Akademik Xoşbəxt Yusifzadə: İrəlidə hələ o qədər iş var ki!

 

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki Xoşbəxt Yusifzadədir.

- Xoşbəxt müəllim, istərdik ki, əvvəlcə təbriklərimizi qəbul edəsiniz. Bu günlərdə Siz Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilmisiniz. Ürəkdən təbrik edirik.

- Təşəkkür edirəm.

- “Ömrümün illəri və izləri” adlı kitabınıza “Son söz”ünüzdə yazmısınız ki, “Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”. Zənnimizcə, bu mesaj, bu arzu, ilk növbədə, gənc neftçilərə ünvanlanmışdır və indi biz o arzunun bir qədər geniş açıqlanmasını eşitmək istəyirik.

- “Ömrümün illəri və izləri”ndə mən xatirələrimi qələmə almışam. Kitabın ilk nəşri 2004-cü ildə işıq üzü gördü və respublika ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla qarşılandı ki, bunu da mən böyük məmnunluq hissi ilə qeyd edirəm. Kitabın yenidən işlənmiş, əlavələr edilmiş ikinci nəşri isə bu ilin əvvəlində - səksən illik yubileyim ərəfəsində çapdan çıxdı. Özü də iki dildə - ayrı-ayrılıqda Azərbaycan və rus dillərində. Xatirələrim bu dəfə daha geniş rezonans doğurdu və o, keçmiş İttifaqın neft rayonlarına da gedib çıxdı. Bu dəfə də qəzet və jurnallarda oxucuların, həmkarlarımın, ayrı-ayrı jurnalistlərin rəyləri, resenziyaları dərc edildi. Onları oxuduqca, qəlbim fərəh hissi ilə döyünürdü. İndi deyə bilərəm ki, kitabın oxucuları mənim səksən illik ömür yoluma, ölkəmizin neft sənayesinin son altmış ildə keçdiyi gərgin mübarizə və inkişaf yoluna biganə qalmadılar, xatirələrimi uzun, enişli-yoxuşlu, acılı-şirinli bir həyat və əmək yolu keçmiş neftçinin hesabatı və manifesti kimi qəbul etdilər.

Xatirələrim həm də ölkəmizin gələcəyinə inamımın ifadəsidir. Gələcəyi mən bugünün işığında görür, bugünün işığında təsəvvür edir və bu zaman ayrı-ayrı fərdlərin taleyini bütövlükdə ölkənin və xalqın taleyindən ayırmıram. Bugünün “teleskopu” ilə həmin o yaxın və uzaq gələcəyə baxanda isə sevinir və özümü, həqiqətən də, xoşbəxt sanıram. Ona görə xoşbəxt sanıram ki, ölkəmizin sükanı etibarlı əllərdədir və Azərbaycan bütün sahələrdə inamla irəliləyir. Bugünədək əldə edilmiş nailiyyətlər belə deməyə əsas verir ki, ölkəmizin vətəndaşları layiq olduqları gələcəyi öz əlləri ilə qurub yaradacaqlar və onlar buna qadirdirlər.

“Ömrümün illəri və izləri”nə “Son söz”ümü müstəqillik illərinin gənclərinə, böyüyən nəslə, bax bu mənada, mesaj hesab etmək olar ki, gələcək sizin əlinizdədir, yüksək səviyyədə bilikli, elmli, peşəkar, mədəni, iradəli, özünə və xalqına, ilk növbədə, məhz bu keyfiyyətləri ilə hörmət qazandıra bilən vətənpərvər və məsuliyyətli insanların əlindədir. Təbii ki, bu sözlər mənim gənc həmkarlarıma da aiddir. Onlar Azərbaycan neftçilərinin şanlı ənənələrini ləyaqətlə davam etdirməli, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, ulu öndərimiz Heydər Əliyevin qüdrətli zəkasının məhsulu olan yeni neft strategiyasının gələcək uğurlarını təmin etməlidirlər. İrəlidə hələ o qədər görüləsi iş var ki! Və bu mənim arzumdur ki, indinin gəncləri onlara etibar edilən işləri bizdən yaxşı görsünlər. İnkişafı, tərəqqini onlar yalnız bu yolla təmin edə bilərlər və əminəm ki, təmin edəcəklər. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində çalışan gənclərin işi mənə belə deməyə yaxşı əsas verir.

- Anasının ad günündə dünyaya gələn hər oğul xoşbəxt olmur. Bəs Siz necə? Özünüzü xoşbəxt sanırsınızmı?

