Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” adlı fundamental elmi-tədqiqat əsəri ermənilərin əsassız iddialarına tutarlı cavabdır

 

Tarix həqiqətlərə əsaslanır

Təbliğat faktlara deyil, yalanlara söykənəndə onun ömrü heç zaman uzun olmur.  Bir məqamı da unutmayaq ki, tarix yazılmır, yaranır. Özlərinə tarix yazan ermənilərin daim fakt qarşısında aciz qaldıqları reallıqdır. Lakin buna baxmayaraq, dünya ictimaiyyətinə öz yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışan erməni rəsmiləri fürsət düşən kimi,  öz çirkin niyyətlərinin məhsulu olan əsassız təbliğatlarını işə salır, daim qınaqla üzə-üzə qalırlar. Bir faktı qeyd edək ki, Ermənistanın keçmiş prezidenti R.Köçəryan dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının tribunasından Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu, Ermənistan-Azərbaycan münaqişəsi baş verəndən sonra guya isə müstəqil dövlət kimi fəaliyyət göstərdiyini bəyan edəndə qurumun rəsmiləri tərəfindən böyük tənqid atəşinə tutuldu. Ermənistan prezidentindən obyektiv olmağı, həqiqətləri təhrif etməməyi tələb edən Avropa Şurasının baş katibi Terri Devis bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, yalnız Avropa Şurası təmsilçisinin  fikri deyil, tarixi həqiqətdir, faktdır.

“Mən şübhə etmirəm ki, biz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik” bəyan edən dövlət başçısı İlham Əliyev eyni zamanda bildirir: “ Mən inanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək, normal məntiqə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə  çıxaracaq və bizim soydaşlarımız bu torpaqlara   qayıdacaqlar. Əks təqdirdə, Azərbaycan tam sərbəsdir ki, bütün imkanlardan, o cümlədən hərbi imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin.”

Erməni tarixiçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır- indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında  formalaşıb.  İrəvan şəhərini  Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə  Ermənistana hədiyyə edib.    İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır.  Ermənilər bu bölgəyə qonaq gəlmişlər. Bu faktlara istinadən dövlət başçısı bir daha bəyan edir: “Haqq-ədalət,  tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial-bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.”

 

Elmi, tarixi araşdırmaların “Sarkisyan” modeli

 

Ermənistan rəsmiləri hələ də sərsəm bəyanatları ilə ictimai diqqəti yayındırmaq siyasətlərini davam etdirməkdədirlər.  Məlum olduğu kimi,  ötən ay Ermənistan prezidenti Serj Sarkisyan Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlər qarşısında çıxış edib. Azərbaycana qarşı yalan və ittihamlar irəli sürən Ermənistan prezidentinin jurnalistlərə verdiyi saxtalaşdırılmış məlumatlar, eyni zamanda öz təfəkkürünə uyğun  tapşırıqlar diqqətdən kənarda qala bilməzdi.  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” adlı  məqaləsi  Ermənistan prezidentinin əsassız  iddialarına tutarlı  cavabdır.

Əsər belə başlanır:  “Biz 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşanın şahidi olduq. Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil,  Ermənistan prezidenti Serj Sarkisyanın özü idi - bəli, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Serj Sarkisyan. Bu dəfə özünü akademik kimi göstərməyə çalışan prezident teatr səhnəsindən bütün elm aləmini tarix elmində “yeni kəşflər”lə heyrətləndirməyi qərara almışdı.”

Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın  erməni dilinin ən azı səkkiz minillik tarixi olduğunu bildirməsi onun siyasətinin əsasında hansı prinsiplərin dayandığını açıqladı. S.Sarkisyan utanmadan bəyan edir ki, bu o deməkdir ki, biz bir millət kimi ən azı səkkiz min ildir mövcuduq.

