Jurnalistlərin qayğıkeş dostu

 

İnformasiya əsrində yaşayırıq.

 

Ötən XX əsrin sonlarında peyk rabitəsi, elektron KİV gün ərzində baş verən yenilikləri dünyanın harasında yaşamasından asılı olmayaraq insanlara çatdırılmasını xeyli sürətləndirmişdir. Kompyuterin meydana çıxması, onun məişətimizə get-gedə daha sıx daxil olması bu sürəti görünməmiş dərəcədə artırır. Təbii ki, eşidib, görüb-bildiyini təsvir vasitəsilə deyil, sözlə yaymaq daha tez və asan başa gəlir. İndi biz az qala, bir göz qırpımında dünyanın istənilən nöqtəsində baş verən hadisə və proseslər barədə xəbər tuturuq. Daha televiziya kanallarının xəbərlər proqramının efirə çıxmasını, yaxud qəzetlərin çap olunaraq satışa çıxarılmasını gözləmək lazım gəlmir. “Onlayn” sistemində işləyən, gün ərzində nəinki yenilikləri, habelə yeniliklərin özündə baş verən dəyişiklikləri belə, dərhal bizə çatdıran internet saytları günümüzün yeni informasiya zənginliklərindəndir.

 

Qanunçuluq bazası və şəxsi iradə

 

Xəbərin oxucuya çatdırılması nə qədər vacib və əhəmiyyətli olsa da, əslində, məsələnin ikinci tərəfidir. Ən əvvəl xəbəri əldə etmək - hadisə yerinə getmək, kiminləsə görüşərək faktı öyrənib dəqiqləşdirmək, ən nəhayət, texniki və maliyyə vasitələrinə malik olmaq gərəkdir. Jurnalist fəaliyyətini tənzimləyən, qəzetlərin maliyyə durumuna müsbət təsir göstərən qanunların qəbulu və müvafiq addımların atılması da vacibdir. Bütün bunlar isə cəmiyyətdə demokratik mühitin yaradılmasından, mətbuat və məlumat toplamaq azadlığının real şəkildə təminatından asılıdır.

Bəşər inkişafının sivil yoluna qayıdan, sərbəst bazar iqtisadiyyatının prinsiplərini bərpa və inkişaf etdirən Azərbaycan iqtidarı ölkədə mətbuat və söz azadlığının daim tərəqqisi üçün əlindən gələni əsirgəmir. Ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıtdıqdan sonra bir an belə, KİV-lə əlaqəni kəsməmiş, daim jurnalistlərin yanında olmuşdur. Mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən ümummilli lider Heydər Əliyev söz azadlığına və azad sözün təmsilçilərinə xüsusi diqqət və qayğı göstərirdi. Özlərini “demokrat” adlandıran AXC-Müsavat cütlüyünün iqtidarı dövründə qəzetlər nəinki senzura nəzarətindən azad olunmadı, əksinə, “hərbi senzura” adı altında bu qayda daha da sərtləşdirildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqil mətbuat bir vaxtlar “Molla Nəsrəddin” jurnalında olduğu kimi, senzura tərəfindən çıxarılan materialların yerinə başqa yazı qoymayaraq səhifəni ağ buraxırdı. Beləliklə, “ağ səhifəli” qəzetlərin sayı artırdı. Yalnız ulu öndər Heydər Əliyev bu sahədə də cəsarətli və qətiyyətli addım atdı, dövlət başçısı kimi onun imzaladığı 6 avqust 1998-ci il tarixli sərəncamla Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə - senzura idarəsi ləğv edildi. Bundan sonra Mətbuat və İnformasiya Nazirliyi də ləğv olunaraq KİV dövlət nəzarətindən tamamilə çıxarıldı. Ulu öndərin mətbuata qayğıkeş münasibətini əks etdirən digər faktlar da mövcuddur. Məhz jurnalistlərlə görüşündən sonra onların problemlərinin operativ həlli məqsədilə Heydər Əliyev tərəfindən qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad olunmuş, onlara kreditlər ayrılmış, mətbəələrə olan borcları dondurulmuşdu. Dövlət başçısının mətbuata bu sayaq dost münasibəti ölkə jurnalistləri tərəfindən də yüksək dəyərləndirildi və onlar “Ruh” jurnalist hüquqlarının müdafiəsi təşkilatının keçirdiyi sorğuda fəal iştirak edərək ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” mükafatına layiq gördülər. Əsl dostluq belə olur və bu dostluqdan ilk öncə, müstəqil mətbuat, azad sözün carçıları olan jurnalistlər qazanırlar.

