ABŞ-ın ikili standartlar siyasəti

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin www.yap.org.az saytına müsahibəsi

 

- Azay müəllim, biz son 10 ildə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ədalətsizliyi və belə məhdudlaşdırıcı qanun müddəasının ABŞ tərəfindən Azərbaycan kimi ciddi müttəfiq və strateji tərəfdaşa qarşı tətbiq olunmasının yolverilməzliyi haqqında bəyanatlara tez-tez rast gəlirik. ABŞ-Azərbaycan münasibətlərinə fikir bildirməzdən öncə istərdik ki, bu suala cavab tapaq: “Azadlığa Dəstək Aktı” nədir? Kimlər üçün nəzərdə tutulub, niyə qəbul olunub?

- 1992-ci il aprelin 3-də ABŞ prezidenti (ata) Corc Buş Konqresə müraciət edərək, yenicə dövlət müstəqilliyi əldə etmiş keçmiş sovet respublikalarına yardım göstərmək barədə qanun qəbul olunması təşəbbüsü ilə çıxış etmişdi. “Azadlığa Dəstək Aktı” adlanan qanun keçmiş SSRİ-nin 12 ölkəsinə (dövlət müstəqilliyi ABŞ tərəfindən dərhal tanınmış Baltikyanı respublikalar - Latviya, Litva, Estoniya - 1991-ci ildən başlayaraq bu ölkədən geniş miqyaslı yardımlar alırdılar) müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu. Amerika o vaxtadək dünyanın bir sıra ölkələrinə analoji yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. “Azadlığa Dəstək Aktı”nın müzakirəsi isə həm də Amerika Konqresində keçmiş sovet respublikalarına yönəlik lobbiçilik yarışmasının (mübarizəsinin) başlanması demək idi.

- Bəs 907-ci düzəliş nədir? Bu düzəliş kim tərəfindən tətbiq olunub? Düzəlişin qəbul olunma səbəbləri haradan qaynaqlanıb?

- 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən söz açdığımız “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan çox ədalətsiz düzəlişdir. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdir.

Ən böyük təzad ondadır ki, qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağda nəzarətdə saxladığı son şəhəri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal etmiş, Xocalı şəhərini tarmar edərək dinc sakinlərə qarşı dəhşətli qırğın, soyqırımı törətmişdilər.

Üstündən 4 il keçməmiş, ABŞ Konqresindən daha bir zərbə gəldi. Demokrat Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə “Porter əlavəsi” adlandırılan həmin qanun layihəsində 1997-ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Lakin ulu öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində Konqresin Azərbaycana qarşı daha bir qərar qəbul etməsinin qarşısı alındı. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən birbaşa şübhə altına alınma təhlükəsi aradan qalxdı.

ABŞ prezidentinin təmsilçiləri də bu layihə əleyhinə çıxışlar ediblər. Nəticədə “Porter əlavəsi”nə dəyişiklik edilərək, Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə dəyişdirilib. O, “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycana yardım” formasına salınıb.

Zaman keçdikcə, daha doğrusu, Azərbaycanın xarici siyasəti öz konturlarını daha inamla cızdıqca, ölkəmizin ətrafında yaradılmış informasiya blokadası aradan qaldırıldıqca vəziyyət bizim xeyrimizə dəyişməyə doğru vüsət aldı. 1997-2000-ci illər ərzində Klinton administrasiyası 907-ci düzəlişin Konqres tərəfindən ləğv olunması üçün cəhdlər göstərib. 2002-ci ilin yanvarında ABŞ prezidenti ilk dəfə 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.

Yalnız 2005-ci ildə ABŞ prezidenti Corc Buş “Azadlığa Dəstək Aktı”na Azərbaycana Amerikanın dövlət yardımlarını qadağan edən 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması barədə memorandum imzalayıb.

- Azərbaycan bundan nə itirib? Bu yardımlar bizə belə lazımdırmı? Bəlkə bundan, ümumiyyətlə, imtina edə bilərdik?

- Məsələ fikirləşdiyimiz kimi sadə deyil. 907-ci düzəliş kimi sankisiyalarla Azərbaycanın itkiləri iki formada təsniflənir: birinci, iqtisadi aspektdə olan itkilərdir, yəni maliyyə dəstəyinin kəsilməsi, ölkənin yardımlardan kənarda qalmasıdır. İkinci, ən vacibi isə həmin ölkəyə qarşı beynəlxalq etimadın, ölkənin reputasiyasının zəifləndirilməsidir. Yəni mədəni və islahata can atan ölkələr siyahısından çıxarılma həmin ölkəyə olan demokratik inamın itirilməsidir. Bu, sonradan onunla müşahidə olunur ki, həmin ölkə ilə nəinki ABŞ hökuməti əməkdaşlıq etmir, eyni zamanda, digər əməkdaşlıq yollarının kəsilməsi üçün də təşəbbüslər formalaşdırılır. Həmin vəziyyətdə belə ölkələrə, adətən, birbaşa və portfel investisiyalar daxil olmur. Oraya maliyyə və texnoloji resursların axmasının qarşısı alınır, transmilli neft şirkətlərinin girişi məhdudlaşdırılır, islahatları dəstəkləyən proqramlar dayandırılır. Bu siyahını bir qədər də artırmaq olar.

