MAESTRO NİYAZİNİN XATİRƏSİ YAD OLUNUB

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları avqustun 20-də Fəxri xiyabana gələrək dirijor və bəstəkar, Xalq Qrtisti Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 98-ci ildönümü münasibətilə maestronun xatirəsini ehtiramla anmış, məzarı üstünə təzə-tər güllər düzmüşlər.

Muzeyin direktoru Alla Bayramova bildirmişdir ki, Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ilin avqustunda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi geniş şəkildə qeyd ediləcəkdir. Artıq indidən Niyazinin ev-muzeyinin kollektivi qarşıdakı tədbirlərə ciddi hazırlaşır.

A.Bayramova bildirmişdir ki, bu gün muzeydə “Açıq-qapı” günü elan edilmişdir. Gün ərzində muzeydə silsilə tədbirlər təşkil ediləcəkdir. Belə ki, bəstəkarı Niyazi olan “Kəndlilər”, “Fətəli xan”, “Doğma xalqımıza”, “Almaz” filmləri nümayiş olunacaqdır.

 

 

İki sahil.- 2010.- 21 avqust.- S. 16.