Təhsil sahəsinin inkişafı üçün yüksək səviyyəli tədbirlər həyata keçirilməkdədir

 

Bakı Slavyan Universitetinin  prorektoru, Milli Məclisin üzvü Sahibə Qafarovanın www.yap.org.az  saytına müsahibəsi

 

- Sahibə xanım, son dövrlər Azərbaycanda təhsilin inkişafı istiqamətində çox ciddi islahatlar həyata keçirilir. İstərdik, ilk olaraq, bu islahatların əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışaq...

 

- Bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də bu gün əldə olunan böyük nailiyyətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Əgər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Onun təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, ölkədən kənarda yüksəkixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, Azərbaycan bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti olan ölkəyə çevrilə bilməzdi. Sevindirici haldır ki, bu gün ulu öndərimizin siyasəti uğurla davam etdirilir və Azərbaycanda təhsilin inkişafı üçün çox əhatəli tədbirlər görülür. Təbii ki, təhsilin inkişafı bilavasitə güclü maddi-texniki təminatla bağlıdır. Buna görə də Azərbaycan hökuməti bu məsələyə xüsusi diqqət yetirərək, son illər ərzində təhsil müəssisələrinin maddi-texniki təminat məsələlərinin yüksək səviyyədə həlli üçün əsaslı işlər görüb. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda 4 min 500-dən artıq orta məktəb var. Onların yarısı son 5-6 ildə tikilib. Dövlətin hər il ayırdığı investisiya hesabına bir çox köhnə məktəb binaları yeniləri ilə əvəzlənib, şagird sıxlığı olan məktəblərdə korpuslar tikilib, əhali sıxlığı müşahidə edilən ərazilərdə isə ikinci məktəb açılıb. Hər il dövlət büdcəsindən təhsilin inkişafına milyardlarla vəsait ayrılır. Bu gün dövlət büdcəsindən təhsilə ayrılan vəsait hərbi sahədən sonra ikinci yerdədir.

Onu da qeyd etmək istərdim ki, təhsillə bağlı dövlətin rəsmi dairələri ilə yanaşı, bir sıra digər təşkilatların da təşəbbüsü və dəstəyi ilə mühüm işlər görülməkdədir. Xüsusən, Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər hər bir vətəndaşımızın təqdirini qazanıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb tikilib, həmçinin bir çox təhsil ocaqları əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Mənim Milli Məclisə seçildiyim Şəmkir rayonunda da bu sahədə ciddi nailiyyətlər var. Rayonda fəaliyyət göstərən təhsil müəssisələri yüksək savadlı şagirdlərin hazırlanması işinə töhfə verir. Mən xüsusilə “Baku Oxford School”un Şəmkirdə fəaliyyət göstərən filialının adını çəkmək istəyirəm. Həmin məktəbdə bütün tədris ingiliscə aparılır.

- Təbii ki, hər bir sahənin inkişafında qanunların, hüquqi bazanın rolu inkarolunmazdır. Sizcə, Azərbaycanda mövcud olan qanunvericilik bazası, təhsil sahəsini əhatə edən qanunlar ölkə təhsilinin inkişafı üçün yetərlidirmi? “Təhsil haqqında” Qanunu və bu sahəyə aid olan digər hüquqi sənədləri necə qiymətləndirirsiniz?

