Mehriban xanım Əliyeva: Mən humanizm tərəfdarıyam və mənim üçün insan həyatı
hər şeydən üstündür
Bu gün Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
ad günüdür
Azərbaycanın
birinci xanımı çox ağıllı və çox
gözəl olmaqla bərabər, hər işdə uğurlu
nəticə əldə etməyi bacarır. Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ölkənin sosial
inkişafının ən mühüm vasitələrindən
birinə çevrilmişdir. O, yeganə qadındır ki, həm
YUNESKO-nun, həm də İSESKO-nun (İslam Ölkələrinin
Təhsil, Elm və Mədəniyyət Təşkilatı)
xoşməramlı səfiridir.
7 ildir ki, dünya Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanı məhz belə
tanıyır.
Müxbirlərin
“Birinci xanım olmaq çətindirmi” sualına Mehriban
xanımın cavabı belə olmuşdur: “Ölkə
Prezidentinin xanımı olmaq məsuliyyətli və çətindir.
Sən yalnız özünü və ailəni yox, həm də
ölkəni təmsil edirsən. Xoşbəxtlikdən, mən
hələ uşaqlıqdan qarşıma sərt tələblər
qoymuşam, həmişə valideynlərimə, ailəmə
layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyəti
öz üzərimdə ikiqat
hiss edirəm.”
Görmək, duymaq
çətin deyil ki,
Mehriban xanım Əliyevanın dərindən
hiss etdiyi məsuliyyət
Prezident İlham Əliyevin
Azərbaycanın daha da
tərəqqisi naminə göstərdiyi siyasi
fəaliyyəti tamamlayır, zənginləşdirir, bu fəaliyyətə bütövlük
və əzəmət bəxş edir.
Qərb
dövlətlərinin birinci
xanımlarının öz ölkələrinin
ictimai həyatında göstərdikləri
xeyirxah, humanitar fəaliyyət
barədə çoxlu sayda
fakt məlumdur. Lakin
inkaredilməz həqiqətdir: Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın son 7 ildə
xalqımızın sosial həyatında
yaratdığı yeniliklər, xüsusilə təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə gördüyü işlərin həcmi istənilən
ölkə ilə müqayisədə qat-qat
üstündür.
Mehriban xanım Əliyevanın dediklərindən:
“Həyatda
hər kəsin yerini və taleyini tarix özü müəyyən edir.”
O,
Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri kimi
ağır və məsuliyyətli vəzifələri
xalqına yüksək səviyyədə xidmət etmək üçün bir vasitə
hesab edir. Mehriban
xanımın adı çəkiləndə, ilk
növbədə, onu cəmiyyətimizin
sabahı olan uşaqlar
arasında göz önünə gətiririk.
İnsanda xoş hisslər
oyadan ən təsirli səhnə-qucağında
tutduğu uşağa
ana nəvazişi göstərən gənc
bir qadın...Yenicə ayaq tutub yeriyən fidan balaların əhatəsində olan bu qadın
qucağındakı uşağı yerə qoyub
əlini ona uzadan başqa bir körpəni götürür. Uşaq
ona, o da
uşağa sarılır... Belə təsirli
anları son illər dəfələrlə
görmüşük. Uşağa
məhəbbət - xalqa, millətə, Vətənə
məhəbbətdir.
Mehriban xanım Əliyevanın uşaqlara, xüsusilə valideyn
himayəsindən məhrum olan uşaqlara qayğı göstərdiyini
görəndə bu alicənablığın,
humanistliyin və mərhəmət hissinin haradan
qaynaqlandığı aydın başa düşülür.
