Azərbaycan iqtisadiyyatının uğurlu ili

 

Azərbaycan bu ili də uğurla başa vurmaqdadır.

 

İqtisadiyyatın əsas sahələri və istiqamətləri üzrə yalnız artımdan danışmaq mümkündür. 2010-cu ilin 11 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 36,6 milyard manata çatıb. Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatıb.

Yəni əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da ölkədə güclü və cəmiyyətin maraqlarına xidmət edən sosial siyasətin aparılmasının təzahürüdür. Pensiya və əməkhaqqının indiki minimum səviyyəsini də MDB məkanı ilə müqayisə etsək, aydın olar ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır.

 

Qeyri-neft sektorunda inkişaf bumu başlayıb

 

Digər məqam ÜDM istehsalının artımı sahəsində nəzərə çarpan meyillərdir. ÜDM istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb. Qeyri-neft sektorunda istehsalın neft sektoru ilə müqayisədə 2 dəfədən çox artması diqqət çəkməyə bilməz. Bu, artıq qeyri-neft sektorunda inkişaf bumunun başlandığından xəbər verir. Başqa sözlə, bu, bir daha təsdiq edir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin davam etdirdiyi kurs düzgün seçilib, neft-qaz sektorundan əldə edilən gəlirlərdən səmərəli istifadə olunub və bu da son nəticədə qeyri-neft sektorunun sürətli inkişafına zəmin yaradıb.

Azərbaycanın coğrafi imkanlarının dünyaya düzgün təqdim olunması, ölkənin tranzit qovşağına çevrilməsi istiqamətində səylər də öz bəhrəsini verməkdədir. Məsələn, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə bu ilin yanvar-oktyabr aylarında 42,5 milyon ton yük daşınıb. Bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 263 milyon manat gəlirin 41,8 faizi dəmir yolu, 23,4 faizi dəniz, 34,8 faizi avtomobil nəqliyyatının işi hesabına yaranıb. Ümumilikdə, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 179,9 milyon ton yük və 1,3 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,4 faiz artıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu gün tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra ölkəmizdən keçməklə Avropa ilə Asiya arasında daşınan yüklərin həcmi qat-qat artacaq.

Qeyri-neft sektorundan danışarkən müasir dünyada iqtisadiyyatın əsas və aparıcı sahələrindən birinə çevrilmiş rabitə sahəsinin Azərbaycanda müşahidə olunan sürətli inkişafını qeyd etməmək düzgün olmazdı. Müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda geniş tətbiq olunması sahəsində aparılan işlər ciddi nəticələr verməkdədir. İlin əvvəlindən rabitə işçiləri əhaliyə, müəssisə və təşkilatlara 1033,3 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 30,8 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 74,2 faizi və ya 766,7 milyon manatı əhaliyə göstərilmiş və bu sahədə 31,2 faiz artım qeydə alınıb.

 

Regionların sürətli inkişafı

 

Azərbaycanda regionların inkişafında da ciddi uğurlar var. Həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Bunun nəticəsidir ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edib. İlin əvvəlindən noyabr ayına qədər Azərbaycanda 56 min yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılıb.

