ARDNŞ neft strategiyası sahəsində xarici şirkətlərlə birgə layihələrin işlənməsində maraqlıdır

 

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda keçirilən “Neftqazçıxarmada yeni texnologiyalar” mövzusunda beynəlxalq elmi-təcrübi konfransın bölmələr üzrə davam etdirilən iclasında bu fikir xüsusi vurğulandı ki, neft və qaz sənayesində yeni texnologiyaların tətbiqi istiqamətində İnstitut müəyyən uğurlara imza atsa da, xarici şirkətlərin təcrübəsini öyrənməklə bu sahədə daha da inkişafa nail olmaq imkanları genişlənəcək.

Elmi-texniki tərəqqinin, yeni texnologiyaların hər bir ölkənin inkişafında mühüm amil olduğunu önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” institutunda keçirilən “Neftqazçıxarmada yeni texnologiyalar” mövzunda beynəlxalq elmi-təcrübi konfransda iştirak edən müxtəlif ölkələrin tanınmış şirkətlərinin təmsilçiləri, alim və mütəxəssisləri tərəfindən də xüsusi qeyd edildi. Dünən bölmələr üzrə işini davam etdirən konfransda dünya iqtisadiyyatının inkişaf edən sahələrindən biri olan neft sənayesində yeni üsul və texnologiyaların tətbiqindən geniş bəhs olundu, hər bir ölkənin, şirkətin nümayəndəsi mövcud potensialdan, həyata keçirilən layihələrdən danışdılar. Qabaqcıl neft ölkələrinin alimlərinin, mühəndislərinin bir araya gələrək təcrübə mübadiləsi aparması yüksək dəyərləndirildi.

Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanda elmin zəngin tarixi və ənənələri vardır. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermiş, elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri dəyərli əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmişlər.

Dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın iqtisadi imkanları genişləndikcə əməkdaşlıq əlaqələri möhkəmlənir, yeni-yeni prioritetlər müəyyənləşdirilir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neftkimya sərgi-konfransının keçirilməsi Azərbaycanın enerji potensialının dünyaya təqdimatı kimi dəyərləndirildi. Artıq həmin dövrdən ənənəvi olaraq ölkəmizdə keçirilən sərgi-konfransda iştirakçıların sayının ilbəil artması Azərbaycana olan inamın göstəricisi olmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi imkanlarına olan diqqətin bariz nümunəsidir. İqtisadiyyatın inkişafına öz töhfələrini verən ARDNŞ-in dəstəyi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda beynəlxalq elmi-təcrübi konfransın keçirilməsi də neftqazçıxarma sahəsində böyük uğurlara imza atan Azərbaycanın son illərdə qazandığı nailyyətlərdə tətbiq etdiyi təcrübənin dünyanın qabaqcıl ölkələrinə təqdimatı oldu.

“Neft və qaz sənayesində nanotexnologiyaların tətbiqi” bölməsində keçirilən müzakirələrdə də bu istiqamətdə geniş fikir mübadiləsi aparıldı.

Tədbirin XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı gününə təsadüf etdiyini diqqətə çatdıran bölmə sədri texnika elmləri doktoru Eldar Şahbazov faciə barədə danışdı.

O dəhşətli gecəni əks etdirən videoçarx nümayiş olunduqdan sonra bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Proppant və kiçik hissələrə yeni nəzarət sistemi” mövzusunda Rusiyanın “Trican Well Servise” şirkətinin nümayəndəsi M.Payk, “Benzolun selektiv hidrogenləşdirilməsinin nanoquruluşlu rodium katalizatorları” mövzusunda isə Qazaxıstanın A.B.Bekturov adına Kimya Elmləri İnstitutunun əməkdaşı S. Konuspayev çıxış edərək qeyd olunan sahələrdə ölkələrinin təcrübəsindən geniş bəhs etdilər, onlara ünvanlanan sualları cavablandırdılar.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriya müdiri, texnika elmləri namizədi Elçin Kazımov “Neft və qaz quyularının qazılmasında nanotexnologiyanın işlənməsinə və tətbiqinə dair” məruzə ilə çıxış etdi. Bildirdi ki, Bakı və Abşeron arxipelaqlarında, Xəzər dənizinin Azərbayan sektorunda dərin neft və qaz quyularının qazılması çox mürəkkəb geoloji kəsilişlərdə həyata keçirilir. Bu geoloji kəsilişlərdə ən çox gözlənilən mürəkkəbləşmələr-neft, qaz, su təzahürü, udulmalar, quyu öncəsinin dağılması, çökülməsi və digər hallar qəzalara gətirib çıxarır. Belə bir şəraitdə quyularda qazma məhlullarının struktur mexaniki xassələrinin, kalloid kimyəvi göstəricilərinin idarə olunması xüsusilə aktual məsələlərdəndir.