2003-cü ilin prezident seçkilərindən çox keçməmiş Azərbaycanın
uşaq dünyasına mehriban
bir baxış xalq
arasında xoş hisslər oyatdı. Ən
çox diqqətçəkən o idi ki,
insanlar Mehriban
xanımın uşaq evlərinə, internat məktəblərinə getməsini, xəstə
övladlarını müalicə etdirmək
üçün vəsait tapa
bilməyən ailələrə köməyini, ən ucqar rayonlarda da yeni məktəb
binaları, səhiyyə, mədəniyyət ocaqları
tikdirməsini, köhnə binaları bərpa etdirməsini məhz
insanpərvərlik və mərhəmət hisslərinə
söykənən xeyriyyəçilik kimi
dəyərləndirərək, bu fəaliyyəti
yüksək qiymətləndirirdilər.
Azərbaycan mədəniyyətini, incəsənətini,
tarixi memarlıq abidələrini dünya miqyasında tanıtdığına,
ölkəmizin milli dəyərlərini Avropaya qovuşdurduğuna
görə Mehriban xanıma 2004-cü ilin sentyabrında Parisdə YUNESKO-nun
xoşməramlı səfiri adı verildi.
Daha sonra o, Türkiyədə və Azərbaycanda keçirilmiş rəy sorğularına əsasən,
“İlin qadını” elan
edildi.
Sonrakı
illər Mehriban xanımın
titullarının, fəxri adlarının sırasını
zənginləşdirdi. “Yeniləşən Azərbaycana
yeni məktəb”, “Uşaq
evləri və internat məktəblərin
inkişafı”, “Diabetli uşaqlara
daha çox
qayğı”, “Talassemiyasız həyat naminə” proqramları
hazırlanıb icrasına başlandı. Məcburi köçkün uşaqlarının təhsili,
müalicəsi təşkil olundu, Azərbaycan
uşaqlarının bir çox problemləri beynəlxalq təşkilatların,
o cümlədən YUNİSEF-in
diqqətinə çatdırıldı.
2005-ci
ildə Mehriban xanım əbədi minnətdarlıqla
xatırlanacaq bir xeyriyyə əməlini
həyata keçirdi. Bilgəh qəsəbəsindəki
internat məktəbdə boya-başa
çatmış gənclərin toy mərasimini
keçirməsi bu nəcib qəlbli
qadına ümumxalq məhəbbətini qat-qat artırdı.
Mehriban xanım Əliyevanın dediklərindən:
“Xalqımızın
taleyüklü problemlərinin həllinə
yardımçı olmaqdan qürur duyuram.”
2004-cü il mayın
4-də fəaliyyətə başlayan
Heydər Əliyev Fondunun əsas məqsədi
ulu öndərin həyat və fəaliyyətinin,
elmi-nəzəri irsinin, azərbaycançılıq
ideologiyasının öyrənilməsi, təbliği, gələcək
nəsillərə çatdırılması yolunda
üzərinə götürdüyü şərəfli
missiyanı uğurla həyata keçirməkdir.
Fondun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə son 6 ildə
uşaqların təhsili, sağlamlığı, uşaq evləri və internatların keyfiyyətli
qida məhsulları ilə təminatı,
uşaqlar üçün
yay istirahət düşərgələrinin
təşkili, yeni tədris müəssisələrinin
tikilməsi, müalicəyə ehtiyacı olan ağır xəstə uşaqların xarici ölkələrə göndərilməsi,
uşaqlar üçün
yeni il və Novruz bayramları şənliklərinin
keçirilməsi təmin olunmuşdur. Bundan başqa, 3 minə qədər
insana yardım göstərilmişdir ki, onların çoxu
ürək xəstəliklərindən əziyyət çəkən
azyaşlılardır.
Bakının Əzizbəyov (indi Xəzər adlanır) rayonunun
Mərdəkan qəsəbəsindəki kütləvi
kitabxananın əsaslı şəkildə yenidən
qurulması, Pir Həsən ziyarətgahının
və Hacı Zeynalabdin Tağıyevin məzarının
bərpa edilməsi Mehriban xanımın
adı ilə bağlıdır.
