Azərbaycanın
neft-qaz yataqlarına maraq artır
ARDNŞ-in
xarici şirkətlərlə imzaladığı müqavilələr
deyilənlərin təsdiqidir
1994-cü ildən
ənənəvi keçirilən Beynəlxalq neft və qaz,
neftayırma və neft kimyası sərgi-konfransı Azərbaycanın
enerji potensialının dünyaya təqdimatında, əməkdaşlıqda
yeni prioritetlərin müəyyənləşdirilməsində
mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bu ilin iyununda keçirilən
XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və
konfransının açılışındakı
çıxışında bir daha ölkəmizin bugünkü
uğurlarından, təbii ehtiyatlardan səmərəli
istifadənin nəticələrindən bəhs edərək
bildirmişdir: “ Əgər 1994-cü ildə ulu öndər
Heydər Əliyev tərəfindən o qətiyyətli
addımlar atılmasaydı və “Əsrin kontraktı”
imzalanmasaydı, bəlkə də Azərbaycanın
inkişafı tam başqa istiqamətdə davam edərdi. “Əsrin
kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər
hövzəsinin böyük, zəngin resurslarını
dünya şirkətləri üçün açdı,
eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu
inkişafını təmin etdi.”
İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə
uğurlu və qarşılıqlı maraqlar əsasında
yaradılmış əlaqələr, hasilatın
artırılması, Azərbaycanın iqtisadi
inkişafının təmin edilməsi, neft kəmərlərinin
tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə
dünya və Avropa bazarlarına nəql edilməsi layihələri
bugünkü Azərbaycanın reallıqlarını yüksək
dərəcədə əks etdirir. Bu gün Azərbaycanın
neft-qaz ixracatçısına, dünyanın enerji təhlükəsizliyinin
təminatçısına çevrilməsi əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan neft
strategiyasının nəticəsidir.
Azərbaycanın əsas iştirakçısı və
təşəbbüsçüsü olduğu BTC və BTƏ
neft-qaz layihələri artıq regional müstəvidən
çıxıb, qlobal xarakter daşıyır. Prezident
İlham Əliyevin vurğuladığı kimi, bu layihələr
olmasaydı, bu gun hər hansı bir “Cənub dəhlizi”ndən
söhbət gedə bilməz, Avropanın enerji təhlükəsizliyi
məsələləri tamamilə başqa istiqamətdə həll
olunacaqdı: “Bu gün əldə edilmiş uğurlar əsasında
gələcəyə baxırıq. O gələcəyə
ki, qarşımızda yeni imkanlar, yeni üfiqlər
açılır.”
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar
bildirir ki, Azərbaycan “Cənub dəhlizi”nin ayrılmaz bir
hissəsidir. Xüsusilə də “Şahdəniz” layihəsinin
ikinci fazasından hasil olunacaq Azərbaycan qazı olmadan “Cənub
dəhlizi” layihəsi reallaşa bilməz. ABŞ Xəzər
regionu təbii qazını Avropaya gətirəcək yeni Cənub
dəhlizinin açılmasına güclü dəstək
verir. Qərb “Şahdəniz” qazının alınması və
tranziti ilə bağlı Türkiyə və Azərbaycan
arasında imzalanan sənədi alqışlayır. R.Morninqstar
bildirir ki, bu, bizdə “Cənub dəhlizi” konsepsiyasının
reallığa çevriləcəyinə əminlik
yaradır.
Yeni layihələr üçün real
imkanlar yaranıb. Azərbaycan enerji sahəsində regional mərkəzə
çevrilib. Beynəlxalq əhəmiyyətə
malik və Avropanın enerji təhlükəsizliyinə zəmanət
verən, Azərbaycanın əsas iştirakçısı
və təşəbbüsçüsü olduğu layihələr
ölkələr arasında əməkdaşlıqda
körpü rolunu oynayır.
