HEYDƏR
ƏLİYEV YOLU
SABAHA İNAMLA APARAN YOL
Ulu öndərimiz Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin təməlini hələ
1969-cu ildə respublikaya birinci rəhbərlik dövründən
qoymağa başlamışdı.
Sovet imperiyasının tərkibində olduğu müddətdə
respublikada milli hərbi kadrların hazırlığı məqsədilə
hərbi məktəblərin açılması, ölkəmiz
üçün zəruri sahələr üzrə peşəkar
mütəxəssislərin hazırlanması
üçün keçmiş SSRİ-nin ali məktəblərinə
tələbələrin göndərilməsi, Konstitusiyada Azərbaycan
dilinin dövlət dili kimi təsbit olunması məhz ulu
öndərimizin adı ilə bağlıdır.
Ölkənin iqtisadi potensialından səmərəli
istifadə üçün qurulan yüzlərlə zavod,
fabrik və emal sexləri, bu dövrdə
formalaşdırılan müstəqil energetika sistemi, vətəndaşlarımızın
ixtiyarına verilən yeni mənzillər, təhsil, səhiyyə,
mədəniyyət obyektləri, milli intellektin
inkişafı, milli mədəni dəyərlərimizin
qorunub saxlanması və yüksəlişi də ulu öndərimizin
mənsub olduğu xalqa xoş töhfələridir.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
ilə dönmədən və ardıcıl şəkildə
həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda
müasir, sivil, azad iqtisadi sistemin əsası qoyulmuş, bunun
sayəsində ölkə sənayesinə xarici investisiya
qoyuluşu xeyli artmış, inşaat işlərinin həcmi
və səviyyəsi yüksəlmiş, infrastruktur dəyişikliklərinin
miqyası nəzərəçarpacaq dərəcədə
genişlənmişdir.
Həyata keçirilən siyasət
çox qısa bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət
dəyişikliklərinə səbəb olmuşdur. 1996-cı ildən etibarən
ölkəmizdə inflyasiyanın səviyyəsi sabit
qalmış, dövlət büdcəsi bir neçə dəfə
artmış, əmək haqlarının, pensiya və
müavinətlərin artırılması, əhalinin sosial
müdafiəsi istiqamətində aparılan ardıcıl
siyasət ölkədə həyat səviyyəsinin əhəmiyyətli
dərəcədə yüksəlməsini təmin
etmişdir. Təkcə bir faktı diqqətə
çatdıraq ki, ümummilli lider Heydər Əliyevin
müstəqil Azərbaycan Respublikasına rəhbərliyi
dövründə ölkəmizdə orta aylıq əməkhaqqı
və pensiyaların məbləği 6 dəfədən də
çox artmışdır.
Heydər Əliyevin Vətən və xalq
qarşısında göstərdiyi böyük xidmətlərdən
biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi
üçün çox əhəmiyyətli olan azərbaycançılıq
ideyasının, milli birlik meyillərinin daha da dərinləşdirilməsi
sahəsində gördüyü işlər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 2001-ci il 18 iyun tarixli fərmanı, dahi şairimiz
Məhəmməd Füzulinin 500, “Dədə Qorqud” eposunun
1300 illiyinin dünya miqyasında təntənə ilə qeyd
edilməsi, “Azərbaycanda dövlət dili haqqında” Azərbaycan
Respublikası qanununun qəbulu, ümummilli liderimizin ölkəmizdə
elmin, təhsilin inkişafına yaratmış olduğu şərait,
Onun elm, mədəniyyət, incəsənət xadimlərinə
yüksək diqqət və qayğısı bunun ifadəsidir.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
I qurultayının keçirilməsi, ümummilli lider Heydər
Əliyevin fərmanı ilə Xarici ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması da milli həmrəyliyə və
yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət
siyasətinin tərkib hissəsinə çevrildiyini
nümayiş etdirmiş, həyata keçirilən
bütün bu kimi tədbirlər həm sayına, həm də
milli mənəvi, intellektual potensialına görə
dünyanın böyük millətləri ilə bir
sırada dayanan xalqımızın mütəşəkkil
qüvvə kimi formalaşmasına güclü təkan
vermişdir.