- İstənilən sahənin inkişafında 3 əsas istiqamət mütləq nəzərə alınmalıdır - maddi-texniki təminatın daha da yaxşılaşdırılması, hüquqi bazanın təkmilləşdirilməsi və güclü kadr bazasının formalaşdırılması. Biz bayaq maddi-texniki təminat məsələləri haqqında danışdıq. Qanun yaradıcılığı işinə gəldikdə isə qeyd etməliyəm ki, ölkəmizdə təhsilin iqtisadiyyatın dinamik inkişafına cavab verməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasına əsaslı zəmin yaradan hüquqi bazanın formalaşdırılması işində çox böyük nailiyyətlər əldə olunub. Məlum olduğu kimi, bütün qanunlar Azərbaycan Respublikasının əsas Qanununa - Konstitusiyaya istinad edir. Konstitusiyamızda isə təhsillə bağlı əsaslı, mütərəqqi məsələlər öz təsbitini tapıb. Bu gün ölkəmizdə onbirillik icbari təhsilə keçidlə pulsuz ümumi orta təhsilə dövlət təminatı verilib. Üçüncü çağırış Milli Məclisin fəaliyyəti dövründə “Təhsil haqqında” Qanunumuz qəbul olundu və mən deyərdim ki, bu qanun müasir dövrün çağırışlarına, Azərbaycan dövlətinin müasir inkişafının tələblərinə tam cavab verməklə təhsilimizin gələcəyi ilə bağlı yüksək səviyyəli işlərin görülməsinə imkan yaradır. Bu qanunda bütün məsələlər o qədər dəqiqliklə təsbit olunub ki, hətta gələcəkdə qarşılaşa biləcəyimiz məsələlər də nəzərə alınıb. Məsələn, bildiyimiz kimi, Azərbaycan bu gün bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də mütərəqqi standartların ölkəmizdə tətbiqi, Avropaya inteqrasiya məsələlərinə mühüm əhəmiyyət verir. “Təhsil haqqında” Qanun bu inteqrasiyaya, öz mütərəqqi ənənələrimizin qorunması şərti ilə Avropa dəyərlərinə transformasiyaya tam imkan yaradır.

- Qeyd etdiniz ki, yüksək bacarıqlı kadrların hazırlanması işinə də dövlət xüsusi diqqət yetirir. Bu mənada, hər il yüzlərlə Azərbaycan gəncinin dünyanın məşhur təhsil ocaqlarında təhsil almaları üçün müxtəlif ölkələrə göndərilməsi hansı əhəmiyyətə malikdir?

- Bu gün Azərbaycanda bütün sahələrin güclü inkişafını təmin edən siyasətin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Həmçinin təhsil sistemində də bu gün müşahidə olunan inkişaf, irəliləyiş ulu öndərimizin ölkəmizə rəhbərlik etdiyi illər ərzində atılmış addımların məntiqi nəticələridir. Ümummilli liderimiz həmişə kadr hazırlığı məsələlərinə böyük diqqət yetirib. Təsadüfi deyil ki, O, Azərbaycan KP MK-nın I katibi kimi ölkəmizə rəhbərlik etdiyi 1969-82-ci illərdə onlarla gənc SSRİ-nin məşhur ali məktəblərində təhsil almaq hüququ qazanıb. Üstəlik, 1969-cu ildən başlayaraq, xaricə təhsil almağa göndərilən gənclərin sayı ildən-ilə artıb. Nəticədə həmin il 47 nəfər xaricdə təhsil almağa göndərilmişdisə, artıq 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə çatıb. Sonrakı illərdə hər il 1000-1400 nəfər zəruri ixtisaslar üzrə xaricə təhsil almağa göndərilib. Bu illərdə xaricdə təhsil alan ixtisaslı kadrların sayı 15 mindən artıq olub. Bu gün də dövlət həmin ənənəni davam etdirir. Həm Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə müxtəlif ölkələrin eyni qurumu arasında imzalanmış qarşılıqlı əməkdaşlıq müqavilələrinə əsasən, həm də fərdi qaydada öz istəyi ilə təhsil alan tələbələrimiz var. Dövlət xətti ilə xaricdə təhsil almağa göndərilən tələbələrin bir qisminə Prezident təqaüdü verilir, bir qismini isə Dövlət Neft Şirkəti himayəsinə götürüb. Dövlət həmin tələbələr təhsilini başa vurub ölkəmizə qayıtdıqdan sonra onların iş yerləri ilə təmin olunmasını da həyata keçirir. Bilirsiniz ki, Azərbaycan dövlətinin yüksək iqtisadi inkişafı, müxtəlif sahələrin böyük potensiala malik olması ölkəmizdə yeni sahələrin, peşələrin də inkişafına zəmin hazırlayıb. Təbii ki, həmin sahələrdə fəaliyyət göstərə biləcək, dövlətin inkişafına xidmət edəcək kadrların hazırlanmasını zəruri edir. Bunu nəzərə alaraq, Azərbaycan dövləti həmin sahələrdə fəaliyyət göstərəcək kadrların hazırlanması üçün həm onları xaricdə təhsil almağa göndərir, həm də digər mühüm sahələr üzrə kadr hazırlığı işinə xüsusi diqqət ayırır. Mən istərdim, bu məsələni başqa aspektdən də dəyərləndirək. Məlum olduğu kimi, xaricdə təhsil alan tələbələrimiz həm də diaspor nümayəndəsi kimi ölkəmizi təmsil edir. Savadlı, bilikli, yüksək hazırlıqlı diaspor üzvlərimiz isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin təbliği işində daha fəal iştirak edirlər.

