Neft-qaz layihələri ölkələrarası əməkdaşlıqda körpüdür

 

Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlərin imzalanması yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaq

 

Nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində mühüm rola malikdir. Bu günlərdə ölkəmizdə keçirilən XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışında dövlət başçısı İlham Əliyev bildirdi ki, bugünkü hasilat ixrac imkanlarımızdan daha da çoxdur. Amma elə etməliyik ki, hasilatla daxili tələbat və ixrac imkanları bərabərlik təşkil etsin. Bunun üçün yeni bazarların, eyni zamanda mövcud olanların genişləndirilməsinin gərəkliyi ən vacib amil kimi diqqətə çatdırıldı: “Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyildir. Bizim üç neft, dörd qaz kəmərimiz vardır. Onlar enerji şaxələndirilməsini tam şəkildə təmin edir və enerji resurslarımızın istənilən istiqamətdə ixracının artırılması üçün bütün imkanlar vardır.” Bu əminlik də ifadə edilir ki, verilən tapşırıqlar əsasında görülən texniki işlər qaz ixrac imkanlarını daha da artırır. Baxmayaraq ki, əvvəlki illərdə qaz amili dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. Lakin bu günün reallıqları bu həqiqəti ortaya qoyur ki, artıq həmin yanaşmada böyük dəyişiklik edilib. Qaz amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda enerji təhlükəsizliyi məsələlərinə mühüm təsir göstərir. Prezident İlham Əliyev bildirir ki, bizim daxili və xarici siyasətimizin uğurla aparılması üçün enerji təhlükəsizliyi məsələləri də öz həllini tapıb. Azərbaycan ölkədaxili enerji təhlükəsizliyini tam həll edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlanmış və bu gün uğurla icra edilən neft strategiyası ölkəmizə böyük uğurlar gətirir. Qarşıya qoyulan bütün məsələlər öz həllini tapır. Bir sözlə, neft-qaz ixracının şaxələndirilməsi yüksək səviyyədə təmin olunur.

Azərbaycanın artan nüfuzu dünya və Avropa dövlətləri tərəfindən də etiraf olunur. Hazırda Azərbaycan regional çərçivədən kənara çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında dövlət başçısı İlham Əliyev bildirdi ki, ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regionla əməkdaşlıq üçün möhkəm əsas yaradır.

Bu gün bir çox Avropa dövlətlərinin, o cümlədən, Polşa, Rumıniya və Baltikyanı dövlətlərin ölkəmizlə əməkdaşlıqları müsbət mənada yeni mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft-yanacaq komplekslərinin inşasına investisiya qoyub.

Enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının əsas tərkib hissələrindəndir. Avropaya inteqrasiya siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz enerji təhlükəsizliyinə uzun illər öncədən diqqət yetirib: “Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl bəhs olunurdu. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik.”

Hər bir inkişafın əsasında sabitliyin və iqtisadi tərəqqinin dayandığını önə çəkən Prezident İlham Əliyev bildirir ki, əks halda xarici investisiyaların ölkəmizə cəlb olunması qeyri-mümkündür. Neft-qaz sektoruna qoyulan investisiyalar Azərbaycanın uzunmüddətli inkişafına xidmət edir. Son on beş ildə ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulub ki, bunun yarısı neft-qaz, yarısı isə qeyri-neft sektorunun payına düşür. Bu onu təsdiqləyir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Baxmayaraq ki, neft strategiyasının həyata keçirildiyi ilk illərdə daha çox investisiyaların neft-qaz sektoruna qoyulması bəzi ekspertləri narahat edirdi ki, ölkə iqtisadiyyatı yalnız birtərəfli qaydada inkişaf edəcək. Lakin bu günün real nəticələri qeyd olunan narahatlığa əsas olmadığını təsdiqlədi.

XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə Azərbaycan Prezidentinin ünvanına göndərilən təbrik məktublarında da bu amil xüsusi qeyd edilir. ABŞ-ın dövlət katibi Hillari Klinton bildirir ki, Azərbaycanın öz resurslarını düşünülmüş formada hasil etmək səyləri minlərlə ölkə vətəndaşı üçün iş yerlərinin açılması və sürətli iqtisadi tərəqqi ilə nəticələndi. Bu isə öz növbəsində ölkənin müstəqilliyini möhkəmləndirdi.

Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” tezisinin davamı olaraq Prezident İlham Əliyevin söylədiyi “Deyə bilərəm ki, Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir” fikri bu günün gerçəklikləridir. 2006-cı ilin mayın 28-də Respublika Günündə Azərbaycan neftinin Ceyhan terminalına daxil olması da bu həqiqəti təsdiqlədi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ötən illər ərzində neft strategiyasının prinsipləri əsasında transmilli şirkətlərlə hasilatın pay bölgüsü üzrə 31 saziş imzalanmışdır. Bu gün 15 ölkəni təmsil edən 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunub. Ümumilikdə isə Azərbaycanda hazırda 61 yataq uğurla istismar olunur.

Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşdı. Bir sözlə, ulu öndər Heydər Əliyevin neft strategiyası yalnız Azərbaycanı deyil, digər iştirakçı ölkələri də Avropanın diqqətində saxlayır. Azərbaycan bu gün dünyada enerji daşıyıcılarının hasilatı və nəqlinin tanınmış mərkəzlərindən biridir. Ölkəmiz öz tələbatlarını tam həcmdə ödəməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatında da mühüm rol oynayır. Şərqlə Qərbi birləşdirən enerji nəqliyyat dəhlizində müstəsna rol oynayan Azərbaycan strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin həqiqi təminatçısıdır. Hazırda Azərbaycanın geostrateji əhəmiyyəti təkcə zəngin neft-qaz hasilatçısı olmaqla bitmir. Ölkəmiz həm də Mərkəzi Asiya regionunda hasil edilən enerji daşıyıcılarının dünya bazarlarına sabit nəqlini həyata keçirə bilən ən etibarlı tranzit ölkə sayılır. Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət dünya dövlətlərinin Azərbaycana marağını daha da artırır.

Bütün sazişlər üzrə neft-qaz əməliyyatları uğurla yerinə yetirilir. Bir müddət öncə “Əsrin müqaviləsi” çərçivəsində Çıraq Neft Layihəsinə sanksiya verildi. İstər xarici tərəfdaşlarla, istərsə də müstəqil olaraq, yeni strukturlarda kəşfiyyat-qazma işləri aparılır.

1994-cü ildən xarici neft şirkətləri ilə aparılmış birgə iş nəticəsində yüksək təcrübə əldə olunub. Ölkəmizin güclü maliyyə imkanları, zəngin elmi-texniki və intellektual kadr potensialı var. Bu imkanlardan səmərəli istifadə etməklə neft-qaz sənayesinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verən ARDNŞ-in malik olduğu potensial imkan verir ki, Şirkət öz resurslarından istifadə etməklə, yeni strukturlarda müstəqil işləsin. Bununla yanaşı, ARDNŞ xarici şirkətlər tərəfindən təqdim olunan layihələri də diqqətdən kənarda saxlamır. Azərbaycanın istər dəniz, istərsə də quru yataqlarında ölkəmizin kifayət qədər çıxarılabilən neft ehtiyatları vardır. Bu da xarici şirkətlərin marağını cəlb edir.

Enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün müxtəlif marşrutlar üzrə layihələrin həyata keçirilməsi, yeni alternativ yollarla bağlı müzakirələrin aparılması bu həqiqəti ortaya çıxarır ki, Azərbaycan bölgədə əsl söz sahibinə çevrilib. Ölkəmizin iştirakı olmadan hansısa bir layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan hasilatçı, tranzit ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi enerji siyasəti dostluğu, əməkdaşlığa, sülhə xidmət etməlidir. Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Ötən ildə Azərbaycan qazının nəqli ilə bağlı tranzit anlaşmalar ölkəmizə əlavə siyasi divident və iqtisadi uğur gətirir.

İyunun 7-də Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni mərhələ kimi dəyərləndirilən Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin imzalanması yeni irimiqyaslı layihələrin həyata keçirilməsinə imkanlar yaradacaq.

İstanbulda Azərbaycan jurnalistlərinə müsahibəsində “Şahdəniz” qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı saziş imzalandı. Ümumiyyətlə, bu sazişi Azərbaycanın enerji siyasətində mühüm bir tarixi hadisə kimi qiymətləndirmək olarmı? Bu layihənin perspektivləri ilə bağlı nə deyə bilərsiniz” sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri vardır. Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaq. İlkin hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaq. 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulduğunu nəzərə alsaq, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Bu layihənin icrası imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin.

Hazırda hasilatın mövcud bazarların imkanları ilə məhdudlaşdığını söyləyən Prezident İlham Əliyev “Biz hasilatı rahatlıqla, qısa müddət ərzində artıra bilərik. Ancaq qaz sahəsində, bilirsiniz ki, hasilat mövcud bazarların imkanlarına birbaşa bağlıdır. Bu bizə imkan verəcək ki, 5 ildən sonra “Şahdəniz” yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun. Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturunun olduğunu nəzərə alsaq görərik ki, mövcud kəmərlərin genişləndirilməsi sayəsində biz istənilən istiqamətə istənilən həcmi ötürə biləcəyik. Bu bizə imkan verəcək ki, ölkəmizə böyük həcmdə valyuta axını təşkil edilsin. Digər tərəfdən, bildiyiniz kimi, qaz sahəsindəki əməkdaşlıq, əlbəttə ki, təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Bu, təbii ki, Azərbaycanın bölgədəki, qitədəki mövqeyini böyük dərəcədə gücləndirəcək bir amilə çevriləcəkdir” bildirir. Dövlət başçısı bütün planların həyatda öz əksini tapacağına əminliyini ifadə edir: “Bunu deməyə əsas verən odur ki, bu vaxta qədər enerji sahəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilibdir.”

ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar bildirir ki, Azərbaycan “Cənub dəhlizi”nin ayrılmaz bir hissəsidir. Xüsusilə də “Şahdəniz” layihəsinin ikinci fazasından hasil olunacaq Azərbaycan qazı olmadan “Cənub dəhlizi” layihəsi reallaşa bilməz. Göründüyü kimi Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi beynəlxalq səviyyədə dəstəklənir.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2010.- 11 iyun.- S. 5.