 

Akademik R.Mehdiyev buna cavab olaraq bildirir: “Etiraf etmək lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində genetikanın bu və ya digər dilin yaşını müəyyən etmək qabiliyyəti kimi sensasiyalı bir kəşf eşidilməmişdir.”

Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri Ermənistana dəvət edərək bu şansdan yararlanmaq, onları regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırmaq əvəzinə, görüşə öz dar təfəkkürünə uyğun yanaşaraq “prezident” tapşırığını vermişdir: tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək, onların əvəzinə isə Sarkisyanın təklif etdiyi mif və uydurmalara əsaslanmaq. Sağlam  mühitdə dövlət rəhbəri, adətən, elmi tədqiqat prosesinə müdaxilə etmir, alimlərin aktual problemləri öyrənmələrinə və əldə olunmuş nəticələrin sonradan dərc edilməsinə və geniş müzakirəsinə şərait yaradır. Bu nəticələr peşəkar, hərtərəfli, qərəzsiz - bu məqam da az əhəmiyyət kəsb etmir -mövcud mənbələr bazasının bütün kompleksinin tənqidi təhlili əsasında, bəzi mənbələri fərqləndirmədən, digərlərinə məhəl qoymadan aparılmış təhlil əsasında alınmalıdır. Ermənistanda isə rəhbərlər, deyəsən, tədqiqat işinin mədəniyyətinə və bu məsələyə bütün dünyada qəbul edilmiş elmi yanaşma ilə tanış deyillər. Burada ölkəyə gəlmiş qonaqlara - onların arasında bəlkə də öz işinin həqiqi peşəkarları da vardı - elmi mühitdə gülməli, dövlət başçısının dilindən eşidildikdə isə, ümumiyyətlə, biabırçı səslənən tamamilə başqa metodlardan istifadə etmək məsləhət görülür.

Ermənistan dövlətinin başçısı həmin tədbirə toplaşmış auditoriyadan daha çox ətraf aləmə ünvanlanmış mesaj göndərərək əsla utanıb qızarmadan oradakı adamlara bildirmişdir ki, həmin tədqiqatın yekunları, ümumiyyətlə, hazırdır və indi alimlərin bütün işi həqiqət axtarışına deyil, yalnız onun və komandasının əvvəlcədən hazırladığı təbliğat şüarlarını təsdiq etməyə yönəldilməlidir, hətta çoxsaylı faktlar və sənədlər həmin şüarlara zidd olsa belə...

Elmi, tarixi araşdırmaların hansı istiqamətlərdə və necə aparılmasından xəbərsiz olan Ermənistan prezidenti özünəməxsus “təklifləri” ilə “yeni tədqiqat modeli”ni ortaya qoyur. Elə bunun nəticəsidir ki, Azərbaycana qarşı əsassız torpaq, Türkiyəyə qarşı isə qondarma “erməni soyqırımı” iddiası ilə çıxış  edən Ermənistandan qardaş Türkiyə türk-erməni komissiyasının yaradılmasını, dünyanın bütün ölkələrinin arxivlərinin açılmasını təklif edəndə erməni rəsmiləri bunun tarixçilərin deyil, siyasətçilərin işi olduğunu bəyan edirlər. Bir dövlətin rəhbəri ki, tarixi araşdırmalarla tarixçilər deyil, siyasətçilərin məşğul olduğunu bəyan edir, onun siyasətinin hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yoxdur. Digər tərəfdən bu faktı da qeyd etmək yerinə düşər ki, hakimiyyətə qeyri-demokratik yolla, seçki nəticələrini saxtalaşdırmaqla gələn S.Sarkisyanın  jurnalistlərə tarixin saxtalaşdırılması tapşırığını verməsi təəccüb doğurmamalıdır.