 

Gecikmiş etiraf

 

Bu qənaətdə kimsə mənimlə razılaşmaya da bilər! Deyir nə qədər insan varsa, o qədər də fikir var! Ancaq şəxsi qənaətim belədir ki, Prezident İlham Əliyev jurnalistlərə dost münasibəti bəslədiyini və onların həqiqi dostu olduğunu çoxdan sübuta yetirib! Bu gün biz onun rəsmi təsdiqini qeyd edirik. Niyə belə düşünürəm?

Ötən əsrin sonlarında Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi qazanmasına imkan yarandı. Lakin qırmızı imperiyanın dağılması prosesi ağrısız ötüşmədi. Üstəlik, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr “Qarabağ problemi” adlanan məkrli planı hazırlayıb işə salmaqla ölkəmizi uzun və dağıdıcı müharibəyə cəlb etdilər. Bir tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən müxtəlif insanlar və qruplar arasında hakimiyyət uğrunda gedən aramsız mübarizə ölkədə sabitliyin pozulması, xaos və anarxiya şəraitinin yaranması, torpaqlarımızın işğalı ilə nəticələndi. 18 oktyabr 1991-ci ildə qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı nəinki Azərbaycana həqiqi müstəqillik verdi, sonralar baş alıb gedən idarəolunmaz proseslər bir dövlət kimi onu məhvolma həddinə çatdırdı. Həmin ərəfədə meydana çıxan müstəqil (və partiya) mətbuatı da dövrün ruhuna uyğun formada buraxılırdı. Kimin ağlına nə gəldi yazır, ağzına nə gəldi danışır, qəzetlərdə insanların şərəf və ləyaqəti alçaldılır, şəxsiyyətləri təhqir olunur, şər və böhtana məruz qalırdılar! Bu sayaq mətbuat və söz azadlığı ölkə vətəndaşlarının narazılığına, demokratiyanın gözdən düşməsinə səbəb olurdu.

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev bu sahədə də müəyyən qayda-qanun, inkişaf yaranmasına nail oldu. KİV haqqında yeni qanun qəbul edildi, jurnalistlərin peşə fəaliyyətlərini sərbəst şəkildə yerinə yetirmələri üçün müvafiq qanunvericilik bazası yaradıldı. Həmin dövrdə ulu öndər Heydər Əliyev mətbuat qarşısında duran vəzifələri belə bəyan edirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Sizi əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində öz siyasətimizi ardıcıl şəkildə aparırıq və aparacağıq. Mətbuat cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə xidmət etməlidir. Mən bütün mətbuatın - müstəqil, müxalifət və ya dövlət mətbuatı fərq etməz, məhz bu yolla getməsini istəyirəm”.

Ümummilli lider Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarəti aradan qaldırıldıqdan sonra müstəqil Azərbaycanda azad mətbuatın inkişafının ikinci - həqiqətən, sərbəst mətbuatın yaranması prosesi başladı. Çox çətin və mürəkkəb proses gedirdi. Mətbuatın həddindən artıq siyasiləşməsi, “reket qəzetlər”in meydana gəlməsi inkişafı xeyli əngəlləyirdi. Digər tərəfdən çoxsaylı qəzetlərin açılması, qeyri-peşəkarların bu sahəyə axını və digər neqativ hallar hesabına çap mediasının müəyyən mənada gözdən düşməsinə, oxucularını itirməsinə və beləliklə, maddi durumunun pisləşməsinə səbəb oldu.

Müstəqil mətbuatın inkişafındakı üçüncü mərhələ isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev mətbuat və söz azadlığına, sahənin problemlərinin həllinə daim xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısı müstəqil mətbuatın mövcudluğunun zəruriliyini vurğulayaraq deyir: “Bu gün Azərbaycanda, sözün əsl mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsl mənasında, müstəqil olmalıdır. Biz çox şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, bu sahədə də öyrənməyə ehtiyac var”. Mətbuatın müstəqilliyinin ən mühüm şərti isə onun iqtisadi cəhətdən özünü yaşada bilməsindədir. Yalnız bu halda qəzetlər siyasi partiyaların və ya sponsorlarının pul kisələrindən asılılıqdan qurtula bilərlər. Bu məqsədlə də cənab İlham Əliyevin iradəsi ilə 31 iyul 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq təsdiq edildi. Bir il sonra - 3 aprel 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasında jurnalistlərlə dövlətin maraqları demokratik prinsiplər əsasında uzlaşdırılır. Sənəddə həmin prinsip belə göstərilir: “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi”. Prezident İlham Əliyev tərəfindən qəbul edilən konsepsiyanın ən vacib cəhətlərindən biri mətbuata dövlət tərəfindən yardım zamanı kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı formada müdaxilənin istisna edilməsidir.

