“QƏDİM
OĞUZ TÜRKLƏRİNİN MƏSKƏNİ
İLİSU!
Çox qədim tarixə, əvəzolunmaz
təbii sərvətlərə malik olan Azərbaycan
torpağının hər bir şəhəri, kəndi, qəsəbəsi
haqqında müasir dövrdə danışarkən onun
keçmişindən danışmamaq mümkün deyil. Azərbaycanın
ən səfalı və təbii sərvətlərlə zəngin
olan bölgələrindən biri də Qax rayonu və onun qədim
oğuz türklərinin məskəni olan İlisu kəndidir.
Bu rayon tarixi və memarlıq abidələri ilə zəngin
olan bir bölgədir. Haqqında söhbət
açacağım İlisu kəndi isə Qax rayonunun istər
gözəllik baxımından, istərsə də qəhrəmanlıq
baxımından ən tanınmış, məşhur kəndlərindəndir.
İlisu kəndi dağlarla və
sıx meşələrlə
əhatələnmiş
çox mənzərəli bir kənddir.
Bu kənddə iki dağ çayı Ağçay və
Kürmükçay birləşərək iti sürətlə
kənddən keçir. El arasında Kürmükçaya bəzən
dəli Kürmük də deyirlər. Deyilənlərə
görə, su o qədər iti axır ki, onun hərəkət
etdiyi belə bilinmir. Bəzi deyimlərdə guya bu çay
sürətlə axdığı zaman qəflətən
geriyə doğru hərəkət edir. Kəndə gedən
yolda Kürmükçayın üzərində qədim bir
körpü vardır. Çox güman ki, bu körpü
İlisu sultanlığın mərkəzinə
çevrildikdən sonra tikilmişdir. Körpünün
yaranma tarixini XVII-XVIII əsrlərə aid edirlər.
Körpünün dayaqları və tağbəndi
güclü selə qarşı dayanıqlı olmaq
üçün tikilib. İlisuda Ağçay dərəsi
adlanan vadidə isə müalicəvi əhəmiyyəti olan
qeyzer vardır. Qeyzerdəki süxurların arasından
turş, ağ, qaynar buxarlanan su çıxır. Bu vadi əhali
tərəfindən müqəddəs bir yer anlamında
olduğundan insanlar hətta bura ziyarətə də gəlirlər.
İlisu bir
neçə qədim
məhəllələrdən
ibarətdir. Burada qədim
qalalar və tarixi abidələr çoxluq təşkil edir.
Bu abidələrin hər biri ayrı-ayrılıqda bir
olaydan, bir tarixi hadisədən xəbər verir. İlisuda
aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan
tikililər, abidələr və kurqanlar sanki bu məkanın
qədimliyini sübut edən sənəddir. İlisuda
çox dəyərli hesab edilən abidələrdən ən
əsası, bəlkə də birincisi XVIII əsrə aid
olan “Ulu məscid” və “Ulu körpü” adlanan abidələrdir
ki, bu abidələr də bir zamanlar tarixdə çox hadisələrin
şahidi olmuşdur. “Ulu körpü”nün və “Ulu məscid”in
tarixinin təxminən XVII-XVIII əsrlərə aid olduğu
qeyd edilir. Kənd də XVI-XVIII əsrlərə aid
çoxlu sayda abidələr mövcuddur. Məsələn:
VII - IX; XVII - XVIII əsrlərə aid edilən “Cinli qala “,
“Sumuq qala”, “Həsən xan” qalası, “Qalaça” adlanan
qalalar vardır. Çox qədim qəbiristanlıq bu günə
kimi İlisuda saxlanılmaqdadır. Hətta “Şamilqala”
adı ilə məşhur olan bir qala bu gün də uca bir
dağın başında qalmaqdadır.
Azərbaycanın
toponimləri ensiklopediyasında
“İlisu” adının
Qıpçaq
dilindən gəldiyi
və “İlıq
su” mənası
daşıdığı qeyd
olunur. İlisuda olan müalicəvi əhəmiyyətli
isti bulaqların olması bunu qismən təsdiq edir. Kənddə
“Hamamçay” adlanan dərədə 3 bulaq vardır ki, bunlar
da “Oğlanbulaq”, “Qızbulaq” və “Mohbulaq” adlanan
bulaqlardır. Bu bulaqlardan ilıq və kükürdlü su
axır. İlisu kəndi keçmiş zamanlarda Car-Balakən
mahalının sultanlığına tabe olmuşdur.