E.Kazımov bildirdi ki, nanoqazma istiqamətində çox mühüm addımlar atılmış və göstərilmişdir ki, mürəkkəb, çoxşaxəli, biri-birindən fərqlənən geoloji strukturlarda gözlənilən mürəkkəbləşmənin qarşısını almaq üçün qazma məhlullarına xüsusi keyfiyyətlər aşılamaq lazımdır: “Bu günləri əfsuslar ki, müxtəlif qazma məhlul tiplərinin, onların müxtəlif reagentlərlə emal edilməsinə baxmayaraq hələ də lazımi göstəricilər əldə olunmur. Bu istiqamətdə də tədqiqatların aparılması çox aktualdır. Bu aktuallaıqdan irəli gələn zərurət əsasında həmin nanosistemlərin yaradılması ön plana keçirilmişdir. Laboratoriyada aparılan çoxsaylı tədqiqatlar nəticəsində əldə olunmuşdur ki, hər hansı bir kalloid sistemə böyük bir obyekt kimi diqqət yetirsək onun tərkibində həm dispers hissəciklər, həm də dispersion mühit olmalıdır. Bu mühitin yaradılması vacibdir. Əsas daşıyıcı dispersion mühitdir. Bu mühit elə bir qaydalara, tələblərə cavab verməlidir ki, quyunun qazılması zamanı hidrodinamik təzyiqin qorunub saxlanılmasını təmin etsin.”

“Həm laboratoriya şəraitində yaratdığımız süni, həm də istehsalatdan gətirilən qazma məhlulları ilə təcrübələr aparılmağa nail olduq və göstərə bildik ki, həqiqətən də nanosistemlərin yaradılması mümkündür” söyləyən E.Kazımov konkret təcrubələri və bilavasitə quyuda öz təcəssümünü tapan nəticələri diqqətə çatdırdı.

“Təbii ki, alınan nəticələrlə kifayətlənə bilməzdik” deyən institutun laboratoriya müdiri bildirdi ki, Azərbaycanda çox dəyərli yataqlar var. Bu yataqlarda karbohidrogen məhsulları ilə yanaşı, təbii bituma müracət olundu.

E.Kazımov “Buna ehtiyac nədən irəli gəldi” sualına cavab olaraq bildirdi ki, quyunu qazan zaman qazma məhlulu qədər məhsuldar layı çirkləndirən obyekt yoxdur. Eyni zamanda, bu çirklənmə nəticəsində mənimsəmə dövrü uzanır. Neftin quyuya süzülməsi prosesində nə qədər problemlər yaranır. Quyudibi zolağın təmizlənməsi nə qədər vaxt aparır. Bu gün dünya qazma praktikasında bu məsələ çox önəmlidir ki, elə sistem yaradaq ki, məhsuldar layın çirklənməsini məhdudlaşdıraq. Məhz bununla əlaqədar olaraq nanobitum sistemi yaradıldı. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, nanobitum sistemindən istifadə etdikdə məhsuldar layların nəinki kollektor xassələrini qoruyub saxlayırıq, eyni zamanda orda müvəqqəti ekran təbəqəsi yaradırıq ki, növbəti mərhələdə neftin quyuya asanlıqla suzülməsi və çıxarılması mümkün olsun. İnkişaf etmiş ölkələrdə bu problemlər başqa istiqamətlərdə həll edilir.