Dövlət öz dəstəyini qrantlı layihələrin gerçəkləşdirilməsi, jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrinin təşkili və qaliblərin mükafatlandırılması yolu ilə həyata keçirir. Ötən il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyon manat, cari ildə 2 milyon manatdan çox, gələn il isə daha artıq məbləğdə vəsait ayrılacaqdır.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərin və jurnalistlərin il ərzində bir neçə dəfə keçirilən müsabiqələr hesabına mükafatlandırılması mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və qəzet müxbirlərinin peşəkarlıqlarının yüksəldilməsinə ciddi təsir göstərir. Prezident İlham Əliyev imzaladığı sərəncamlarla fərdi qaydada mükafatlandırmaya da böyük əhəmiyyət verir. Belə ki, dövlət başçısının sərəncamı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat həcmində birdəfəlik yardım göstərilmişdir. Bütövlükdə 2005-2008-ci illərdə 300 nəfərə yaxın KİV əməkdaşı orden və medallarla təltif edilmiş, fəxri adlar almış, Prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycan milli mətbuatının bu il qeyd edilən 135 illiyi münasibətilə yeni təltiflər də gözlənilirdi. Belə də oldu. Cənab İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə 38 nəfərə “Tərəqqi” medalı verildi, yenə 38 nəfər “Əməkdar jurnalist”, 15 nəfər “Əməkdar mədəniyyət işçisi”, bir nəfər isə “Əməkdar mühəndis” fəxri adına layiq görüldü. Üstəlik, 40 gündəlik qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hərəsinə isə 10 min manat yardım göstərildi.

Qəzetlərin rəngli çapa keçirilməsi üçün müvafiq avadanlıqlar alınaraq quraşdırılması, yeni nəşriyyatın istifadəyə verilməsi də cənab İlham Əliyevin jurnalistlərə dəyərli hədiyyəsidir.

 

Ənənəyə çevrilən yubileylər

 

Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman ulu öndər Heydər Əliyev tərəfindən imzalanmışdır. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” adlanan bu sənəd başdan ayağa mətbuatımızın dünəninə, bu gününə və sabahına qayğı ilə yoğrulmuşdur. Fərmanda təkcə milli mətbuatımızın qaranquşu olan “Əkinçi”nin tarixi xidmətlərinə, onun yazarlarına yüksək qiymət verilmir. Eyni zamanda, “Molla Nəsrəddin” satirik jurnalı və onun yaratdığı ədəbi məktəb barədə də qiymətli fikirlər söylənir. Daha bir neçə vacib məqam. Fərmanda kommunist ideologiyası tərəfindən damğalanan “Həyat”, “Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Dirilik”, “Açıq söz” kimi qəzet və jurnalların fəaliyyəti, onların naşir və mühərrirləri barədə xoş sözlər söylənir, bir növ, bəraət verilir. Sovet dövrü mətbuatının və jurnalistlərinin fəaliyyəti də obyektiv qiymətləndirilir. Mətbuatımıza, onun tarixinə və fədailərinə verilən bu dəyər çox vacib və önəmlidir. 27 mart 2000-ci ildə imzalanan bu fərmanla Azərbaycanda demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli qeyd olundu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə ulu öndərin yolunu davam etdirərək hər 5 ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirdi.  Dövlət başçısı mətbuata münasibətini belə açıqlayır: “Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcəkdir. Siz bilirsiniz ki, öndərimiz Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə, ümumiyyətlə, mətbuata qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim. İndi nə dərəcədə müvəffəq olmuşam, bunu demək mənim üçün çətindir. Amma istəyirəm biləsiniz ki, heç bir fərq qoymadan, mənim mətbuata münasibətim çox müsbətdir. İstər iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı olsun, istərsə də müstəqil mətbuat olsun - bu bizim mətbuatımızdır. Bu, Azərbaycanın demokratik inkişafına çox böyük töhfədir”.

