Lahıc, Nic və
Qırmızı qəsəbənin YUNESKO-nun
siyahısına salınması istiqamətində işlər
aparılır
Hazırda
Azərbaycan xalça sənətinin də 2010-cu ildə bu
siyahıya daxil edilməsi ilə əlaqədar müvafiq
işlər aparılır
Azərbaycan
mədəniyyətinin və ölkəmizdə tarixən
mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə
təbliği üçün Lahıc, Nic və
Qırmızı qəsəbənin “Mədəniyyət məkanı”
adı ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni
irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə
müvafiq istiqamətdə işlərə start verilib.
Lent.az-ın Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən verdiyi
məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə
əsasən namizədlik fayllarının hazırlanması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının ekspertləri,
eyni zamanda
videoçarxların hazırlanması üçün rejissor heyəti cəlb olunub.
İşlərin cari ilin iyul ayının ortalarında
tamamlanması nəzərdə tutulur.
Lahıc, Nic və
Qırmızı qəsəbənin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısına daxil edilməsi istiqamətində müvafiq işlərə başlanılması Azərbaycanın
tolerant dövlət olmasını sübut edən siyasətə söykənir. Azərbaycan tarixən atəşpərəstlik,
xristianlıq, İslam və yəhudi dinlərinə mənsub
insanların, müxtəlif azlıq və yerli xalqların
mehriban və qarşılıqlı anlaşma şəraitində
yaşadığı bir ölkədir. Gələcəkdə
digər Azərbaycan qəsəbə və kəndlərinin
mədəniyyət məkanı kimi YUNESKO-ya təqdim edilməsi
nəzərdə tutulur.
Azərbaycan Respublikası
2006-cı ildə qeyri-maddi mədəni irsin
qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyaya qoşulub. 26 noyabr 2009-cu il
tarixdə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi
haqqında” Konvensiyanın
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
tərəfindən təsdiq edilib, 15 may 2010-cu il
tarixdən etibarən isə Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minib.
Qeyd
edilən bütün tədbirlər, eyni zamanda
Lahıc, Nic və
Qırmızı qəsəbənin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısına daxil edilməsi ilə
bağlı aparılan müvafiq işlər sözügedən konvensiyaların həyata keçirilməsi istiqamətində
mühüm rol
oynayacaq.
Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və Novruz bayramı (beynəlmiləl fayl kimi)
YUNESKO-nun
Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısındadır. Hazırda Azərbaycan xalça sənətinin
2010-cu ildə bu siyahıya daxil edilməsi ilə əlaqədar
müvafiq işlər aparılır.
İki sahil.- 2010.- 22
iyun.- S. 13.