imkan vermişdir. İqtisadi
uğurların təmin edilməsi ölkənin ümumi
inkişafına, xalqın həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına yönəlmiş
proqramların icrasına şərait yaratmışdır. Neft
strategiyasının nəticələri artıq hər bir Azərbaycan
vətəndaşının həyatında özünü
aydın göstərir. Neft gəlirləri hesabına ölkədə
qeyri-neft bölməsi inkişaf etdirilir, sahibkarla kreditlər
verilir, geniş həcmdə quruculuq işləri
görülür. Son illər Dövlət Neft Şirkətinin
əldə etdiyi uğurlar neftçilərlə
yanaşı, bütövlükdə əhalinin həyat
şəraitini yaxşılaşdırmışdır. Şirkətin
Sosial İnkişaf İdarəsi regionlarda çoxsaylı
layihələr həyata keçirmişdir. Şirkətin
maliyyə vəsaiti hesabına demək olar respublikanın
bütün rayonlarında yeni məktəblər, xəstəxanalar,
müalicə-diaqnostika mərkəzləri, idman
qurğuları, istirahət obyektləri tikilmiş, park və
xiyabanlar salınmışdır. Bunlarla yanaşı,
şirkətin müəssisələrində mənzil
problemi artıq həll olunmaq üzrədir. Bakının
Nizami rayonu ərazisində “Neftayıranlar” qəsəbəsinin
salınması mənzil probleminin həllində ciddi irəliləyişdir.
Bundan başqa, Şirvan şəhərində 35 mənzilli,
Bakının Xətai rayonunda 54 mənzilli, Lökbatan qəsəbəsində
50 mənzilli, Qaraçuxur qəsəbəsində 120 mənzilli
binalar tikilərək neftçilərin istifadəsinə
verilmişdir. Bu istiqamətdə DNŞ-in icra etdiyi ən
mühüm işlərdən biri qaçqın-məsburi
köçkün soydaşlarımızın mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasıdır. Bu
sahədə görülmüş işlərin nəticəsidir
ki, ölkədə artıq bütün çadır şəhərcikləri
ləğv edilmiş, məcburi köçkünlər
üçün müasir yaşayış binaları tikilib
istifadəyə verilmişdir.
Bu gün Azərbaycan
Dövlət Neft Şirkəti istehsalat, hasilat, kəşfiyyat,
qazma işlərini uğurla davam etdirir. Bakıdan
başlanğıc götürən neft-qaz kəmərləri
Xəzər dənizindən çıxarılan Azərbaycanın
təbii sərvətlərini dünya bazarlarına
çatdırır. Əldə olunan neft gəlirləri
ölkəmizdə əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına, yeni layihələrin
icrasına yönəldilir. Neft sənayesi Azərbaycanda
çoxsaylı sosial proqramları hərəkətə gətirən
lokomotiv rolunu oynayır. Bu deyimin həqiqət olduğu 2
gün əvvəl ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin
Xəzər dənizinin Çilov adasında bir sıra sosial
obyektlərin istifadəyə verilməsi mərasimində təsdiqini
tapdı. Uzun illər adının sakinlərinin icməli və
texniki su təchizatı həmin gün həll olundu. Burada
quraşdırılmış “ƏKS-OSMOS” qurğusu sutkada
300 kubmetr dəniz suyunu içməli vəziyyətə gətirməyə
imkan verir. Şirkətin prezidenti adanın sosial-iqtisadi
inkişafının daim diqqət mərkəzində
olduğunu qeyd edərək bildirdi ki, son illər burada yeni
tibb məntəqəsi, idman kompleksi, uşaq
bağçası, yataqxana binaları tikilib istifadəyə
verilmişdir. Çilovda aparılan və indi də davam
etdirilən yaşıllaşdırma tədbirləri bu qəsəbəni
dənizin ortasında yaşıl adaya çevirib.
Şirkətin
prezidenti Rövnəq Abdullayev təmizləyici qurğudan
keçmiş sudan birinci özü içdi. Su
aydınlıqdır. Heç şübhəsiz, Dövlət
Neft Şirkətinin yeni sosial layihələrin
icrasının, ölkə iqtisadiyyatının
inkişafına, əhalinin həyatının daha da
yaxşılaşdırılmasına yönəlmiş layihələrin
uğurla yerinə yetməsinin bundan sonra çox şahidi
olacağıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft sənayesi
uzun illər Azərbaycanın sosial-iqtisadi
inkişafını təmin edəcəkdir.
Telman Qafar
İki
sahil.-2010.- 1 aprel.- S. 3.