Mehriban xanım Əliyeva: Mən
öhdəmə götürdüyüm hər bir işə
məsuliyyətlə yanaşıram
“Şərəf
Legionu” ordeninin zabit rütbəsinə layiq
görülmüş Mehriban xanım Əliyevanın
adına məktub göndərən Fransanın Prezidenti Nikola
Sarkozi Azərbaycanın birinci xanımını təbrik edərək
bu etimadı ölkələrimiz arasında möhkəmlənən
əməkdaşlığın bariz nümunəsi
adlandırmışdır
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın Fransa prezidentinin sərəncamı
ilə “Şərəf Legionu “ ordeninin zabit rütbəsi ilə
təltif olunması ölkəmizin xarici siyasətinin
uğuru olmaqla, beynəlxalq aləmdə nüfuzunun
artmasının təsdiqidir.
“Şərəf
Legionu” ordeninə layiq görülməsi münasibətilə
Mehriban xanım Əliyevanın adına məktub göndərərək
onu təbrik edən Fransa prezidenti Nikola Sarkozi yazır: “Öz
şəxsi orden fondumdan Sizi təltif etməyi qərara
aldığım bu məşhur mükafat ölkəmizə
göstərdiyiniz xidmətlərin keyfiyyətinə və
ona münasibətdə nümayış etdirdiyiniz sədaqətə
görə olan mükafatdır.”
“XXI əsrin
böyük qadını” fəxri titulunun nominantı Mehriban
xanımın xeyriyyəçilik işlərində fərqlənməsi,
bəşəriyyətin ali ideyalarına xidmət sahəsində
yüksək nailiyyətlərinə görə beynəlxalq
səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan
qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə
malik olduğunu göstərməklə, dünya birliyində
fəal mövqe tutmasının nümunəsidir. Mehriban
xanımın bu sözləri onun çoxşaxəli fəaliyyətinin
bütün istiqamətləri üzrə qazandığı
nailiyyətlərin göstəricisidir: “Mən öhdəmə
götürdüyüm bütün hər bir işə
çox məsuliyyətlə yanaşıram. Hər zaman
öz fəaliyyətimlə bir neçə məqsədə
çatmağı düşünmüşəm. Bunlar vətənpərvərlik
və mərhəmətlilikdir.”
Heydər Əliyev
Fondunun 5 il ərzində göstərdiyi fəaliyyətə,
Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO və
İSESKO-nun xətti ilə Azərbaycanda keçirilən
beynəlxalq səviyyəli konfrans və simpoziumların əhəmiyyət
və mahiyyətinə diqqət yetirməklə Azərbaycanın
birinci xanımının xidmətləri barədə ətraflı
olmasa da, müəyyən təsəvvür yaratmaq
mümkündür. Çünki onun gördüyü
işlərin dövlətə, xalqa verdiyi səmərə
ölçüyəgəlməz dərəcədə dəyərli
və əhəmiyyətlidir.
“Həyatda hər bir
kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir.”
Bu sözləri ilə
xalqa xidmətin hər zaman dəyərli olduğunu bildirən
Mehriban xanım üçün məsuliyyətin və yerinə
yetirilmiş vəzifənin də böyük-kiçikliyi
yoxdur. Yalnız xalqa xidmət istəyi, insanları sevindirəcək,
imkansızlara yardım, humanistlik və xeyirxahlıq
duyğuları var.
Uşaq evləri və
internatların yenidən qurulması təşəbbüsünü
irəli sürən Heydər Əliyev Fondunun prezidentinin diqqət
və qayğısı nəticəsində 30-dan artıq təlim-tərbiyə
müəssisəsi ən müasir avadanlıqlarla təmin
olunmuş, valideyn himayəsindən məhrum körpələrin
fiziki cəhətdən sağlam, hazırlıqlı vətəndaş,
zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində
önəmli tədbirlər həyata keçirilmişdir.
“Hər bir
uşağın ailəyə ehtiyacı var”
kampaniyasını irəli sürməklə uşaqların
ailələrə verilməsi kimi önəmli layihənin həlli
istiqamətində milli-mənəvi dəyərlərimizi əks
etdirən tədbirlərin keçirilməsinə nail olan
Mehriban xanımın təşkilatçılığı
ilə həyata keçirilən təşəbbüslərin
əsasında bir vəzifə dayanır: Vətən
üçün sağlam düşüncəli, layiqli
bacarıqlı, övladlar yetişdirilsin.
“Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsinin təşəbbüskarı
olan Fondun dəstəyi və YUNESKO-nun iştirakı ilə
Bakıda keçirilən dünyada savadlılığın
dəstəklənməsi üzrə regional konfranslar çərçivəsində
“Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ
yanaşmaların tətbiqinə dəstək” beynəlxalq
konfransı Azərbaycanda elmin, təhsilin inkişafı
istiqamətində həyata keçirilən dövlət
siyasətinin uğuruna baxış idi.
Diabetli, hemofiliyalı,
fiziki cəhətdən qüsurlu uşaqların
sağlamlığı qayğısına qalan Mehriban
xanımın bilavasitə diqqət və qayğısı ilə
həyata keçirilən “Talassemiyasız həyat naminə”,
“Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və
zəif görən uşaqların İKT-yə
çıxışının təmin olunması” kimi layihələr
üzrə görülən işlər, Bakıda Talassemiya
Mərkəzinin, tələbatı ödəyəcək qədər
ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik
hisslərini birləşdirən humanist duyğulardır.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyətində milli mədəniyyətimizin
inkişafı naminə həyata keçirilən layihələr
xüsusilə fərqlənir. ONUN təşəbbüsü
ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə
dair şah əsərlərin siyahısına daxil olunan Azərbaycan
muğam sənətinin qorunub saxlanılması və təbliği
istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.
Milli mədəniyyətimizin
inkişafına, təbliğinə diqqət yetirən Heydər
Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilən tədbirlər təkcə bu gün
üçün deyil, gələcək naminə görülən
misilsiz xidmət kimi dəyərləndirilir.
24 tanınmış,
korifey xanəndənin ifasında səslənən
muğamların toplandığı” Qarabağ xanəndələri”
musiqi albomunun nəşri kifayətdir ki, dünya xalqları
Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə
ətraflı məlumat alsın. Bacarıqları, misilsiz
ifaları ilə əsrlərdən bəri qorunub
saxlanılan muğam sənətinin sehrini indiki nəslə ərməğan
edən ustad sənətkarlar, xanəndələr, bir sözlə,
bu el sənətini yaşadanlar haqqında ətraflı məlumatı
oxuculara çatdıran bu albom qiymətli və zəngin mədəni
irsdir. “Muğam” jurnalının, “Muğam
ensiklopediyası”nın nəşri Azərbaycan xalqına məxsus
zəngin sənətin təbliğində böyük əhəmiyyətə
malikdir.
Azərbaycana məxsus
muğam sənətinin qorunub saxlanılması, eyni zamanda təbliğini
nəzərdə tutan “Muğam - irs”, “ Muğam, dəstgah”,
“Muğam- antologiya” layihələri Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs
və xidmətlərinin nəticəsidir. Görülən
işlərin davamı kimi maraq doğuran, dahi bəstəkar
Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi
münasibətilə təşkil edilən televiziya-muğam
müsabiqəsi demək olar ki, dünyanın hər yerində
izlənildi və tamaşaçı rəğbəti
qazandı. Azərbaycanda analoqu olmayan və Şərq
xalqlarına məxsus muğamın yaşadılması
üçün nəzərdə tutulan, milli köklərə
bağlılığı ifadə etməklə müasirlik,
yenilik aşılayan Muğam Mərkəzinin istifadəyə
verilməsi də bu istiqamətdə həyata keçirilən
misilsiz xidmətlərin davamıdır.
Milli və tarixi ədət-ənənələri
mərasimlərində yaşadan Novruz bayramı ərəfəsində
keçirilən “Muğam aləmi” Beynəlxalq Musiqi
Festivalı-2009”-un təşkili dünya xalqlarının diqqətini
Şərq ilə Qərbin qovşağında yerləşən
və sivilizasiyaları birləşdirən Azərbaycana
yönəltdi.