Qədim Hindistanda belə bir məsəl xeyli məşhurdur:
“Ənənə əgər davam edərsə, ənənəyə
çevrilir”. Azərbaycanda müstəqil dövlətçilik
ənənələrini formalaşdıran, müstəqil Azərbaycan
dövlətini qurub-yaradan Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı ən böyük xidməti
də elə bundan ibarətdir, ki, ulu öndərimiz müəllifi
olduğu ənənələrin
davamlılığını təmin etmiş, ümummilli
liderin dərin zəkası hesabına Azərbaycanın gələcək
uğurlarına təminat yaradılmışdır
Tarixin konkret məqamında ümummilli
lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin
labüdlüyünü şərtləndirən amillər
isə heç şübhəsiz ki, bu kursun
bütünlüklə Azərbaycanın dövlətçilik
maraqlarının həyata keçirilməsinə yönəlməsindən
ibarət idi. Belə bir
zamanda ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş
olduğu siyasi kursun, o dahi dövlət xadiminin müəyyənləşdirdiyi
milli dövlətçilik konsepsiyasının varisliyinin təmin
olunması zərurəti həmin konsepsiyanın
uğurlarını öz həyatında yaşayan və ulu
öndərimizin cismani yoxluğu zamanı kursu həyata
keçirə biləcək liderin yoxluğu səbəbindən
bu xəttin yarıda qırılması ehtimalını
çox düzgün dəyərləndirən Azərbaycan
ictimaiyyətinin sosial sifarişi kimi ortaya
çıxmışdır.
Ulu öndərimizin müəllifi
olduğu milli dövlətçilik konsepsiyasını davam
etdirə biləcək qüdrət sahibinin
axtarışında olan ictimai rəyin birmənalı olaraq
İlham Əliyev fenomeni üzərində qərar tutması
isə onun Heydər Əliyev siyasi kursunun müəyyənləşdirdiyi
prioritetlərin varisliyini təmin edə biləcək
alternativsiz şəxs olmasından irəli gəlirdi.
Eyni mövqeyə, statusa iddia edən opponentlərindən
fərqli olaraq İlham Əliyevin bu siyasi kursa dair
baxışlar sisteminin institutlaşmış xarakter
daşıması, bu baxışların taktiki, strateji və
perspektiv rakursunda Heydər Əliyev siyasi kursunun ehtiva etdiyi
prioritetlərin dayanması, ən əsası isə ulu
öndərimizin siyasət məktəbində
yetişmiş, peşəkar diplomat, şəffaf
keçmişə, müasir lider imicinə malik İlham
Əliyevin bu konsepsiyaya dair baxışlarının təkcə
nəzəri səciyyə daşımadan həm də əməli
fəaliyyətdə dəfələrlə öz təsdiqini
tapması İlham Əliyev fenomeninə cəlbedicilik
qazandıran başlıca cəhətlərdən idi.