Xatırladaq ki, 2004-cü il fevralın 11-də, prezident seçkilərindən cəmi 4 ay sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı 5 illik dövrü əhatə edən birinci Dövlət Proqramının təsdiq edilməsi barədə fərman verib.  Bu, əslində ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması demək idi. Proqramda regionlarda iqtisadi inkişaf üçün hansı addımların atılmasının lazım olduğu detallı şəkildə göstərilib. Bu, Azərbaycan üçün ilk dəfə elmi cəhətdən əsaslandırılmış iqtisadi idarəçilik təcrübəsidir.  Dövlət başçısı 5 il proqramın necə yerinə yetirildiyini şəxsən nəzarətində saxlayıb. Birinci proqramın həyata keçirilməsinin yekunu olaraq ölkədə beş ildə 27 min 500 yeni müəssisə və 766 mindən çox iş yeri açılıb. Həmin müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşürdü. Bu rəqəmlər aşkar şəkildə göstərirdi ki, keçən beş ildə ölkənin qeyri-neft sahəsindəki gələcək yüksəlişin əsası qoyulub. Proqram yekunlaşandan sonra ölkənin ixrac strukturunda qeyri-neft məhsullarının payı 2,2 dəfə artıb. Təsadüfi deyil ki, 2008-ci ildə Azərbaycan “Doing Business” Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanınıb. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə qalxıb, MDB məkanında isə bu baxımdan birinciliyi əldə edib.  2009-cu ildə Dövlət Proqramının məntiqi davamı kimi 2013-cü ilə qədərki dövrü əhatə edən ikinci Dövlət Proqramı da qəbul edilib. 2009-2013-cü illəri əhatə edən ikinci proqramın qəbulu isə ölkədə yürüdülən iqtisadi siyasətin daha yüksək mərhələyə qaldırılmasını təmin edib. İkinci Dövlət Proqramının qəbulu ilə yeni iş yerlərinin açılması, təzə müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün atılan praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi istiqamətində daha sürətli addımların atılmasının, işlərin görülməsinin əsası qoyulub. Yeri gəlmişkən, Dövlət Proqramının qəbul edildiyi 2009-cu ilin bütün dünya üçün çox çətin, ağır iqtisadi böhran ili olmasına baxmayaraq, bu vəziyyət Azərbaycanı inkişaf yolundan saxlaya bilmədi. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil edib. Bütün bunlar göstərib ki, Azərbaycan uğurları ciddi iqtisadi siyasət və real islahatlara əsaslanır, qlobal böhranlar belə iqtisadiyyatımıza ciddi təsir göstərmək iqtidarında deyil.

Prezident İlham Əliyev 2010-cu ilin 10 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında da qeyd edib ki, regionlara tez-tez gedir, vəziyyətlə tanış olur: “Görürəm ki, regionlarda işlər müsbət istiqamətdə gedir: Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı - bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil, həm səhiyyə, həm infrastruktur, həm də bütün başqa sahələrdə işlər yüksək səviyyədə aparılır”.

Prezident onu da vurğulayıb ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, dövlət tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir və bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaq: “Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir”.

Bu gün Azərbaycan iqtisadiyyatının inkişafında bazis rolunu oynamış və oynamaqda olan neft-qaz sektorunda qazanılan növbəti ciddi uğurlar da hər bir azərbaycanlını sevindirməyə bilməz. İlin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcək. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir, Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Neft-qaz sənayesində apardığımız işlər bölgə və son zamanlar Avropa üçün mühüm rol oynamağa başlayıb. Azərbaycanın neft-qaz siyasəti artıq beynəlxalq münasibətlərdə, dünya enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Azərbaycan bu gün enerji sektorunda müstəqil və çox etibarlı oyunçuya çevrilib. Prezident qeyd edib ki, Azərbaycan öz təbii resurslarından və enerji siyasətindən elə istifadə edir ki, daha da çox dostlarımız, tərəfdaşlarımız olsun. Bu il bu sahədə xüsusilə vacib addımlar atılıb. Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir. Qaz ixracımız artır, biz yeni yollar axtarırıq, tapırıq. Bu baxımdan bir müddət əvvəl  Ümid” yatağının açılması çox gözəl və böyük tarixi hadisədir. Geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələri göstərir ki, yataqda 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. İndi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Bu quyunun perspektivli olması sübut edir ki, buradakı “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür. “Ümid”də yaxşı nəticə alınması o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı 2 dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcək. Beləliklə, əldə olunmuş nəticələrə əsasən Azərbaycanın bu gün 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə bəyan edib ki, bu yatağın açılması Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaq: “”Ümid” yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Bundan sonra “Babək” yatağını da özümüz işləməliyik. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.”

Bəli, bu gün qüdrətli iqtisadiyyata malik Azərbaycan dövlətinin nəinki ölkə daxilində, xaricə qoyduğu investisiyalar da milyardlarla ölçülür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə investisiyalarımızı gözləyirlər: “Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcək...”.

Qüdrətli iqtisadiyyata malik və bunun sayəsində müasir texnika və silahlarla təchiz olunmuş güclü Azərbaycanın torpaqlarının, Qarabağımızın da azad olunacağı gün uzaqda deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət, ortaya qoyduğu qəti iradə də bunu şərtləndirir...

 

 

Nuranə Məmmədova

 

İki sahil.- 2010.- 22 dekabr.- S. 5; 10.