- (Düşünür). Bunu məndən də qabaq deyiblər ki, xoşbəxtlik nisbi anlayışdır. Tutaq ki, imtahan verib ali məktəbə qəbul edilirsən, özünü xoşbəxt sanırsan. Sevdiyin qızla ailə qurursan və hesab edirsən ki, bütün dünyada səndən xoşbəxti yoxdur. Ata olursan və sanki özünü göyün yeddinci qatında hiss edirsən...

Mən dünyanın hər üzünü görmüşəm. Vaxt olub xoşbəxt olmuşam, vaxt da olub ki, bədbəxt.

Bunların barəsində “Ömrümün illəri və izləri”ndə yazmışam və orada qələmə aldıqlarımı indi təkrar etmək istəmirəm. Amma hər dəfə məndən soruşanda ki, “Xoşbəxtlik nədir?” və yaxud “Siz xoşbəxtsinizmi?”, cavab verməyə çətinlik çəkirəm, həmin sualları bir kənara qoyub “Xoşbəxtlik nədir” sualına cavab axtarmalı oluram.

İnsan çox qəribə varlıqdır. Bəzən quruca bir söz də onu xoşbəxt, yaxud bədbəxt edə bilər...

“Siz xoşbəxtsinizmi?” sualını jurnalistlər mənə tez-tez verirlər. Başa düşürəm ki, onları buna ən əvvəl adım “təhrik” edir. Yəni bilmək istəyirlər ki, adı Xoşbəxt olanın özü də xoşbəxtdirmi? Amma bəzən də mənə elə gəlir ki, bu sualı verənlər sanki xoşbəxtliyin açarını və adamı xoşbəxtliyə aparan ən qısa yolu axtarırlar.

Mənim əlimdə heç vaxt xoşbəxtlik açarı olmayıb. Xoşbəxtliyə aparan ən qısa yolu da tanımıram. Bununla belə, sualınıza müəyyən qədər konkret cavab verə bilərəm.

Ümidlərini mənə bağlamış anamın və bacılarımın arzularını ürəklərində qoymayıb, onlara dayaq olanda və onların “Allah balamı saxlasın”, “Allah qardaşımızı saxlasın” sözlərini eşidəndə özümü xoşbəxt sanmışam.

Ömür-gün yoldaşım Fəridə xanımla ailə qurduğum üçün özümü bu gün də xoşbəxtlərin xoşbəxti bilirəm.

Ulu öndərimiz Heydər Əliyev “Xəzər dənizini Xoşbəxt Yusifzadə qədər bilən ikinci adam yoxdur” deyəndə özümü xoşbəxt sanmışam.

Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyeva və qızı Arzu xanım Əliyeva ilə birlikdə mənim 80 illik yubileyimə həsr olunmuş mərasimdə iştirak edəndə və orada mənim barəmdə olduqca hərarətli sözlər söyləyəndə, şərəfimə badə qaldıranda sanki mənə dünyanı verdilər...

Müdriklərdən birinin sözlərinə görə, ömür uzunluğu ilə deyil, mənalılığı ilə ölçülür. İnsan ömrünün nə dərəcədə mənalı olub-olmaması isə, ilk növbədə, Vətənə xidmətin səmərəliliyi ilə müəyyən edilir. Mən buna əminəm.

Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm. Deyirlər ki, səadət hər kəsin öz əlindədir. Razıyam. Amma səadət hər kəsin öz əlində olsa da, həmin o “hər kəsin” ətrafındakılardan da çox asılıdır. Bəzən görürsən ki, adamlar ailədə, işdə, ictimai yerlərdə bir-birinin gününü zəhərə döndərirlər. Özü də çox zaman boş və mənasız yerə. Amma cəmiyyətin üzvləri nə qədər xeyirxah, qayğıkeş, canıyanan və mehriban olsalar, xoşbəxtlərin də sayı bir o qədər çox olar. Buna şübhəniz olmasın.

- Əmək fəaliyyətinizin çox böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edib. Bu dövr respublikada neft sənayesinin də sürətli inkişafı ilə əlamətdar olub. Ulu öndərimiz həmin o inkişaf prosesində Sizin iştirakınızı və bu işə sərf etdiyiniz əməyi dəfələrlə yüksək qiymətləndirib. Artıq arxada qalmış o illəri Siz necə xatırlayırsınız?