Bildirildi ki, aparılan tədqiqatların riyazi statistik nəticələri böyük inam yaradır ki, yaratdığımız sistemləri qazmada istifadə etdiyimiz kimi, eyni zamanda qazmada baş verən qəza və mürəkkəbləşmələrin aradan qaldırılmasında da uğurla istifadə edək.

“Neftqazelmitədqiqatlayihə” institutunun əməkdaşlarının müxtəlif mövzuları əhatə edən çıxışlarında netqazçıxarmada nanotexnologiyaların tətbiqinin uğurlarından və perspektivlərindən geniş bəhs olundu. ARDNŞ-in istehsalat sahələrində nanotexnologiyaların tətbiqi və nəticələri açıqlandı və yüksək dəyərləndirildi.

Qarşılıqlı fikir mübadiləsi şəraitində aparılan müzakirələrdə yeni texnologiyaların tətbiqinin hər bir ölkənin netqazçıxarma sənayesinə qazandırdığı uğurlar diqqətə çatdırıldı. Bu fikir xüsusi vurğulandı ki, neft və qaz sənayesində nanotexnologiyaların tətbiqi istiqamətində “Neftqazelmitədqiqatlayihə” İnstitutu müəyyən uğurlara imza atsa da, xarici şirkətlərin təcrübəsini öyrənməklə bu sahədə daha da inkişafa nail olmaq imkanları genişlənəcək.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Əhməd Salmanovun rəhbərliyi ilə işini davam etdirən “Neft və qaz yataqlarının işlənməsinin geoloji, hidrodinamiki modelləşdirilməsi və idarə olunması” adlı bölmədə əsasən neft-qaz sənayesinin inkişafı üçün nəzərdə tutulan elmi tədqiqatların tətbiqi nəticəsində əldə olunan nailiyyətlər barədə geniş müzakirələr aparıldı.

“Neftqazelmitədqiqatlayihə” İnstitunun “Quyuların istismarı üçün layihələndirilməsi və optimallaşdırılması” şöbəsinin rəisi, texnika elmləri namizədi, dosent Elxan Abbasov iki gün davam edən beynəlxalq konfransın əhəmiyyəti barədə danışaraq bildirdi ki, bu cür tədbirlər bütünlükdə neft hasilatı ilə məşğul olan dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilir. Mərasimdə iştirak edən nümayəndələrin tərkibinə baxmaq kifayətdir ki, bu konfransın beynəlxalq əhəmiyyəti barədə təsəvvür yaransın. Konfrans neft sənayesinin inkişafı, istehsal prosesləri zamanı tətbiq olunan qurğu və avadanlıqların modernləşdirilməsində ən yeni təcrübənlərin öyrənilməsi, mübadilə olunması baxımından da əhəmiyyətlidir. Sevindirici haldır ki, bu amillərə əsaslanan tədbirdə neft sənayesində yeni metodlardan istifadə, müasirlik başlıca tələb kimi qarşıya qoyulur.

“Neftin ştanqlı dərinlik nasosları ilə çıxarılması zamanı lay quyu sisteminin dinamik əlaqəsi” adlı məruzəsində əsasən dərinlik nasoslarının iş qabiliyyətinin yüksəldilməsi, neft hasilatında hər ton üçün sərf olunan enerjidən qənaətlə istifadə məsələlərinə toxunan şöbə rəisi bu sahədə əldə olunmuş təcrübə və nəzərdə tutulan metod və üsullar barədə danışdı.

Qeyd olundu ki, dərinlik nasoslarının iş qabiliyyətinin azacıq da olsa yaxşılaşdırılması istehsal prosesində böyük səmərə verir. Bu təcrübə istehsal prosesində hər ton neftin hasil olunması üçün sərf olunan enerjinin bir kilovat həcmində azalması deməkdir:

- Bu cür elmi təcrübələrin tətbiqi hazırda istifadə olunan nasosların iş cədvəlində müsbət dəyişiklərə səbəb olur. Nasosların neftçıxarma əmsalı yüksəlir, işləmə qabiliyyəti tənzimlənir. Başqa sözlə deyilsə, az enerji ilə daha çox məhsul istehsalına nail olmaq üçün bü cür yeniliklərdən istifadə müasir texnologiyanın nailiyyətləri kimi maraq doğurur. Bu metoddan istifadə etməklə çox əmək sərf olunmadan nasosların fəaliyyət rejimini tənzimləmək mümkündür. Belə axtarışlar gələcəkdə elmi cəhətdən daha səmərəli, müasir texnologiyalara əsaslanan yeni konstruksiyaların hazırlanması üçün bir növ baza ola bilər.