Bütün bu keyfiyyətlər İlham Əliyevi, həmçinin
beynəlxalq maraq obyektinə çevirmiş, onun xarici siyasətin
bütün sahələrində, o cümlədən cəmiyyət
həyatı üçün son dərəcə
mühüm əhəmiyyətə malik bir sıra sahələrdə
üzərinə götürdüyü missiyanı uğurla
həyata keçirməsi, siyasi proseslərə yanaşma tərzi
xüsusilə rasional analitik təfəkkürə dayaqlanan
çıxışlarının bir çox məqamları
Azərbaycan cəmiyyətində, eləcə də beynəlxalq
ictimaiyyətdə böyük maraq doğururdu. Cənab
İlham Əliyev 90-cı illərin ortalarından etibarən
Azərbaycan Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, eləcə də Milli Olimpiya Komitəsinin
prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı,
ölkəmizin Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri
statusunda da Azərbaycanın milli maraqlarının təmin
olunması ilə bağlı mühüm işlər
görmüşdür. Cənab İlham Əliyevin fəaliyyəti
nəticəsində Azərbaycan nümayəndə heyəti
Dağlıq Qarabağ məsələsinin Avropa
Şurasında müzakirəsi zamanı böyük
uğurlar əldə etmiş, İlham Əliyev
AŞPA-nın tribunasından bu münaqişəni
ümumilikdə Avropanı təhdid edən problem kimi gündəmə
gətirmiş, nümayəndə heyətimiz əsir və
girovların qaytarılması, Dağlıq Qarabağda
narkotik maddələrin yetişdirilməsi və bundan əldə
edilən gəlirlərin terrorçuluq fəaliyyətinə
yönəldilməsi, Dağlıq Qarabağda tarixi abidələrin,
mədəniyyət abidələrinin
dağıdılmasına dair Azərbaycan nümayəndə
heyəti Avropa Şurasında çoxsaylı sənədlər
yaymışdır. Azərbaycan nümayəndə
heyətinə rəhbərliyi dövründə
AŞPA-nın vitse-prezidenti kimi mühüm posta seçilən
cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində
Avropa Şurası Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasətini tanımış, Ermənistanı
işğalçı dövlət kimi qəbul etmişdir.
İstər ARDNŞ-in birinci vitse-prezidenti, istər Milli
Olimpiya Komitəsinin prezidenti, istərsə də Milli Məclisin
deputatı və Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri kimi cənab İlham Əliyevin
müstəqil dövlətimizə qazandırdığı
uğurlar onun Azərbaycan və dünya siyasətində
özünütəsdiqi idi. Ümummilli lider Heydər
Əliyevin zəngin dövlətçilik ənənələrinin
ən layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən İlham Əliyev
90-cı illərin sonlarına doğru artıq geopolitik məkanda
siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən,
ona təsir göstərən ciddi fenomen kimi
çıxış edir, bütün bunlarla yanaşı
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
statusu onun siyasi portretini zənginləşdirən ştrix kimi
nəzərə çarpırdı. Ulu öndərimizin
müəyyənləşdirmiş olduğu yeni neft
strategiyası çərçivəsində dünyanın
transmilli korporasiyaları ilə imzalanmış müqavilələrin
Azərbaycanın milli maraqlarına cavab verməsi
üçün o bütün səylərini ortaya qoyaraq bu
prosesə öz töhfəsini vermiş, eyni zamanda Milli
Olimpiya Komitəsinin prezidenti kimi onun ölkəmizdə
idmanın kütləviliyini təmin etmək məqsədilə
həyata keçirdiyi müvafiq tədbirlər qısa zaman ərzində
bəhrəsini vermişdir. Azərbaycan
idmançılarının mötəbər
yarışlarda qazandıqları qələbələr
mütəmadi xarakter almış, olimpiya hərəkatında
ölkəmizin fəallığı artmış, Azərbaycanın
idman ölkəsinə çevrilməsi, respublikamızın
bütün regionlarında olimpiya idman komplekslərinin tikilərək
vətəndaşların ixtiyarına verilməsi prosesi geniş
vüsət almışdır. Azərbaycan
vətəndaşları İlham Əliyevin deputatlıq fəaliyyəti
dövrünü də xoş duyğularla
xatırlayırlar. Hələ birinci
çağırış Milli Məclisin səlahiyyət
müddəti dövründə onun parlamentdə təmsil
etdiyi Qaradağ rayonu ərazisində tikdirmiş olduğu
yaşayış binaları, çoxsaylı infrastruktur
obyektləri cənab İlham Əliyevin hələ o illərdə
ona etimad göstərmiş insanlara ərməğanıdır.
