Regional inkişaf proqramları ölkəmizin iqtisadi imkanlarını genişləndirir

 

Qəbələ rayonunda olarkən bir neçə obyektin açılışında iştirak edən Prezident İlham Əliyev dinamik inkişafın 2010-cu ildə də davam etdiriləcəyinə əminliyini ifadə etdi

 

“Bizim məqsədimiz ondan ibarətdir ki, hər bir qəsəbə, kənd, hər bir rayon mərkəzi inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar, məktəblər, xəstəxanalar tikilsin, bütün sosial infrastruktur yeniləşsin, yeni yollar çəkilsin.”

Prezident kimi fəaliyyətə başladığı ilk gündən regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi üçün başlıca amil kimi önə çəkən cənab İlham Əliyev 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiqləməklə respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsini həlli vacib məsələ kimi diqqətə çatdırdı. Regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin marağını cəlb edir.

Bu günlərdə Qəbələ rayonunda səfərdə olan dövlət başçısı İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha Azərbaycanın son illərdə qazandığı uğurlardan, dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olmasından geniş bəhs etdi. “Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır” söyləyən dövlət başçısı “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görüruk” söyləməklə bu gün bölgələrin inkişaf, tərəqqi yolunda inamla irəlilədiyini diqqətə çatdırdı. Bu fikir xüsusi vurğulandı ki, iqtisadi inkişaf sahəsində dünya miqyasında birinci olmaq böyük hadisədir. Təbii ki, uğurların əsasında məqsədyönlü islahatlar, düşünülmüş siyasət, hər bir sahə üzrə proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi dayanır.

İqtisadiyyatın şaxələndirilməsi qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Neft gəlirlərindən səmərəli istifadə digər sahələrin, xüsusilə də qeyri-neft sektorunun inkişafına stimul verir. Dövlət başçısı bildirir: “Əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqlar bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələləri yaradır.”

Son illərdə qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilib. Ölkəmiz özünü ərzaq məhsulları ilə tam təmin edir. Respubilkamızda istehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. Bu o deməkdir ki, ölkə iqtisadiyyatı ancaq enerji resurslarından asılı deyil. Bölgələrdə gedən quruculuq, abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir. 2004-cü ildə əsas vəzifə kimi qarşıya qoyulan qeyri-neft sektorunun, sahibkarlığın inkişafı təmin edildi. Dövlət başçısı Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük inam vardır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim dövlətin diqqətindədir. Bu məqsədlə yaradılan “Aqrolizinq” ASC və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi və icarə verilən kənd təsərrüfatı maşınlarının sayı artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir. Nəticədə ÜDM-də 85 faiz payı olan özəl bölmənin inkişafı yüksək səviyydə təmin edilir. Son altı ildə 800 mindən artıq yeni iş yeri açılıb. Həyata keçirilən infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrasına başlananda cənab İlham Əliyev bildirmişdir ki, məqsəd kəndlə şəhər arasında fərqi azaltmaq, hər bir bölgənin inkişafını təmin etməkdir: “Əgər hər bir kəndin problemi həll edilərsə, deməli, ölkədə bütün problemlər həll olunar.”

“Hər bir rayonun, hər bir kəndin öz proqramı, öz tədbirlər planı olmalıdır” söyləyən dövlət başçısı İlham Əliyevin əksər bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair sərəncam imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu məqsədə xidmət edir.

Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə birinci Dövlət Proqramının uğurlarından bəhs edən Prezident İlham Əliyev növbəti illərdə Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində sosial-iqtisadi məsələlərin öz həllini tapacağına əminliyini ifadə etdi. Bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev iqtisadi tərəqqini şərtləndirən amilləri diqqətə çatdırdı.

Bu gün respublikamızın hər bir bölgəsi inkişaf, tərəqqi baxımından paytaxtdan geri qalmır. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri və digər sosial obyektlər tikilib istifadəyə verilmiş, müasir standartlara uyğun yenidən qurulmuşdur. Ölkə Prezidentinin Qəbələyə səfəri zamanı ən yüksək standartlara cavab verən piano fabriki istifadəyə verildi. Bunu mühüm hadisə kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, yeni obyektlərin açılışı işsizlik probleminin həllində böyük əhəmiyyətə malikdir.

Bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. “İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır” bildirən dövlət başçısı qeyd edir ki. iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gundəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur. Yerlərdə olarkən əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanan Prezident İlham Əliyev təklif və təşəbbüslərin reallaşmasını, lazımi tədbirlərin görülməsini müvafiq qurumların qarşısında mühüm vəzifə kimi qoyur.

Qəbələnin böyük turizm potensialına malik olduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, rayonun gözəl təbiəti, zəngin tarixi və təbii imkanları onun beynəlxalq turizm mərkzələrindən birinə çevrilməsində böyük rol oynamalıdır. Rayonda turizmin inkişafı üçün vacib olan yol infrastrtukturu tamamilə yeniləşməlidir.

Ölkə iqtisadiyyatının inkişafı üçün əsas amil olan enerji təhlükəsizliyinin təminatı istiqamətində də önəmli addımlar atılır. Bölgələrdə müxtəlif gücə malik 9 elektrik stansiyasının istifadəyə verilməsi ilə emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi üçün əlverişli imkan yaranır. Dövlət başçısı Qəbələdə yeni yarımstansiyanın açılışında iştirak etdi. Hazırda respublikanın ən ucqar yaşayış məntəqələrində belə insanların təbii qaza və enerjiyə olan ehtiyacı daxili mənbələr hesabına ödənilir.

Bölgələrin içməli su ilə təminatı məsələsi də diqqətdədir. Səfər zamanı Prezident İlham Əliyev Qəbələ rayonunun timsalında bu məsələni də diqqətə çatdırdı: “ Qəbələnin içməli su, kanalizasiya problemi iki il ərzində həllini tapmalıdır.” Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan Oğuz-Qəbələ-Bakı su anbarının tikintisi də sürətləndirilir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi ilə daha mühüm uğurların əldə olunacağına əminliyini ifadə edən dövlət başçısı ölkə iqtisdiyyatının ümumi vəziyyətini müsbət qiymətləndirir. Regional inkişaf proqramı və bütün bölgələrdə gedən quruculuq işləri ölkəmizi gücləndirir. Prezident İlham Əliyevin “Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin” fikri reallıqdır.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2010.- 5 mart.- S. 2.