Xalqın dəstəyini qazanan və dövlətçiliyin
qarantı olan lider
Prezident İlham Əliyevin Rusiyada təsis edilmiş “İlin
adamı-2009” Qran-pri mükafatına
layiq görülməsi
ölkənin ictimai-siyasi,
iqtisadi və dövlət mənafelərinə
xidmət sahəsində
əldə etdiyi uğurların təsdiqidir
Prezident İlham Əliyevin
son altı ildə hər bir vədini konkret əməli
işi ilə təsdiqləməsi, həyata keçirdiyi
siyasətin alternativsizliyi dünyanın tanınmış
siyasətçilərinin, politoloqlarının, nüfuzlu
araşdırmalar mərkəzlərinin
açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək
mükafatlara layiq görülür. Dövlət
başçısının Rusiyada təsis edilmiş
“İlin adamı-2009” Qran-pri mükafatına layiq
görülməsi də ölkənin ictimai-siyasi, iqtisadi və
dövlət mənafelərinə xidmət işində
göstərdiyi səylərinin təsdiqidir. Mükafatın
təsisçiləri bildirirlər ki, “İlin adamı”
öz ölkəsinin inkişafının mühüm meyillərini
təcəssüm etdirən, onun gələcəyini
formalaşdıran insanlardır.
Mütəmadi olaraq Cənubi
Qafqaz ölkələrində əhalinin prezidentlərinə
etimadını, həyata keçirilən siyasətin gələcəyinə
inamı öyrənmək üçün sorğu
keçirən ABŞ-ın nüfuzlu “Gellup” təşkilatının
hesabatında da Prezident İlham Əliyev siyasəti ilə
liderliyini qoruyur.
ABŞ Prezidentinin
milli təhlükəsizlik üzrə keçmiş köməkçisi,
məşhur siyasətçi, politoloq, ABŞ-ın Strateji və
Beynəlxalq Araşdırmalar Mərkəzinin məsləhətçisi
Zbiqnev Bjezinski Prezident İlham Əliyevi regionda mühüm
rolu və konstruktiv mövqeyi ilə seçilən ciddi
dövlət adamı kimi dəyərləndirir. Verdiyi
müsahibəsində “Siz Prezident İlham Əliyevin hakimiyyəti
dövrünü necə qiymətləndirirsiniz” sualına
cavab olaraq politoloq bildirir: “O, Azərbaycanda bir siyasi
davamçı kimi mühüm rol oynayır. Eyni zamanda, beynəlxalq
səhnədə də onun rolu artmaqdadır. Başqa ölkələr
kimi, Azərbaycan da keçmiş sovet respublikasından
müasir dövlətə keçid mərhələsini
yaşayır.” Sözsüz ki, ölkələr arasında əməkdaşlıq
əlaqələrinin genişlənməsində demokratik
inkişafın rolu böyükdür. Z.Bjezinski bununla əlaqədar
“Prezidentin təkamül yolu ilə demokratik inkişaf
konsepsiyasına münasibətiniz necədir” sualını da
cavablandırır. Bildirir ki, bu konsepsiya barədə geniş
məlumatı olmasa da, bir vaxtlar demokratiya və milli müstəqillikdən
məhrum olan cəmiyyətdə demokratiya quruculuğunun
çox mürəkkəb və çətin proses
olduğunu bilir. “Bəziləri üçün bu proses
yavaş, digərləri üçün sürətli
görünə bilər. Çox zaman xarici müşahidəçilərin
siyasi dəyişikliyin mürəkkəbliyi barədə ətraflı
məlumatı olmur və vaxtaşırı səbirsizlik edərək
tənqidi mövqe tuturlar. Bunun da nəticəsində müəyyən
bir proses barəsində sadə və ümumiləşdirilmiş
qiymətləndirmə aparmaq asan olmur. Lakin mənim ümumi
fikrim belədir ki, Azərbaycan daha müasir, daha inkişaf
etmiş və daha plüralist cəmiyyətə çevrilməkdədir
və bununla bağlı Azərbaycanın daha da demokratikləşməsi
prosesi qaçılmazdır.”
Bir müddət
öncə ABŞ-ın nüfuzlu internet qəzeti “Haffinqton
Post” tanınmış amerikalı politoloq, Kaliforniyanın
“Tool Shed Group LLC” analitik mərkəzinin eksperti Ceyson Katzın
Azərbaycanla bağlı məqaləsini dərc etmişdir.