Azərbaycanın kifayət qədər
potensialı var ki, Avropanın enerji təhlükəsizliyini təmin
etsin.” Prezident İlham Əliyev bildirir: “Azərbaycanda
aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər,
ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim
ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş
kimi Azərbaycan gələcəkdə də öz müsbət
rolunu oynayacaqdır.”
“Biz dünya enerji şirkətləri ilə
etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq
edirik” söyləyən dövlət başçısı
İlham Əliyev bildirir ki, bu gün ARDNŞ dünyanın
aparıcı şirkətləri arasındadır və
xarici şirkətlərlə uğurlu əməkdaşlıq
bizə yeni, müasir təcrübəni gətirdi.
Cari ildə də neft-qaz sektorunda əhəmiyyətli
hadisələr baş verib. “Cıraq” Neft Layihəsinin icrasına
start verilməsi neft-qaz strategiyasının uğurlu və
uzunmüddətli olduğunun göstəricisidir. 2009-cu ildə “Azəri”-”Çıraq”-”Günəşli”
yatağından 40 milyon tondan artıq neft hasil olunub. Çıraq Neft Layihəsi bu rəqəmi daha da
artırmaq üçün böyük imkanlar yaradacaq.
“Azəri”-”Çıraq”-”Günəşli”nin
15 il əvvəl başlanmış işlənməsinin
davamı olan Çıraq Neft Layihəsindən ilk neft
hasilatı 2013-cü ilin sonlarına
planlaşdırılır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Əsrin
müqaviləsi”nin imzalanmasından ötən
dövr ərzində neft-qaz sektoruna 37 milyard dollardan artıq
sərmayə qoyulduğunu, digər yataqlar və strukturlar
üzrə irimiqyaslı layihələrin həyata
keçirildiyini bildirir. 1994-2009-cu illərdə xarici neft
şirkətləri ilə hasilatın pay bölgüsü
üzrə 31 saziş imzalanıb. Bu gün 15 ölkəni təmsil
edən 34 beynəlxalq enerji şirkəti quruda və Azərbaycan
sektorunda yerləşən 30 yataq üzrə aparılan
neft-qaz əməliyyatlarına cəlb olunub. Ümumilikdə
isə Azərbaycanda hazırda 61 yataq uğurla istismar olunur.
Xarici neft şirkətləri ilə birlikdə
aparılan axtarış-kəşfiyyat, qazma, tikinti və
hasilat üzrə böyük həcmdə işlər həyata
keçirilmiş və uğurlu nəticələr
alınmışdır. Nəhəng “Şahdəniz”
qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi”
və “Qarabağ” yataqları aşkar edilmiş, “Azəri-Çıraq-Günəşli”
kontrakt sahəsində neft hasilatı
artırılmışdır.
R.Abdullayev qeyd edir ki, Azərbaycan hasil
olunan karbohidrogenlərin qəbulu, saxlanılması və
dünya bazarlarına çıxarılması istiqamətində
də qısa müddətdə böyük uğurlar
qazanmışdır. Şaxələndirilmiş ixrac neft və qaz kəmərləri
sisteminin qurulması ölkənin enerji müstəqilliyini təmin
etmiş, Avropa və digər uzaq ölkələrin
karbohidrogen resursları ilə təminatı üçün
qarşıda yeni perspektivlər açmış, Xəzəryanı
ölkələrdə hasil olunan enerji
daşıyıcılarının nəql edilməsi
üçün sabit tranzit dəhlizi kimi Azərbaycana real
imkanlar yaratmışdır. Azərbaycan
dövləti bu məqsədlə bütün mövcud
infrastrukturunu üçüncü ölkələrə təqdim
etməyə hazır olduğunu dəfələrlə bəyan
etmişdir. Bu sırada təhlükəsiz
ixrac neft və qaz kəmərləri sistemi, yeraltı qaz
anbarları, neft terminalları, etibarlı dəmir yolu və dəniz
daşımaları şəbəkəsi qeyd
olunmalıdır.