Şüvəlan
qəsəbəsində Mir Mövsüm Ağa ziyarətgahını
vaxtaşırı ziyarət edən Mehriban
xanım bu müqəddəs ocağa üzərində Quran
ayələri olan xalça
hədiyyə etmişdir.
Gəncə
şəhərində köhnə məscid
binalarının, eləcə də İmamzadə adlanan ziyarətgahın əsaslı şəkildə
yenidən qurulması Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə mümkün
olmuşdur.
Təhsilin,
səhiyyənin, mədəniyyətin inkişafında, azərbaycançılıq
məfkurəsinin təbliğində Heydər Əliyev Fondunun misilsiz xidmətləri
təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də yüksək
qiymətləndirilir. Bu mənada, “Qarabağ həqiqətləri”
silsilə nəşrlərinin ingilis, rus, alman, ərəb,
fransız dillərində çap olunaraq xarici ölkələrdəki
Azərbaycan səfirliklərinə və diaspor
təşkilatlarına göndərilməsi ölkəmizin əsas
problemlərinin dünyaya
yayılmasında müstəsna rol oynayır.
Mehriban xanım Əliyevanın dediklərindən:
“Mən
humanizm tərəfdarıyam və mənim
üçün insan
həyatı hər şeydən üstündür.”
Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva ötən il Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi
ilə parlamentə müraciət etmişdi.
Mehriban xanımın təklifi ilə qəbul
olunmuş amnistiya 9 min məhbusa şamil olundu. Xatırladaq ki,
2007-ci ildə də məhz onun təşəbbüsü
ilə amnistiya haqqında qərar qəbul
edilmiş, 1500-dən çox
məhbus cəzaçəkmə müəssisələrindən
azad edilərək cəmiyyətə qovuşmuşdu.
Ümumiyyətlə,
Azərbaycanın birinci xanımı, millət
vəkili Mehriban Əliyevanın ictimai fəaliyyətinin humanizmə və
xeyirxahlığa kökləndiyi aydın nəzərə
çarpır. Rəhbəri olduğu
Heydər Əliyev Fondu müxtəlif problemləri
olan minlərlə ailənin ümid yerinə çevrilmişdir.
Yazının əvvəlinə
qayıdıb qeyd edək ki,
Qərb ölkələrində dövlət
başçılarının xanımlarının
xeyirxahlıq missiyaları barədə çoxsaylı faktlar olsa da,
Azərbaycanda birinci xanım institutu 7 ildir fəaliyyət
göstərir. Lakin bu
müddətdə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın
göstərdiyi fəaliyyət dünyada
heyranlıqla izlənir, bu fəaliyyət
xarici ölkələrə nümunə,
örnək kimi göstərilir.
“Siz indiyə qədər
gördüyünüz işlərlə
artıq millət vəkili adını qazanmısınız”-
bu sözlər 2005-ci ildə keçirilmiş parlament
seçkiləri ərəfəsində Əzizbəyov (indiki Xəzər) rayonundan
namizədliyini irəli sürmüş Mehriban xanım Əliyeva ilə seçicilərin
görüşündə dönə-dönə səslənirdi.
Seçicilərin çox böyük səs çoxluğu
ilə Milli Məclisə deputat
seçilmiş Mehriban
xanım Əliyeva qısa müddətdə səmərəli
fəaliyyəti ilə həqiqətən xalq
elçisi- millət vəkili olduğunu sübuta yetirdi. Mərdəkan,
Şüvəlan, Binə, Buzovna, Türkan, Zirə, Pirallahı qəsəbələrində,
digər yaşayış massivlərində əhalinin yol, su, qaz,
nəqliyyat problemləri həll olundu, rayonda böyük həcmdə
tikinti, abadlıq, quruculuq,
yaşıllaşdırma işləri aparıldı.
Prezident İlham Əliyevin
sərəncamı ilə 2009-cu ilin Azərbaycanda
“Uşaq ili” elan olunması Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun xeyirxahlıq təşəbbüslərinin
genişləndirilməsinə böyük
təkan verdi. Mehriban
xanımın “Hər bir uşağın
ailəyə ehtiyacı var” təşəbbüsü
əhali tərəfindən təqdir olundu.
