Türkiyə-
Azərbaycan: Əməkdaşlıq uğurla davam etdirilir
Türkiyə prezidenti Abdullah Gülün
ölkəmizə səfəri zamanı imzalanan strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında Müqavilə
tarixi əhəmiyyətli sənəd olmaqla, dostluq,
qardaşlıq münasibətlərinin inkişafında
mühüm rol oynayacaq
İllərdən
bəri davam edən, qarşılıqlı dostluq və əməkdaşlığa
əsaslanan Türkiyə- Azərbaycan münasibətləri
yüksələn xətlə davam edir.
Hər iki dövlət
başçılarının, rəsmi nümayəndələrinin
Bakı və Ankaraya davamlı səfərləri, ölkələrarası
siyasi, iqtisadi, diplomatik əlaqələrin möhkəmlənməsini
intensivləşdirən imzalanmış sazişlər, sənədlər,
verilən bəyanatlar əməkdaşlığın yeni mərhələ
üzrə genişlənməsini təmin edir. Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana
növbəti səfəri də bu baxımdan diqqətçəkəndir.
Səfər ərəfəsi mətbuata verdiyi müsahibəsində, Prezident İlham
Əliyevlə təkbətək və
geniş formatda keçirilən görüşlər zamanı
bir daha
vurğulandı ki, dünya siyasəti çərçivəsində, regional müstəvidə Türkiyə ilə Azərbaycan arasında dostluq,
qardaşlıq münasibətləri bütün sahələr üzrə inkişaf edir, çox gözəl nəticələr əldə
olunur. Abdullah Gül “Biz ildə bir dəfə,
yaxud bir neçə ildə bir dəfə biri- birimizə
gedib gəlməməliyik. Biz ildə bir
neçə dəfə görüşmək imkanı
yaratmalıyıq” söyləməklə vurğulayır ki,
bu səfərlərin Cənubi Qafqazda sabitliyin yaranması
üçün böyük əhəmiyyəti var və
bölgə dövlətlərinin iqtisadi inkişafı
üçün vacibdir.
Türkiyə və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərini diqqətlə izləyən siyasətçilərin bildirdiyi kimi, dünya hadisələri zamanı
baş verən problemlərin həllinə operativ yanaşma Azərbaycan-Türkiyə münasibətlərində öz əksini
tapır. Xalqlarımız arasında əməkdaşlığın
möhkəmlənməsini bütün türk
dünyasının birliyi kimi qiymətləndirən Prezident
İlham Əliyev “Tez-tez görüşməyimizin,
vaxtaşırı müzakirələr
aparmağımızın həm xalqlarımız
üçün böyük faydası olacaq, həm də bütün bölgədə hər kəs
görəcəkdir ki, Türkiyə ilə Azərbaycan daim hər
sahədə çiyin-çiyinədir” söyləməklə
bir daha bəyan edir ki, hər iki dövlət arasındakı
səmimiyyət təkcə iqtisadi inkişafa deyil, həyatın
bütün sahələrinin tərəqqisinə xidmət
edir.
Azərbaycan-Türkiyə münasibətlərində enerji, neft-qaz sahəsindəki əməkdaşlığın böyük, şərəfli tarixi var
və böyük əhəmiyyət kəsb edir. Ümummilli
lider Heydər Əliyevin hazırladığı neft
strategiyasının uğurlu həllində etibarlı tərəfdaş
kimi Türkiyənin də xidmətləri danılmazdır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri
uğurla fəaliyyət göstərir. Prezident
İlham Əliyevin vurğuladığı kimi bu
mühüm layihələr bölgədəki vəziyyətə
müsbət təsir göstərir, eyni zamanda gələcək,
çoxtərəfli regional əməkdaşlıq
üçün də mühüm şərt kimi
mövcuddur.
Bir
fakta nəzər salaq. Cari ilin yarım ilində
Bakı -Tbilisi-Ceyhan vasitəsilə 18 milyon ton neft ixrac olunub.
İyul ayından isə Bakı -Tbilisi-Ceyhan vasitəsilə
Türkmənistan neftinin nəqlinə başlanıb.
İyulun 21-də ötürmə gücü gündə 1,2
milyon barrel olan kəmərlə ən böyük həcmdə-
1 milyon 57 min barrel xam neftin nəqli uğur kimi göstərilir.
Bakı-Tbilisi- Ərzurum qaz kəməri ilə təbii
qazın nəqlində də eyni irəliləyiş hiss
olunur. Xəzərin karbohidrogen
ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki
əhəmiyyətinin bütün səviyyələrdə
etiraf olunması Azərbaycan -Türkiyə münasibətlərinin
möhkəmlənməsi, eyni zamanda dünya siyasətinə
güclənən təsiri kimi qiymətləndirilir.
