KANADADA AZƏRBAYCAN MUSİQİSİ AXŞAMI

 

Xəbər verildiyi kimi, Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalı rəhbərliyinin qərarı ilə avqustun 26-sı Beynəlxalq Azərbaycan muğamı günü elan olunmuşdur. 2006-cı ildən etibarən Kanadanın tanınmış turizm mərkəzlərindən olan bu şəhərdə Azərbaycan xalqklassik musiqisi konsertləri təşkil edilir.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ənənənin davamı olaraq avqustun 26-da Kanadanın Niaqara şəhərində Beynəlxalq Azərbaycan muğamı gününə həsr olunmuş Azərbaycan musiqisi axşamı keçirilmişdir.

Tədbirdə Niaqara şəhərinin meri Gary Burroughs açılış nitqi ilə çıxış etmişdir. Daha sonra o, Kanadanın “İpək yolu” kamera orkestrinin bədii rəhbəri, bəstəkar və dirijor İsmayıl Hacıyevə və tədbirdə məşhur heykəltəraş Ömər Eldarova fəxri fərmanlar təqdim etmişdir.

Həmçinin, tədbir zamanı Azərbaycan Respublikasının Kanadadakı səfiri F.Şəfiyev və cari ilin iyununda ölkəmizdə səfərdə olmuş Ontario əyaləti parlamentinin üzvləri M.Kvinter və R.Moridi təbrik nitqləri ilə çıxış etmişlər.

Konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Həsən Rzayev, Fərhad Bədəlbəylinin əsərləri səsləndirilmiş, muğamlarımızdan parçalar ifa edilmişdir.

Azərbaycan musiqisi axşamında xanəndə Güllü Muradovanı tarda Sahib Paşazadə, kamançada Cefri Verbok müşayiət etmişlər.

 

 

İki sahil.- 2010.- 28 avqust.- S. 16.