“Muğam aləmi” beynəlxalq
festivalın rəsmi açılışında
çıxış edən Prezident İlham Əliyevin qeyd
etdiyi kimi muğam Azərbaycanın milli sərvətidir: “Azərbaycan
xalqı daim öz milli köklərinə bağlı xalq
olmuşdur və bizim gələcək uğurlarımız
da məhz bu amillə bağlıdır. Biz bütün
ümumbəşəri dəyərləri
bölüşürük, ancaq bizim üçün ən
önəmlisi, ən əzizi milli dəyərlərimizdir. Azərbaycan
dəyərləridir.”
Muğam
festivalının məhz Azərbaycanda, İslam mədəniyyətinin
paytaxtı Bakıda keçirildiyini tarixi və önəmli
hadisə adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan
xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında
uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə
keçən muğam sənəti bu gün də Azərbaycanda
yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı
muğamsız, muğamı Azərbaycansız təsəvvür
etmək mümkün deyil. Təsadüfi deyil ki, birinci beynəlxalq
muğam festivalı məhz Azərbaycanda bu gözəl
Muğam Mərkəzində keçirilir”.
Festival çərçivəsində
keçirilən elmi simpoziumda maraqlı
çıxışı ilə diqqəti cəlb edən və
müxtəlif ölkələrdən muğamın sehrinə
yığışan qonaqlara bir daha Azərbaycan xalqına
xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti
üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığı
barədə açıqlama verən Mehriban xanım Əliyeva
vurğuladı ki, belə bir festivalın keçirilməsi
muğamsevərlər üçün fəxrdir:” Hər bir
azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət
daşıyır. Qərblə Şərqin arasında,
Böyük İpək Yolu üstündə yerləşən
Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər
boyu öz mədəniyyətini formalaşdırmışdır.”
Muğamın insanlara bəxş
etdiyi mənəvi zövqün, zənginliyin,
duyğuların heç nə ilə əvəz oluna bilməməsini
diqqətə çatdıran Heydər Əliyev Fondunun
prezidenti bildirdi ki, muğam Azərbaycan xalqına xas olan ən
gözəl xüsusiyyətlərin
daşıyıcısıdır: “Torpağa köklərə
bağlılıq , vətənpərvərlik, milli ləyaqət
hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik- bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır. Odur ki, desəm muğam gözəlliyin
və məhəbbətin rəmzidir- səhv etmərəm.”
Təsadüfi deyil ki,
digər tarixi abidələr kimi Azərbaycan muğamı
2003-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi
irsinin inciləri siyahısına salınıbdır. “Bizim
üçün muğam sənəti tarixinin hər səhifəsi,
hər anı çox əzizdir, doğmadır” söyləyən
mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın
qeyd etdiyi kimi Azərbaycan musiqi mədəniyyətinin elə
bir janrı yoxdur ki, orada muğamın təsiri hiss
olunmasın. Çünki muğam tarixi minillərlə hesablanan
və qədim mədəni irsə malik bir xalqın ruhundan
qaynaqlanan, insanlara xeyirxahlıq, mətanət əxz edən
ölməz, əbədiyaşar sənətdir.
Cari ilin əvvəlində
Mehriban xanımın Fransanın belə dəyərli
mükafatına layiq görülməsi o deməkdir ki, Azərbaycanın
birinci xanımı həqiqətən dəfələrlə
layiq görüldüyü “İlin xanımı”
adını ləyaqətlə daşıyır. Mehriban
xanımın Azərbaycanın milli-mənəvi dəyərlərinin
qorunub, inkişaf və təbliğ olunması istiqamətində
göstərdiyi tarixi xidmətlər arasında Dağlıq
Qarabağ həqiqətlərinin, Xocalı
soyqırımının dünya xalqlarına
çatdırılması üçün nümayiş
etdirdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir.
Heydər Əliyev Fondunun xətti ilə müxtəlif
dövlətlərdə təşkil olunan dinləmələr,
keçirilən aksiyalar, münaqişə nəticəsində
hüquqları pozulan azərbaycanlıların haqq səsinin,
tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində
də Heydər Əliyev Fondunun, şəxsən Avropa və
Qərb dövlətlərində böyük siyasi nüfuza,
hörmətə, ehtirama malik Mehriban xanımın xidmətləri
əvəzsizdir.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2010.- 2 mart.- S. 4.