Qələbənin 65 illiyi ADU-da qeyd olundu

 

ADU-nun Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, dünən Azərbaycan Dillər Universitetində Respublika Veteranlar Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin təmin edilməsində Azərbaycan xalqının müstəsna xidmətləri” mövzusunda Qələbənin 65 illiyi münasibətilə konfrans keçirildi. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin ADU-dakı büstü önünə əklil və gül dəstələri qoyuldu. Konfransı giriş sözü ilə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev açdı. Öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş və Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Prorektor Ə.Əliyev bildirdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd II Dünya müharibəsi qəhrəmanlarını və veteranlarımızı yada salmaq və Azərbaycanın müharibədə iştirakı ilə bağlı onların xatirələrini bölüşməkdir. “Çünki onlar bizim üçün vuruşmuş, bizim üçün qəhrəmanlıq və vətənsevərliyin dəyərini vermişlər”. ADU-nun Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurzadə çıxış edərək gənclərimizdə vətənsevərlik ruhunun hər zaman yüksək olduğunu və düşmənə qalib gəlməyə qüdrətimizin olduğunu bildirdi.

Sonra söz veteranlara verildi. Onlar II Dünya müharibəsində qələbənin təmin edilməsində Azərbaycanın rolundan, Bakı neftinin xüsusi əhəmiyyətindən, vətənpərvərliyin Azərbaycan üçün vacib olmasından bəhs etdilər. Sonra Nəsimi rayon Veteranlar Şurasının sədri İsrafil İsmayılov II Dünya müharibəsinin başlama səbəbləri, müharibə dövründə azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlardan danışdı. Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov çıxışında II Dünya müharibəsinin tarixindən, azərbaycanlıların müharibədəki rolundan, qəhrəmanlıq və vətənpərvərlik duyğularından danışdı. Konfransda çıxış edən Respublika Veteranlar Şurasının Plenumunun üzvü, istefada olan general Bahadır Hüseynov bildirdi ki, vətənsevərlik bizə hər zaman, istər ailəmizdə, işimizdə, istərsə də təhsilimizdə lazımdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Tələbələr adından çıxış edən ADU-nun Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Rəşad Cəfərov qələbənin qazanılmasında və vətənsevərliyin gənclərə təbliğində hörmətli veteranlarımızın rolunun böyük olduğunu qeyd etdi.

Konfransda Veteranlar Şurasının Plenumunun üzvü, istefada olan general Mustafa Nəsirov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, İctimai-siyasi şöbəsinin müdiri Anar Tağıyev, rayon Veteranlar Şurasının sədri Ələkbər Quliyev və Azərbaycan Tibb Universitetinin Veteranlar Şurasının sədri Firdovsi Məmmədov iştirak edirdilər.

Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə və Azərbaycan ictimaiyyətinə müraciət qəbul edildi.

 

 

Nübar Süleymanova

 

İki sahil.- 2010.- 15 aprel.- S. 10.