Məqsədimiz Teatrımızı beynəlxalq səviyyədə tanıtmaqdır

 

“Biri var ki, insan hər hansı bir əsəri özü oxusun, biri də var ki, onu canlı olaraq səhnədə görsün. Ona görə də teatrın həyatımızdakı rolu böyükdür.” Ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Ölkəmizin bir sıra digər sənət sahələrində qazandığı uğurlar ilk növbədə Azərbaycan teatrı ilə sıx bağlı olmuşdur.”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə söhbətimizə də məhz dövlətimizin teatr sənətinin inkişafına yönələn addımları, teatr xadimlərinin qarşıda duran əsas vəzifələrinin nədən ibarət olması ilə körpü saldıq.

- İftixar müəllim, ölkəmizdə fəaliyyət göstərən dövlət teatrlarından birinin rəhbəri kimi deyə bilərsinizmi, Azərbaycan teatrı inkişafın hansı dövrünü yaşayır?

- Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət Proqramı bu sahəyə diqqətin və qayğının bariz nümunəsidir.

Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd dövlət dram teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin işğalına məruz qalaraq ata-baba yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini davam etdirir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün milli-mənəvi dəyərlərimizin təbliği, qorunub yaşadılması naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır.

Azərbaycan teatrları öz işlərini həmin proqram əsasında qurur. Bu teatr sənətinə böyük diqqət və qayğıdır. Həmin proqrama uyğun olaraq teatrlarımızın binaları yenidən təmir olunur, işlərini yüksək səviyyədə qurmaları üçün mühüm şərait yaradılır. Həmin sənədə uyğun olaraq rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının da yerləşdiyi binada təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

- Bu diqqət teatr xadimlərinin qarşısında hansı məsuliyyəti qoyur?

- Təbii ki, bunların fonunda teatr xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Əlbəttə, şəraiti yaxşı olan məkanda yüksək səviyyəli tamaşanı səhnəyə qoymamaq günahdır. Əgər lazımi səviyyədə tamaşa hazırlanmırsa, demək teatr inkişafa yox, tənəzzülə gedir. Mən hesab etmirəm ki, Azərbaycan teatrı belə bir vəziyyətlə razılaşar. Çünki bu gün respublikamızda öz istedadı, zəngin yaradıcılıq ampluası ilə fərqlənən peşəkarlarımız çoxdur. Bu diqqətin, qayğının qarşılığında teatr xadimləri də həmin məsuliyyəti özlərində dərk edib, işlərini yüksək səviyyədə quracaq, dünya teatrlarına diqqət yetirərək, yeni qaydalarla, bədii zövqlə tamaşalar hazırlamağa səy göstərəcəklər.

- Rəhbərlik etdiyiniz teatr daha çox hansı janrda olan əsərlərə müraciət edir?

- Torpaqlarından didərgin düşmüş teatr olaraq bütün janrlarda- faciə, komediya, musiqili komediya, romantik-psixoloji janrda tamaşalar hazırlayırıq. Bu teatr Qərbi Azərbaycanda yeganə Azərbaycan teatrı olduğu üçün bütün tamaşaçıların zövqünü əhatə etmək məqsədi ilə müxtəlif mövzulara müraciət edirdik. Həmin ənənə bu gün də davam etdirilir. Amma hazırda teatrın bir “əsgər” həyatı yaşadığını nəzərə alıb, vətənpərvərlik ruhunda olan tamaşalar hazırlamağa daha çox üstünlük veririk.

- Fəaliyyətinizdə hansı prinsiplərə üstünlük verirsiniz?

- Tamaşaçı zövqünə cavab verəcək bütün əsərləri hazırlamaq üçün potensialımız yetərincədir. Bu gün qarşımızda dayanan əsas məqsəd Teatrı beynəlxalq səviyyədə tanıtmaq, imkanlarımızı genişləndirməkdir. Bu teatrın simasında İrəvan həqiqətlərinə aydınlıq gətirilməsinə çalışırıq.

Teatrın deportasiya həyatından, yəni 1988-ci ildən bu günə qədər teatr bir neçə mərhələdə öz inkişafına doğru irəliləyib. 2000-ci ildən teatra direktor təyin olunmuşam. Ötən bu müddət ərzində birinci mərhələdə teatrın ənənələrini bərpa etmək qarşıya ümdə məqsəd kimi qoyuldu. Digər məqsəd isə teatrı elə bir səviyyəyə çatdırmaqdır ki, onun adı öndə gedən mədəniyyət ocaqları sırasında çəkilsin. Biz buna da nail olduq. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə teatrımızın 125 illik yubileyi təntənəli qeyd edildi.