- Sahibə xanım, məlum olduğu kimi, son zamanlar, bir qrup qüvvələr ölkəmizdə müəyyən təxribatlar törətməyə və ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar ölkəmizdə orta məktəb şagirdlərinin dərsə hicabla gəlməsinə qoyulan qadağanı həqiqətə uyğun olmayan tərzdə izah edərək, bunu guya ölkəmizdə dini dəyərlərin təqib olunması kimi izah etməyə çalışırlar. Sizin bu iddialara münasibətiniz necədir?

- Azərbaycan hər zaman müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban yaşadığı məkan olub və bu gün Azərbaycan dini azadlıqların təmin olunduğu və qanunla təsbit edildiyi tolerant ölkədir. Elə buna görə də, ölkəmizdə heç vaxt dini qarşıdurma, dini ayrı-seçkilik yaşanmayıb. Buna səbəb təbii ki, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin və dövlət-cəmiyyət münasibətlərinin demokratik dəyərlər əsasında hazırlanan qanunlara söykənməsidir. Konstitusiyamızın 18-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, eləcə də dini cərəyanların yayılması və təbliği Konstitusiyamızla qadağan olunub. Konstitusiyamızın 48-ci maddəsində də göstərilir ki, hər bir kəs istədiyi dinə sitayiş etməkdə azaddır, lakin dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Yəni, bütün bunlar onları göstərir ki, Respublikamızda qanunvericiliklə təsbit olunan vicdan azadlığı prinsipləri imkan verir ki, ölkə vətəndaşları istədikləri dinə etiqad etsinlər və dövlət buna zəmanət verir. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, dövlət vətəndaşlarımızın təhsil hüququnu da təmin edib və onların yüksək səviyyədə təhsil alması üçün zəruri olan bütün addımları atıb. Həmçinin Konstitusiyamızın 18-ci maddəsinin III bəndində də göstərilir ki, Respublikada dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda da dünyəvilik təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri arasında yer almaqdadır. “Təhsil haqqında” Qanun Azərbaycanda dini dünyagörüşündən asılı olmayaraq bütün vətəndaşların bərabər şəraitdə təhsil almaq hüququnu müəyyən edir.

Konkret hicab məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, burada söhbət ölkəmizdə hicaba qarşı qadağa kimi anlanılmamalıdır. Bugünkü ictimai müzakirələr orta məktəbdə vahid geyimin tətbiqi ilə əlaqədardır. Təhsil Nazirliyi tərəfindən 2007-ci ilin avqust ayında bütün məktəblərdə məktəbli formasına keçilməsilə əlaqədar verilən əmrdə də göstərilir ki, məktəbli formasında kənar atributlar, eləcə də dini elementlər olmamalıdır. Orta məktəblərdə geyim formasının təhsil müəssisəsinin daxili nizamnaməsi ilə təsbit olunması məsələsi isə “Təhsil haqqında” Qanunun 14-cü maddəsində öz əksini tapıb. Digər tərəfdən, ölkəmizdə bir çox dinlərə etiqad edən insanlar var. Təsəvvür edək ki, hər kəs öz dininin tələblərinə uyğun geyimlə məktəbə gəlsə, görün necə olar? Bu gün biz XXI əsrdə yaşayırıq və dünyaya yalnız elmi nailiyyətlərimizlə, yüksək intellektimizlə çıxmalıyıq. Ona görə də, təkcə hökumət və ya təhsil işçiləri deyil, bu gün elm və texnologiyalar əsri kimi qəbul edilən üçüncü minillikdə cəmiyyətin hər bir fəal üzvü, xüsusilə ziyalılarımız hələ müstəqil düşüncəyə malik olmayan və qərar qəbul etməyə hazır olmayan qızlarımızın ilk növbədə mükəmməl bilik əldə etməsi üçün çalışmalıdır.

 

 

İki sahil.- 2010.- 24 dekabr.- S.18.