Cənab İlham Əliyev Prezident olaraq mətbuatın yubileyi ilə bağlı ilk sərəncamını 20 iyun 2005-ci ildə imzalamışdır. “Azərbaycanın milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında” adlanan sərəncamda və ondan sonrakı sənədlərdə mətbuatla əlaqədar bir sıra mütərəqqi addımlar atıldı. Mətbuat Şurasının maddi-texniki bazası möhkəmləndirildi, “Əməkdar jurnalist” adı bərpa edildi. 140-dək jurnalistə fəxri adlar, dövlət mükafatları verildi. Bir sıra qəzetlərə, informasiya agentliklərinə və jurnalist təşkilatlarına birdəfəlik maddi yardım göstərildi. Yubiley tədbirləri bütün ölkə miqyasında keçirildi, “Gülüstan” sarayında Prezidentin iştirakı ilə təntənəli mərasimlə başa çatdırıldı. 8 fevral 2006-cı ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənildi.

Azərbaycan milli mətbuatının növbəti - 135 illik yubileyi də cari ildə dövlət tərəfindən təmtəraqla keçirildi. Prezident İlham Əliyevin 10 iyun 2010-cu ildə imzaladığı “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamında yubiley tədbirləri dəqiq müəyyənləşdirilmişdi. Yenə də yaranmış ənənəyə uyğun olaraq jurnalistlərə fəxri adlar verildi, təltif olundular, qəzet redaksiyalarına birdəfəlik yardım göstərildi, ölkə miqyasında keçirilən yubiley “Gülüstan”da başa çatdı. Fərəhli bir fərq də oldu.

 

Vətənə xidmətə yönəldilən missiya

 

Azərbaycan mətbuatı dövlət nəzarətindən çıxarıldıqdan sonra onun problem və qayğıları ilə daim məşğul olan bir quruma ehtiyac vardı. Ölkə jurnalistlərinin I qurultayında formalaşdırılan Mətbuat Şurası bu funksiyanı üzərinə götürdü və uğurla yerinə yetirməyə başladı. Qurum qeyri-hökumət təşkilatı sayılsa da, dövlət ona müvafiq yer ayırdı, normal şərait yaratdı. Amma müəyyən qədər darısqallıq hiss olunurdu. Cənab İlham Əliyev yenə yüksək səviyyədə alicənablıq göstərdi, mətbuata dost və xeyirxah münasibətini ortaya qoydu. Mətbuat Şurası üçün dünyada analoqu olmayan ayrıca bina verildi, yüksək səviyyədə təmir edildi, müasir mebel və avadanlıqlarla təmin olundu, idarə heyətinin, icra strukturunun, müraciət edənlərin və komissiya üzvlərinin normal fəaliyyətinə şərait yaradıldı. Milli mətbuatın yarandığı gün - Azərbaycan mətbuatının 135 illiyinin qeyd edildiyi gün cənab İlham Əliyev binanın rəsmi açılışına gəldi. Unudulmaz, tarixi bir görüş baş tutdu. Hər məsələ barədə açıq, səmimi söhbət getdi. Bir qədər irəliyə gedərək deyim ki, söhbətin mahiyyətini möhtərəm İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər özündə ehtiva edirdi: “Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni, bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist ictimaiyyətini düşündürən və narahat edən məsələlərdən, sahənin aktual problemlərindən söz açdı. Uğurlardan çox, çatışmazlıqlardan danışıldı. Dövlət başçısı İlham Əliyev səbir və təmkinlə dinlədi. Sonra jurnalistikanın böyük bilicisi, mətbuatın problem və qayğılarına dərindən bələd olan insan kimi deyilənlərə münasibət bildirdi. Mətbuat Şurası İdarə Heyətinin üzvlərini “reket jurnalistika” ilə mübarizənin kəsərinin artırılması, bəzi məmurlar tərəfindən bu tip qəzetlərin maliyyələşdirilməsinin dayandırılmaması, yeni, müasir təfəkkürlü jurnalist kadrlarının hazırlanması, reklam bazarının kasadlığı və digər məsələlər narahat edirdi. Cənab İlham Əliyev bu problemlərin hər birilə bağlı mövqeyini söylədi, onların aradan qaldırılması üçün təkliflərini bildirərək müvafiq addımlar atılacağını göstərdi. Eyni zamanda, mətbuatın vətənpərvərliyi və mətbuatda vətənpərvərlik, vətəndaş jurnalist olmağın məsuliyyəti barədə maraqlı, gərəkli və səmərəli fikirlər söylədi. Müstəqil Azərbaycan dövlətinin müstəqil mətbuatının ən müqəddəs vəzifəsinin Vətənə və xalqın mənafeyinə xidmət missiyasının olduğunu göstərdi.

