ARDNŞ qlobal layihələr həyata keçirir

 

Şirkətin neft və neft tullantıları ilə çirklənmiş ərazilərin təmizlənməsi, yaşıllıqların artırılması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilir

 

Son illər bir-birinin ardınca baş verən təbii fəlakətlər dünyanın bütün ölkələrində ciddi narahatlıqlar, qlobal xarakterli ekoloji problemlər yaradıb. Söz yox ki, Azərbaycan da bu problemlərdən kənarda qalmayıb. Bu səbəbdən də ölkə rəhbərliyi ekoloji problemlərin həllini daim diqqətdə saxlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı””nı təsdiq etməsi buna əyani sübutdur. Dövlət əhəmiyyətli bu mühüm sənəddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ölkə başçısının eyni zamanda, ekoloji problemlərə bilavasitə aid olan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Hidrometeorologiyanın inkişaf proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” proqramların qəbul edilməsi ilə bağlı verdiyi sərəncamlar ölkədə ekoloji mühitin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Dövlət başçısının “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında”” sərəncamı isə Abşeronda ekoloji problemlərin həllinə əsaslı stimul yaratmışdır.

2010-cu ildə də neft-qaz sənayesində bu istiqamətdə qlobal layihələr icra edilir, bir sıra ekoloji tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq ARDNŞ və onun strukturları son illərdə bu məsələlərin həllinə diqqətin daha da artırılmasını qarşıya ən ümdə məqsəd kimi qoyur. Tədbirlər Planını fəaliyyət proqramı qəbul edərək ARDNŞ neft-qaz sənayesi obyektlərində ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər yerinə yetirərək nəzərəçarpan müsbət dəyişikliklər əldə etmişdir.

Uzun illər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları ilə çirklənib. ARDNŞ mütəmadi olaraq neftlə çirklənmiş həmin ərazilərində ekoloji durumun yaxşılaşdırılması istiqamətində layihələr icra edir, ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan bütün problemləri operativ olaraq həll edir.

Fevralın 18-də Prezident İlham Əliyevin yanında keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə ötən bu müddət ərzində ekoloji tarazlığın bərpa edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi istiqamətində görülən işlərə diqqət yetirilərək qarşıda duran konkret vəzifələr açıqlandı. Ekoloji problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin vacib olduğunu bildirən dövlət başçısı İlham Əliyev ARDNŞ-in həmin ərazilərdə həyata keçirilən təmizlənmə işlərini, yeni yaşıllıqların salınmasını yüksək qiymətləndirdi.

Müşavirədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Şirkətin bu istiqamətdə gördüyü işləri, “Ekologiya ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planını diqqətə çatdıraraq 2006-cı ildə dövlət başçısının sərəncamı ilə ARDNŞ-in tərkibində yeni strukturun-Ekologiya İdarəsinin yaradılmasını da mühüm addım kimi dəyərləndirdi. Qeyd etdi ki, ARDNŞ-in bu istiqamətdə olan tədbirlər planı çərçivəsində ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrində, xüsusən Bakı şəhərinin və Abşeron yarımadasının sağlamlaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, çay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həllini reallaşdırmışdır.

Ətraf mühitin sağlamlaşdırılması istiqamətində qarşıda duran vəzifələri yerinə yetirilməsi məqsədilə “Dövlət Neft Şirkətinin Ekoloji Siyasəti” təsdiq edilib. Bu proqram da uğurla həyata keçirilir. Ekoloji durumun sağlamlaşdırılması, təhlükəsiz iş şəraitinin yaradılması hər bir idarə və müəssisənin fəaliyyətində başlıca məqsəddir.

ARDNŞ-in yaşıllaşdırma ilə bağlı gördüyü işlər də təqdirəlayiqdir. Ətraf mühitin sağlamlaşdırılması məqsədilə şirkətin mədən ərazilərində neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri təmizlənir, həmin ərazilərin yaşıllaşdırılması uğurla həyata keçirilir. Şirkətin idarə və müəssisələrdə ağacəkmə kampaniyalarının, iməciliklərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. Ötən üç ildə neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən artıq ağac əkilmiş, “Ekologiya ili””” çərçivəsində 150 min ağac və 16 min gül tinginin əkilməsi nəzərdə tutulub.

Bu gün ARDNŞ Xəzər dənizində istismara yarasız özüllərin yenilənməsi prosesini də uğurla davam etdirir. Estakadayanı meydançalar abadlaşdırılır, köhnə meydançalar, sualtı borular dəyişdirilir, bu da nəticədə Xəzər dənizinin çirklənməsini minimal səviyyəyə endirir. Yeni özüllərdə sutəmizləyici qurğular yerləşdirilir.

Estakadayanı meydançalar abadlaşdırılır, köhnə meydançalar, sualtı borular dəyişdirilir, bu da nəticədə Xəzər dənizinin çirklənməsini minimal səviyyəyə endirir. Dəniz mədənlərində, xüsusilə Pirallahı və Çilov adalarında dəniz suyunun şirinləşdirilməsinə, suvarmada və qismən də, məişətdə istifadə olunmasına imkan verən “Əks-Osmoc” tipli bioloji təmizləmə qurğuları quraşdırılır. İstər dənizdə, istərsə də qurudakı yataqlarda lay sularının utilizasiyasına da diqqət artırılmışdır. Bu gün Azərbaycanın neft terminallarında Xəzəryanı dövlətlərdən gələn tankerlərdən neftin boşaldılması və yüklənməsi zamanı yaranan tullantıların təmizlənməsinə imkan verən, ən yeni texnologiya və müvafiq avadanlıqla təchiz olunan müasir gəmilər fəaliyyət göstərir.

Qarşıdakı illərdə yenidən qurulacaq Tullantı Mərkəzində ARDNŞ-in 120 təşkilat və törəmə müəssisələrinin istehsal prosesi nəticəsində əmələ gələn 30-dan çox müxtəlif adda tullantının utilizasiyası, təkrar emalı və digər kompleks tədbirlərin həyata keçirmək nəzərdə tutulur. Həmçinin cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyyə, ətraf mühitin qorunması və vətəndaşlarımızın ekoloji dünya görüşünün qloballaşdırılması üçün 2009-cu ildə “H.Z.Tağıyev” adına NQÇİ-nin ərazisində ayrılmış 9,3 ha sahədə “Ekoloji park”ın yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardandır.

Ümumiyyətlə, ARDNŞ prioritet ekoloji problemlərin həlli istiqamətində daim məqsədyönlü tədbirlər həyata keçirməkdə davam edir.

 

 

Azadi Sevinc

 

İki sahil.- 2010.- 16 aprel.- S. 5.