Azad mətbuatın
inkişafında obyektivlik, milli şüur və vətənpərvərlik
prinsipləri əsasdır
Dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri öndə saxlayan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi böyük ehtiramla anılır.
İnkaredilməz faktdır ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından ölkədə yaradılan ictimai-siyasi gərginlik şəraitində söz və mətbuat azadlığından danışmaq qeyri- mümkün idi. Ümummilli lider Heydər Əliyevin bildirdiyi kimi, demokratiya ictimai-siyasi sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edə bilər ki, həmin dövrdə də Azərbaycanda qeyd olunan istiqamətlərdə vəziyyət hər kəsə bəllidir. Mətbuat azadlığı hər addımda boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi. Ulu öndər Heydər Əliyev bildirirdi: “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”.
Milli mətbuatımızın 135 illiyini qeyd etdiyimiz bir vaxtda ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətlərini bir daha yada salmaq hər bir Azərbaycan vətəndaşının, xüsusilə, mətbuat nümayəndələrinin mənəvi borcudur. Unutmamalıyıq ki, ölkəmizdə milli mətbuatımızın inkişafı, keçdiyi şərəfli yol məhz Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətlə bağlıdır. Bu gün müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır.
Bu gün biz kütləvi informasiya vasitələrinin təmsilçiləri qürur hissi ilə deyirik ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Konstitusiyamızda demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunmuşdur.
Müstəqil Azərbaycanda bəşəri dəyərlərə söykənən vətəndaş cəmiyyəti quruculuğu başlıca vəzifədir. Burada dördüncü hakimiyyət sayılan mətbuatın da özünəməxsus yeri, məsuliyyəti var. Mətbuatı cəmiyyətin güzgüsü adlandıran, bu sahədə çalışan qələm sahiblərinə yüksək peşə prinsiplərindən irəli gələn tələblərin layiqli daşıyıcıları olmağı təlqin edən ulu öndərimiz Heydər Əliyev həmin təməl prinsiplərinin elmi şərhini verməklə kifayətlənməmiş, bunun hüquqi, iqtisadi bazasının yaradılması qayğısına da qalmışdır. Ümummilli lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun, digər fərman və sərəncamların imzalanması, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. əməli işlər dövlət müstəqilliyimizin memarı olan ulu öndər Heydər Əliyevin müdrik, qətiyyətli, uzaqgörən siyasətinin bariz nümunələridir. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd saymışdır. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyevin 2000-ci il 6 mart tarixli fərmanı ilə təsdiqlənmiş “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı”, “Məlumat azadlığı haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardandır. Xüsusi diqqəti çəkən yenilik isə mətbuata özünütənzimləmə imkanlarının yaradılması idi. Mətbuatın ictimai tənzimlənməsi və özünütənzimləmə, mətbuat-dövlət, mətbuat-vətəndaş münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsi dövrün tələbi idi. Yeddi il əvvəl, 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin qurultayında ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 180 kütləvi informasiya vasitəsi- qəzet, jurnal, informasiya agentliyi, jurnalist təşkilatı bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu - Azərbaycan Mətbuat Şurasını yaratdı. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, “reket jurnalistika”sına qarşı mübarizədir. Mətbuat Şurası fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə etmişdir.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, KİV-in təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş dünya ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.
Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə keçirdiyi görüşlərində onların mövcud problemlərini həll etməyə çalışmış və bu istiqamətdə konkret əməli tədbirlər görmüşdür. O, Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Ümummilli lider ölkə mətbuatının problemlərini də hər zaman açıq şəkildə bildirmiş, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırmışdır. Mətbuat müstəqil, peşəkar olmalıdır. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırlmalıdır. Bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o varlı dövlət kimi qəbul olunur. Bu şəraitin yaradılması üçün daim mətbuatla birgə çalışan, dövlət siyasətinin cəmiyyətə olduğu kimi çatdırılmasında maraqlı olan ümummilli lider Heydər Əliyev yalnız həqiqəti əks etdirən informasiyaların yayılmasında maraqlı idi.
Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu.
Ulu öndər Heydər Əliyev ölkədə söz və mətbuat azadlığının qarantı olduğunu bildirirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.”
Ulu öndər
Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi
illərində həyata keçirilmiş
çoxşaxəli islahatların nəticəsi olaraq bu gün
Azərbaycanda söz və mətbuat
azadlığı sahəsindəki mövcud
vəziyyət qabaqcıl demokratik ölkələrlə
müqayisə edilə bilər. Demokratik cəmiyyət-demokratik
mətbuat, azad cəmiyyət - azad mətbuat anlayışlarını daim önə çəkən Prezident İlham Əliyev bütün çıxışlarında bu fikri bəyan edir ki, Azərbaycanın daha da qüdrətli, demokratik, sivil, müasir dövlət çevrilməsi üçün Heydər Əliyev siyasəti
davam etdirilməlidir. Son
7 ilə yaxın dövrün
reallıqları bu vədin konkret əməli işdə öz
təsdiqini tapdığını göstərir.
Ötən ilin martında keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklərin böyük əksəriyyətini insan hüquq və azadlıqlarının, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması təşkil edir. “Şəxsiyyət toxunulmazlığı hüququ” maddəsinə edilən əlavəyə görə qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin “Məlumat azadlığı” maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafının təsdiqidir. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Bütün bunlar təsdiq edir ki, Azərbaycan dövləti mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır.
2005-ci ildə “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərdi. Milli mətbuatımızın ənənələrini yarandığı gündən yazıları ilə bəyan edən “Əkinçi” qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.
Demokratik cəmiyyətin vacib amillərindən olan azad mətbuata davamlı olaraq diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Konsepsiyanın təsdiqlənməsi milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sərəncamda da qeyd edildiyi kimi Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri edir. Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücəlndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respubilkasında kütəlvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”da qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Sənəddə KİV-lərin keçdiyi inkişaf yolu geniş təhlil olunaraq bildirilir ki, milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet məsələdir.
Konsepsiyada bütün zəruri müddəalar öz əksini tapıb. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, sənəd mətbuata dövlət dəstəyi kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində də Azərbaycan mətbuatının dünəninə, bu gününə nəzər salaraq qarşıda duran vəzifələri açıqlamaqla yanaşı mövcud problemlərin həlli yollarını geniş təhlil etmiş, Azərbaycan oxucusunun, tamaşaçısının yazılı və elektron KİV-lərdən gözlədiklərini diqqətə çatdırmışdı. Məqalədə ulu öndər Heydər Əliyevin 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatında çıxışı zamanı söylədiyi fikir önə çəkilir: “Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.” İctimai fikrə təsir imkanları geniş olan KİV-lər ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara, verilişlərə geniş yer verməlidir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Bir məqamı da unutmamalıyıq ki, ölkəmiz müharibə şəraitindədir. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.
Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayınır. Ölkədə 3500-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Ölkədə 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya fəaliyyət göstərir. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birilkləri mövcuddur. Bütün bunlar mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.
Dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da məhz Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında əksini tapmış məsələlərin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilmişdir. Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri və sədrinin təyin edilməsi də Dövlət Dəstəyi Konsepsiyasından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyini əminliklə söyləməyə əsas verir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi diqqətəlayiqdir. Fondun yaradılması ilə Azərbaycan mətbuatının inkişaf tarixində yeni mərhələnin əsası qoyuldu. Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Yeni fəaliyyətə başlamasına baxmayaraq Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur. Fondun və Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş ən mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinin keçirilməsinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur.
Dövlət başçısı İlham Əliyevin 10 iyun 2010-cu il tarixli “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq, mətbuatın yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilir. Sərəncamda da göstərildiyi kimi mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Mətbuat və söz azadlığının inkişafı prosesində bütün jurnalitstlərin səyləri birləşdirilməlidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması peşəkar jurnalistlərimiz üçün, sözün əsl mənasında, geniş yaradıcılıq imkanları açır.
İki sahil.- 2010.- 22 iyul.- S.3.