Dərinlik nasoslarının istismarı mexanikası və texnologiyası sahəsində həllini gözləyən problemlərdən söz açan E. Abbasov bildirdi ki, bunun üçün riyazi və nəzəri təcrübənin birgə tətbiqi qarşıdakı on illiklərdə də öyrəniləcək, Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olan neft sənayesinin inkişafı, səmərəli və istehsalatda özünü təsdiqləyən tədqiqatların tətbiqi istiqamətində elmi axtarışlar davam etdiriləcək.

Qeyd olundu ki, bu cür axtarışlar nəticəsində məsuliyyətli peşə sahibləri olan neftçilərin əməyinin yüngülləşdirilməsi təmin olunur, ətraf mühitin sağlamlaşdırılması üçün ekoloji tədbirlər həyata keçirilir. “Ekologiya ili” kimi qeyd olunan 2010-cu ildə nəzərdə tutulacaq tədbirlərin sayı kimi keyfiyyətinin də artırılacağını diqqətə çatdıran şöbə rəisinin açıqlamasından aydın oldu ki, neft borularının keçdiyi ərazilərdə yoxlamalar aparılacaq, ARDNŞ rəhbərliyinin daim diqqət mərkəzində olan tullantı ilə çirklənmiş ərazilərdə aparılan təmizləmə işləri davam etdiriləcək.

Fikirlərini elmi tədqiqatlara əsasən izah edən E. Abbasov vurğuladı ki, bu gün quru və dəniz yataqlarında karbohidrogenlərin hasilatının, hazırlanmasını və nəqlini təmin etmək üçün tələb olunan hasilat, texnoloji platformaların, magistral və mədənlərarası neft-qaz kəmərlərinin layihələndirilməsi və tikinti sahəsində çalışan ARDNŞ-in digər strukturları kimi “Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi də səmərəli elmi axtarışları ilə diqqəti cəlb edir.

Azərbaycanlı alimlərin elmi axtarışlarının beynəlxalq miqyasda tətbiqi məsələlərinə toxunan E. Abbasov vurğuladı ki, neft sənayesi ilə əlaqədar maraq doğuran bütün yeniliklər ilk növbədə Azərbaycanda tətbiq olunur. Neft çıxarılmasında, neft maşınqayırmasında müasir texnologiyanın tətbiqi sahəsində Azərbaycanın zəngin təcrübəsindən istifadəyə maraq daha da çoxalıb.

“Cənubi Xəzər çökəkliyində neft ehtiyatlarının paylanması xüsusiyyətləri”, “Optimal həllinin tapılması məsələlərində çoxlaylı qaz yataqlarının və ya yeraltı qaz anbarlarının hidrodinamik modelləşdirilməsi” barədə məruzə edən Azərbaycan Dövlət Neft Akademiyasının neft-mədən geologiyası kafedrasının müdiri Bağır Bağırov “Elm inteqrasiyanı sevdiyi üçün bu cür tədbirlərin beynəlxalq əhəmiyyəti də böyükdür” sözləri ilə iki gün davam edən konfransın səmərəsi və əhəmiyyətini yüksək dəyərləndirdi.

Vurğulandı ki, məhz bu cür mərasimlərdə dünya alimlərini düşündürən problemlərin həlli üçün səmərəli təkliflər irəli sürülür, diskussiyalar aparılır, yeni neft-qaz layihələrinin alternativ variantları üçün alim rəyi, elmi axtarışlara üstünlük verilir.