- Tale mənə unudulmaz insan, türk dünyasının böyük oğlu, bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, milli mənliyimizin qürur və iftixar mənbəyinə çevrilməsinə həsr etmiş ulu öndər Heydər Əliyevi yaxından tanımaq, onun tapşırıqlarına əməl etmək, ayrı-ayrı vaxtlarda ondan mükafatlar almaq və onun qayğısına layiq olmaq xoşbəxtliyini nəsib etmişdir.

Bu dahi şəxsiyyəti, onunla görüşlərimi mən ömrümün sonunadək unutmayacaq, böyük alicənablıq və səmimiyyətlə mənim barəmdə söylədiyi fikirlərə, xoş sözlərə son nəfəsimədək layiq olmağa çalışacağam.

Ötən əsrin 60-cı illərinin sonlarını xatırlayanlar yaxşı bilirlər ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Respublikanın ağır iqtisadi vəziyyəti, ölkənin döyünən ürəyi olan neft və qaz sənayesindəki gerilik Azərbaycanı çiçəklənən bir diyar kimi görmək istəyən dahi siyasətçini narahat etməyə bilməzdi. Neft və qaz sənayesini dirçəltmək üçün respublikada qısa müddətdə qlobal və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı.

Neftçilərin yadındadır ki, 1970-ci ildə Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olunmuş və onun əvəzinə SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində iki istehsalat birliyi yaradılmışdı ki, bunların da biri “Xəzərdənizneft” İB idi. Unudulmaz rəhbərimiz Heydər Əliyev məni bu birliyin baş geoloqu təyin etdi. O vaxtdan Xəzər dənizində neft və qaz yataqlarının mənimsənilməsi məsələlərinin xalqımızın böyük oğlunun bilavasitə rəhbərliyi və nəzarəti altında həll edilməsi prosesi başlandı.

1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” deyərək, vətəndaş müharibəsinin Damokl qılıncıtək respublikanın başının üstünü aldığı mürəkkəb bir dövrdə də neft sənayesinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayırdı.

O vaxt neft sənayesi nə vəziyyətdə idi?!

Məlumdur ki, keçmiş İttifaq dövründə sovet respublikalarını həm də sıx iqtisadi əlaqələr birləşdirirdi. Amma SSRİ dağıldı, əlaqələr də qırıldı. Beləliklə də, bir tərəfdən iqtisadi əlaqələrin pozulması, təchizatla bağlı problemlərin həddən artıq kəskinləşməsi və maliyyə çatışmazlığı, digər tərəfdən də siyasi həyatın sabitlikdən uzaq olması nəticəsində neft sənayesi, sözün əsl mənasında, iflic olmuşdu. Neft və qaz hasilatının səviyyəsi getdikcə aşağı düşürdü, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dənizin dərin hissəsindəki sahələrinin mənimsənilməsi üçünsə respublikanın vəsaiti və müasir texnikası yox idi. Problemin həllinin yalnız bir yolu qalırdı: dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək! Prezidentimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Neft Şirkəti də bu yolu - Azərbaycanın milli marağına tamamilə uyğun gələn yolu seçdi.

1994-cü il sentyabrın 20-də Prezident Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəraitdə Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar “Əsrin müqaviləsi” adını almış “Azəri, Çıraq və Günəşli (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Belə hesab etmək olar ki, ulu öndərimizin yeni neft strategiyasının təməli “Əsrin müqaviləsi”nin imzalandığı gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi yazıldı. Təsadüfi deyil ki, Prezident Heydər Əliyev həmin günü sonralar öz fərmanı ilə “Neftçilər Günü” kimi əbədiləşdirdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından artıq 16 il keçir. Bugünədək bağlanmış bütün sazişlər üzrə respublikamıza 31 milyard ABŞ dollarından artıq sərmayə qoyulub, Azərbaycanda neft hasilatı sahəsində vəziyyət kökündən dəyişib. Əgər 1997-ci ildə respublikada cəmi 9 milyon ton neft hasil edilmişdisə, 2009-cu ildə bu rəqəm 50 milyon tondan artıq oldu. Qaz hasilatı isə 23 milyard kubmetri ötüb keçdi.

