İqtisadiyyatın qüdrətlənməsi sosial müdafiənin təminatında başlıca amildir

 

Yol Tikinti-Təmir İdarəsinin kollektivi əməyin mühafizəsi, keyfiyyətə nəzarət və ekologiya sahəsində öz işini beynəlxalq standartlara uyğun şəkildə qurub

 

ARDNŞ “Neftqaztikinti” Trestinin Yol Tikinti-Təmir İdarəsində sosial sahədə bir sıra işlər görülüb. Yol inşaatçılarının iş şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması idarə tərəfindən görülən işlərin əsas tərkib hissələrindəndir.

YTTİ-nin baş mühəndisi Allahverdi Ələkbərov bizimlə söhbət zamanı bildirdi ki, neftçilərin sosial problemlərinin həlli Dövlət Neft Şirkəti və onun strukturlarında hər zaman diqqətdə saxlanılır. Belə ki, işçilər üçün idarədə hər bir şərait yaradılıb. A.Ələkbərov vurğuladı ki, “Neftqaztikinti” Trestinin Yol Tikinti-Təmir İdarəsinin rəhbərliyi, keyfiyyətə nəzarət sistemi üzrə İSO-9001, İSO-14001, İSO-18001 beynəlxalq standartlarının tələblərinə əsasən görülən istehsalat işlərinin və xidmətlərin keyfiyyətinə xüsusi diqqət yetirilir. İdarə sahələrdə istifadə olunan ölçü avadanlığı, cihaz və alətlərin metroloji təminatını dövlət və beynəlxalq standart normalarına uyğun keyfiyyət sisteminin tələbləri əsasında həyata keçirmək üçün var qüvvəsi ilə çalışır.

“Keyfiyyət sistemində İSO-9001, Beynəlxalq Standartların tələblərini sahələrdə tətbiq etmək üçün müvafiq sənədlər paylanılıb və təsdiq olunan keyfiyyət planına əsasən tapşırıqların icrasına daim nəzarət edilir” deyən baş mühəndis əlavə etdi ki, YTTİ-də il ərzində bütün sahələrdə tikinti-quraşdırma işlərində mütəmadi yoxlamalar aparır və uyğunsuzluqların aradan qaldırılması üçün profilaktik tədbirlər görülür. “Neftqaztikinti” Trestinin Keyfiyyətə Nəzarət Departamentinin əməkdaşları tərəfindən keyfiyyətlə bağlı aparılan yoxlamalar nəticəsində qeydə alınan nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirilib.

Əməyin mühafizəsi, keyfiyyətə nəzarət və ekologiya şöbəsinin rəisi Həmid Həmidov məlumat verərək bildirdi ki, 2009-cu il hesabat ilində Yol Tikinti-Təmir İdarəsində fəhlə, mühəndis və texniki işçilərin fəaliyyət göstərdikləri sahələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası Azərbaycan neft sənayesində təsdiq olunmuş “Vahid sistem”in və TS-18001 OHSAS - təhlükəsizlik üzrə beynəlxalq standartın tələblərinə əsasən yerinə yetirilib.

İdarədə yaradılan daimi fəaliyyət komissiyası struktur vahidlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək üçün fəaliyyət göstərir. “İş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının işi dördpilləli nəzarət sistemi ilə həyata keçirilir” - H.Həmidov qeyd etdi.

2009-cu ildə 28 nəfər mühəndis-texniki işçinin bilikləri yoxlanılıb. YTTİ-nin Əməyin mühafizəsi, keyfiyyətə nəzarət və ekologiya şöbəsi sahələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası işinə nəzarət edir və lazımı köməklik göstərir. Şöbədə il ərzində keçirilən yoxlamalara, iclaslara aktlar və protokollar tərtib olunur.

“Trestin Yol Tikinti-Təmir İdarəsinin rəhbərliyi, ekologiya ilə bağlı qanunvericilikdə İSO-14001 Beynəlxalq Standartlarında qarşıya qoyulan bütün tələblərə əməl etməklə bu sistemi daim təkmilləşdirib, inkişaf etdirib və müasirləşdirməklə ekologiyaya təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışır. Ətraf mühitin mühafizə edilməsinə, işçi personalı üçün sağlam iş şəraitinin yaradılmasına, ekologiyanın bütün sahələri üzrə personalın maarifləndirilməsinə, təbliğat və təşviqat işlərinin təşkil edilməsinə çox böyük önəm verir” - deyən YTTİ-nin baş mühəndisi A.Ələkbərov əlavə etdi ki, asfalt-beton qurğuları tərəfindən atmosferə atılan tullantıların minimuma endirilməsi üçün toz tutucu filtrlər daim işlək vəziyyətdə saxlanılır. Ətraf mühitin mühafizə olunmasının əhəmiyyətini əsas götürərək, Yol Tikinti-Təmir İdarəsi bütün sifarişçilərin tələblərini və ekologiya ilə bağlı əsas meyarları önəmli hesab etməklə onlara mütəmadi olaraq əməl edir.

İş sahələrində, istehsalat binalarında, sanitariya otaqlarında, yeməkxanalarda təmizlik işlərini yaxşılaşdırmaq üçün müvafiq sənədlər paylanmış və onlara daim nəzarət edilir. “Neftqaztikinti” Trestinin DFK-nın üzvləri tərəfindən Yol Tikinti-Təmir İdarəsinin istehsalat sahələrində ətraf mühitin mühafizəsinin vəziyyətinin yaxşılaşdırılması üçün təkliflər verilib. İdarənin ekologiya üzrə mühəndisi Bəhruz Hacıyev il ərzində iş planına uyğun olaraq istehsalat sahələrində mütəmadi olaraq yoxlamalar aparıb.

Yol Tikinti-Təmir İdarəsində il ərzində istifadə edilən və istifadədən sonra atılan içməli, texniki suların kəmiyyət və keyfiyyət göstəricilərini təyin edən aylıq formalar tərtib edilmiş və bu işlərə nəzarət həyata keçirilmişdir. İdarənin fəaliyyət sahələrində formalaşan ümumi, xüsusi, təkrar emal və inşaat tullantıları vaxtaşırı utilizə edilmiş və müvafiq qaimələr tərtib edilmişdir.

A.Ələkbərov onu da bildirdi ki, idarənin ərazisində davamlı olaraq abadlıq, yaşıllaşdırma işləri aparılır. Belə ki, idarə ətrafında yaşıllıq zonası mütəmadi olaraq təmizlənir, suvarılır. İdarənin ətraf ərazilərində də ağaclar əkilir, təmizlik təmin olunur. Bütün fəaliyyət sahələrində ekologiya sistemi ilə bağlı geniş maarifləndirmə işləri aparılmış və keçirilən iməciliklər nəticəsində Asfalt-beton istehsalat sahəsinin ərazisində yaşıllaşdırma işləri həyata keçirilmiş, 2495 ədəd müxtəlif növ ağaclar əkilmişdir. Ətraf mühitin mühafizəsinə dair 2009-ci il üçün tədbirlər planı hazırlanaraq Keyfiyyətə Nəzarət Departamentinə göndərilmişdir.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2010.- 3 iyun.- S. 12.