Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

 

İlham Əliyev: “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır”

“Biz həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görməliyik. Bizim qaz ehtiyatlarımız çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcəkdir.” Prezident İlham Əliyevin bu fikirləri bir daha onu göstərir ki, Azərbaycanın yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri təbii qazın ixracıdır.

Son vaxtlarda Türkiyə, Rumıniya, Gürcüstan, İran, Bolqarıstan, Suriya və Misirlə bu istiqamətdə əldə olunan razılaşmalar Azərbaycanın təbii qazın ixracı məsələsinə nə dərəcədə böyük əhəmiyyət verdiyini təsdiq edir.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artan rolu xarici tərəfdaşlar, o cümlədən, beynəlxalq ekspertlər tərəfindən də qeyd olunur. ABŞ dövlət katibi Hillari Klinton ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu fikri xüsusi qeyd edib ki, Azərbaycan dünya bazarında mühüm və etibarlı enerji təchizatçısına çevrilib: “Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir.”

90-cı illərin ortalarında neft və qaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb enerji dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin reallaşması Azərbaycanın xüsusi nailiyyətidir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr birgə fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail olmağın mümkünlüyünü əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan qürur duyur.

Bir müddət öncə ABŞ-ın nüfuzlu internet qəzeti “Haffinqton Post” tanınmış amerikalı politoloq Ceyson Katzın Azərbaycanla bağlı məqaləsini dərc etmişdi. Məqalədə bildirilirdi ki, Şərq-Qərb enerji dəhlizinin fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri, xüsusilə də Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb ölkələri üçün çox böyük önəm daşıyır. Müəllif bildirir ki, Azərbaycan haqqında məlumat əldə etmək istəyən hər bir kəs bu ölkənin öz milli maraqlarından çıxış edən olduqca praqmatik bir ölkə olduğunu öyrənər.

APA-nın yaydığı məlumata görə, Vaşinqtondakı Atlantika Şurasının baş tədqiqatçısı, Transxəzər Təşəbbüsləri Qrupunun təsisçisi Borut Qrqiç bildirib ki, Azərbaycanın Avropa və Balkan dövlətlərinin qaz təchizatında, həmçinin tranzit ölkə kimi rolu artır. O, Türkiyə vasitəsilə ixrac olunan Azərbaycan qazının tranzit qiymətini müəyyənləşdirən Azərbaycan-Türkiyə tranzit sazişinin imzalanmasını Balkanlar üçün Xəzərdən gələn yaxşı xəbər adlandırıb.

Bu ilin iyun ayında İstanbulda Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında təbii qazın ixracı ilə bağlı sənədlər imzalanıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız üç əsas məsələ ilə bağlı razılıq əldə edildiyini bildirib. “Birincisi “Şahdəniz” yatağının 1-ci fazasından 2008-ci il 15 aprel tarixindən etibarən Azərbaycandan aldığımız təbii qazın qiyməti yenidən müəyyənləşdirildi. Ammu bu qiymətlə bağlı məlumat verməyəcəyəm. İkincisi “Şahdəniz” yatağının 2-ci fazası ilə bağlıdır. Bu yataq 2016-2017-ci illərdə dövriyyəyə girəcək. Bununla bağlı həm qiymətdə, həm də miqdarda razılaşma əldə etdik. Üçüncüsü, tranzit keçid tarifi ilə bağlıdır. Bu razılaşma qurulacaq azərbaycanlı şirkəti vasitəsilə “Petkim”ə qaz verilməsini ehtiva edir.”

İyulun 17-də isə Dövlət Neft Şirkəti və Türkiyənin “BOTAŞ” şirkəti arasında birgə niyyət bəyannaməsi imzalanıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ARDNŞ ilə “BOTAŞ” şirkəti Azərbaycan və Türkiyə arasında təbii qaz boru kəmərinin tikilməsi layihəsi üzrə danışıqlar aparıb. Danışıqlar zamanı şirkətlər ARDNŞ-in Naxçıvanda planlaşdırdığı investisiya layihələrini həyata keçirmək məqsədilə Türkiyədən Naxçıvana birgə qaz boru kəmərinin çəkilişi üzrə razılığa gəlib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çəkiləcək kəmərin 180-200 kilometr uzunluğunda olacağını bildirib. Bununla da Türkiyə Yunanıstandan sonra ikinci ölkə kimi Azərbaycana, daha doğrusu Naxçıvan MR-ə qaz ixrac edəcək.

Azərbaycanla Türkiyə arasında imzalanan qaz sazişini yüksək dəyərləndirən Borut Qrqiç ölkəmizin Xəzərin qərb sahillərində yerləşən böyük təbii qaz və neft istehsalçısı olduğunu da deyib: “On ildən çoxdur ki, Azərbaycan Qərbin aparıcı neft şirkətlərinin sevimlisidir, çünki onun enerji bazarı birbaşa xarici investisiyalar üçün açıqdır. Bu baxımdan beynəlxalq konsorsium inkişaf edir və yerli neft və qaz şirkəti ARDNŞ-in “Şahdəniz” qaz yatağının istismarını həyata keçirir. Bu struktur belə deməyə əsas verir ki, sazişlərin bağlanmasında bazar prinsipləri siyasətdən üstündür və təbii qazın qiyməti şəffafdır.”