S.Sarksiyan bir məqamı unudur ki, artıq dünya həqiqəti olduğu kimi dərk edərək, hadisələrə obyektiv yanaşır, haqlı, haqsız tərəfin kim olduğunu bilir. Erməni diasporu vaxtilə dünyada gedən proseslərə təsir etmək imkanına malik olsa da, bu gün Azərbaycan-Türkiyə diasporunun birgə səyləri nəticəsində bu yalanlar dünya səviyyəsində ifşa olunur.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra  ilk görüşü   ölkə ziyalıları ilə oldu. Hər bir dövləti beynəlxalq aləmdə tanıdan onun siyasəti ilə yanaşı, ziyalı potensialıdır. Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanda elmin zəngin tarixi və ənənələri vardır. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermiş, elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri dəyərli əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmişlər.

Ümummilli lider Heydər Əliyevin  tarixçilərin diqqətini XIX-XX əsrlərin tarixinin öyrənilməsinə yönəltməsi təsadüfi deyildi.  Çünki bu dövrlərdə tariximiz  daha çox təhrif edilib.  Ulu öndər  Heydər Əliyev 1997-ci il yanvarın 31-də respublika Elmlər Akademiyasının rəhbərliyi və aparıcı alimlərlə  görüşündə  tarixçilərin qarşısında  Azərbaycanın XIX-XX əsrlər tarixini  təhriflərə yol vermədən, olduğu kimi yazmaq,  ən başlıcası bu dövrün tarixini  araşdırmaq vəzifəsini qoymuşdur.

 

Tarixi həqiqətlərimizin  araşdırılaraq üzə çıxarılması, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan tarixçilərinin fəaliyyəti  uğurludur və  böyük nəticələr əldə olunub. Dağlıq Qarabağın tarixi ilə bağlı nəşr olunan kitablarımız müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı “Xocalıya ədalət” kampaniyası çərçivəsində  dünyanın müxtəlif ölkələrində tədbirlər həyata keçirilir. Bu kimi faktlara əsaslanan təbliğatımız təbii ki, erməni yalanlarını ifşa etməyə qadirdir. Məqalədə bildirilir: “ lakin hər dəfə müəyyən xarici telekanal və ya mətbu nəşr əsl həqiqəti -erməni talançılar tərəfindən dağıdılmış və yandırılmış Şuşanı, Dağlıq Qarabağa bitişik yeddi rayonda məhv edilmiş və təhqir edilmiş mədəniyyət abidələrini, boşaldılmış kəndləri, Serj Sarkisyanın keçmiş həmkarları tərəfindən Xocalıda törədilmiş vəhşiliklər haqqında videokadrları bəzək-düzəksiz işıqlandıranda həm Ermənistanda, həm də diasporda dərhal hay-küy qaldırırlar, çünki bu, Ermənistan rəhbərliyinin və diasporun məqsədlərinə cavab vermir. Onlar “gerçəklik” deyəndə medalın yalnız bir üzünü başa düşürlər. Onlar “Arsaxın problemləri” və “bugünkü arsaxlının qayğıları” dedikdə yalnız etnik erməniləri başa düşür, Dağlıq Qarabağ sakinləri olan əhalinin üçdəbir hissəsinin üstündən qələm çəkirlər. Əgər xarici jurnalistlər bu cür məsləhətlərə əməl edərək Dağlıq Qarabağ azərbaycanlılarının indi yaşadığı müvəqqəti qəsəbələrə baş çəksələr, öz doğma yurdlarına qaytarılmasını gözləyən bugünkü “arsaxlı”-azərbaycanlının qayğılarını bəzək-düzəksiz işıqlandırsalar, vəziyyətin nə dərəcədə naqolay olacağı aydın deyilmi? Ermənistan liderləri “obyektiv gerçəkliyi” özləri istədiyi kimi başa düşürlər.”

