Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti ildən-ilə artır

 

Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsi respublikamızın təhlükəsizliyi və müdafiəsini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrə həsr olunmuşdur. 11-ci maddə ölkə ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyini, 2-ci maddə Azərbaycan xalqının suverenliyini, 5-ci maddə xalqımızın vahidliyini, Konstitusiyanın II fəsli isə bütövlükdə Azərbaycan dövlətinin mövcudluğunun siyasi, hüquqi, sosial-iqtisadi əsaslarını müəyyən edir.

Bütün bu ali dəyərlərin qorunması Milli Ordunun inkişafının və gücləndirilməsinin zərurətini bir daha təsdiq etdiyi şübhəsizdir. Nəhayət, ümumilikdə Azərbaycan dövlətinin ali məqsəd kimi qarşısına qoyduğu və Konstitusiyanın 12-ci maddəsində bəyan etdiyi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsinin həyata keçirilməsi, vətəndaşların ləyaqətli həyat səviyyəsinin təmin edilməsi kimi daxili siyasətin başlıca istiqamətləri də güclü ordu, effektiv xarici siyasət və siyasi resurslar olmadan mümkün deyil. Qeyd edək ki, hələ Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Xüsusilə, Azərbaycan Milli Ordusunun yaradılması haqqında xüsusi fərmanın verilməsi (26 iyun 1918-ci il), Müvəqqəti hökumətin tərkibində Xosrov bəy Sultanovun rəhbərliyi ilə hərbi nazirliyin fəaliyyət göstərməsi milli dövlətçiliyin əsaslarının yaradılması baxımından mühüm nailiyyət idi. Sovet dövründə isə məqsədli şəkildə azərbaycanlıların bir çox hərbi peşələrdən kənarda qoyulduğu zamanda Azərbaycan SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü. Eyni zamanda, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması da xalqımızın mühüm tarixi nailiyyətlərindən biri idi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra həllivacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin gedişinə ciddi təsir göstərə biləcək qəti hərbi addımların atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai-siyasi sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş qabiliyyətinin artırılması və genişmiqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər.

Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə aradan qaldırılması prioritet istiqamət sayıldı. Ötən illərdə bu istiqamətdə göstərilən səylər konkret nəticə verməsə də, atəşkəs rejimi Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən biri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməyə başlandı. Belə ki, daxili siyasi sabitsizlik və mürəkkəb beynəlxalq siyasi şəraitdə cəbhədə atəşkəsə nail olunması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi. Bununla yanaşı, orduda tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Prezident tərəfindən 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalanmışdır. 1994-cü ildən etibarən Milli Ordunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa standartlarına uyğun yenidən qurulması istiqamətində Şimali Atlantika Alyansı ilə əməkdaşlığa başlanmışdır. Azərbaycanın Sülhməramlı Qüvvələri NATO-nun tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qorumaqla bərabər, rəsmi Bakı təşkilatın konfrans və sammitlərində ən yüksək səviyyədə təmsil olunmaqda davam edir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, həmçinin Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniyanın hərbi akademiyalarında dinləmə kurslarında təhsil almağa başlamışdır. Beynəlxalq aləmdə sülh, əməkdaşlıq çağırışlarının olduğu bir dövrdə dünyada baş verən proseslər və siyasi reallıqlar dövlətlərarası münasibətlərdə və milli maraqların təmin olunmasında tam başqa qaydaların hökmranlıq etdiyini göstərir. Bu cür mürəkkəb beynəlxalq reallıqlar qarşısında özünün ali qanununda- Konstitusiyasında və yürütdüyü praktik siyasətində aşkar nümayiş etdirdiyi sülhpərvər məramı ilə yanaşı bu gün Azərbaycan Respublikasının və Azərbaycan xalqının güclü müdafiə qabiliyyətinə, hərbi potensiala böyük ehtiyacı vardır.