Sultanlığın mərkəzi Qax şəhəri
olmasına baxmayaraq, sultanlığın təhlükəsizliyini
təmin etmək üçün hakim dairələr
bütünlüklə İlisuda yerləşdirilmişdir.
İlisu əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və
əkinçilik olmuşdur.
Lakin burada xalçaçılıq, dəmirçilik,
qalayçılıq, bədii tikmə, ağac və daş
üzərində oyma sənəti və. s. peşələr
də olmuşdur. Sadaladığım peşələr o
dövr üçün sənətkarlıq baxımından
ən vacib hesab edilən peşələr idi. Bu gün də
bu peşələrin bir hissəsi qorunub
saxlanılmaqdadır.
XIX
əsr rus mənbələrində İlisu adı “Yelisu” kimi
qeyd olunmuşdur. Ən qədim abidələrdən hesab edilən
“Ulu məscid” rayon mərkəzində yerləşir,
çay daşlarından, əhəng və çiy kərpicdən
inşa edilmişdir. Bu məscidin Saxur hakimi Əli Sultanın
əmri ilə tikildiyi məlumdur.
İlisu kəndi demək olar ki,
bütünlüklə
tarixi abidələrin məskənidir.
Mənbələrdə İlisu sultanlığının
yaranması tarixi 1563-cü ildən hesab edilir. Yəni 1562-ci
ildə Səfəvi hökmdarı şah I Təhmasibin fərmanı
ilə Qax ərazisi iri feodal olan saxurlu Adı Köklü bəyə
verilmiş və bununla da İlisu sultanlığının əsası
qoyulmuşdur.
İlisunun daha
bir gözəlliyi
ondadır ki, orada
çoxlu sayda bulaqlar vardır. Keçmişdə
bulaqların sayı daha çox olmuşdur. Məsələn:
“Xal bulaq”, “Əcəmi bulaq”, “Bahar bulaq”, “Molla bulaq”,
“Beşbulaq” və s. Bu bulaqlar yerləşdikləri əraziləri
su ilə təmin etməklə yanaşı, həm də kəndin
ümumi ansamblını tamamlayan kiçik memarlıq
nümunəsi idilər. İlisuya şöhrət gətirən
abidələrdən biri də “Sumu qala” memarlıq abidəsidir.
Bəzi mənbələrdə ona “Sumux” qalası da deyilir. Bu
qala vaxtı ilə müdafiə qülləsi kimi
tanınıb. Qüllənin yaranma tarixi XVII-XVIII əsrlərə
aid edilir. Rəvayətə görə, bu qülləni
İlisunun 9-cu hakimi olan Sumu adlı şəxs tikdirdiyi
üçün bu qala onun şərəfinə “Sumu
qalası” adını daşıyır. İlisuda vaxtı ilə
9 məscid olmuşdur. Zaman-zaman bunların bəziləri
dağıntılara məruz qalmış, 7 məscid isə
bu günümüzə qədər gəlib çıxa
bilmişdir. Ən qədim məscidlərdən biri də
“Cümə” məscididir. Bu məscidlər dini ayinlərin
icra olunduğu yerdən əlavə, həm də əhalinin
sıx toplaşdığı və birlik, ünsiyyət
qurduğu yerlər olmuşdur. Arxeoloji mənbələrə
görə bu “abidə statuslu” məscidlər 1616-1617-ci illərə
aid edilir. Məscidlərdə olan 4 daş kitabədə məscidlər
haqqında geniş məlumat vardır. Bu kitabələrin
hazırlanmasını sənətkarların peşəkarlıq
dərəcəsinin göstəricisi hesab etmək olar.
Ümumiyyətlə, abidələrə diqqətlə
baxdıqda onun nəfis şəkildə işləndiyini
görmək mümkündür və abidələrin peşəkar
memarlar, nəqqaşlar, rəssamlar, bənnalar və
istedadlı xəttatlar tərəfindən işləndiyi
sübut edilir.