Xəzər dənizində neft ehtiyatlarının quruda və dənizdə sahə, eyni zamanda dərinliklər üzrə paylanması məsələlərindən bəhs edən B.Bağırov bildirdi ki, Azərbaycanda zəngin karbohidrogen ehtiyatları var:

- Bütün dünya dövlətlərinin diqqətini cəlb edən Azərbaycanın böyük yataqlarından hasil olunan neft və qazın həcmi, ehtiyatı, nəqli, iri neft şirkətləri ilə bağlanmış beynəlxalq müqavilələrdən əldə olunan gəlirlər bəllidir. Bizi maraqlandıran illərdən bəri istismar olunan, nisbətən kiçik yataqlardan istifadəni yaxşılaşdırmaq üçün daha səmərəli metodların tətbiqinə diqqəti artırmaqdır. Elmi axtarışların nəticələrinə görə ölkəmizi hələ 40 il də bundan sonra köhnə yataqlardan hasil olunan neftlə təmin etmək imkanlarımız mövcuddur.

Bu sahədə olan ehtiyatlardan maksimum istifadə olunması üçün riyazi modellər hazırlanır, dünyada geniş tətbiq olunan neyron şəbəkələri öyrənilir. Bu da imkan verir ki, istismarda olan mürəkkəb neft yataqlarının daxili quruluşlarını ayırd edək. Bunun üçün yeni modellər tətbiq olunur.

Həmin bölmədə süxurların kollektor xassələrinin mədən-geofiziki üsullarla öyrənilməsində kompyuter texnologiyalarının tətbiqinin yeni aspektləri, qaz hidratlarının məsaməli mühitdə depressor və istilik təsiri ilə parçalanmasının modelləşdirilməsi, müxtəlif təbii rejimlərlə səciyyələnən yataqların neftvermə modellərinin müqayisəli təhlili, “Günəşli” yatağı timsalında geoloji-geofiziki parametrlərin xəritələnməsi təcrübəsi və sair mövzularda məruzələr dinlənildi, diskussiyalar, elmi müzakirələr aparıldı, maraqlı rəy və təkliflər irəli sürüldü.

“Neft və qaz quyularının qazılması və tamamlanması” bölməsinin iclası ABŞ-ın Texas ştatının Hyuston şəhərini təmsil edən “APS technology” şirkətinin nümayəndəsinin çıxışı ilə işinə start verdi. “APS technology”nin əməkdaşı P.Siton toplananlara şirkətin işləyib-hazırladığı qazma məhlulu sütununda pozitiv təzyiq impulsu ötürücüsünü təqdim etdi. Bu ötürücünün imkanları toplananları yaxından maraqlandırdı.

“Neftqazelmitədqiqatlayihə” institutunun direktoru F.İsmayılovun İ.Əfəndiyevlə birgə hazırladıqları qum əleyhinə çıxarıla bilən süzgəcin yeni layihəsini İ.Əfəndiyev təqdim etdi. Bildirdi ki, neft hasilatının artırılmasına, neftin maya dəyərinin aşağı salınmasına mane olan əsas səbəblərdən biri də qum təzahürləri, qum tıxaclarıdır. Azərbaycanın quru yataqları ilə yanaşı bu problem artıq dəniz yataqları üçün də aktualdır. Dünyada bu problemin texniki və texnoloji həllinin geniş spektri mövcuddur. F.İsmayılov və İ.Əfəndiyevin təklif etdikləri filtr yeni layihəyə malikdir və əsas üstünlüyü təmir vaxtı avadanlıq komplektinin quyudan tam şəkildə və heç bir mürəkkəbləşməyə yol vermədən çıxarmağa imkan verməsidir.

“Westor oversas” şirkətinin nümayəndəsi T.Quliyev quyudibi zonanın koltyubinqlə və hidrovibrator tətbiq etməklə təmizlənməsi haqda məlumat verdi. Bu metod ötən əsrin 80-ci illərindən tətbiq edilir və alternativ texnologiyadır. Westor oversas holdinq bu istiqamətdə “Neftqazelmitədqiqatlayihə” institutu ilə də əməkdaşlıq edir. T.Quliyev Qərbi Sibirdə üç quyuda sınaq işləri aparıldığını, debitin artdığını, prosesin 8 saata başa çatdığını və ekoloji cəhətdən təmiz olduğunu bildirdi.