 

Demokratik prinsiplərə hörmətsizlik

 

Ermənistan prezidentinin jurnalistlərə dünyada və ölkədə baş verən prosesləri təhrif etmiş formada yazmaq tapşırığını verməsi  eyni zamanda onun demokratiya tələblərinə zidd fəaliyyətini də ortaya qoyur. Bir faktı qeyd edək ki, 2008-ci iln fevralında Ermənistanda qeyri-demokratik prezident seçkiləri keçiriləndə ölkə ilə bağlı hansısa bir informasiyanın xaricə ötürülməməsi tapşırığını verməklə yanaşı, bu addım atanlara qarşı ciddi təzyiqlərin göstərildiyi də məlumdur. Amma belə bir ölkənin Azərbaycanla eyni vaxtda dünyanın demokratik təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması və bu günədək ünvanına səsləndirilən iradlardan nəticə çıxarmayaraq, qeyri-demokratik yolu fəaliyyətinin əsas istiqaməti  seçməsi  birmənalı qarşılana bilməz.

 

Stepan Şaumyana  Sarkisyan sevgisi

 

Serj Sarkisyan Gorusdakı çıxışında Stepan Şaumyanın Azərbaycanda “bandit” adlandırılmasından hiddətlənib.  Onda bu sevginin nədən qaynaqlandığı aydındır.  S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək, “Daşnaksütyun” partiyasının proqramını həyata keçirib. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər. Fundamental tədqiqat əsərində   akademik Ramiz Mehdiyev  haqlı olaraq  XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən birinin Stepan Şaumyanın adı ilə bağlı olduğunu bildirir. Müəllif  öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistan rəhbərlərinin yaxın tarixdən ibrət dərsi almamalarına təəssüf edir: “Serj Sarkisyan Gorusdakı çıxışında hiddətlənmişdir ki, Stepan Şaumyanı Azərbaycanda “bandit” adlandırırlar. Lakin ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün biz öz keçmişimizdə baş vermiş hadisələri dərk etməkdə azadıq. Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sarkisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pərdələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz.”

Tarixi saxtalaşdırmaqla nəyəsə nail olmağın qeyri-mümkünlüyünü çox yaxşı başa düşən Ermənistan rəhbərliyi yaxşı olar ki, qeyri-konstruktiv mövqeyindən əl çəkib, münaqişənin tezliklə nizamlanması istiqamətində səylər göstərsin. “Azərbaycanın ərazi bütövlüyü heç vaxt  müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır” bəyan edən dövlət başçısı İlham Əliyev  dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından bildirir ki, bizim danışıqlar naminə danışıq aparmaq fikrimiz yoxdur. Xalqın səbri tükənməz deyil. Sülh danışıqları səmərə verməzsə, torpaqlarımızı istənilən yolla azad etməyə tam haqqımız var.

Hörmətli akademik R.Mehdiyevin  sözügedən sanballı elmi-tədqiqat əsərində  qeyd olunduğu kimi,   mövqe tarixi ədalətə, həqiqətlərə əsaslananda  diplomatik mübarizədə də üstünlük qazanmaq asandır.  Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə üsünlük verən,  bütün münaqişəli məsələlərin  bu çərçivədə həllinə səy göstərən Azərbaycan tərəfi  daim işğalçı Ermənistandan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşmağı,  ədalətli mövqe nümayiş etdirməyi tələb edir.

Bu günlərdə Portuqaliyanın  paytaxtı Lissabonda  NATO-nun zirvə toplantısında, eyni zamanda ATƏT-in Astana sammitində  qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin  dəstəklənməsi bu qurumların,  eyni zamanda burda təmsil olunan dövlətlərin mövqeyini ortaya qoyur.

 

İşğalçı  Ermənistan Azərbaycanla rəqabət aparmaq imkanında deyil

 

İşğalçılıq siyasətinin Ermənistana gətirdiyi problemlər göz qabağındadır.    Bu gün işğalçı  Ermənistan hansısa bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Dövlət başçısı bildirir: “Bu gün Azərbaycan bölgədə  o nadir ölkələrdəndir ki,  öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda  gələcəkdə əlbəttə ki,  Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də  demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir.”