Məhz bu dövrdə Qaradağ rayonu
inkişaf yoluna qədəm qoymuş, rayonun sosial-iqtisadi
infrastrukturunda dönüş, tərəqqi dövrü
başlanmışdır. Cənab İlham Əliyevin
Qaradağ rayonunun sosial-iqtisadi inkişafına kömək məqsədilə
yaratdığı “Qaradağ rayonunun sosial-iqtisadi
inkişafına yardım fondu”nun köməyi ilə rayonda
bir sıra sosial problemlər öz həllini tapmış,
sosial və mədəni-məişət obyektləri tikilərək
istifadəyə verilmişdir.
2000-ci ildə ikinci
çağırış Milli Məclisə seçkilər
dövründə Yeni Azərbaycan Partiyasının
proporsional siyahısına rəhbərlik edən cənab
İlham Əliyevin qazandığı yüksək nailiyyət
onun vətəndaşlar arasında ölkəmizin
sabahını təmin edəcək alternativsiz lider kimi qəbul
olunması həqiqətinin təsdiqinə çevrildi. 2003-cü ilin 4 avqustunda cənab İlham
Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin yekdil
razılığı ilə ölkənin Baş naziri vəzifəsinə
seçilməsi də əslində xalqın ona verdiyi dəstəyin
ifadəsi idi ki, 2003-cü ilin 15 oktyabr prezident seçkisi
günü bu dəstək ölkənin siyasi həyatında
daha aydın şəkildə öz əksini
tapmışdır.
“O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”-bu iqtibas ulu
öndərimiz Heydər Əliyevin 2003-cü ilin prezident
seçkiləri ərəfəsində öz namizədliyini
İlham Əliyevin xeyrinə geri götürməsi ilə
bağlı Azərbaycan xalqına müraciətindən
seçilmişdir. Əgər cənab İlham
Əliyevin xalqımızın siyasi iradəsi əsasında
Azərbaycan Respublikasının Prezidenti seçildiyi
2003-cü ilin 15 oktyabr günündən keçən
müddət ərzində Azərbaycan həyatında baş
verən ictimai-siyasi proseslərə, qazanılan uğurlara
diqqət yönəltsək, ümummilli liderin böyük
uzaqgörənliklə söylədiyi bu fikirlərin həyatda
nə dərəcədə özünü
doğrultduğuna şahid ola bilərik. Bu
gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət
hesabına ölkəmizin əldə etmiş olduğu
uğurlar əslində ulu öndərimizin bir vaxtlar
ideallarında yaşatdığı və onların həyata
keçirilməsi üçün zəruri əsaslar
hazırladığı ülvi arzulardır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi
dövründə cərəyan edən proseslər isə
başqa məqamlardan xəbər verir.
Mövcud reallıqları operativ və
obyektiv şəkildə qiymətləndirməyi bacaran, cəmiyyətin
sosial sifarişinə uyğun praqmatik qərarlar qəbul edən
Prezident İlham Əliyevin öz şəxsiyyəti ilə
formalaşdırdığı siyasi fenomenin cəmiyyətimizin
simpatik göstəricisinə çevrilməsi ilk növbədə
təbii-siyasi amillərdən qaynaqlanan reallıqdır. Azərbaycan Prezidenti öz
simasında Qərb standartlarını kübar rəftarın,
rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin
praqmatizmin milli mentalitetimizlə uğurlu sintezini
yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə
yeni nəfəs, siyasi ruh və müasirlik gətirmişdir.
Bir sıra politoloqlar haqlı olaraq qeyd
edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir
göstərən amillər sırasında siyasi romantizm,
psevdovətənpərvərlik, arxaik siyasi elementlər yoxdur. Prezident İlham Əliyevin
dövlətə rəhbərliyinin ilk aylarından etibarən
Azərbaycanda və ümumilikdə bütün dünyada cərəyan
edən proseslərin avanqardına çevrilməsi cəmiyyətin
siyasi tələbatlar sisteminin məntiqi sonluğu nəticəsində
ortaya çıxan obyektiv bir prosesin yekunudur.