Dövlət başçısı
bildirir ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının 15 ildən artıq həyata
keçirilməsinə baxmayaraq Azərbaycanın neft-qaz
yataqlarına maraq azalmır. Xarici tərəfdaşlarla yeni layihələr,
yeni yataqlar üzrə müqavilələrin imzalanması
deyilənlərin təsdiqidir. Bu gün Azərbaycan
şirkətləri başqa ölkələrə
böyük həcmdə investisiyalar qoyurlar.
Bu ilin martında ARDNŞ ilə Almaniyanın “RWE Dea”
Şirkəti arasında Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Naxçıvan” prespektiv
strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın
pay bölgüsü haqqında sazişin əsas kommersiya
prinsip və şərtlərinin
razılaşdırılmasına dair Qarşılıqlı
Anlaşma Memorandumu imzalandı.
“RWE Dea” Şirkəti təbii qazın və
xam neftin kəşfiyyatı və hasilatı sahəsində
fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkətlərdən
biridir. Müasir
qazma və hasilat, texnika və texnologiyasına malik Şirkət
uzun illərdən bəri əldə etdiyi təcrübəni
öz fəliyyətində uğurla tətbiq edir.
Eyni zamanda, “RWE Dea” Şirkəti Nabukko
layihəsi konsorsiumunun 6 səhmdarından biridir.
“Naxçıvan” perspektiv strukturu Xəzər
dənizinin Azərbaycan sektorunda, Abşeron
yarımadasından 90 km cənubda, sahildən isə 55 km
aralıda yerləşir. Struktur dənizin 120-750 metrə qədər dərinliklərində,
Azərbaycanın zəngin təbii qaz yataqlarından olan
“Bahar” və “Bulla dəniz” yataqlarının əhatəsində
yerləşir. 1960-cı ildə aparılan
seysmik kəşfiyyat işləri nəticəsində
aşkar edilmiş bu strukturda 1994-cü ildə axtarış
qazmasına başlanmışdır.
“RWE Dea” Şirkəti həmin strukturla bağlı
müraciət etmiş və tərəflər arasında
danışıqlara start verilmişdir. Aparılmış
danışıqlar Memorandumun imzalanmasına zəmin
yaratmışdır. Bütün bunlar,
Abşeron arxipellaqında kifayət qədər
çıxarıla bilən karbohidrogen ehtiyatlarının
olduğunu sübut edir.
Bildirilmişdir ki, “Naxçıvan”
strukturunun çıxarıla bilən təbii qaz ehtiyatı
300 milyard kubmetr, kondensat ehtiyatı isə 38 milyon ton həcmində
qiymətləndirilir.
“RWE Dea” Şirkətinin İdarə Heyətinin sədri,
doktor Jürgen Qrossman qeyd etmişdir ki, “RWE Dea” Şirkəti
ilə ARDNŞ-in gələcəkdə Xəzər dənizinin
Azərbaycan sektorundakı təbii qaz və neft
yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq
edilməsinə dair razılaşmanın tərtib olunması
məqsədilə Anlaşma Memorandumunu imzalaması alman
texnologiyalarının Azərbaycana daxil olması
üçün bir giriş qapısı olacaq. Kəşfiyyat və hasilatdan başlanan bu əməkdaşlığın
bütün sahələri əhatə edəcəyinə əminlik
ifadə olunmuşdur.
R.Abdullayev qeyd etmişdir ki,
“Naxçıvan” perspektiv strukturunda işləmək
üçün “RWE Dea” Şirkətinə verilən bir illik
müddət ərzində ARDNŞ-lə Şirkət
arasında müqavilə hazırlanacaq. “RWE Dea” bu perspektiv strukturu
öyrənəcək. Bir il müddət
ərzində “PSL” müqaviləsi imzalanacaq. Bundan
sonra bu strukturda kəşfiyyat işləri həyata
keçiriləcək. “RWE Dea” Şirkətinin
Nabukko layihəsinin fəal iştirakçılarından biri
olduğunu bildirən R.Abdullayev bu inamını da ifadə
etmişdir ki, Nabukko layihəsinin həyata keçirilməsində
birgə işlər aparılacaq, müsbət nəticələr
əldə olunacaq. J.Qrossman da
“Naxçıvan” perspektiv strukturunun gələcəkdə
Nabukko layihəsinə öz töhfəsini verəcəyini
bildirmişdi.
