Azərbaycana Tanrı qisməti

 

Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi ölkəmizə davamlı iqtisadi inkişaf, daxili sabitlik, əmin-amanlıq və milli birlik bəxş etmiş, dünyada böyük nüfuz qazandırmışdır.

Tarixin yaddaşında o şəxslər yaşayır, iz qoyur, gələcək nəsillərə örnək olurlar ki, onlar xalqın, ölkənin ən ağır məqamında xilaskarlıq missiyasını üzərlərinə götürərək, bu vəzifəni şərəflə yerinə yetirir, bununla da insanların qəlbində özlərinə əbədi məhəbbət abidəsi qururlar. Heydər Əlirza oğlu Əliyev məhz belə keyfiyyətləri qabarıq şəkildə hiss olunan dünya səviyyəli siyasi xadim, görkəmli dövlət başçısı idi.

Dünya onu belə tanıyır, belə qiymətləndirirdi. Ulu öndərin 12 dekabr anım günü ərəfəsində  tanınmış şəxsiyyətlərdən birinin dediyi bir fikir bu insanın dahiliyi barədə aydın təsəvvür yaradır: “Kim mənə Heydər Əliyev səviyyəsində nəinki Azərbaycanda, hətta bütün dünyada bircə siyasi xadim göstərsə, mən ona baş əyərəm. Heydər Əliyev dünya siyasətçilərinin patriarxı səviyyəsinə yüksəlmiş bir şəxsiyyətdir.”

Bu fikrə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Azərbaycan kimi kiçik bir ölkəni güclü xarici qüvvələrin caynağından xilas etmiş, dövlət müstəqilliyini qorumuş, ölkəni parçalanmaqdan xilas etmiş, bu gün dünyada təsdiq olunan inkişafa çatdırmış, ulu öndər adlanmağa layiq bir ömür yaşamış Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycanın rəmzinə çevrilmişdir.

Bu dahi şəxsin xalqımızın siyasi, iqtisadi, intellektual, mədəni inkişafına, dövlətimizin tərəqqisinə sərf olunmuş təxminən yarım əsrlik çoxcəhətli fəaliyyətinin hər anı Azərbaycanı əsrlərin geriliyindən çıxararaq, hərtərəfli inkişaf etmiş bir ölkəyə çevirmişdir. Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə başladığı dövrdə olduğu kimi, 1993-cü ilin uyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövründə də Azərbaycan fırtınalı dənizdə hər an bata biləcək gəmi vəziyyətində idi. Bu gəminin yeganə xilas yolu onun sükanı arxasına təcrübəli, səriştəli, hər bir fədakarlığa hazır olan kapitanın keçməsi ola bilərdi. Heydər Əliyev bu ağır missiyanı üzərinə götürüb Azərbaycanı tufanlar qoynundan xilas etdi.

Heydər Əliyevin dövlətçiliyimizi, müstəqilliyimizi xilas edən bir şəxs kimi adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Onun xilaskarlıq istedadı xarici ölkələrdə daim yüksək qiymətləndirilir. Dostlarımız onun adı ilə qürur duyur, bədxahlarımız, düşmənlərimiz isə Heydər Əliyevlə ehtiyatlı davranmağı tövsiyə edirdilər. 1970-1980-ci illərdə Ermənistana rəhbərlik edən Dəmirçiyan sonralar öz xalqına deyirmiş: Ey mənim sevimli erməni millətim! Biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türk dünyasının yetirdiyi iki qüdrətli şəxsiyyət var: Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır. Heydər Əliyev bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı onu yenidən hakimiyyətə gətirəcək və bununla ermənilərin arzusuna son qoyulacaqdır.”

Çox təəssüflər olsun ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində respublikaya səriştəsiz insanların rəhbərlik etməsi, hakimiyyəti ələ keçirmək üçün ayrı-ayrı qrupların törətdikləri qanlı toqquşmalar, döyüş mövqelərini tərk edib torpaqlarımızın düşmənə verilməsi, xəyanətkarlıq Dağlıq Qarabağın işğalına, bununla da digər ərazilərimizin zəbt olunmasına yol açdı.

Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin tam iflasına rəvac verirdi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev böyük siyasi təcrübəsi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmaq üçün çiyinlərini ağır yükün altına verdi. İlk növbədə, hakimiyyətdəki boşluğu aradan qaldırdı, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən destruktiv qüvvələr zərərsizləşdirildi, ölkədə artıq işartıları açıq-aydın hiss olunan vətəndaş müharibəsinin alovlanmasının qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar dəstələr cəmiyyətdən təcrid edildilər.