 

Rekord sürətilə

 

Bəlkə də sərlövhədəki bu ifadə kifayət qədər yerinə düşmür. Amma baş verəni başqa cür dəqiq ifadə etmək çətindir. Söhbət cənab İlham Əliyevlə Mətbuat Şurasındakı görüş zamanı ona olunan müraciətdən gedir. Hazırda dünyada kitab oxumağa marağın azalması, qəzetlərin tirajının aşağı düşməsi meyli gedir. Bunu bir tərəfdən elektron KİV-dən informasiyanın daha asan və operativ alınması, internet qəzetlərinin yaranması ilə izah edənlər də var, təqsiri jurnalistlərdə görənlər də. Fakt isə faktlığında qalır. Nəticədə qəzetlərin tirajı getdikcə azalır, jurnalistlərin maddi durumu çətinləşir. Nəhayətdə daha bu sahəyə gəlmək istəyən bilikli və istedadlı adamlar tapılmır. Cəmiyyət informasiyasız keçinə bilməz. Operativ, obyektiv və peşəkarlıqla toplanan, hazırlanan informasiyanın öhdəsindən isə normal iş və məişət şəraiti olan insanlar gələ bilərlər. Ehtiyac içində qalaraq qayğılar məngənəsində çabalayanlar yox! Sirr deyil ki, qəzetlərin tirajının və reklam bazarının son dərəcə aşağı olduğu Azərbaycanda jurnalistlərin heç də hamısının sosial vəziyyəti ürəkaçan deyildir. Mətbuat Şurasındakı görüşdə MŞ İdarə Heyətinin sədri Əflatun Amaşov dövlət başçısına bununla bağlı müraciət etdi: “Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu sırada xüsusilə mənzil qayğıları daha aktualdır. Dəfələrlə jurnalistlər üçün güzəştli şərtlərlə mənzil tikintisi məsələsini gündəmə gətirsək də, hələlik nəticə əldə etməmişik. Ümid edirik ki, sizin sayənizdə bu məsələyə hansısa dövlət proqramı çərçivəsində baxmaq mümkün olacaqdır”.

Cənab İlham Əliyevin xahişimizə münasibəti çox qısa oldu: “Qaldırdığınız digər məsələlərlə bağlı, jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin”.

Dövlət başçısı sözünün üstündə durdu. Cəmi bir neçə saat ərzində, başqa cür desək, rekord sürətilə məsələni həll etdi. Görüşdən 5-6 saat sonra “Gülüstan” sarayında keçirilən yubiley təntənəsində Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı səsləndirildi.

Sərəncamda göstərilirdi: “Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılsın”.

Beləliklə, jurnalistlər üçün mənzil tikintisi prosesinin başlanmasına start verildi.

 

Sürət böyük, nəticə uğurludur

 

Azərbaycan cəmi iyirmi ildir ki, demokratik cəmiyyət quruculuğuna başlayıb. Mətbuat və söz azadlığının təmini, müstəqil mətbuatın yaranması və formalaşması dövrü isə ondan da qısadır. Amma demokratik inkişaf yolunu sürətlə qət edərək bir sıra uğurlara imza atmışıq. Və hətta elə nailiyyətlərimiz var ki, demokratiya tarixi daha qədim olan ölkələr belə, bizə həsəd apara bilərlər! Onların bir neçəsini yenidən diqqətə çəkirik:

Azərbaycanda qəzet təsis etmək və jurnalistlik fəaliyyətinə başlamaq hər yerdə olduğundan daha asandır. Bunun üçün Ədliyyə Nazirliyinə bir ərizə yazmaq və bir həftə gözləmək kifayətdir. Sonra işə başlamaq olar;

Dünyanın heç bir ölkəsində mətbuat şurası bizdə olduğu kimi müasir, gözəl və hər şəraiti olan binada yerləşmir;

Beş ildən bir hansısa dövlətdə ölkə boyunca milli mətbuatın yaranmasının yubileyi təntənəli şəkildə qeyd olunmur, jurnalistlər və qəzet redaksiyaları kütləvi şəkildə mükafatlandırılmırlar;

Heç yerdə jurnalistlər dövlət başçılarına şəxsi rifahları ilə bağlı müraciət edəndə onların xahişləri belə sürətlə yerinə yetirilməyib!

Bu ona görədir ki, Azərbaycan iqtidarı söz və məlumat azadlığına yüksək dəyər verir!

Bu ona görədir ki, Azərbaycanda demokratik proseslər sürətlə inkişaf edir!

Bu həm də ona görədir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev jurnalistlərin dostudur!

 

 

Bəxtiyar Sadıqov,

Milli Məclisin deputatı,

“Azərbaycan” qəzetinin

baş redaktoru

 

İki sahil.- 2010.- 25 dekabr.- S.10-11.