İlisu dağların
və sıx
meşəliklərin
əhatəsində
olmasına baxmayaraq,
həmişə hücumlara
məruz qalmışdır.
İlisulular tərkib etibarı ilə əsasən azərbaycanlılardır.
İlisuluların türk-oğuz dili olan qədim Dədə
Qorqud dilini qoruyub saxlamaları, onların böyük tarixi məziyyətlərindən
biridir.
İlisu kəndi bir neçə
məhəllədən ibarət olmuş
və bu gün də
kənd bu məhəllələrin adı
ilə tanınır. Məsələn:
Səngər, Bucaq, Qala, Bacar, Qara dolaq və s. qədim məhəllələr
bu günə kimi öz adını saxlamışdır.
İlisuda hər məhəllədə yaşayan insanlar
öz köklərinə, soylarına görə nəsillərə
bölünür. Bunlardan Allahyar bəy uşağı,
Kazım bəy uşagı, Qoca uşağı, Məhərrəm
uşağı, Seyidəli uşağı və s. göstərmək
olar. Daniyal Sultanın nəslindən olanlar isə Sultanovlar
soyadını daşıyırlar. Sadaladığımız
bu nəsillər hal-hazırda da bu soyadları
daşıyırlar.
Bəzi
mənbələrin yazdığına görə, Azərbaycanın
ərazisində qədim kökümüz olan albanlar
yaşamış və Alban dövləti mövcud
olmuşdur. Tədricən VII əsrdə Alban dövlətinin
öz müstəqilliyini itirməsi nəticəsində Qax
rayonu ərazisində gürcü kilsələrinin sayı
artmış və Gellər adlanan tayfalar (Alban köklü),
gürcü mədəniyyətinin təsiri altına
düşərək, gürcü dilini mənimsəmiş,
bir sözlə, gürcü dilini və pravoslav dinini qəbul
etmişlər. Amma bütün bunlara baxmayaraq, onlar ərazi
baxımından özlərini azərbaycanlı hesab edirlər.
Tarixə nəzər saldıqda onların Azərbaycan torpağında
məskunlaşaraq, bu yurdun adət-ənənələrini mənimsədiklərinin
şahidi oluruq.
Həmişə
olduğu kimi, yadelli işğalçılar biri-birinin ardınca Azərbaycan torpaqlarını
zəbt etməklə
öz siyasətlərini yürütmüşlər.
Azərbaycana qədim dövrlərdə Rus
imperiyasının, ərəb müstəmləkəçilərinin,
tatarların, farsların, türklərin, monqolların
zaman-zaman hücumları olmuşdur. Hər bir dövlət
işğalçılıq siyasəti yürüdərək,
torpaqlarımızı zəbt etmək və öz müstəmləkələrinə
çevirmək planını həyata keçirmək
üçün çalışırdılar. Bu cür
siyasət isə ilk növbədə insanların inanc yerləri
ilə, əsasən də dinlə bağlı olurdu. Azərbaycanlılar
həmişə belə hücumların
qarşısını almağa səy göstərmişlər.
Məsələn, 1812-ci ildə İran qoşunları Şəki
xanlığına hücum etmiş, lakin İlisu atlı
qoşun dəstələrinin güclü müqaviməti ilə
rastlaşmışlar.
İlisu Azərbaycan bölgələrində
olan coğrafi şəraitə
və iqlimə görə
çox fərqlidir. Yay vaxtlarında bəzən
hava elə soyuqlaşır ki, sanki payız ayıdır.
Bundan başqa bu torpağın sinə göynədən saf,
təmiz havasının, min bir dərdin dərmanı olan təbii
minerallarla zəngin dağ sularının şöhrəti
dillər əzbərinə çevrilmiş, ölkəmizin
hüdudlarından kənarlarda da məşhurlaşmışdır.
Bu səbəbdən Qax rayonu, eləcə də İlisu həm
yerli, həm də əcnəbi turistləri özünə cəlb
etməkdədir. Artıq hər il xeyli sayda turist bu səfalı
və şəfalı yerlərdə həm istirahət edirlər,
həm də ölkəmizin tarixi keçmişi ilə
yaxından tanış olurlar.
Sevda Qədirova
İki sahil.- 2010.- 3 iyun.-S.14.