O dövr üçün ən vacib məsələlərdən biri Ermənistan-Azərbaycan döyüş cəbhəsində atəşkəsə nail olmaq idi. Ulu öndərin ardıcıl və məqsədyönlü səyləri ilə 1994-cü ilin mayında bu məsələ də həllini tapdı.

Heydər Əliyevin belə çətin bir dövrdə ən böyük xidmətlərindən biri Azərbaycan həqiqətlərinin, xalqımızın düçar edildiyi ağır bəlaların dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün nüfuzlu dövlətlər tərəfindən dəstəklənməsinə, BMT-nin Ermənistanı işğalçı dövlət kimi tanınması barədə qətnamələr verməsinə nail olmasıdır.

Azərbaycanın geosiyasi imkanlarını gerçəkləşdirməsi ulu öndərin parlaq xidmətləri sırasında xüsusi yer tutur. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından, Heydər Əliyev həmişə öz sözü, sanballı fikirləri ilə diqqətdə olmuşdur.

Ölkədə sabitlik, əmin-amanlıq yaranması ilə Heydər Əliyevin işləyib hazırladığı iqtisadi inkişaf strategiyasının icrası istiqamətində uğurlu addımlar atılmağa başlandı. 1994-cü il sentyabrın 20-də dünyanın böyük təcrübəyə malik şirkətləri ilə imzalanmış neft müqavilələri Azərbaycanın iqtisadi tərəqqisinə yol açdı. Sonradan “Əsrin müqaviləsi” adını almış bu sazişlər digər layihələrin gerçəkləşdirilməsi, ölkəmizin dünya iqtisadi məkanına inteqrasiyası üçün həlledici stimula çevrildi, ölkəmizə beynəlxalq aləmdə inam və etibarı daha da möhkəmləndirdi.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Onun müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı Azərbaycanı böyük inkişaf yoluna çıxarmış, beynəlxalq aləmdə sözü ötən, mövqeyi ilə hesablaşılan bir dövlətə çevirmişdir.

Ulu öndərin ən böyük xidmətlərindən biri ondadır ki, o təkcə Azərbaycan ərazisində yaşayan soydaşlarımızda deyil, bütün türk dünyasında milli mənlik şüurunun yeni mərhələdə inkişafına müstəsna xidmətlər göstərdi. Fransanın “Liberasyon” qəzeti Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərkən hələ 1988-ci ildə yazırdı: “Azərbaycanlılar SSRİ-dəki müsəlman xalqlarının avanqardına çevrilirlər. Heydər Əliyev hətta Siyasi Büronun iclaslarında belə Bolqarıstandakı türklərin zorla bolqarlaşdırılması üçün Todor Jivkovun yürütdüyü siyasətə öz etirazını bildirməkdən çəkinmir.”

Bu sözlər belə bir həqiqəti təsdiq edir ki, harada Azərbaycanın mənafeyinə toxunulur, harada türkün adı çəkilir-Heydər Əliyev həmişə öz siyasəti, milli qürur hissi ilə bədxahların ağzını yumurdu.

Heydər Əliyev təpədən dırnağadək, qəlbən, ruhən böyük demokrat idi. Onu guya demokratiyanı qəbul etməməkdə günahlandıran korafəhmlərə ünvanladığı fikirlərə diqqət yetirin: “Tarixin bizə demokratik və əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir. Ağlın və zehnin gücü, professionallıq və nəhayət, müdriklik siyasi mübarizənin əsas vasitələri olmalıdır.”

Türk dünyasının görkəmli siyasi xadimlərindən biri olan Süleyman Dəmirəl Heydər Əliyevi Azərbaycan üçün Tanrı qisməti hesab edirdi. 2000-ci ildə ulu öndərdən müsahibə götürən xarici müxbirlərdən biri yazırdı: “Heydər Əliyevin ötən 7 ildə öz həmvətənləri üçün nə qədər böyük işlər gördüyünü sadalamaqla qurtarmaz. Biz Azərbaycanın timsalında iqtisadiyyatı möhkəmlənmiş, dövlət təsisatları inkişaf etmiş, dünyanı özünə cəlb edən varlı bir ölkə görürük. Biz Azərbaycanı belə yüksək səviyyəyə qaldıran Heydər Əliyevə öz sağlamlığı qayğısına qalmağı tövsiyə edəndə gülümsünüb dedi: -Mənə görə narahat olmayın, məni Allah qoruyur, çünki bilir ki, Heydər Əliyev öz xalqına hələ lazımdır.”

