ARDNŞ
rəhbərliyi Hacıqabul və Cəlilabad rayonlarında
olmuşdur
Aprelin 10-da ARDNŞ prezidenti Rövnəq
Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin
nümayəndələri Hacıqabul və Cəlilabad
rayonlarında olmuşlar. Əvvəlcə, Hacıqabul
rayonuna gələn ARDNŞ rəhbərləri yeni qurulan
kompressor stansiyasına baş çəkmiş, burada
aparılan yenidənqurma işləri ilə tanış
olmuşlar. Qeyd edilmişdir ki, yeraltı qazsaxlama
anbarlarına təbii qazın vurulmasında Hacıqabul
Kompressor Stansiyasının əhəmiyyəti nəzərə
alınaraq, burada yenidənqurma və təmir-bərpa işləri
aparılır. Sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin
binasında müşavirə keçirilmişdir. “Azəriqaz”
İB-nin baş direktoru Əkbər Hacıyev və onun
tikinti məsələləri üzrə müavini Asif
Ağayev Hacıqabul şəhəri və ətraf kəndlərdə
əhalinin qaz təminatının
yaxşılaşdırılması istiqamətində
görülmüş işlər və nəzərdə
tutulan tədbirlər barədə ARDNŞ prezidentinə məruzə
etmişlər. “Azəriqaz” təmsilçiləri həmçinin,
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
“Azəriqaz” İstehsalat Birliyi üzrə qaz təsərrüfatının
2010-2013-cü illərə dair İnkişaf Proqramı”na
uyğun olaraq Hacıqabul rayonunun qazlaşdırılması
istiqamətində görülən işlər barədə
məlumat vermişlər. Qeyd olunmuşdur ki, 2009-cu ilin
sentyabrında rayonda baş vermiş təbii fəlakət -
sel və daşqınlar mövcud qaz xətlərinin
yararsız hala düşməsinə, əhaliyə təbii
qazın verilişinin dayandırılmasına səbəb
olmuşdur. Hazırda
ARDNŞ tərəfindən rayonun qaz təchizatı
sisteminin tam şəkildə yenidən qurulması işləri
həyata keçirilir. Hacıqabul rayonunun yenidən
qazlaşdırılması istiqamətində aparılan
intensiv işlər rayonda fasiləsiz və keyfiyyətli qaz təminatına
imkan yaradacaqdır. ARDNŞ prezidenti Rövnəq Abdullayev
görülən işləri qənaətbəxş qiymətləndirmiş,
bu ilin sonuna kimi Hacıqabul şəhərində və ətraf
12 kənddə qaz təchizatı sisteminin yenidən
qurulmasının başa çatdırılmasının zəruriliyini
vurğulamış, bu məqsədlə “Azəriqaz” İB
qarşısında bir sıra həllivacib vəzifələr
qoymuşdur. Hacıqabul rayon İcra Hakimiyyətinin
başçısı Əhməd Muxtarov öz
çıxışında son zamanlar ölkə əhalisinin
təbii qaza olan tələbatının tam ödənilməsi,
“2009-2013-cü illərdə regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində
respublikanın hər yerində olduğu kimi Hacıqabul
rayonunda da qaz şəbəkəsinin yenidən qurulması
istiqamətində ARDNŞ tərəfindən həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmiş,
görülmüş işlərə görə Şirkət
rəhbərliyinə minnətdarlığını
bildirmişdir. Daha sonra Cəlilabad rayonuna gələn
ARDNŞ prezidenti Rövnəq Abdullayev burada da
qazlaşdırma işlərin gedişi ilə tanış
olmuş müvafiq qurumlara konkret tapşırıqlar
vermişdir. Şirkət rəhbərliyi eyni zamanda rayonda
inşa olunan regional müalicə-diaqnostika mərkəzində
olmuş, burada görülən işlərlə
maraqlanmışlar. ARDNŞ-in vitse-prezidenti Qorxmaz Hüseynov
mərkəz haqqında ətraflı məlumat vermiş,
tikinti işlərinin qrafikə uyğun
aparıldığını və nəzərdə tutulan
vaxtda təhvil veriləcəyini diqqətə
çatdırmışdır. O qeyd etmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi
nəzarəti və bilavasitə rəhbərliyi altında
‘’Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramı’’ çərçivəsində ARDNŞ-in maliyyə
vəsaiti hesabına inşa olunan, müasir tələblərə
cavab verən, dünya standartlarına uyğun bu səhiyyə
ocağı təkcə Cəlilabad rayonunun deyil, eləcə
də ətraf rayonların əhalisinə yüksək səviyyəli
tibbi xidmət göstərəcəkdir.
Nail Rəhimzadə
İki sahil.- 2010.- 13 aprel.- S. 4.