Bu zərurət Azərbaycan dövləti və xalqı qarşısında duran bir sıra tarixi vəzifələrlə şərtlənir ki, bunlar da bir neçə istiqamətdə izah edilə bilər: birincisi, heç kimə sirr deyil ki, müasir geopolitik düzəndə güclü müdafiə qabiliyyətli, Milli Ordu dövlətin müstəqil xarici siyasətinin təminatçısı, dəstəkverici qüvvəsidir. İkincisi, Milli Ordunun qüdrətlənməsi xalqın özünün siyasi-hüquqi ləyaqət hissidir. Digər tərəfdən, Milli Ordu özlüyündə təkcə hərbi qüdrət, siyasi məna, strateji güc kəsb etmir, onu hər cür daxili və xarici təhlükədən müdafiə edə biləcək məhz milli qüvvənin mövcudluğu hər bir millət və xalq üçün böyük mənəvi qüvvə kəsb edir. Dördüncüsü, Milli Ordu, milli suveren dövlətin müstəqil siyasətinin dayağı, milli siyasət ordunun danışan dilidir. Hərçənd alman geosiyasətçisi Klauzevits daha da irəli gedərək dövlət və cəmiyyətin hərb sahəsinin rolunu beynəlxalq münasibətlərin qurulmasında həlledici faktor səviyyəsinə yüksəltmişdir. Beşincisi, qüdrətli Milli Ordu millətin öz məqsədlərini həyata keçirmək hüququnun aliliyini təmin edir. Ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən hərbi güc effektiv xarici diplomatik siyasətlə birgə addımlayır. Bununla yanaşı, bu gün milli təhlükəsizliyin hər üç səviyyəsində- vətəndaş, cəmiyyət və dövlət səviyyələrində effektiv təminatı üçün güclü ordunun vacibliyi danılmazdır. Belə ki, dövlətin müdafiə sahəsindəki vacib fəaliyyət istiqamətlərindən biri də milli təhlükəsizliyin qorunmasıdır. Milli təhlükəsizlik bütövlükdə cəmiyyətin həyat mənafeyinin, yaşayış tərzinin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Dövlətin əhalisi onun əsas sərvəti hesab olunduğundan hər şeydən öncə cəmiyyətin və ayrılıqda hər bir insanın təhlükəsiz və ləyaqətli yaşamasını təmin etmək prioritet vəzifədir. Dünyanın, regionun siyasi dəyişikliyi prosesində milli mənafeyin qorunması birbaşa olaraq müstəqilliyin, suverenliyin qorunması deməkdir. Növbəti məsələ milli ideya faktorudur. Milli ideyanın güclü olması həm cəmiyyətdə, həm də hərb sahəsində vacib amildir. Belə ki, ordunun gücü 3 hazırlıq səviyyəsi ilə müəyyən olunur: döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq və fiziki hazırlıq. Bu baxımdan hərbi ruh yüksəkliyi, sağlam milli vətənpərvərlik və milli ruh bu gün Azərbaycanın mövcud olduğu və inkişaf etdiyi reallıqlarda Milli Ordumuza hava-su kimi gərəkdir. Nəhayət, belə bir cəhət mütləq nəzərə alınmalıdır ki, bu gün müvafiq sahənin inkişafında vacib olan meyar heç də təkcə müdafiə sahəsinə ayrılan vəsait, o cümlədən ordunun ən yeni maddi-texniki təchizatı səviyyəsi deyil, eyni dərəcədə önəmli olan və hərb işinin effektivliyində heç də az rol oynamayan ordudakı hərbi-milli ruh, döyüşkənlik əzmidir. Başqa sözlə, dövlətin geniş islahatları ilə yanaşı Silahlı Qüvvələrə cəmiyyət tərəfindən də müvafiq diqqət və münasibət olmalıdır.

Beləliklə, bu gün Azərbaycanın xarici siyasəti yeni geostrateji reallıqlar fonunda çox inamlı və perspektivli görünür. Qarşımızda böyük hədəflər dayanır və yalnız böyük xalqlar böyük hədəflər müəyyən etməyə və onlara nail olmağa qadirdir. Prezident İlham Əliyevin hələ seçkiqabağı proqramında ölkənin ərazi bütövlüyünün tezliklə bərpa edilməsi kimi ümdə məqsədin həyata keçirilməsi üçün müəyyən etdiyi dövlət siyasətinin əsas istiqamətləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş diplomatik səylərin daha da gücləndirilməsi, Silahlı Qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlərin davam etdirilməsi, hərbi sənayenin yaradılması, Azərbaycan Ordusunun gücü və döyüş qabiliyyətinin ardıcıl olaraq artırılması, mənəvi-psixoloji durumunun daha da yaxşılaşdırılması, nəhayət, əhalinin, xüsusilə də gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Təsadüfi deyil ki, ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası özünün fəaliyyət proqramında mühüm istiqamətlər kimi məhz Azərbaycan xalqının və dövlətinin milli maraqları baxımından əldə edilən əsas sərvət olan müstəqil dövlətçiliyin, milli təhlükəsizliyin qorunması, həmçinin ordunun gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı müəyyən edilmişdir. Hazırda Azərbaycan Ordusu nizami ordu, qanunçuluq, vahid, mərkəzləşmiş rəhbərlik, qarışıq komplektləşdirmə, kadr təşkili, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial, hüquqi müdafiəsinin təminatı prinsipləri əsasında fəaliyyət göstərir və inkişaf edir. Bu gün Azərbaycan Ordusunun qarşısında çox böyük tarixi və taleyüklü vəzifə dayanır. Siyasi səriştəsizliyin qurbanı olmuş torpaqların işğaldan azad edilməsi və xalqın, cəmiyyətin özünə inamının və milli ləyaqətinin özünə qaytarılması kimi ali mənəvi vəzifənin öhdəsindən gəlinəcəyinə böyük ümidlər bəslənir. Bunu Ali Baş Komandan da öz çıxışında qətiyyətlə təsdiq etmişdir: “Azərbaycan Milli Ordusunun döyüş hazırlığı bu gün yüksək səviyyədədir və ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.”

 

 

İki sahil.- 2010.- 26 iyun.- S. 10.