“Neftqazelmitədqiqatlayihə” institutunun əməkdaşları E.Süleymanov və N.Həmidovun hazırladıqları dərinlik disperqatoru ilə istifadə məqsədilə sement-betonit qarışığının bərkiməsi üçün məhlula qarışdırılan ionomer-L əlavəsi barədə Eldar müəllim məlumat verdi. Qeyd etdi ki, böyük dərinliklərə özlü maye vurmaq çətin olduğundan müəlliflər tamponaj qarışığını dərinlikdə hazırlamaq ideyasını irəli sürüblər. Təklif edilən qurğu özlülüyü onlarla, yüzlərlə dəfə artırır, layda udulmanı aradan qaldırır.

Yenə də “Neftqazelmitədqiqatlayihə” institutunu təmsil edən İ.Dadaşov və İ.Abbasov Koltyubinq texnologiyasının istifadəsi ilə depressiya altında quyuların qazılmasının xüsusiyyətləri barədə məruzə təqdim etmişdilər. Bu xüsusiyyətlərdən bəhs edən İ.A.Dadaşov qeyd etdi ki, keçən il dünyada 57823, Rusiyada 20000, Azərbaycanda isə təxminən 70 quyu qazılıb. Belə böyük fərqi aradan qaldırmaq üçün köhnə yataqlarda, məsələn, Bibiheybətdə, Lökbatanda, Putada, koltyubinq qurğusu ilə qazmaq daha yaxşı olardı. İştirakçılar tərəfindən fəaliyyətsiz fondda olan quyularda da bu texnologiyanın tətbiqi ilə ikinci lülə ilə qazma aparmaq təklif edildi.

“Neftqazelmitədqiqatlayihə” institutunun əməkdaşı E.Kazımov E.Mirmehdiyeva, A.Əliyeva və A.Aşurova ilə birgə hazırladıqları müxtəlif qazma məhlulları filtratlarının gilli süxurlarla qarşılıqlı təsirinin tədqiqi məruzəsini, daha sonra M.Əliyeva, Ç.İskəndərov, N.Şeyxova və R.Həsənbəyovanın iştirakı ilə işlənmiş sintetik qazma məhlulunun tədqiqinin və tətbiqinin nəticələri barədə elmi işi təqdim etdi. Sintetik qazma məhlulunun hazırlanması üzərində xüsusi dayanan E.Kazımov bildirdi ki, deemulqatorlu qazma məhlulu layın kollektor xüsusiyyətlərinin saxlanmasına, məsaməliliyin, keçiriciliyin bərpa olunmasına xidmət edir. O, “Günəşli”, “Qum adası”, “Hövsan”, “Bahar”, “Neft Daşları” və başqa yataqlarda konkret quyularda alınmış nəticələrlə iştirakçıları tanış etdi.

Amerikanın Ohayo ştatının Vest Salem şəhərini təmsil edən “American Directional Drill, İnc.” şirkətinin nümayəndəsi Z.Şults bir gün əvvəlki “Neft və qaz quyularının təhlükəsiz, etibarlı qazılması və sürətli tikintisi” adlı məruzəsinə əlavə olaraq vertikal quyularda istifadə edilən VR-500 sisteminə əlavələrini etdi, ardınca videoprezentasiya və animasiya filmi nümayiş olundu. “Neft və qaz quyularının qazılması və tamamlanması” bölməsinin iclasına “Neftqazelmitədqiqatlayihə” institutunun əməkdaşları Ə.Məmmədovun Üzən qazma qurğularından qazılmış quyuların tamamlanması və Ş.Kazımov, İ.Əfəndiyev və R.Əhmədovun birgə əməyinin məhsulu olan neft quyularının qazlaşdırılmış tamponaj məhlulu ilə tamamlanması məruzələri ilə yekun vuruldu.

 

 

Xuraman İsmayılqızı,

 

Yeganə Əliyeva,

 

İlqar Məmmədli

 

İki sahil.- 2010.- 27 fevral.- S. 4.