Ancaq hələlik iqtisadi ziyanları araşdıraq. 907-ci düzəlişin qəbul olunması nəticəsində yenicə dövlət müstəqilliyi qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası 10 il ərzində ABŞ yardımından məhrum olub. ABŞ tərəfindən müxtəlif formalarda Azərbaycana gələn yardımlar QHT - lər vasitəsilə həyata keçirilib. Bu, Ermənistana edilən yardımla müqayisədə xeyli məhdud idi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, 1994-cü ildə isə ABŞ neft şirkətləri ilə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. 1996-cı ilin yanvarında ABŞ Konqresi “Uilson düzəlişi” adlı qanun qəbul edib. Demokrat Partiyasından olan konqresmen Çarlz Uilsonun adını daşıyan bu düzəliş ABŞ prezidentinə Azərbaycana qeyri-hökumət təşkilatları səviyyəsində yardımın kifayət etməməsi qənaətinə gələcəyi təqdirdə birbaşa yardım göstərmək səlahiyyəti verirdi. Buna baxmayaraq, ABŞ-ın maliyyə yardımı məsələsində Azərbaycana münasibətdə ayrı-seçkiliyi davam edib. ABŞ erməni icması və lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana məhdud şəkildə müxtəlif yardımlar edib. “Azadlığı Müdafiə Aktı” qanunu çərçivəsində 1992-2005-ci illərdə ABŞ Ermənistana 1.6 milyard dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib. Rəqəmlər arasında uçurumu sezmək elə də çətin deyil. Əhalinin sayına görə alınan yardımlar baxımından postsovet ölkələri arasında lider mövqe Ermənistana məxsusdur. Bu ölkənin hər vətəndaşının payına ABŞ-dan alınmış $73 düşür. Müqayisə üçün deyək ki, Gürcüstanda həmin rəqəm $40, Qırğızıstanda - $27, Azərbaycanda isə $15-dir.

Nəhayət, Azərbaycanın nə itirdiyi haqda son fikrimiz: ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Robert Livinqston Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, 907-ci bənd 1992-ci ildə Con Kerri tərəfindən bir gecə ərzində qanuna əlavə edilib. O vaxt heç kim buna fikir vermədi və yoxlamadı. Ən maraqlı faktı yenə də Livinqston xatırladır. Diqqət yetirək: adı çəkilən düzəliş yeganə belə bir düzəlişdir və indiyədək ABŞ-ın heç bir dostuna və ya düşməninə qarşı qəbul olunmayıb. Bir daha deyim ki, bu, Amerikanın xarici siyasətində yeganə belə bir düzəlişdir.

- Yenə də həmin suala qayıdıram, amma başqa yöndən: bu yardımlar Ermənistana nə verdi?

- Məsələni qəlizləşdirən o deyil ki, ABŞ işğalçı dövləti maliyyələşdirir. Məsələ heç onda da deyil ki, işğalçı dövlətlə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulur. Məsələni qəlizləşdirən indiyə qədər Azərbaycana qarşı yürüdülən ədalətsiz mövqe və Dağlıq Qarabağa ABŞ tərəfindən göstərilən birbaşa yardımlarla Azərbaycanın ərazi bütövlüyünün sual altına alınmasıdır.

Amerikanın erməni diasporu və Konqresdəki erməni lobbisi Dağlıq Qarabağa ayrıca yardım göstərilməsi üçün hələ 1993-cü ildən fəaliyyətə başlamışdı. Bunun nəticəsi olaraq, 1998-ci ildə ermənilər ABŞ rəhbərliyini Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərilməsinə razı saldılar. 1999-cu ildən başlayaraq isə Konqresdə qəbul olunan xarici yardımlar paketinə Dağlıq Qarabağa dair maddə əlavə olundu.

Düzdür, Ağ Evdən Konqresə göndərilən büdcə layihələrində belə bir maddə olmurdu. Lakin sıraları ilbəil genişlənən ermənipərəst konqresmenlər həm Ermənistanın yardım payının artmasına, həm də Dağlıq Qarabağa yardım ayrılmasına müvəffəq oldular. 1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində idi. 2006-cı ildən Dağlıq Qarabağa ayrılan yardımın məbləği artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon ABŞ dolları təşkil edib. Bu artım tendensiyası həm də Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni təəssübkeşliyinin dərəcəsini göstərir.

Ümumilikdə, ABŞ qaynaqlarının rəsmi statistikasına görə 1993-2006-cı illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları “Freedom Support Act” çərçivəsində həyata keçirilib. Bu yardımı əhali üzrə böldükdə isə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı 45 milyon dollardan çox olmayıb.