Türkiyə -Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir edən ölkələrarası investisiya mübadiləsi də yüksələn xətlə inkişaf edir. “Azərbaycan
şirkətlərinin Türkiyəyə qoyduqları sərmayələrdən
böyük məmnunluq duyuruq” söyləyən A.Gül
türkiyəli iş adamlarının Azərbaycandakı
biznes fəaliyyətlərini əməkdaşlığın
genişlənməsinə imkan yaradan başlıca amil kimi
qiymətləndirir.
İqtisadi inkişafını gücləndirməklə maliyyə imkanlarını artıran Azərbaycan artıq investisiya yatıran dövlət kimi diqqəti cəlb edir.
Maraqlıdır ki, Türkiyə ilə əməkdaşlığı
bütün istiqamətlər üzrə genişləndirən
Azərbaycan sərmayə qoyuluşunun həcminin
artırılmasında da ilk növbədə dost ölkə
ilə iş birliyinə üstünlük verir. Türkiyədə
gerçəkləşdirilən sərmayə proqramına əsasən,
ARDNŞ “SOCAR-Turcaz” alyansı tərkibində Türkiyə
bazarının 40 faizinə malik, ən iri neft-kimya müəssisəsi
olan, “Petkim” şirkətinin idarəçiliyini həyata
keçirir. Kimya məhsullarının istehsalı ilə məşğul
olan “Petkim”in xammalla fasiləsiz və etibarlı təchizatı
məqsədilə “ SOCAR-TURCAZ” Birgə Müəssisəsi
neft-kimya kompleksinin Türkiyədə yerləşən
istehsalat ərazisində yeni Ege Neft Emalı Zavodunun tikintisini
planlaşdırır. Hazırda Türkiyə ehtiyacı olan
kimya məhsullarının 70 faizini idxal edirsə, Ege NEZ-nun
istismarından sonra bu rəqəm 30 faizədək azalacaq.
Neft-qaz kəmərlərinin davamı
kimi qiymətləndirilən nəqliyyat layihəsi də
əhəmiyyəti ilə
diqqəti cəlb edir. Türkiyəni
Azərbaycanla, eyni zamanda Avropanı Asiya ilə birləşdirəcək
Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi ilə
layihədə iştirak edən tərəfdaşların
siyasi və iqtisadi maraqlarının təmin olunması
Bakı görüşlərində də diqqətə
çatdırıldı. Həmin layihənin əhəmiyyəti
barədə Azərbaycanda keçirilən
Bakı-Tbilisi-Qars dəmiryolunun inşası layihəsi
üzrə Koordinasiya Şurasının IX iclasında daha ətraflı
müzakilərə aparılmış, 2007-ci ildə
imzalanmış hökumətlərarası sazişin şərtlərinin
yerinə yetirilməsi üzrə tikinti işləri
müzakirə olunmuşdur. 2012-ci ildə istifadəyə
verilməsi nəzərdə tutulan BTQ ilə
Çin, London da daxil olmaqla iki qitə dövlətlərinin
marağına uyğun yüklərin daşınması təmin
olunacaq. İlk illərdə dəmiryolu ilə 1 milyon sərnişinin
və 5 milyon ton yükün daşınması nəzərdə
tutulursa, sonrakı dövrlərdə bu göstərici müvafiq
olaraq sərnişin daşınması 5 milyona , yüklərin
nəqli isə 17 milyon tona çatdırılacaq.
Qlobal layihələrin beynəlxalq əhəmiyyətini, bölgədəki vəziyyətə təsirini gələcək regional əməkdaşlıq üçün
vacib hesab
edən ekspertlərin
qeyd etdiyi
kimi bu
dövlətlər arasında imzalanan müqavilələr bölgə ölkələrinin gələcək əməkdaşlığı, strateji tərəfdaşlıq
üçün sağlam mühit yaradır.
Görüş zamanı
Prezident İlham
Əliyevin və
həmkarı Abdullah Gülün “Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalaması bu
baxımdan çox əhəmiyyətli və faydalıdır.
