Jerar Depardye: Mən hələ Heydər Əliyev Prezident olan zaman Bakıya gəlmək istəyirdim

 

Mən hələ Heydər Əliyev Prezident olan zaman Bakıya gəlmək istəyirdim.

Lakin o zaman filmə çəkildiyimdən Azərbaycana səfərim təxirə salınmışdı.

AzərTAc xəbər verir ki, bu sözləri  Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalında iştirak etmək üçün ölkəmizə gəlmiş məşhur fransız aktyoru Jerar Depardye dekabrın 13-də jurnalistlərə müsahibəsi zamanı  demişdir.

Jerar Depardye Azərbaycanda kino ilə bağlı  bir sıra layihələr həyata keçirmək niyyətini açıqlamışdır. Məşhur kino ustası ölkəmizdə dahi fransız yazıçısı Aleksandr Düma haqqında film çəkilməsi ideyasını dəstəklədiyini, bu ekran əsərində baş rolu oynamaq istədiyini bildirmişdir.

Görkəmli aktyor daha sonra demişdir: “Vaxtilə Düma kimi dahi bir şəxsiyyətin Azərbaycana səfəri, onun buradakı fəaliyyəti  ölkənizin zəngin mədəniyyətindən xəbər verir. Aleksandr Düma haqqında filmdə tərəf müqabilim kimi Xurşudbanu Natəvan rolunu azərbaycanlı aktrisanın oynaması daha maraqlı olardı. Bundan əvvəl bir neçə MDB ölkəsində kino sahəsində əməkdaşlıqla bağlı danışıqlarım olmuşdur. Ermənistan istisna olmaqla. Çünki bu ölkədə kino sənayesi, ümumiyyətlə, yoxdur”.

 

İki sahil.- 2010.- 14 dekabr.- S. 9.