Məlum olduğu kimi, əvvəllər hasil edilən duru yanacaq dünya bazarlarına Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri vasitəsilə nəql olunurdu. UƏsrin müqaviləsiFnin həyata keçirilməsinin müsbət cəhətlərindən biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilib işə salınması oldu. Bu əsas ixrac boru kəməri ilbəil artan Azərbaycan neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə nəql edilməsinə imkan verdi. İndi o, Qafqaz regionunun dövlətləri və Xəzəryanı ölkələr arasında iqtisadi və qarşılıqlı faydalı münasibətlərin genişlənməsində müstəsna rol oynayır.

Ulu öndərimiz Heydər Əliyevin memarı olduğu yeni neft strategiyasının uğurlarından biri də “Əsrin müqaviləsi” ilə yanaşı, digər sazişlərə də müvəffəqiyyətlə əməl edilməsi və Azərbaycanın onlardan bəhrələnməsidir. 1997-1999-cu illərdə yeni neft və qaz-kondensat yataqları, o cümlədən böyük qaz ehtiyatlarına görə dünya əhəmiyyətli “Şahdəniz” yatağı aşkar edildi. Həmin yataqda qazılmış quyular belə deməyə əsas verir ki, onun ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan artıqdır. Əgər əvvəllər Azərbaycan dünyada neft ölkəsi kimi tanınırdısa, “Şahdəniz” yatağının işlənməyə başlanmasından və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınmasından sonra Azərbaycan dünya bazarına qaz ixracatçısı kimi qədəm qoydu. Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərinin layihəsi reallaşdıqdan sonra artıq 2006-cı ildən etibarən yaxın-uzaq ölkələr Azərbaycandan “mavi” yanacaq almağa başladılar.

Mən bütün bu möhtəşəm neft və qaz epopeyasının iştirakçısı və şahidi olmağımla fəxr edirəm. Bu, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan və bir insan ömrünə sığmayan epopeyadır.

- Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, ümummilli liderimiz Sizə həmişə hörmətlə yanaşıb, ən müxtəlif tədbirlərdə, müşavirə, görüş və mərasimlərdə adınızı ehtiramla çəkib. Bunun səbəbi barəsində düşünmüsünüzmü?

- Niyə düşünməmişəm? Ölkə rəhbərinin, özü də Heydər Əliyev kimi dahinin ehtiramına layiq olasan, ondan adama qol-qanad verən sözlər eşidəsən və düşünməyəsən? Düşünmüşəm. Amma səbəbi barəsində yox. Səbəbini heç özüm üçün də izah etməyə çalışmamışam. Sadəcə olaraq, həmişə fikirləşmişəm ki, bir mütəxəssis kimi, neft sənayesinin məsul işçilərindən biri kimi mən respublika rəhbərinin böyük etimadına layiq olmalıyam.

Ulu öndərimizi mən ötən əsrin altmışıncı illərindən tanıyırdım və hələ o vaxt fikir verib görmüşdüm ki, onunla danışanda, suallarına cavab verəndə gərək həqiqəti deyəsən, faktlara və dəqiq rəqəmlərə istinad edəsən, proqnozları hərtərəfli əsaslandırasan. Belə mütəxəssislərə, belə rəhbər işçilərə o, həmişə etimad göstərir, daha məsul tapşırıqlar verir, onları irəli çəkir, müdafiə edir və yaddan çıxarmırdı.

1991-ci ildə məni yeni yaradılmış Azərbaycan Dövlət Neft Konserninin birinci vitse-prezidenti vəzifəsinə təyin etdilər. Təxminən bir ildən sonra isə “Azəri” yatağı üzrə müqavilənin texniki və iqtisadi məsələləri barəsində Amerikanın Hyuston şəhərində xarici şirkətlərlə danışıqlar aparan mütəxəssislər qrupuna başçılıq edərkən məni bu vəzifədən azad etdilər və Bakıya qayıdanda konsernin yerində yaradılmış ARDNŞ prezidentinin müşaviri olmağı “məsləhət” gördülər.

Lakin 1993-cü ildə ulu öndərimiz yenidən siyasi hakimiyyətə qayıtdı və məni ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti təyin etdi. Düzünü deyim ki, bu təyinat məni çox sevindirdi. Vəzifəyə görə yox, etimada, uzun illər boyu damla-damla topladığım biliyə və təcrübəyə hörmətə görə sevindim. Bu biliyi və təcrübəni müstəqil respublikamızın iqtisadi yüksəlişinə, neft sənayesinin inkişafına bütünlüklə sərf etmək imkanı üçün sevindim. Və bir də unudulmadığım üçün sevindim.