Bütün bunlarla yanaşı, İlham Əliyev fenomenini zəruri
ictimai-siyasi hadisəyə çevirən amillər
sırasında siyasi prinsiplərə sadiqlik, Heydər
Əliyev siyasi kursuna bağlılıq və sədaqət,
intellektual imkanlar və siyasi istedad, cəmiyyət
üçün açıq siyasətin olması və fəaliyyətin
şəffaflığı, tolerantlıq, müsbət şəxsi
və siyasi keyfiyyətlər və s. bu kimi məqamlar
xüsusilə diqqəti cəlb edir.
Prezident İlham Əliyevin kadr siyasətində
də maraqlı məqamlar diqqəti çəkir. Əgər ümummilli lider
Heydər Əliyevin idarəçilik prinsiplərində
kadrlara münasibətdə dövrün çətin və
mürəkkəb şəraitindən irəli gələrək
sədaqət amili ön planda dayanırdısa, Prezident
İlham Əliyevin idarəçilik üslubunda kadrın
peşəkarlığı, vəzifə məsuliyyəti,
xalqa qüsursuz xidməti daha mühüm amil kimi aktuallıq
kəsb edir. Çunki ulu öndərimiz
uzun illər ərzində elə bir dövlətçilik təsisatı
formalaşdırmışdır ki, müasir dövrdə
hansısa kadr öz liderinə xəyanəti, pozucu fəaliyyəti
ilə bu təsisatın fəaliyyətinə əngəl
törədə, öz çirkin məqsədlərini həyata
keçirə bilməz. Bu zaman sistem
özü onu dərhal sıralarından kənarlaşdıracaq,
onun səlahiyyətləri saf əqidəyə malik digər
şəxsə həvalə ediləcəkdir. Bununla belə Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır.
Bu sadiqlik anlayışı isə daha çox hər
hansı kadrın müasir təfəkkürə malik
olması, ona tapşırılmış sahədə vicdanla
fəaliyyət göstərməsi, xalqın problemlərinə
həssas münasibəti və s. meyarlar əsasında müəyyənləşir.
Prezident İlham Əliyev irəli çəkdiyi
hər bir kadrın xidmətini onun respublikamızın
bütün bölgələrində özünü göstərən
sosial-iqtisadi inkişaf prosesinə töhfələri, vahid
strategiyaya, vahid kursa sadiqliyi, ən ümdəsi isə vətəndaşlara
xidməti əsasında dəyərləndirir. Dövlət rəhbərimizin bu barədə
də mövqeyi qətidir: “Tutduğu vəzifədən
asılı olmayaraq, hər bir rəhbərin başlıca vəzifəsi
xalqa, millətə xidmət etməkdir.”
Ümumiyyətlə, ümummilli lider Heydər
Əliyev tərəfindən nəzəri olaraq irəli
sürülmüş bütün ideyaların bu gün
Prezident İlham Əliyev tərəfindən yaradıcı
şəkildə reallığa çevrilməsi Azərbaycan
həyatının sevindirici gerçəklikləridir. Müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin başladığı
böyük işlər və taleyüklü məsələləri,
planları, gənc dövlətimizin milli mənafeyinə tam
uyğun müstəqil daxili və xarici siyasəti Heydər
Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Prezident
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin
ilk günlərindən respublikanın müxtəlif
regionlarında seçkiqabağı görüşlərində
verdiyi vədlərinə əməl edərək, ölkə
iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi
və əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində
çox mühüm tədbirlər həyata
keçirmişdir. Dövlət rəhbərinin
imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” fərmanı, “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” və digər çoxsaylı proqramların
icrası ölkəmizin dinamik inkişafını təmin
etmişdir. Qısa müddət ərzində bütün
respublika boyunca yüz minlərlə iş yeri
açılmış, yeni istehsal müəssisələri
yaradılmış, regionlarımızın
tarazlaşdırılmış inkişafı təmin
olunmuşdur. Azərbaycanda daxili siyasi sabitliyin
qorunması üçün zəruri əsasların daha da
möhkəmləndirilməsi, xarici ölkələr,
nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərin
yeni inkişaf müstəvisinə qədəm qoyması da bu
dövrün həyatımıza gətirdiyi ən
böyük nailiyyətlərdəndir. Azərbaycan
vətəndaşlarının mədəni-intellektual səviyyəsinin
yüksəlişi üçün məqsədyönlü
tədbirlərin həyata keçirilməsi bu dövrün səciyyəvi
xüsusiyyətlərindən biri kimi nəzərdən
keçirilə bilər.
