Mədəniyyət nazirlərinin görüşü keçirilib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Litvanın mədəniyyət naziri Arunas Qelunasın başçılığı altında nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Litvanın mədəniyyət naziri vəzifəsinə yeni təyin olunan Arunas Qelunas ilk xarici səfəri Azərbaycana edib.

Səfərin əsas məqsədi Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək, eləcə də birgə layihələri müzakirə etməkdən ibarətdir. Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüşü yüksək qiymətləndirdiyini dilə gətirib. Nazir qeyd edib ki, Azərbaycan Baltikyanı ölkələr arasında ən geniş əməkdaşlığı məhz Litva ilə gerçəkləşdirib və bu əməkdaşlıq bu gündavam etməkdədir. Arunas Qelunas isə Azərbaycanla Litva arasında musiqi və digər sahələrdə əməkdaşlığın daha da inkişafını arzuladığını bildirib: “Mən cazı çox sevirəm və bu musiqi sahəsinin Azərbaycanda yüksək inkişaf etdiyini bilirəm. Caz pərəstişkarı olaraq bu sahədə ölkələrimiz arasında işbirliyinin olacağına ümidvaram. Bundan başqa ixtisasım qrafik incəsənəti ilə bağlı olduğundan bu sahədə də layihələr həyata keçirmək istərdik”. Əbülfəs Qarayev isə öz növbəsində yalnız bu sahələrdə deyil, mədəniyyətin digər sahələrində də əməkdaşlığa hazır olduğunu deyib.

Daha sonra Əbülfəs Qarayev litvalı həmkarına Azərbaycan xalçası və xatirə hədiyyələri təqdim edib. Qonaqlar isə Ə. Qarayevə diplomkitablar hədiyyə ediblər.

 

 

İki sahil.- 2010.- 17 avqust.- S. 14.