Ulu öndərimizin yaddaşı, ümumiyyətlə, fenomenal və heyrətamiz idi. O təkcə adamları yox, çoxdan baş vermiş hadisələri də bütün təfərrüatı ilə xatırlayırdı. Məsələn, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində nitq söyləyərkən dedi: “Şahdəniz” yatağı Azərbaycanın Xəzər dənizindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir. Bu yatağı ilk dəfə Azərbaycanın neftçiləri, neft kəşfiyyatçıları 1954-cü ildə kəşf etmişlər. 1976-cı ildə bu yataqda müəyyən qazma, geoloji işlər aparılıbdır və yatağın zəngin qaz sərvətlərinə malik olduğu müəyyən edilibdir. Ondan sonra 1980-ci illərdə müəyyən işlər aparılıbdır. Hətta mənim xatirimdədir, Xoşbəxt Yusifzadə bir dəfə mənə dedi ki, onlar, - bilmirəm, 1990-cı ildə idi, haçan idi, - orada bir quyu qazıb, qaz çıxarmaq istəmişdilər. Ancaq o illər belə böyük yataqları işlətmək, şübhəsiz ki, asan məsələ deyildi”.

Ulu öndərin bu sözlərini eşidəndə nə qədər təəccübləndiyimi təsəvvür edirsinizmi?!

Yaxud başqa bir misal: 1999-cu il iyulun 13-də Bakının Tbilisi prospektindəki İdman-Sərgi Kompleksində “Quruculuq salnaməsi” adlı möhtəşəm bir sərgi açıldı. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 30 illiyinə həsr olunmuş sərginin açılışında ulu öndərimizin özü də iştirak edirdi. Orada mən Prezident Heydər Əliyevin ölkəmiz üçün, neft sənayesinin inkişafı üçün gördüyü əzəmətli işlərdən söz açdım və bunu da bildirdim ki, “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı vardır.

Ulu öndərimiz bu məlumatı razılıqla qarşılayıb dedi: - Sənin dediklərinin hamısı düzdür. Şirkətdə çalışanların əksəriyyəti bir-iki ildir ki, burada işləyir. Sən isə bu işdə canını qoymusan, həyatının 50 ilini dənizdə neft çıxarılmasına həsr etmisən. Ona görə də sənin dediklərinin hamısı doğrudur və mənim şübhəm yoxdur ki, bunların hamısı olacaqdır.

Heydər Əliyev insanlara konkret işə görə qiymət verirdi. Elə həmin 1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə onun nitqini ürək çırpıntısı ilə xatırlayıram: “... mən bu gün Azərbaycan neftçilərinə bir daha təşəkkürümü bildirirəm və bu “Əsrin müqaviləsi”nin və sonrakı müqavilələrin hazırlanıb imzalanmasında, xüsusən Bakı-Ceyhan neft kəməri barədə müqavilənin hazırlanmasında və nəhayət, həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin xidmətlərini xüsusi qeyd edirəm. Neft Şirkətinin prezidenti Natiq Əliyevin, birinci vitse-prezident İlham Əliyevin, vitse-prezident Xoşbəxt Yusifzadənin, Valeh Ələsgərovun xidmətlərini xüsusi qeyd edirəm”.

2002-ci ilin mayında İranda məni bu ölkənin prezidenti Məhəmməd Hatəmiyə təqdim edərkən ulu öndərimizin ona dediklərini xatırlayanda qəlbim indi də riqqətlə döyünür: “Xəzər dənizini Xoşbəxt qədər bilən ikinci adam yoxdur. Biz onu əlimizin içində saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə də məsləhət görürəm ki, nə qədər o, hələ işdədir, ondan istifadə edin”.

Bəli, o, insanları sevən və onları yüksək qiymətləndirən şəxsiyyət idi. O böyük insana borcumuza biz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın xoşbəxt gələcəyini qurub-yaratmaqla əməl edə bilərik.

- Ölkəmizin neft sənayesinin sabahını necə təsəvvür edirsiniz?

- Əvvəla, qeyd etmək istəyirəm ki, ulu öndərimizin işini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin dəqiq ölçülüb-biçilmiş siyasəti, bilavasitə onun özünün çox çevik və səmərəli fəaliyyəti nəticəsində ölkəmiz yeni neft strategiyasının olduqca uğurlu bir dövrünü yaşayır. Xalqımız bu böyük strategiyanın bəhrələrini görür və hələ uzun müddət görəcəkdir.