Dövlət rəhbərinin
yürütdüyü məqsədyönlü siyasət
hesabına ölkəmizdə işsizlik, yoxsulluq səviyyəsi
minimuma yaxınlaşmış, milli
iqtisadiyyatımızın neft asılılığından
çıxarılması məqsədilə qeyri-neft sektorunun
inkişafı istiqamətində əsaslı irəliləyişlər
əldə edilmiş, sahibkarlıq fəaliyyəti
üçün əlverişli imkanlar
yaradılmışdır. Xalqın aztəminatlı hissəsinin
sosial müdafiəsinin gücləndirilməsi yönündə
görülən işlərsə bu gün daha böyük
intensivliklə davam etdirilir və insanlarımızın
öz dövlətinə, dövlət rəhbərinə
inamını artırır.
İllərdən bəridir ki, Azərbaycan
cəmiyyətini narahat edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi
də daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəyə rəhbərliyi
dövründə bu istiqamətdə böyük əzmkarlıq
nümayiş etdirən ölkə
başçısının öz qətiyyətli
mövqeyindən geri çəkilməməsi beynəlxalq aləmi
nəhayət ki, münaqişənin Azərbaycanın ərazi
bütövlüyü, beynəlxalq hüququn norma
və prinsipləri çərçivəsində həlli zərurəti
üzərində düşünməyə məcbur
etmişdir. Problemin həllinə səy göstərən
nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın
fövqəldövlətləri dərk etməyə
başlamışlar ki, Azərbaycanı respublikamızın
milli maraqlarına zidd hər hansı güzəştə məcbur
etmək əsla mümkün deyil. Problemin
sülh yolu ilə öz həllini tapmayacağı təqdirdə
Prezident İlham Əliyevin xalqın iradəsinə söykənərək
digər vasitələrin köməyi ilə Azərbaycanın
ərazi bütövlüyünü təmin edəcəyinə
isə kimsənin şübhəsi yoxdur. Son
illər əldə edilən sosial-iqtisadi nailiyyətlər
ölkəmizin müdafiə potensialını da
artırmış, ulu öndərimiz Heydər Əliyevin
qurduğu milli ordumuz daha da qüdrətlənmişdir.
Bu gün Azərbaycanın təkcə hərbi büdcəsinin
işğalçı Ermənistanın ümumilikdə
dövlət büdcəsinə bərabər olması
faktını nəzərə alsaq, əgər Azərbaycan hərbi
əməliyyatlara əl atarsa, bu variantın hansı tərəfin
qələbəsi ilə tamamlanacağını
proqnozlaşqdırmaq o qədər də çətin deyil. Prezident İlham Əliyev dəfələrlə
bildirmişdir ki, Qarabağsız Azərbaycan olmayacaqdır.
Bu münaqişənin yalnız və yalnız Azərbaycanın
ərazi bütövlüyü, habelə beynəlxalq
hüqüq norma və prinsipləri
çərçivəsində öz həllini
tapacağı dövlət rəhbərimizin birmənalı
mövqeyidir. Azərbaycan Prezidenti qətiyyətlə bəyan
etmişdir: “...Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə
15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq
Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən
nə qədər Prezidentəm, buna yol verməyəcəyəm”.