Azərbaycan tərəfi ABŞ-ın bütün regional və geostrateji maraqlarını təmin etməsinə baxmayaraq, bu superdövlətin tətbiq etdiyi ikili standartlardan yaxa qurtara bilmir. Məntiqdən uzaq olsa da, bu gün təcavüzkar Ermənistan isə dəstəklənir və Birləşmiş Ştatların ayırdığı yardımlardan gen-bol bəhrələnir.

Amma onlar unudurlar ki, Ermənistanın təcavüzü nəticəsində etnik təmizlənmə aparılmış Dağlıq Qarabağın əhalisi yalnız erməni icmasından ibarət deyil. Erməni işğalı nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur edilmiş Dağlıq Qarabağın azərbaycanlı icması daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın humanitar yardımından istifadə etmək imkanından məhrumdur. Belə şəraitdə ABŞ-ın Dağlıq Qarabağın separatçı qurumuna göstərdiyi yardım, işğal olunmuş Azərbaycan ərazilərindəki birtərəfli addımları Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qarşılıqlı etimad və birgə yaşayış şərtlərinin formalaşdırılmasına imkan vermir.

- Belə nəticə çıxır ki, ABŞ xarici siyasətində ikili standart hakimdir. Bu halda düzəlişin birdəfəlik aradan qaldırılmasına yaranan şübhələr getdikcə reallığa çevrilir.

- Bu fikirlə razılaşmamaq olmur. Doğrudan da belə vəziyyət enerji, regional təhlükəsizlik, beynəlxalq terrora, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, Əfqanıstandakı hərbi əməliyyatlar, islam dünyası ilə dialoq və digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi qismində çıxış etməsinə ən çox ehtiyac olduğu dövrdə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətinin inkişafına xidmət etmir.

Reallıq budur ki, hətta uzun illərdən sonra Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına, bu ölkənin işğala məruz qalmasına, Dağlıq Qarabağda separatçı qurumun fəaliyyət göstərməsi faktının bir çox dairələrdə təsdiq olunmasına baxmayaraq, 907-ci düzəliş ləğv edilmir.

Dağlıq Qarabağa maliyyə yardımının ayrılması, işğalçının yerində oturdulması üçün konkret addım atılmaması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Birləşmiş Ştatların bütün fəaliyyətinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Onun obyektivliyini və tərəfsizliyini şübhə altına alır. Bu baxımdan deyə bilərəm ki, biz ədalətli yanaşma istəyirik, bizə yardım lazım deyil.

- Bəlkə ABŞ Ermənistana yardım etməklə onu sivil qanunlarla yaşamağa çağırır? Bəlkə konqresmenlər bu xalqın azadlıq istəyinin olmamasından narahatdırlar? Ola bilsin ki, bu sualda müəyyən kinayə var, amma ABŞ-ın bu cür dəstəyini başqa cür izah etmək çətindir.

- Onda gəlin məsələyə qarşı tərəfdəki durumla bağlı yanaşaq. Bir məsələni də qeyd etməliyəm. Bu sənədin adı “Azadlığa dəstək aktı”dır, elə deyilmi? Ən çox yardım alan ölkə də Ermənistandır. Elə isə indi qeyd edəcəyim faktlardan hansına görə, Ermənistan külli miqdarda maliyyə ilə təltif olunur?

Erməni qanunverici orqanlarında sui-istifadə dolu proses qaydalarına görə? Bir ölkədə ki, axtarış üçün müvafiq icazəsi olmayan polis vətəndaşın evini axtarıb, onun əmlakını zəbt edə bilirsə, orada hansı azadlıqdan danışırlar? Bir ölkədə ki, cinayət işlərində müdafiə olunanlara əksər hallarda şəxsi seçimi ilə vəkil tutmağa icazə verilmir.

Ölkənin paytaxtı İrəvan şəhərinin meri dövlət idarələrindəki korrupsiya haqqında şikayətlənmiş və öldürülmüşdür. Etiraz etməyə cəhd göstərmiş çoxlu şəxs hakimiyyət dairələrinin sui-istifadə hallarından danışmış və qətlə yetirilmişdir.

Parlamentin sədri və baş nazir də daxil olmaqla yeddi deputat qanunvericilik binası olan parlamentin iclas salonundaca güllələnərək qətlə yetirilmişdir. Ölkə prokuroru, müdafiə nazirinin müavini və daxili işlər naziri öldürülmüşdür. 2008-ci ilin martında prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişçilər hakimiyyət tərəfindən gülləbaran edilmiş və onlarla insan qətlə yetirilmişdir.

Siyahını uzatmaq olar. Göründüyü kimi, bu yardımlar azadlığın deyil, despotizmin və hərbi xuntanın dəstəklənməsinə yönəldilir.

 

 

İki sahil.- 2010.- 13 aprel.- S.12.