“Əsrin müqaviləsi”nin işlənib hazırlanmasında, imzalanmasında və həyata keçirilməsində əvəzsiz xidmətləri olan bir insan kimi cənab İlham Əliyevin bütün səyləri milli maraqlarımızın təmin olunmasına yönəldilib.

Bilirsiniz ki, müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrilib və bu sahədə İlham Əliyevin xidmətləri nəinki Azərbaycanda, dünyanın aparıcı dövlətləri səviyyəsində də etiraf edilir.

İndi dənizdə və quruda yeni-yeni layihələr həyata keçirilir, zəngin neft və qaz ölkəsi kimi Azərbaycanın qüdrəti və şöhrəti günbəgün artır. Bu da onunla bağlıdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti hazırda lazımi iqtisadi və texniki imkanlara malik olan, dünya standartlarına cavab verən, istər ölkə daxilində, istərsə də xaricdə böyük sərmayə qoyuluşu tələb edən layihələri gerçəkləşdirə bilən bir şirkətə çevrilib. ARDNŞ-in öz gücü ilə və xarici neft şirkətləri ilə birlikdə gördüyü işlər, ilk növbədə, Xəzərin Azərbaycan sektorundakı “Abşeron”, “Asiman”, “Babək”, “Məşəl”, “Naxçıvan”, “Ümid”, “Şəfəq”, “Zəfər” kimi perspektivli strukturlarda neftli-qazlı obyektlərin aşkar edilməsinə yönəldilib. Bir sıra mövcud yataqlarda da yeni neftli-qazlı obyektlərin axtarışı davam etdirilir.

Hazırda ARDNŞ daxili imkanları hesabına “Ümid” strukturunda və “Bulla-dəniz” sahəsinin uzaq cənub-şərq periklinalında axtarış-qazma işlərini həyata keçirir. Axtarış qazması ARDNŞ tərəfindən quraşdırılmış stasionar dəniz özülündən həyata keçirilir. Məhsuldar qatın VII horizontunda (“Fasilə” lay dəstəsinin analoqu) qazılan quyunun layihə dərinliyi 6500 metrdir. Eyni zamanda, “Bulla-dəniz” yatağının cənub-şərq periklinalı sahəsində layihə dərinliyi 6400 metr və layihə horizontu məhsuldar qatın VIII horizontu (qırməkiüstu qumlu lay dəstəsinin analoqu) olan axtarış quyusunun qazılmasına başlanmışdır. Həmçinin nəzərdə tutulduğuna görə, bu ilin dördüncü rübündə “Abşeron” sahəsində Fransanın Total (layihənin operatoru) və GDF (Qaz de Franse) şirkətləri ilə birlikdə yeni axtarış quyusunun qazılmasına başlanacaq. Bu axtarış quyusu Abşeron strukturunun şimal qanadında qazılacaq. Quyunun layihə dərinliyi 7130 metr, layihə obyekti isə məhsuldar qatın “Qala” lay dəstəsidir.

Bu il Almaniyanın “Reyn Vestfal Enerji” (RWE) şirkəti ilə UNaxçıvanF strukturu üzrə və BP şirkəti ilə “Asiman” və “Şəfəq” strukturları üzrə anlaşma memorandumları imzalanıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” saziş sahələri çərçivəsində BP şirkəti ilə “Çıraq” Neft Layihəsi və “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər görülür. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” saziş sahəsi üzrə dərinlikdə yerləşən horizontların qırməkiüstü qumlu, qırməkialti və “Qala” lay dəstələrinin işlənməyə daxil edilməsi barədə BP şirkəti ilə danışıqlar davam etdirilir.

Təsdiq edilmiş karbohidrogen ehtiyatlarına və eləcə də gələcəkdə aşkar edilməsi nəzərdə tutulan karbohidrogen yataqlarının potensialına əsasən respublika üzrə 2015-ci ildə neft hasilatının 60 milyon tona və qaz hasilatının 34 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.

ARDNŞ-in inkişaf perspektivlərindən biri də yeni neft-kimya kompleksinin yaradılması ilə də bağlıdır. Bu kompleksin tərkibinə neft və qaz-kondensat emalı, qaz emalı, neft-kimya və qeyri-üzvi kimya zavodları, istilik elektrik stansiyası daxil ediləcəkdir.