Bu qətiyyət təbii ki, xalqın iradəsindən,
əldə edilmiş sosial-iqtisadi nailiyyətlərin dövlətimiz
üçün yaratdığı imkanlardan, Azərbaycanın
beynəlxalq aləmdə ildən-ilə daha da güclənməkdə
olan mövqeyindən, ən əsası isə cəmiyyətimizdəki
mütəşəkkillikdən irəli gəlir. Prezident İlham Əliyevin
ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda
vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl
xarakter daşımağa başlamış, milli həmrəylik
əldə olunmuşdur. Ümummilli
maraqlara uyğun məsələlərlə bağlı
ölkə daxilindəki siyasi qüvvələr arasında
normal dialoqun alınması, Azərbaycan siyasətində
radikalizm təzahürlərinin getdikcə öz yerini liberalizmə
verməsi xalqımızın son illərdə əldə
etdiyi ən ciddi uğurlardan biridir.
Prezident ölkədə demokratik vətəndaş
cəmiyyətinin qurulması, söz
azadlığının, fikir müxtəlifliyinin təmin
olunması üçün öz səylərini əsirgəmir. Prezident İlham Əliyev
dövlətə rəhbərlik fəaliyyəti
dövründə dünya azərbaycanlılarının həmrəyliyi
xəttini kamil elmi-nəzəri konsepsiya səviyyəsinə
qaldırmaqla Azərbaycan diasporunu dünyanın əksər
ölkələrində proseslərə əhəmiyyətli
təsir göstərə biləcək real güc mərkəzinə
çevirmişdir. Bu gün planetin hansı
qütbündə yaşamasından asılı olmayaraq azərbaycanlı
millətinə mənsub hər bir kəs dövlətin ona dəstəyini
yaxından hiss edir.
Avroatlantik məkana geniş inteqrasiya yolu
tutmuş Azərbaycan öz mədəni və mənəvi
nailiyyətləri ilə bu gün sivilizasiyalararası dialoqun
fəal iştirakçısıdır. Ulu öndərimiz Heydər
Əliyevin müəllifliyi ilə reallaşan
Bakı-Tbilisi-Ceyhan əsas-ixrac boru kəməri layihəsi bu
gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən
biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini
daha da artırır. Prezident İlham
Əliyevin əzmlə həyata keçirdiyi siyasət Azərbaycanı
Cənubi Qafqaz regionunun ən güclü dövlətinə
çevirmiş, ölkəmiz iqtisadi inkişaf tempinə
görə bütün dünyada rekord göstəricilərə
sahib olmuşdur.
Təməli ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət
quruculuğu prosesinin bu gün Prezident İlham Əliyev tərəfindən
daha böyük dinamizm, yüksək əzmkarlıqla davam
etdirilməsi vətəndaşlarımızın sabaha
inamını artırır. Fərəh doğuran haldır ki, Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da öz əməlləri
ilə bu prosesin ən fəal iştirakçılarından
biridir. Azərbaycan mədəniyyətinin
inkişafı, milli irsimizin bütün dünyada təbliği,
bir sıra sosial problemlərin həlli yönündə həyata
keçirdiyi layihələrlə o, xalqın qürur mənbəyinə,
ümid yerinə çevrilmişdir.
Bəli, bu gün əldə etdiyimiz nailiyyətlərə,
uğurlara rəğmən deyə bilərik ki, Tanrı XX əsrdə
aramızdan Azərbaycan xalqının ümummilli lideri,
müstəqil dövlətçiliyimizin qurucusu Heydər
Əliyevi seçdi, Azərbaycan xalqının tarixində
şanlı salnamələr açdı. Bu
gün Heydər Əliyev dühası həyatının mənasını
xalqa və dövlətə təmənnasız xidmətdə
görən, bu müqəddəs amal uğrunda ən çətin
maneələrə mərdliklə sinə gərən Millət
Atası kimi hər bir azərbaycanlının qəlbində
yaşayır.
Bəhruz Quliyev
İki sahil.- 2011.-11
dekabr.-14-15.