Bundan başqa qarşıda duran digər məqsəd teatrın respublikadan kənarda tanınması istiqamətində işlər aparmaqdır. Bununla bağlı MədəniyyətTurizm Nazirliyinin bir neçə layihəsini həyata keçirmişik. Onlardan biri müəllifi olduğumKörpüpyesidir. Əsər Qafqazda sülhün, əmin-amanlığın, milli münasibətlərin bərpasına həsr olunub. Tamaşada Bakı Teatr Şəbəkəsi, Gürcüstandan, Dağıstandan dəvət olunmuş aktyorlar iştirak edirdilər. Tamaşanın premyeraları həm Bakıda, həm də Gürcüstanda keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin belə bir layihəsi var ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızla əlaqələr yaratmaq onların qarşısında çıxış etmək. Bununla bağlı ötən ilin noyabrın 25-dən dekabrın 4-dək Gürcüstanda qastrolda olduq. Əsas məqsədimiz azərbaycançılıq ideyasının təbliği, ümummillilik prinsiplərinin inkişafıdır. Gürcüstandakı uğurlu səfərimizdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dərbənddə yaşayan soydaşlarımız qarşısında çıxış etməyimizlə bağlı tapşırıq verdi. Bu səfər 13 gün davam etdi. Martın 14-dən 27-dək 19 nəfərlik heyətlə Dərbənddə olduq. Tbilisidə, Dərbənddə çıxışlarımıza ulu öndər Heydər Əliyevə həsr olunmuş A.BabayevinXilaskar” əsəri ilə açılış etdik.

- Səfərlərdə məhz bu əsərlə açılışlar etməyiniz hansı istəkdən irəli gəlir?

- Heydər Əliyev şəxsiyyəti, onun Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətləri, ən əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal, məqsəd uğrunda, azərbaycançılıq ideyası ətrafında birliyinə nail olması hər birimiz üçün önəmlidir.

- Dərbənd səfəriniz hansı məqamlarla yadda qaldı?

- Dərbənddə “Xilaskar” tamaşası ilə tamaşaçıların qarşısına çıxanda onun əks-sədası bütün şəhərə yayıldı. Sonrakı günlərdə tamaşaların göstərilməsi ilə bağlı kəndlərdə olarkən orada rastlaşdığımız insanlar tamaşa haqqında artıq məlumatlı idilər. Bu tamaşa ilə açılışın edilməsi yüksək dəyərləndirildi. Bunu yalnız orada yaşayan azərbaycanlılar deyil, çoxsaylı millətlərin nümayəndələri də etiraf etdilər. Çox maraqlıdır ki, azərbaycanlılardan başqa qeyri-millətdən olanlar da ulu öndər Heydər Əliyevdən, ona olan məhəbbətdən danışırdılar. Heydər Əliyevin dünya azərbaycanlılarına ünvanlanan müraciəti, çağırışları məhz həmin əsərdə bütün təfərrüatı ilə öz əksini tapıb. Bu da öz müsbət nəticəsini göstərdi.

Bu tamaşa ilə yanaşı xalq yazıçısı Elçinin “Qatil”, şair-dramaturq Hidayətin “Bu dünyanın adamları”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərlərini də oynadıq. Səfər Novruz bayramına təsadüf etdiyi üçün milli adət-ənənələrimizə, el oyunlarına uyğun proqram da hazırlamışdıq. Ümumi Dağıstanı əhatə edən Novruz tədbirlərinin əsas hissəsi bizə həvalə olunmuşdu. Bunun nəticəsi olaraq kollektivimiz Dağıstan Mədəniyyət Nazirliyinin imzaladığı fəxri fərmanla təltif olundu. Daha sonra ulu öndər Heydər Əliyevin obrazının ifaçısı kimi fəxri fərmanla təltif olundum. Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanovun mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ünvanladığı təşəkkür məktubu təqdim olundu. Kollektivə fəxri fərman təqdim edildi.

- İftixar müəllim, növbəti səfəriniz hansı ölkələrə nəzərdə tutulub?

- Təbrizdə, Türkiyənin bir sıra şəhərlərində olmağı nəzərdə tutmuşuq. Türkiyənin müxtəlif bölgələrində - Qarsda, Ərzurumda, İğdırda və digər vilayətlərdə XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız yaşayır. Bu səfərlərdə də azərbaycançılıq prinsiplərinin təbliği əsas məqsədimiz və fəaliyyət prinsipimiz olacaq.

 

 

Yeganə Əliyeva

 

İki sahil.-2010.-3 aprel.- S. 16.