Məqalədə bildirilirdi ki, Şərq-Qərb enerji dəhlizinin
fəaliyyətinin təmin edilməsində mühüm rol
oynayan Azərbaycanın təşəbbüsü və
iştirakı ilə reallaşdırılan enerji layihələri,
xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb
ölkələri üçün çox böyük
önəm daşıyır. Müəllif bildirir ki, Azərbaycan
haqqında məlumat əldə etmək istəyən hər
bir kəs bu ölkənin öz milli maraqlarından
çıxış edən olduqca praqmatik bir ölkə
olduğunu öyrənər. Azərbaycan kimi bir dostun itirilməsi
ABŞ-ın xarici siyasəti və maraqları
üçün böyük zərbə ola bilər.
Publisist, beynəlxalq
icmalçı, politoloq, “İlham Əliyev: Azərbaycanıma
inanıram” kitabının müəllifi Mixail
Vitalyeviçin də ölkəmizlə bağlı
açıqlamaları olduqca maraqlıdır. Kitabın
yaranma səbəbindən bəhs edən müəllif
bildirir ki, son illər Azərbaycan qüdrətli dövlətə
çevrilib: “Burada sözün əsl mənasında nəhəng
qlobal və pozitiv dəyişikliklər baş vermişdir. İkinci
səbəb isə şəxsidir. Kitabın əsl müəllifi
İlham Əliyevdir. Çünki oxucu Azərbaycanı ilk
növbədə onun “prizması”ndan görür. Söhbət
sözün əsl mənasında planetar təfəkkürlü
və geniş dünya görüşlü insan haqqında
getdiyindən, bu, xüsusilə dəyərlidir.” “Prezident
öz ölkəsini necə də möhkəm, qətiyyətlə,
ardıcıl olaraq inkişaf yolu ilə aparır” deyən
C.Katzın bildirir ki, ölkə lideri haqqında nə qədər
material toplayıramsa, bir o qədər də məndə ona
qarşı hörmət və hətta heyranlıq
yaranırdı. Mənə daha da aydın olurdu ki, haqqında
söhbət gedən şəxsiyyətin səviyyəsinə
layiq kitab yalnız maraqlı deyil, həm də əzəmətli
olmalıdır.
Mixail Vitalyeviçin
“Azərbaycanın hazırkı inkişaf yolu haqqında nə
deyərdiniz” sualına cavabı da diqqətdən kənarda
qalmır: “Mən bugünkü respublikanı “çiçəklənən
Azərbaycan” adlandırardım. Bu, yazıçı
obrazı deyil, reallıqdır. Kitab üzərində iş
məni cəlb etdikcə, ölkədə baş verən dəyişikliklərə
sadəcə olaraq heyran qalırdım. Sənaye istehsalı hər
il həqiqətən rekord göstəricilərlə
artır, kənd təsərrüfatı yüksəlir,
maliyyə və yenicə yaranmaqda olan bank sistemi möhkəmlənir.
Azərbaycan bildiyimiz kimi, enerji resurslarını Qərbə
ixrac edən və ötürən ölkələr
sırasına qədəm qoymuşdur. Sözün əsl mənasında,
əsrin layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xəttinin
tikilməsi və açılışı ilə Azərbaycanın
bütövlükdə Avropa və Qərb üçün nə
qədər böyük əhəmiyyətə malik
olduğu aşkar edildi. Sosial sferadakı ciddi dəyişiklikləri
mən hətta sıçrayış adlandırardım. Mən
bu haqda çox danışa bilərəm, lakin Azərbaycanda
baş verənlər haqqında dünyanın bilməsi,
ölkənin qüdrətli dövlətə çevrilməsinə
səbəb olmuş dəyişikliklərin mahiyyətinin
anlanılması çox vacibdir.”
Xarici siyasətçilərin,
politoloqların Prezident İlham Əliyev haqqında fikirlərini
önə çəkərək son illərdə Azərbaycanın
keçdiyi inkişaf yoluna qısaca nəzər salaq.
Dövlət
başçısı İlham Əliyev altı ildə həyata
keçirdiyi iqtisadi, siyasi, demokratik islahatları ilə Azərbaycanı
daha da qüdrətləndirir, əhalinin inamını,
etimadını artırır, ən əsası vədinə
sadiq olduğunu təsdiqləyir, xalq seçimində
yanılmadığının şahidi olur. Bu günün
reallıqları ümummilli lider Heydər Əliyevin
2003-cü il prezident seçkilərindən öncə xalqa
müraciətində bildirdiyi: “İlham Əliyev yüksək
intellektli, praqmatik düşüncəli, müasir dünya
siyasətini və iqtisadiyyatını gözəl bilən,
enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də
Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən
layiqli övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
Ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” fikrinin təsdiqidir.
