Səhiyyə tarixində yeni səhifə

 

Mərkəzi Neftçilər Xəstəxanasında transplantoloji əməliyyatlar uğurla icra olunur

 

Fuad Əlizadə: “MNX-nin İnsan orqan və toxumalarının transplantasiyası şöbəsi maddi-texniki baza və peşəkar tibbi komanda baxımından ən müasir tələblərə cavab verir”

 

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) İnsan orqan və toxumalarının transplantasiyası şöbəsində bu günlərdə canlı insandan xəstəyə qaraciyər köçürülməsi ilə bağlı daha 3 uğurlu əməliyyat həyata keçirildi. Bununla da yeni yaradılmış şöbədə icra olunan transplantoloji əməliyyatların sayı 7-yə çatdı.

ARDNŞ Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi, tibb elmləri namizədi Fuad Əlizadə bu mövzu ilə əlaqədar ona ünvanladığımız sualları cavablandıraraq bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən Mərkəzi Neftçilər Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi, bu qocaman səhiyyə ocağının ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilməsi Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır: “Təxminən 1 il öncə MNX-də yaradılan İnsan orqan və toxumalarının transplantasiyası şöbəsinin maddi-texniki bazası da kifayət qədər mükəmməldir. Almaniyanın “Maquet” şirkəti ilə ARDNŞ arsında bağlanmış müqaviləyə uyğun olaraq, hazırda şöbədə dünya standartları səviyyəsində tibbi avadanlıqla təchiz edilmiş 4 cərrahiyyə əməliyyatxanası və reanimasiya bölməsi qurulur. Bu əməliyyatxanalar transplantoloji əməliyyatların yüksək səviyyədə aparılmasına və xəstələrdə infeksiyaya qarşı riskin tam aradan qaldırılmasına hesablanıb. Şöbənin tibbi komandası da kifayət qədər peşəkar və təcrübəlidir. Bu kadrlar Türkiyə, ABŞ və Yaponiyanın tibb universitetlərini müvəffəqiyyətlə bitirərək, doktor uzmanlığı dərəcəsi alıblar. Bununla yanaşı, onlar Türkiyənin İzmir şəhərində yerləşən Kent Xəstəxanasının Qaraciyər Transplantasiyası Mərkəzində 6 ay təcrübə keçməklə, orada müstəqil şəkildə qaraciyər, böyrək və digər orqan və toxumaların transplantasiyasını icra ediblər.”

Fuad Əlizadənin sözlərinə görə, MNX-nin İnsan orqan və toxumalarının transplantasiyası şöbəsində bu günə qədər icra edilən köçürmələrin hamısı müvəffəqiyyətlə bitib və həm üzərlərində əməliyyat aparılan xəstələr, həm də onlara donorluq etmiş şəxslər normal həyat və iş fəaliyyətinə qayıdıblar. Maddi-texniki bazanın müəkəmməl olması, tibbi heyətin yüksək peşəkarlığı və ən nəhayət, əməliyyatların uğurlu nəticələri yerli həkimlərdən əlini üzüb, sağlamlığı ilə bağlı nicatını xarici ölkələrdə axtaranların fikrində ciddi dəyişiklik yaratmaqdadır. “Artıq vətəndaşlarımızda bu qənaət formalaşır ki, transplantoloji əməliyyatlar üçün başqa ölkələrə üz tutmağa gərək yoxdur. Təqdirəlayiq faktlardan biri də budur ki, MNX-də gerçəkləşdirilən bu cür əməliyyatlar xarici dövlətlərlə müqayisədə xeyli ucuz başa gəlir.”