Xalqa, ölkəyə lazım olmaq hissi Heydər Əliyevi heç vaxt tərk etməmişdir. Bununla belə, o, sağlamlığı barədə deyil, Azərbaycanın dərdlərinə əlac etmək yolları barədə düşünür, bu sahədə əldə etdiyi hər bir uğur ona böyük sevinc gətirirdi. Bu barədə danışarkən deyirdi: “Özümü xoşbəxt hesab edirəm. Çünki mənim xoşbəxtçiliyim doğma xalqıma, doğma Vətənim Azərbaycana xidmət göstərməkdən və bu xidmətdən gözəl nəticələr əldə etməkdən irəli gəlir. Mən xoşbəxtəm ona görə ki, bütün fəaliyyətimi, şüurlu həyatımı xalqıma xidmətə həsr etmişəm. Mən xoşbəxtəm ona görə ki, xalq bunu yüksək qiymətləndirir, həmişə mənə dəstək verib, daim arxamda olubdur.”

Xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərini nəzərdən keçirdikdə onun respublikanın hərtərəfli tərəqqisi, xalqın həyat şəraitinin yüksəlməsi üçün qədər əzmkarlıq göstərdiyinin şahidi oluruq. Azərbaycanın sənayeləşdirilməsi, neft-kimya müəssisələrinin dünya standartları səviyyəsində yenidən qurulması, Xəzərdə yeni neft yataqlarının istismarına başlanması, ölkənin ən ucqar bölgələrinin belə elektrik enerjisiyanacaq qazı ilə təmin edilməsi, Bakıda, Gəncədə, Sumqayıtda yeni mikrorayonların salınması, kənd təsərrüfatının coşqun inkişafı, yüzlərlə sıravi zəhmət adamlarının yüksək dövlət mükafatlarına layiq görülməsi, azərbaycanlı gənclərin Rusiyanın və digər ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi, Azərbaycan Ordusunun təşəkkül tapması, digər önəmli məsələlərin həlli respublikaya rəhbərlik etmiş görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin heçtam siyahısı deyil. Bu siyahıda ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası xüsusi yer tutur. Bununla da Azərbaycanın demokratik, hüquqi, dünyəvi bir dövlət kimi, ilk dəfə olaraq insan hüquqlarının prioritetini, hakimiyyət bölgüsünü özünün inkişaf yolu kimi seçməsini şərtləndirdi. Konstitusiyaya görə, Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır.

Ulu öndərin yaratdığı Azərbaycan dövlətinin sükanı arxasına onun öz tövsiyəsi ilə gənc praqmatik lider İlham Əliyevin keçməsi zamanın irəli sürdüyü tələb idi. Hakimiyyətin naşı əllərə keçməsinə yol vermək olmazdı. Xalq ulu öndərinin müraciətinə və tövsiyəsinə əməl edərək Azərbaycanın taleyini İlham Əliyevə tapşırdı. Xalq qısa bir müddətdə gördü ki, Heydər Əliyev bu seçimi etməkdə nə qədər də haqlı imiş!

Xalqın dəstəyinə arxalanan Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin axıra çatdıra bilmədiyi işləri uğurla icra edərək ölkəmizi iqtisadi inkişafın sürəti baxımından dünyada qabaqcıl ölkələr sırasının önünə çıxardı. Bakı-Tbilisi -Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri inşa olundu, təbii sərvətlərimiz dünya bazarlarına çatdırıldı, ölkəmizin tərəqqisi yolunda əhəmiyyətli layihələr icra olundu.

Bu gün ulu öndərin Azərbaycan siyasəti uğurla davam etdirilməkdədir. Bu siyasətə alternativ yoxdur” deyən ölkə Prezidenti, ulu öndərin Azərbaycanı daha da inkişaf etdirməyə xidmət edən siyasətinin bundan sonra da yeni qüvvə ilə davam etdiriləcəyini əminliklə bəyan edir.

 

Telman Qafar

 

İki sahil.- 2010.- 10 dekabr.-S.4.