ARDNŞ həm də Azərbaycandan kənarda - Türkiyədə, Gürcüstanda, Ukraynada, Qazaxıstanda, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə müxtəlif layihələr həyata keçirir. Şirkətimiz Gürcüstanın Kulevi şəhərində yeni neft terminalı tikib və hazırda qonşu respublikanın neft məhsulları bazarının təqribən üçdə iki hissəsinə nəzarət edir. Eyni zamanda, ARDNŞ orada benzindoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsi proqramın reallaşdırır və lokal qazpaylayıcı şəbəkənin operatorudur. 2008-ci ildə ARDNŞ Türkiyə ölkə bazarının təxminən 30 faizinə nəzarət edən iri neft-kimya konserninin - PETKİM (İzmir) şirkətinin əsas səhmdarlarından biri oldu. 2014-2015-ci illərdə Türkiyənin Əliağa ərazisində illik istehsal gücü 10-15 milyon ton olan neft emalı zavodunun tikintisi nəzərdə tutulur. Ukraynada ARDNŞ benzindoldurma stansiyalarının yaradılması proqramının reallaşdırır və neft emalına sərmayə qoyuluşu imkanlarını öyrənir. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Fudjara limanında yeni neft məhsulları terminalının tikintisi üçün İsveçrənin “Aurora Progress” şirkəti ilə müqavilə də imzalanıb.

Şirkətimizin və bütövlükdə respublikamızın neft sənayesinin gələcəyi bax, bu faktlar fonunda, zənnimcə, aydın görünür. Onu da qeyd edim ki, sabaha biz təkmilləşdirilmiş idarəetmə mexanizmi, qabaqcıl texnika və texnologiya, bilikli və bacarıqlı gənc kadrlarla gedirik və əminəm ki, Azərbaycan neftçilərinin şanlı ənənələri ləyaqətlə davam etdiriləcəkdir. Bir sözlə, həm ölkəmizin, həm də onun neft və qaz sənayesinin sabahına mən inamla baxıram.

- 2003-cü ildən Siz Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvüsünüz. Azərbaycan elminin bugünü və elmlə istehsalatın vəhdətinə münasibətinizi bilmək istərdik.

- Belə bir söz var, deyirlər ki, gələcək elmli adamlarındır. Mən isə deyirəm ki, gələcək elmli adamların və elmli ölkələrindir.

Bilirsiniz, hər şey tükənə bilər. Yerin dərinliklərindən çıxarılan təbii sərvətlər də əbədi deyil. Bitib-tükənməyən yalnız elmdir. Elmin həddi-hüdudu yoxdur və o, insan zəkasını, insan xəyalını daim özünə cəlb edəcəkdir.

Azərbaycan elminin coşğun inkişaf dövrü də olub, tənəzzül illəri də. Tarixi danmaq olmaz, gərək həqiqəti deyəsən. Bu həqiqətlərdən biri də budur ki, keçmiş İttifaq zamanında Azərbaycanda elm və texnika geniş inkişaf yolu keçmişdi. Azərbaycan alimlərinin gərgin araşdırmalarının nəticələri - sanballı elmi əsərlər, ixtira və kəşflər dünya elminə böyük töhfə kimi dəyərləndirildi. Fundamental və tətbiqi elmlər sahəsində alimlərimizin əldə etdikləri nailiyyətlər onların xarici həmkarlarında həmişə ciddi maraq doğururdu. Təəssüf ki, ötən əsrin sonlarında respublikamızda cərəyan edən hadisələr elmə də öz təsirini göstərdi, onu ağır problemlərlə üz-üzə qoydu. İndi isə deyərdim ki, Azərbaycan elminin yeni dirçəliş mərhələsi başlanıb.

Məni və Ali Attestasiya Komissiyasının digər üzvlərini sevindirən budur ki, cəmiyyətin özünün elmə münasibəti yenidən dəyişib və gənclərin elmlə məşğul olmaq istəyi ailələrimizdə təqdir edilir.

AAK üzvü kimi deyə bilərəm ki, hazırda Azərbaycanda güclü elmi potensial yetişir. Neft elmi də yerində saymır. Artıq bu sahədə də maraqlı və əhəmiyyətli araşdırmalar gedir və bu tədqiqatların nəticələri neft elmində də ölkəmizin aparıcı mövqeyini təsdiq edəcəkdir.

- Müsahibə üçün təşəkkür edirik.

- Sağ olun.

 

 

İlham PƏNAHOV

 

İki sahil.- 2010.- 4 avqust.- S. 3-4.