Bu günün
statistik rəqəmlərinə müraciət etsək bir
daha məlum olur ki, dünya dövlətlərini narahat edən
qlobal maliyyə böhranına baxmayaraq milli iqtisadiyyatı
sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən
Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində
qazandığı liderlik adını qoruyub saxlayır. Prezident
İlham Əliyevin “İlin adamı-2009” Qran-pri
mükafatına layiq görülməsində də ölkəmizin
uğurlu siyasət nəticəsində dünyanı
bürüyən iqtisadi və maliyyə böhranını
hiss etməməsi önə çəkilir. Bildirilir ki,
laureatların çoxunun qələbəsi məhz onların
böhrana qarşı uğurlu mübarizəsi sayəsində
təmin edilmişdir. Bu mükafat il ərzində öz
ölkələrinin ictimai, siyasi və dövlət mənafelərinə
xidmət işində ən parlaq nəticələr göstərmiş
insanlara təqdim edilir ki, dövlət başçısı
İlham Əliyevin bütün sahələrin
inkişafına yönələn addımları daim təqdir
olunur.
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)” qəbulu ilə
aparılacaq islahatların, ölkə iqtisadiyyatının tərəqqisinə
təkan verəcək layihələrin istiqamət və
parametrləri dəqiq müəyyənləşdirildi. Nəzərdə
tutulan beş ildə bölgələrdə yaşayan əhalinin
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, yeni iş yerlərinin
açılması, infrastruktur layihələrinin həyata
keçirilməsi, investisiya qoyuluşunun
artırılması, ən başlıcası isə
sahibkarlığı inkişaf etdirməklə qeyri- neft sektorunun
genişləndirilməsinin təminatına yönəldilmiş
təxirəsalınmaz vəzifələr Dövlət
Proqramında əsas prinsiplər kimi qarşıya qoyuldu. Həyata
keçirilən tədbirlər nəticəsində Azərbaycan
dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət
kimi beynəlxalq ictimaiyyətin marağını cəlb etdi.
Azərbaycanın büdcəsi 10 dəfə artdı. Ölkəmizin
valyuta ehtiyatları 20 milyard dollar həcminə
çatdırıldı. 2004-cü ildə əsas vəzifə
kimi qarşıya qoyulan qeyri-neft sektorunun,
sahibkarlığın inkişafı təmin edildi.
Həyata keçirilən
infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində
bölgələrin siması dəyişdi. Ən
başlıcası isə tanınmış maliyyə təşkilatı
olan Dünya Bankı tərəfindən açıqlanan
“Diong Busines-2009” hesabatında Azərbaycan dünya ölkələri
sırasında ən islahatçı dövlət elan olundu.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi ilə daha möhtəşəm vəzifələrin
əldə olunacağına inandığını bildirən
dövlət başçısı İlham Əliyev ötən
ilin sosial-iqtisadi inkişafının yekunlarına dair
müşavirədə ölkə iqtisadiyyatının
ümumi vəziyyətini müsbət qiymətləndirdi. Qeyd
olundu ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə
baxmayaraq milli iqtisadiyyat tarazlığını qoruyub. Ötən
il ÜDM 9,3 faiz artmışdır. Sənaye istehsalı 8,6
faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. 2005-ci
ildən başlayaraq Azərbaycan iqtisadi artım sürətinə
görə dünyada liderlik edir. Həyata keçirilən
islahatlar nəticəsində ölkədə yoxsulluğun səviyyəsi
49 faizdən 11 faizə enmişdir.
Əsas problemimiz olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Azərbaycanın
haqlı mövqeyini dəstəkləyənlərin
sayının artması da Prezident İlham Əliyevin qətiyyət
və səyinin nəticəsidir. “Dağlıq Qarabağa
heç bir zaman müstəqillik verilməyəcək”
söyləyən dövlət başçısı Azərbaycan
xalqının rəyinin ifadəsi olan
torpaqlarımızın bütövlüyünün təminatı
üçün bütün imkanlardan istifadə
olunacağını əminliklə bildirir. Bütün beynəlxalq
səviyyəli görüşlərdə bölgədə
və dünyada sülhün, sabitliyin təminatı
üçün maneə olan Dağlıq Qarabağ probleminin
əsas müzakirə mövzusu kimi gündəmə gətirilməsi
Azərbaycanın uğurlu xarici siyasətinin nailiyyətidir.
Görülən
işləri yüksək dəyərləndirən ölkə
əhalisi Prezident İlham Əliyevin ətrafında sıx
birləşərək, gələcəyə böyük
inamla irəliləyir.
Yeganə
Əliyeva
İki
sahil.- 2010.- 2 mart.- S. 3.