Müsahibimiz onu da qeyd etdi ki, 1 il ərzində şöbənin həkim-transplantoloqlarının həyata keçirdikləri 7 qaraciyər köçürülməsi əməliyyatından 2-si Heydər Əliyev Fondu və ARDNŞ-in təşkil etdikləri humanitar aksiya çərçivəsində reallaşdırılıb. Qaraciyər köçürülməsi ilə bağlı növbəti belə aksiyanın bu ilin sonuna yaxın Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Mərkəzi Neftçilər Xəstəxanasında canlı insandan digərinə ilk qaraciyər köçürülməsi əməliyyatı 2008-ci il dekabrın 12-də icra edilməklə, Qafqaz və Orta Asiya regionunda ilk bu cür orqan transplantasiyası kimi Azərbaycanın tibb tarixinə düşüb. Həmin vaxt əməliyyat olunan 44 yaşlı Rasim Məmmədova donorluğu öz xalası oğlu etmişdi. Rasim Məmmədov hal-hazırda sağlamlığını tam bərpa edib və gündəlik qayğılarla yaşayır. Ötən il mayın 5-də həyata keçirilən qaraciyər köçürülməsi də MNX-nin və ümumilikdə Azərbaycanın tibb tarixində sayca ikinci belə növ transplantasiya olub. Donoru öz yaxın qohumu olan 45 yaşlı Almaz Məmmədovanın üzərində icra olunan bu əməliyyat da uğurla sonuclanıb.

Əməliyyatlara rəhbərlik edən MNX-nin İnsan orqan və toxumalarının transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi 2000-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2001-ci ildən 2003-cü ilədək ATU-nun ümumi cərrahiyyə kafedrasında çalışıb. 2003-cü ildən qardaş Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Egey Universitetinin Tibb Fakültəsi Xəstəxanasının ümumi cərrahiyyə kafedrası və Orqan Transplantasiyası Mərkəzində həkim-cərrah və elmi işçi kimi fəaliyyətə başlayıb. Ümumilikdə 300-ə yaxın qaraciyər transplantasiyası əməliyyatında iştirak edib. 2008-ci ilin noyabr ayından Mərkəzi Neftçilər Xəstəxanasının endoskopik cərahiyyə şöbəsində çalışan Mircəlal Kazımi həmin il dekabr ayının 12-də Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda uğurlu qaraciyər köçürülməsi əməliyyatına rəhbərlik edib.

Mircəlal Kazımi bizimlə söhbətində bildirdi ki, qaraciyər köçürülməsi zamanı həm xəstə, həm də donor eyni anda əməliyyat masasına qaldırılır və bununla da transplantasiyanın yüksək operativliyi təmin olunur: “Ötən ilin oktyabr ayında üzərlərində qaraciyər transplantasiyası həyata keçirilən 19 yaşlı gənc oğlan və 36 yaşlı qadın hazırda normal həyat tərzi keçirirlər. Onlar hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkirdilər. Bu ilin aprel ayında əməliyyata cəlb olunan xəstələrdən 2-si 18 və 46 yaşlı qadın, 1-i isə 50 yaşlı kişidir. Müvafiq olaraq qaraciyərin hepatit B, kriptogenik və autoimmun xəstəliklərinə yoluxması nəticəsində yaşamaq ümidləri yalnız transplantasiyaya qalan bu insanlara donoluğu öz yaxınları ediblər. Hər 3 əməliyyat uğurla bitib və hazırda xəstələr şöbəmizdə müvafiq müalicələrini davam etdirirlər. Biz əməliyyat zamanı donorların təhlükəsizliyi üçün də maksimum səy göstəririk. Son əməliyyatlara donor qismində qatılan şəxslər artıq tam sağalaraq evə buraxılıb və normal iş ahənginə dönüblər. Bir məsələni də qeyd edim ki, qaraciyər köçürülməsində donorluq edənlərin qaraciyəri 6 ay müddətində tam bərpa olunaraq, əvvəlki vəziyyətinə qayıdır.”

Mircəlal Kazımi bu cür mürəkkəb əməliyyatların mütəmadi şəkildə həyata keçirilməsi üçün MNX-də hər bir şərait yaradıldığını və yaxın vaxtlarda böyrək transplantasiyası əməliyyatlarına başlayacaqlarını da diqqətə çatdırdı.

 

 

Əmrah Fəqanoğlu

 

İki sahil.- 2010.- 16 aprel.- S. 14.