HEYDƏR
ƏLİYEV AZƏRBAYCANDA MİLLİ
BİRLİYİMİZİN YARADICISIDIR
Dünən
YAP Gəncə şəhər təşkilatında Gəncə
şəhər İcra Hakimiyyəti və şəhər təşkilatının
birgə Tədbirlər Planına uyğun olaraq, 15 iyun-Milli
Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev
milli birliyimizin yaradıcısıdır” mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. Konfransda YAP Gəncə
şəhər təşkilatının İdarə Heyətinin
və Şurasının üzvləri, İcra Hakimiyyətinin
məsul işçiləri, partiya fəalları və
ziyalılar iştirak etmişlər.
Tədbir
iştirakçıları ilk öncə Gəncənin
baş meydanına gələrək, ulu öndər Heydər
Əliyevin əzəmətli abidəsini böyük ehtiram və
hörmətlə yad etmiş, abidə önünə
gül-çiçək dəstələri qoymuşlar.
Elmi-praktik
konfransı YAP Gəncə şəhər təşkilatının
sədri, professor İsrafil İsmayılov açmışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhər
təşkilatının sədri tədbir
iştirakçılarını 15 iyun - Milli Qurtuluş
günü münasibətilə təbrik etmiş, müstəqil
Azərbaycanın tərəqqisi və inkişafı yolunda
onlara siyasi fəaliyyətlərində uğurlar
arzulamışdır. O, Milli Qurtuluş gününün
ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb
etdiyini açıqlamış və yaddaşımıza həkk
olunan 1993-cü ilin iyun hadisələrini, yaranmış
ictimai-siyasi vəziyyəti geniş təhlil etmişdir. “15
iyun - Azərbaycanın Milli Qurtuluş tarixi Cənubi Qafqazda
sülhün, sabitliyin təmin olunmasında Heydər Əliyev
mərhələsinin başlanğıcıdır” adlı məruzəsində
bildirmişdir ki, həmin dövrdə dövlətçiliyimizin
başı üzərini almış fəlakəti
xalqımızın təkidli tələbi ilə respublika rəhbərliyinə
yenidən qayıdan ulu öndər Heydər Əliyev aradan
qaldırdı. Onun təcrübəsi, qətiyyəti, cəsarəti,
uzaqgörənliyi, sayəsində xalqımız
düşdüyü bəlalardan xilas olaraq sabitliyə, əmin-amanlığa
qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət
quruculuğuna başladı. Dahi Heydər Əliyevin zəngin
dühası və qüdrəti ilə müstəqil Azərbaycan
siyasi, ictimai, iqtisadi, mədəni həyatın bütün
sahələrində irəliləyişlərə nail oldu. Bu
gün ümummilli liderin layiqli davamçısı cənab
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan
demokratiyanın ardıcıllıqla bərqərar olduğu,
insan haqlarının qorunduğu, iqtisadi inkişafın ən
yüksək səviyyəsi ilə lider mövqeyi qazanan bir
ölkədir.
Gəncə
şəhər İcra Hakimiyyəti
başçısının müavini Akif Ələkbərov
məruzə ilə çıxış edərək bildirdi
ki, Heydər Əliyev Azərbaycanda sabitliyin və
inkişafın davamlı olmasını təmin edən
alternativsiz siyasi kursun memarıdır. Bu siyasi kurs indi
ümummilli liderimizin layiqli davamçısı cənab
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməkdədir.
ADAU-nun
dosenti, əməkdar müəllim Məleykə Əlizadə
“Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı: gerçəklik və tarixi zərurət”
mövzusunda məruzə edərək bildirdi ki, bir-birinin
ardınca beynəlxalq təşkilatlara üzv olan Azərbaycan
öz Liderinin birbaşa rəhbərliyi ilə əsaslı
iqtisadi, siyasi, hüquqi, sosial islahatların həyata
keçirilməsi nəticəsində günü-gündən
gücləndi.
GDU-nun
baş müəllimi, əməkdar müəllim Mübariz Əliyev
“15 iyun -Milli Qurtuluş günü müstəqil Azərbaycanın
dövlətçilik tarixində yeni mərhələdir”
mövzusunda çıxış edərək bildirdi ki, Heydər
Əliyev Azərbaycan xalqına böyük maddi və mənəvi
dəyərlər qoyub getmişdir. Onun ən qiymətli
töhfəsi müstəqil Azərbaycan dövlətidir.
GDU-nun
baş müəllimi Cavid Bağırzadə “Heydər Əliyev
Azərbaycanda milli birliyin yaradıcısıdır”
mövzusunda məruzəsində vurğuladı ki, Heydər Əliyev
hakimiyyətə qayıdışından sonra tarixən
özünün formalaşdırdığı azərbaycançılıq
ideyalarının bərqərar olması üçün
yaranmış reallığa biganə qala bilməzdi. O,
dövlətçiliyin qorunub saxlanılmasında ilkin
addım olan milli birlik, həmrəylik və mütəşəkkillik
ideyalarının həyata keçməsi imkanlarını
reallaşdırdı.
GDU-nun
baş müəllimi Hüseyn Bəxtiyarov “15 iyun- Milli
Qurtuluş gününün Azərbaycanın müasir
tarixində siyasi əhəmiyyəti” mövzusunda
çıxış edərək, Milli Qurtuluş
gününün hər il qeyd edilməsinin mühüm əhəmiyyət
daşıdığını, yeni nəslin vətənpərvər
ruhda yetişdirilməsində əvəzsiz rol
oynadığını diqqətə çatdırdı. Qeyd
etdi ki, bu günün tarixini bilmək, onun elmi-praktiki əhəmiyyətini
dərk etmək son dərəcə vacibdir. Çünki
müstəqil dövlətçiliyimizin qorunması və
inkişaf etdirilməsi kimi mühüm vəzifə gənc nəslin
üzərinə düşür.
Tədbirin
sonunda YAP sıralarına qəbul edilmiş bir qrup fəala
partiya vəsiqələri təqdim edilmişdir.
Süsən Tağıyeva
İki sahil.- 2010.- 11 iyun.- S.4.