İşğalçı dövlət hazırda iqtisadi böhran içərisində çapalayır. Ermənistanın büdcəsinin 70-80 faizi erməni lobbisinin maliyyə yardımları əsasında formalaşır. İşğalçılıq siyasəti ucbatından bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistanın ümumi büdcəsi Azərbaycanın yalnız hərbi büdcəsi qədərdir. İqtisad cəhətdən zəif olan bir dövlətin güclü ordudan danışması real görünə bilərmi?

Dövlət başçısı İlham Əliyevin reallığa əsaslanan “İmkanlarımız artır, bizimlə daha çox hesablaşırlar, bizim sözümüz daha da böyük məna daşıyır, sözümüzün çəkisi artır. Bunun müqabilində, Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edilmiş bir ölkə,- biz buna nail olmuşuq, - heç bir əhəmiyyət kəsb etməyən bir ölkə, xarici ianələrdən asılı olan, xarici dövlətlərin köməyi ilə  yaşayan və müstəqilliyi ancaq şərti xarakter daşıyan bir ölkədir”- bəyanatı işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir. Rəsmi Bakı işğalçı Ermənistandan daim ədalətli mövqe nümayiş etdirməyi tələb edir. Siyasətində müstəqil olmayan bu ölkə bu və ya digər dövlətin diktəsi ilə hərəkət etməklə  problemin həllinin uzanmasına səbəb olur.

Akademik R.Mehdiyev məqalədə bu məsələyə də xüsusi diqqət yönəldir: “Bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec deyil, vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtarmaq vaxtı çatmamışdırmı?”

 

Görkəmli filosof-alim, tanınmış  ictimai-siyasi xadim fundamental elmi araşdırmasında  Azərbaycanın hərbi qüdrətinin günbəgün artmasını faktlar əsasında diqqətə çatdırır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib amillərdən biridir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh siyasətini qətiyyətlə aparmaq üçün güclü ordun olmalıdır.  Azərbaycan Prezidenti İlham Əliyevin  “ bir qarış torpağımız belə düşmənə verilməyəcək” bəyanatı da Azərbaycanın diplomatik qələbəsindən, eyni zamanda iqtisadi və hərbi qüdrətinə əminlikdən  irəli gəlir.

Hörmətli akademik R.Mehdiyev bildirir  ki, Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artması fonunda Ermənistan hərbi blokun arxasında gizlənməyə çalışır: “Halbuki Ermənistandan başqa bu blokun bütün üzvləri Azərbaycana dost ölkələrdir və onlar Ermənistanın işğalçı mahiyyətini başa düşürlər. Azərbaycanın müdafiə xarakterli  iki kompleks ala biləcəyi barədə informasiya Ermənistan rəhbərliyini görünməmiş vahiməyə salmışdır. Onlar buna “qələbə” deyirlər? Qaliblər özlərini bu cür aparmır və başqa ölkələrdən xahiş etmirlər ki, onları məğlub olandan qorusunlar!”

Ermənistanı tarixin  saxtalaşdırılması məsələləri üzrə dəyişməz “dünya çempionu” adlandırmaq olar

Ermənistan prezidenti həmin görüşdə   “Azərbaycan özü müharibəyə başlamış, özü də uduzmuşdur” sərsəm bəyanatı ilə özünü gülüş hədəfinə çevirir və nə qədər riyakar olduğunu aydın şəkildə göstərir. Torpaqlarının 20 faizi işğal altında,  bir milyondan artıq soydaşı  öz doğma yurd-yuvasından didərgin düşən Azərbaycandır.