Müzakirələr zamanı
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələlərinə də toxunulub. Münaqişənin
həlli ilə bağlı beynəlxalq səviyyələrdə
aparılan bütün danışıqlarda Azərbaycanın
yanında olduğunu bəyan edən Türkiyənin dəyişilməyən
mövqeyinə sadiq qaldığını bildirən Abdullah
Gül vurğulayır ki, imzalanan strateji tərəfdaşlıq
və qardaşlıq yardımı haqqında Müqavilə
Azərbaycanla həmrəyliyin bariz nümunəsidir. Azərbaycanın Ermənistan tərəfindən
işğala məruz qaldığını bildirən
Türkiyə prezidenti “ Əslində bütün dünya bu
həqiqəti görməlidir”
çağırışı ilə beynəlxalq ictimaiyyəti,
qüdrətli dövlətləri ikili siyasətə son
qoymağa çağırır: “ Uzun illərdir,
18 ildir ki, dünya bu problemə kifayət qədər diqqət
yetirmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib
çatmışdır və bütün məsələlər
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll ediləcəkdir.” Münaqişənin dondurulmuş şəkildə saxlanılmasının
mühüm problemlər yaradacığını söyləyən,
BMT , AŞPA , Avropa Parlamentinin, ATƏT-in, İslam Konfransı
Təşkilatının məsələnin həlli
bağlı qəbul etdikləri çoxsaylı qərar və
qətnamələrini bir daha xatırladan qonaq region ölkələri,
Cənubi Qafqaz respublikaları ilə tarixi
əlaqələri olan dövlətləri münaqişənin
sülh və Azərbaycanın ərazi
bütövlüyünü təmin edən beynəlxalq
hüquq normaları çərçivəsində həllinə
yardım üçün fəal olmağa
çağırdı.
Türk xalqının Azərbaycana isti
münasibətinin daimi
olduğunu bildirən A.Gül “ Mən bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim
Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də
buradan bəyan etmək istəyirəm.”
Məlum olduğu kimi
Ermənistan -Türkiyə sərhədlərinin açılması
ilə əlaqədar Sürix protokolu hələki real həllini tapmayıb. Ermənistan Azərbaycan
torpaqlarını işğaldan azad etməyənə qədər
sərhədlərin açılmayacağını rəsmi
şəkildə bildirən Türkiyə əvvəlki
mövqeyində qalır.
Cari ilin
sentyabr ayında NATO
çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə- Ermənistan sərhədlərinin açılması
ehtimalına
münasibətini “ Bəzən siz görürsünüz, açıq
müzakirə edirik. Bəzən də sizin
görmədiyiniz- diplomatiya belədir, böyük problemlər,
çox mühüm problemlər belə həll olunur-səssiz,
amma qətiyyətli fəaliyyətlə həll olunur”
sözləri ilə bildirən A.Gül bir daha bəyan edir
ki, Ermənistanın da bölgə ilə normal
münasibətlər yarada bilməsi üçün hər
şeydən əvvəl Qarabağ problemini, Qafqazın
sabitlik və əməkdaşlıq bölgəsinə
çevrilməsi üçün bütün problemləri
sülh şəraitində müzakirə və həll etməyimiz
vacibdir: “ BMT-nin tanıdığı sərhədlərin hər
hansı şəkildə başqa bir ölkə tərəfindən
işğalı nə beynəlxalq hüquq tərəfindən
qəbul edilə, nə də hər hansı şəkildə
müsbət qarşılana bilər.”
Münaqişənin həllinə bu cür yanaşma Prezident İlham
Əliyevin “Azərbaycan dəfələrlə bəyan etmişdir ki,
Dağlıq Qarabağın Azərbaycandan kənarda heç
bir statusuna Azərbaycan heç
vaxt öz razılığını verməyəcək və
beynəlxalq hüquq normaları bu
mövqeyi müdafiə edir” bəyanatına daim hiss
olunan daha
bir dost
dəstəyinin nümunəsidir.
Maraqlı keçən
görüşdə türk dünyasının həmrəyliyinə təsir imkanları artan
Türkiyə -Azərbaycan birliyini şərtləndirən amillər bir daha
səsləndirildi. Ötən il
Naxçıvanda keçirilən zirvə
görüşünü xatırladan dövlət başçıları
bildirdilər ki, türkdilli xalqların əməkdaşlığının
genişləndirilməsi bütünlükdə bölgə
üçün siyasi sabitlik, iqtisadi inkişaf vəd edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi
türk xalqları arasında əməkdaşlığın
genişləndirilməsi bizim strateji xəttimizdir. Bu siyasətin
uğurla davam etdirilməsi üçün öndərlərin-
Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin
tövsiyə etdikləri yolda uğurla addımlayacaqlarına
inamlarını ifadə etdilər. Bildirildi ki,
Türkdilli Dövlətlərin Parlament Assambleyasının,
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının yaradılması, yaxın zamanlarda
Türkiyədə keçiriləcək türkdilli ölkələrin
dövlət başçılarının növbəti zirvə
toplantısı, Prezident İlham Əliyevin sözləri
ilə deyilsə belə ənənənin davam etdirilməsi
eyni köklərə, eyni taleyə malik xalqların əsrələrdən
bəri yaşanan milli-mənəvi dəyərlərə
sadiqlik rəmzidir. Bu həmrəylik yolunda türk
dünyasına Türkiyə- Azərbaycan birliyi bələdçilik
edir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2010.- 18 avqust.- S. 3.