Ötən ay Balaxanı-Sabunçu-Ramana
və Kürdəxanı neft yataqlarının daxil olduğu
blokun bərpası, işlənməsi və hasilatın pay
bölgüsü haqqında Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti və Almaniyanın UGE-LANSER
PTİ. LTD.
Şirkəti arasında saziş imzalandı. ARDNŞ-in
prezidenti imzalanan sazişin böyük əhəmiyyətə
malik olduğunu bildirərək qeyd etmişdi ki, Şirkət
ölkənin quru sahələrində neft-qaz
yataqlarının bərpası və işlənməsi layihələrinə
ciddi diqqət yetirir və əsaslandırılmış
şəkildə ehtimal edir ki, bu yataqların potensial xam neft və
təbii qaz ehtiyatları ölkənin ümumi karbohidrogen
balansında əhəmiyyətli paya malikdir. Bunu
nəzərə alaraq Azərbaycanın quru sahəsində
yerləşən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı
neft yataqlarının daxil olduğu blokun bərpası,
işlənməsi layihəsinin həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Bildirildi ki, bu məqsədlə 2008-ci ildə
ARDNŞ və Almaniyanın UGE-LANSER PTİ. LTD. Şirkəti arasında
Qarşılıqlı Anlaşma haqqında Memorandum
imzalanmış və həmin sənədə əsasən
tərəflər danışıqlar apararaq,
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft
yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi
və hasilatın pay bölgüsü haqqında Sazişin əsas
ticari prinsiplərini, şərtlərini
razılaşdırmışlar.
Ümumi sahəsi 16,14 kv.km təşkil
edən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı
neft yataqlarının daxil olduğu blokun bərpası,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti və UGE-LANSER PTİ. LTD. Şirkəti
arasında imzalanmış Sazişdə UGE-LANSER PTİ.
LTD. şirkətinin iştirak payı 75 faiz,
ARDNŞ-ə məxsus Ortaq Neft Şirkətinin payı isə
25 faiz müəyyən edilmişdir.
Sazişə əsasən, qeyd olunan neft yataqları
blokunun işlənmə və hasilat dövrü 25 il müddətinə müəyyən
edilmişdir. Həmin müddət başa çatdıqdan
sonra işlənmə və hasilat dövrü, ARDNŞ təsdiq
edərsə, daha 5 il uzadıla bilər.
Bu günlərdə isə ARDNŞ ilə bp Exploration
(Azerbaijan) LTD. Şirkəti arasında “Şəfəq”-”Asiman”
dəniz blokları üzrə Hasilatın Pay
Bölgüsü ilə bağlı əsas kommersiya prinsipləri
sazişi imzalandı. R.Abdullayev bildirdi ki, BP və ARDNŞ Xəzər
dənizinin Azərbaycan sektorunda “Şəfəq” və
“Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı
və işlənməsinə dair “Qarşılıqlı
anlaşma haqqında” Memorandumu 2009-cu ildə Londonda
imzalamışdır. Sazişin qüvvədə
olma müddəti bu ilin iyulunda başa çatıb.
Saziş 30 il müddətinə nəzərdə
tutulur. Geoloqların proqnozlarına görə,
strukturda qaz ehtiyatı 300-500 milyard kubmetr arasındadır.
Bütün bunlar bir daha Azərbaycanın
neft və qaz yataqlarına artan marağın təsdiqidir. Azərbaycanın əldə
etdiyi uğurların yeni nəticələrə stimul verdiyini
söyləyən Prezident İlham Əliyev bildirir ki, iqtisadi
imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri
irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə
müdafiə etmək və prinsipial müstəqil siyasət
aparmaq çox çətin olur. İqtisadi
müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız,
iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın
inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyir.
Yeganə Əliyeva
İki sahil.- 2010.- 9 iyul.- S.5.