Bir dön bizim Qəbələyə
bax!..
Azərbaycanın sosial-iqtisadi inkişafı regionların
timsalında aydın görünür
Prezident
İlham Əliyev 3 gün
əvvəl Azərbaycanın
qədim şəhərlərindən olan
Qəbələyə səfərində
vurğuladı ki, bu rayon son illərdə
ölkəmizin nail olduğu hərtərəfli
inkişafa əyani
nümunədir. Qəbələdə böyük miqyasda quruculuq, abadlıq işləri görülür, ən yüksək standartlara cavab verən istehsalat sahələri
yaradılır, sosial-məişət, turizm,
təhsil, səhiyyə, istirahət obyektlərinin geniş şəbəkəsi
istifadəyə verilir.
Bütün
uğurların təməlində ölkə rəhbərinin
regionların həyatına göstərdiyi diqqət və
qayğı dayanır. Məhz bunun nəticəsidir ki, 2009-cu
ildə Qəbələ rayonunda ümumi məhsul istehsalı
6 il əvvəlki ilə müqayisədə təqribən 4
dəfə, sənaye istehsalı 21 dəfə, kənd təsərrüfatı
məhsulları 2 dəfə artmışdır. 2003-2009-cu
illərdə rayonda 6500-ə yaxını daimi olmaqla 8300-ə
qədər yeni iş yerinin açılması rayonun
sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında
qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə
yetirildiyinin təsdiqidir. Dövlət
başçısının qeyd etdiyi kimi, ən önəmlisi
ondan ibarətdir ki, bu inkişaf təkcə statistik rəqəmlərlə
ölçülmür, eyni zamanda, burada aparılan
abadlıq, quruculuq işləri hər bir vətəndaşın
gözləri önündə baş verir, bu inkişaf hər
bir ailənin həyatında özünü aydın göstərir.
Prezident İlham Əliyevin
açılışında iştirak etdiyi,
qırmızı lentlərini kəsdiyi obyektlərin şəbəkəsinə
diqqət yetirin: məcburi köçkünlər
üçün hər cür şəraiti olan çoxmərtəbəli
yaşayış binaları, piano fabriki, avtovağzal, kənd
təsərrüfatı məhsullarını saxlamaq
üçün soyuducu anbarlar, yeni mehmanxanalar, elektrik
yarımstansiyası, uşaq bağçası, “Qafqaz-park” gənclik
mərkəzi, “Fitnes-sağlamlıq” kompleksi... Hər biri
dünya standartları səviyyəsində inşa edilmiş
istehsal -sosial təyinatlı bu obyektlər Azərbaycanın
ümumi inkişafının yüksək səviyyəsinin
göstəricisidir. Bu, eyni zamanda, belə bir həqiqətin təsdiqidir
ki, ölkəmizin inkişafına xarici və yerli investorlarda
böyük inam vardır. Bu inam regionları, ümumilikdə
ölkənin qeyri-neft sektorunu böyük inkişaf yoluna
çıxarmışdır.
Prezident İlham Əliyevin
Qəbələyə səfəri zamanı
açılışını etdiyi obyektlərin hər biri
təkcə yeni iş yerləri demək deyil, bu obyektlər həm
də regionun, bütövlükdə ölkənin beynəlxalq
turizm diyarlarından birinə çevrilməsinə imkan
verir. Bununla bağlı dövlət başçısı
bildirdi ki, Qəbələni müasir, gözəl turizm mərkəzinə
çevirmək üçün əlavə tədbirlər
hazırlanır.
Qəbələdə
yenicə istifadəyə verilmiş sosial-məişət
obyektlərinin hər biri haqqında geniş
danışmağa, bu obyektlərin regionun həyatına
hansı yenilikləri gətirəcəyini şərh etməyə
ehtiyac görmürük. Bu yeniliklərin Qəbələnin,
ümumən ölkəmizin beynəlxalq aləmə
qovuşmasına, xarici ölkələrlə mədəni əlaqələrin
intensivləşməsinə, istehsal olunmuş kənd və
sənaye məhsullarının dünya bazarlarına
çıxarılmasına, turizmin inkişafına
güclü təkan verəcəyi şəksizdir.
Qəbələnin xəritəsinə
daxil olmuş yeni ünvanların hər birinin böyük əhəmiyyəti
olduğunu qeyd edən Prezident İlham Əliyev bu
inkişafın bütövlükdə ölkə həyatının
müəyyənedici amilinə çevrildiyini, əhalinin
bütün təbəqələrinin, xüsusilə məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına yönəldiyini
vurğuladı. “Artıq Azərbaycanda bir dənə də
çadır şəhərciyi yoxdur” deyən Prezident
Bakıda, bir sıra rayonlarda məcburi köçkünlər
üçün çoxmərtəbəli evlər
tikildiyini, bu sırada Qəbələdə də xeyli iş
görüldüyünü bildirdi.
Rayon mərkəzində
məcburi köçkünlər üçün
tikilmiş iki çoxmərtəbəli binanın
açılış mərasimində çıxış
edən dövlət başçısı sakinləri təbrik
etməklə yanaşı qeyd etdi: “Siz bu evlərdə rahat
yaşayacaqsınız. Ancaq əsas məsələ ondan ibarətdir
ki, siz öz doğma torpaqlarınıza
qayıdasınız.”
İstər yerlərdə,
istərsə də xarici ölkələrdəki hər bir
çıxışında Prezident İlham Əliyev sülh
danışıqlarında kompromisə gəlməkdən hər
vəchlə yayınan Ermənistan rəhbərliyinin
ünvanına sərt ittiham səsləndirir. Dövlət
başçısı Qəbələdə bir daha Ermənistan
rəhbərliyinin və dünya ictimaiyyətinin diqqətinə
çatdırdı: “Biz bu vəziyyətlə barışa
bilmərik. Status-kvo bizi qane etmir. Erməni
işğalçı qüvvələri
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq
yarana bilər. ...Bu məsələ Azərbaycanın ərazi
bütövlüyü əsasında öz həllini
tapmalıdır və tapacaqdır.”
Prezident İlham Əliyev
münaqişənin ədalətli həlli üçün
Azərbaycanın daha da inkişaf etməsini, güclənməsini
əsas şərt hesab edərək bildirdi: “Bizim
bütün proqramlarımız icra edilir, o cümlədən
regionlarda gedən quruculuq işləri ölkəmizi gücləndirir.
Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu
inkişafını 2010-cu ildə də davam etdirəcəkdir.
Qarşıda duran bütün vəzifələr icra ediləcək
və ölkənin bütün sosial-iqtisadi problemləri
öz həllini tezliklə tapacaqdır.”
Bu gün Qəbələ
öz inkişafına görə Azərbaycanın kiçik
modeli sayılsa da digər regionlar da sosial-iqtisadi inkişaf cəhətdən
Qəbələdən geri qalmır. Ulu öndərin bir
vaxtlar dediyi “vaxt gələcək, Azərbaycan bütün
dünyaya günəş kimi doğacaqdır “ sözləri
bu gün həqiqətə çevrilibdir. Ölkəmiz
öz inkişafı ilə həqiqətən dünya
üçün örnəkdir. Azərbaycanın
inkişafı, qüdrətli bir dövlətə
çevrilməsi səbəbi isə ulu öndərin müəyyən
etdiyi sosial-iqtisadi inkişaf kursunun bu gün etibarlı əllərdə
olması, bu kursun inamla davam və inkişaf etdirilməsidir.
Telman
Qafar
İki
sahil.- 2010.- 3 mart.- S. 2.