Balkan ölkələri Azərbaycanın Xəzər ehtiyatlarına Rusiyanın qaz maraqlarına alternativ kimi baxmalıdırlar. “Birincisi, bu, hərəkətli struktura malik bazardır. İkincisi, Azərbaycan nüfuz dairəsi məsələsindən asılı deyil və Balkan ölkələri kimi gələcəyini Avratlantik strukturları ilə bağlayır.” Onun fikrincə, hazırda vəziyyət kökündən dəyişməyə doğru gedir. Azərbaycan qazının Balkan istehlakçılarına çatdırılmasının ilkin planı hazırlanır. Qaz mövcud infrastrukturla Azərbaycandan Gürcüstana və Türkiyəyə, oradan da Bolqarıstana ötürüləcək.

Artıq Azərbaycan qazına ehtiyac duyan ölkələr sırasına Bolqarıstan da daxil olur. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il noyabrın 13-də Bolqarıstanda rəsmi səfərdə olub. Elə həmin vaxt iki ölkə arasında “Bolqarıstanın “Bulqartransqaz” şirkəti (“Bulqarqaz” şirkətinin törəmə müəssisəsi) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb. Bolqarıstan mətbuatının yazdığına görə, imzalanan memorandum 2011-2012-ci illərdə Azərbaycandan Bolqarıstana ən azı 1 milyard kubmetr qaz nəqlini nəzərdə tutur. Memorandumun imzalanması Bolqarıstana enerji resurslarının nəqlinin təhlükəsizlik səviyyəsini artıracaq və enerji mənbələrinin diversifikasiyasına imkan verəcək. Bu sənəd əsasında Dövlət Neft Şirkəti və “Bulqartransqaz”ın iştirakı ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Sözügedən birgə müəssisə Azərbaycandan Bolqarıstana təbii qazın çatdırılması, Bolqarıstanın “Nabucco” qaz kəməri vasitəsilə almaq hüququna malik olduğu təbii qaz kvotası üçün resursların tapılması, həmçinin Qara dəniz vasitəsilə tankerlərlə daşınan sıxılmış qazın tranziti imkanlarını öyrənməyi nəzərdə tutur.

Azərbaycana gələn Bolqarıstan Prezidenti Georgi Pırvanov azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq, eləcə də energetika sahəsindəki məsələləri müzakirə etmişdi. Prezident İlham Əliyev bildirmişdir: “Bu sahədə gözəl perspektivlər vardır və artıq konkret addımlar da atılıbdır. Keçən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanmışdır və artıq işçi qrupu memorandumun əsasında bir neçə görüş keçirmişdir. Bu görüşlər çox ümidvericidir.”

Bolqarıstanla Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın uğurlu olacağına əminliklərini bildirən tərəflər həmçinin qeyd ediblər ki, bu razılaşma hər iki ölkənin maraqlarını təmin edəcək. “Çünki Azərbaycan tərəfindən başlanmış və uğurla icra edilən neft-qaz layihələri bu gün artıq regional müstəviyə daxil edilibdir. Bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox böyük əhəmiyyəti vardır.”

Prezident Georgi Pırvanov energetika sahəsində aparılan danışıqları yüksək dəyərləndirərək bildirmişdir: “Bu baxımdan əlaqələrimiz yaxşı inkişaf edir, müsbət nəticələrimiz vardır. Biz Bolqarıstana 1 milyard kubmetr həcmində Azərbaycan qazının alınması imkanının yaradılmasından çox məmnunuq. Bu, çox müsbət bir haldır və bu sahədə əməkdaşlıq artıq gələn ildən başlayaraq baş tutacaqdır. Zənnimcə, bu, mənim ölkəmin enerji təhlükəsizliyinə mühüm töhfə olardı.”

Azərbaycandan sıxılmış qazın Bolqarıstan vasitəsilə Avropaya çıxarılmasının nəzərdə tutulduğunu bildirən G.Pirvanov vurğulayıb ki, əgər birinci layihəmiz ikitərəfli xarakter daşıyırsa, sıxılmış qaz layihəsi artıq daha geniş regional əhəmiyyətə malik ola bilər. “Hesab edirəm ki, bu, enerji daşıyıcıları mənbələrinin və daşınma yollarının şaxələndirilməsinə böyük töhfə verər. Bundan Azərbaycan da faydalana bilər. Beləliklə, Azərbaycan Avropanın enerji bazarına birbaşa çıxış əldə edəcəkdir.”

“Azərbaycanın kifayət qədər potensialı var ki, Avropanın enerji təhlükəsizliyini təmin etsin” söyləyən Prezident İlham Əliyev eyni zamanda bildirir: “Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.”

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2010.- 19 avqust.- S. 3.