Hörmətli akademik  məqalədə obyektiv olaraq Ermənistan prezidentinin həmin qeyri-ciddi bəyanatına da münasibət açıqlayır: “Ermənistanın təcavüzünü öz üzərində hiss edən və ona qarşı heç vaxt ərazi iddiaları irəli sürməmiş (bunun üçün artıqlaması ilə tarixi əsaslar olduğuna baxmayaraq) Azərbaycan bu gün təcavüzkar dövlətin, işğalçı dövlətin, beynəlxalq konvensiyaları pozan dövlətin başçısının dilindən həyasızcasına ittiham eşidir. Azərbaycan heç vaxt Ermənistan ərazisinin beşdəbir hissəsini işğal etmək, erməniləri oradan qovmaq və orada oyuncaq rejim yaratmaq niyyətində olmamışdır. Bu cür riyakar bəyanatların müəllifi başqa bir məsələ üzərində düşünsəydi, pis olmazdı: əgər onun dediyi kimi, məğlubiyyətin nəticələri heç vaxt xoşagələn olmursa, onda ermənilər Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında erməni qiyamının nəticələri barədə nə üçün onilliklər boyu şivən qaldırırlar? Onlar özləri öz dövlətinə xain çıxmış, ona arxadan zərbə vurmuş, düşmən tərəfə keçmiş, ölkənin şərqində müsəlman əhalini qırmağa başlamışlar və bunun nəticələrinə görə elə özləri də məsuliyyət daşıyırlar! Guya bu cür əməllərin nəticələri xoşagələn də ola bilərmiş. Ermənilər hansı “soyqırımı”ndan danışa bilərlər ki, o vaxt bu söz yox idi”.

Elmi mənbələrə istinadla davam edən akademik Ramiz Mehdiyev tarixi faktları oxucuların diqqətinə çatdırdıqdan sonra bildirir: “Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu “sübut” etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq üzrə laboratoriyadan olan erməni “intellektualları” çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir, geriyə yox. O ki qaldı Dağlıq Qarabağın və ya onun əvvəlki adı ilə desək, Arsaxın qədim alban torpağı olmasına, bunu erməni tarixçilərinin özləri sübut ediblər”.

Prezident Administrasiyasının rəhbəri  “Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar” söyləyərək bildirir ki, bu baxımdan işğalçı Ermənistanın  tayı-bərabəri yoxdur. “Öz tarixlərini “qədimləşdirməyə” və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə “bağlamağa” çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan, həmin nəticələri elmdə hamılıqla qəbul edilmiş “aksiomlar” kimi qələmə verirlər.”

Azərbaycan torpaqlarının işğalı  faktı  bir çox beynəlxalq təşkilatların- BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatının qərar və qətnamələrində  əksini tapıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın əzəli  torpağı olduğu, erməni işğalçılarının torpaqlarımızı qeyd-şərtsiz azad etmələri bildirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə, qəbul olunan qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan münaqişənin həllini uzatmaqla  özünü çətin durum qarşısında qoyur və dünya ictimaiyyəti qarşısında özünü məhz təcavüzkar dövlət kimi təsdiqləyir.

Uzun illər elmi-pedoqoji fəaliyyətlə məşğul olan bir pedaqoq, ziyalı, alim və eyni zamanda, təhsil nazirinin müavini kimi hesab edirəm ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” fundamental elmi-tədqiqat əsəridir. Ermənistanın işğalçılıq siyasətini ifşa edən obyektiv sanballı elmi-tədqiqat və dəyərli mənbədir.  Eyni zamanda bir fikri də xüsusi vurğulamaq  istərdim ki,  belə bir problemə hər bir ziyalı laqeyd olmamalı, öz  vətəndaşlıq mövqeyini aydın bildirməli, öz tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi doğru-dürüst bilməli, Azərbaycan xalqının milli mənəvi dəyərlərini, mentalitetini, milliliyini, dövlətçiliyini daim qorumalı, gənc nəsli  Vətəninə, xalqına, dövlətinə sevgi ruhunda tərbiyə etməli, Azərbaycan məfkurəsini, ideologiyasını uca tutmalı və o idealları daim təlqin etməlidir.

 

İki sahil.- 2010.- 8 dekabr.- S.10-11.