Tezliklə onun icrasına başlanması
və bu gün də
uğurla davam etdirilməsi
kimsəsiz və valideyn himayəsindən
məhrum olmuş uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün stimula çevrildi.
Ötən
il Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva “XXI əsrin
böyük qadını” fəxri tituluna layiq görüldü. Bu
yüksək ad ona
yaratdığı Azərbaycan Mədəniyyət Fondunun beynəlxalq miqyasda
fəaliyyətinə görə verilmişdir.
“Muğam sənəti Azərbaycanın Milli sərvəti olmaqla
yanaşı, eyni zamanda
dünya musiqi xəzinəsinin
incisidir”- bu fikirlər
də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
xanım Əliyevaya məxsusdur. Məhz onun
təşəbbüsü ilə muğamlarımız dünya qeyri-maddi irs siyahısına daxil edilmiş, “Azərbaycan muğamı” və “Muğam aləmi” topluları nəşr edilmiş, Bakıda dünyada
yeganə olan Beynəlxalq Muğam
Mərkəzi yaradılmışdır.
Mehriban xanımın təşəbbüsü
ilə 2011-ci ildə Bakıda Beynəlxalq Muğam
Festivalı keçiriləcək.
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın beynəlxalq
miqyaslı fəaliyyətinə dair
çoxsaylı faktlardan biri:
Pakistanda qəzalı vəziyyətdə
olan bir məktəb fondun hesabına yenidən qurularaq
istifadəyə verilmişdir.
Son illər Heydər Əliyev Fondunun dəstəyi, bu təşkilatın
rəhbəri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Azərbaycanda bir sıra beynəlxalq idman
yarışları, musiqi festivalları
keçirilməsi ənənəyə çevrilib.
Bu il iyulun
sonu-avqustun əvvəllərində Qəbələdə
keçirilmiş ikinci
beynəlxalq musiqi festivalı Azərbaycanın
sorağını dünyaya yaydı.
Açılış mərasimində iştirak
edən YUNESKO-nun baş
direktoru İrina Bokova Mehriban xanım Əliyevaya
müraciətilə demişdir: “Sizi xoşməramlı səfirlər
sırasında görmək bizim üçün, YUNESKO üçün
şərəfdir. Siz YUNESKO-nun
humanist dəyərlərinin
bayraqdarısınız.”
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva
artıq nəinki Azərbaycanda və regionda,
hətta beynəlxalq miqyasda tanınır
və sevilir. Bu
ehtiramı, bu sevgini o, insanlara sevgisi,
qayğısı ilə qazanmışdır.
Ötən
ilin mart ayında
İTAR-TASS müxbirinin Mehriban
xanıma verdiyi “Nəyi özünüzün
ən böyük uğuru
hesab edirsiniz”
sualına məhz belə cavabı almışdır: “Həyatda
əsas uğurum üç
təmiz, ləyaqətli və xeyirxah insan tərbiyə etməyimdir. İndi onlar artıq
böyüyüblər və mən inamla
deyə bilərəm ki, bu
məhz belədir.”
Bu sözlərin deyildiyi
vaxtdan ötən bir il ərzində çox şey dəyişib. Dəyişməyən
isə Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun
Azərbaycan naminə, xalqımızın problemlərinin həlli
naminə göstərdiyi fəaliyyətdir. “İstər
xoşməramlı səfir, istər millət vəkili, istərsə
də Heydər Əliyev Fondunun prezidenti kimi mənə
ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox
məktub gəlir. Mən konkret iş görmək, insanlara
kömək etmək istəyirəm”-Azərbaycanın birinci xanımı belə deyir,
öz fəaliyyəti ilə insanlara sevinc, xoşbəxtlik
bəxş edir.
Telman Qafar
İki sahil.- 2010.- 26 avqust.- S.3;5.