Qaliblər
müəyyən edildi
Qədim dövrlərdən
“qara qızıl”ın vətəni kimi tanınan Azərbaycanda gənc neftçi
kadrların hazırlanması
məsələsi həmişə diqqət mərkəzində
olmuşdur. Bu sahədəki zəngin ənənələri
əzmlə davam etdirən
Azərbaycan Neftçi
Geoloqlar Cəmiyyəti
və Amerika Neftçi
Geoloqlar Assosiasiyasının Azərbaycan
Bölməsi bu günlərdə
növbəti tədbirə imza atıblar. Aprelin
3-ü və 10-da “Azneft” İstehsalat
Birliyinin akt zalında bu iki qurumun birgə
təşkilatçılığı ilə ənənəvi
xarakter daşıyan
XV Respublika Tələbələr
Konfransı keçirildi.
Tələbələrin
tədbirə marağını daha da artırmaq məqsədilə
konfrans müsabiqə şəklində təşkil
edilmişdi. Bakı Dövlət Universitetinin və Azərbaycan
Dövlət Neft Akademiyasının geologiya profilli fakültələrini
təmsil edən 40-a yaxın tələbə müsabiqəyə
öz işini təqdim etmişdi. Məhz
iştirakçıların çoxluğundan tədbir iki mərhələdə
keçirildi. Aprelin 10-da XV Respublika Tələbələr
Konfransının münsiflər heyətinin sədri, Azərbaycan
Neftçi Geoloqlar Cəmiyyətinin (ANGC) prezidenti Firudin
Hacıyev müsabiqənin ikinci mərhələsini
açıq elan etdi.
Bir-birinin
ardınca tribunaya qalxan BDU və ADNA-nın bakalavr və
magistr təhsili alan müsabiqə
iştirakçıları öz tədqiqat işlərinin
tezislərini konfrans iştirakçılarının diqqətinə
təqdim etdilər. Tələbələrin seçdikləri
tədqiqat mövzuları geologiyanın ən müxtəlif
sahələrini - neft-qaz yataqlarının
axtarışını, kəşfiyyatını və
işlənməsini, onların ehtiyatlarının
hesablanmasını, məhsuldarlığının qiymətləndirilməsini,
ayrı-ayrı lokal strukturların xüsusiyyətlərini,
neftlilik-qazlılıq perspektivlərini, faydalı
qazıntı yataqlarının axtarışında istifadə
edilən metodların müxtəlifliyini və digər
çox aktual problemləri - əhatə edirdi.
Çıxışlardan
sonra on üç nəfərdən ibarət münsiflər
heyəti işləri qiymətləndirmək və yekun qərara
gəlmək məqsədilə müşavirə
keçirdilər. Qeyd edək ki, konfransın münsiflər
heyətinə sədr, geologiya-mineralogiya elmləri doktoru,
professor Firudin Hacıyevlə bərabər respublikanın
tanınmış geoloqları, ANGC-nin vitse-prezidentləri -
ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” institutunu təmsil
edən Bakir Məhərrəmov və BP şirkətinin əməkdaşı
Nazim Abdullayev, ADNA-dan Bəhman Hacıyev və Nəriman Nərimanov,
“Azneft” İB-dən Qəhrəman Süleymanov və Mais
Qasımov, BDU-dan Təranə Təhməzova, Kompleks Geoloji Kəşfiyyat
və Topoqrafiya İdarəsindən Elşən Abdullayev, BP və
“Qarasu Opereytinq” şirkətlərindən müvafiq olaraq Əfqan
Hüseynov və Vaqif Həsənov, eləcə də
Schlumbergerdən Nigar Sadıqova və Vüqar İsmayılov
daxil idilər.
Müzakirələrdən
sonra Amerika Neftçi Geoloqlar Assosiasiyasının Azərbaycan
Bölməsinin prezidenti, “Azneft” İB-nin baş geoloqu,
geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanov və
ANGC-nin vitse-prezidentləri Bakir Məhərrəmov və Nazim
Abdullayev münsiflər adından qalibləri elan etdilər. Birinci
və ikinci yerlərə 25,70 və 25,42 balla ADNA-nın III
kurs tələbələri Elçin Şəkərov və
Zöhrab Cavadzadənin təqdim etdikləri müvafiq olaraq
“İstismarda olan yataqlarda quyu kəsilişlərinin cari məhsuldarlığının
qiymətləndirilməsi” və “Qarabağlı, Kürsəngi,
Bəndovan və Pirsaat lokal strukturlarının
neftqazlılıq perspektivləri ilə bağlı
morfogenetik xüsusiyyətləri” tədqiqat işləri
layiq görüldü. BDU-nun IV kurs tələbəsi
Aydın Bayramovun “Filiz yataqlarının axtarışında
maqnit anomaliyalarının effektivliyi” mövzusunda təqdim
etdiyi iş isə 25,36 balla üçüncü yeri tutdu. Vurğulayaq
ki, sırada dördüncü olmuş ADNA-nın IV kurs tələbəsi
Fərid Ələkbərov üçüncü yerdən cəmi
0,14 bal geri qaldı.
Azərbaycan
Neftçi Geoloqlar Cəmiyyəti və Amerika Neftçi
Geoloqlar Assosiasiyasının Azərbaycan Bölməsi
adından Akif Nərimanov qalibləri təbrik etdi,
konfransın bütün iştirakçılarına müvəffəqiyyətlər
arzuladı. Sonda Akif Nərimanov, Bakir Məhərrəmov və
Nazim Abdullayev I - III yerləri tutmuş
iştirakçılara diplomlar və qiymətli hədiyyələr
təqdim etdilər. İlk dörd yeri tutmuş tələbələr
BP və Total şirkətlərinin hədiyyələri ilə
mükafatlandırıldılar. Schlumberger şirkəti isə
konfransda iştirak etmiş bütün birinci kurs tələbələrinin
işlərini həvəsləndirici mükafatlara layiq
gördü.
Məmmədli İlqar
İki sahil.- 2010.- 13 aprel.- S. 6.