Regionların inkişafı
insanların şəhərlərə axınını
azaltmışdır
2009-cu
ilin yekunlarına
görə, Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələri belə geridə qoymuşdur.
Hətta beynəlxalq
aləmdə tüğyan edən maliyyə -iqtisadi
böhranın yaratdığı çətinliklər şəraitində
belə ölkəmizdə bütün sosial- iqtisadi
proqramların icrası davam etdirildi, əhalinin
rifahının pisləşməsinə yol verilmədi.
Ötən ilin ən
çox diqqət çəkən xüsusiyyətlərindən
biri regionların hərtərəfli inkişafında
böyük uğurların qazanılması, qeyri-neft
sektorunda tərəqqiyə nail olunmasıdır. Son 6 ildə
regionların sosial-iqtisadi inkişafını təmin etməyə
yönəlmiş iki Dövlət Proqramının qəbul
edilməsi, birinci proqramın (2004-2008-ci illər)
icrasının uğurla başa çatdırılması
ölkəmizin ümumi tərəqqisində keyfiyyətcə
yeni mərhələnin əsasını qoymuşdur. Qeyri-neft
sektorunun davamlı inkişafı, özəl bölmədə
böyük canlanma, regionlarda yeni istehsal sahələrinin
yaradılması, kommunal, sosial infrastruktur layihələrinin
icrası, sahibkarlıq mühitinin daha da
yaxşılaşması, iqtisadiyyata investisiya qoyuluşunun
artması, əhalinin məşğulluğunun təmin edilməsi,
yoxsulluq səviyyəsinin getdikcə aşağı
düşməsi... bu dövrün ümumi mənzərəsi
məhz belə yeniliklərlə əlamətdar olmuşdur. Bunun
nəticəsidir ki, ölkədə, daha çox regionlarda
yeni sənaye müəssisələri yaradıldı, fəaliyyətini
dayandırmış müəssisələr özəlləşdirilərək
yenidən quruldu. Dövlət Statistika Komitəsinin məlumatına
görə, son illərdə ölkədə 5 min 500-dən
çox yeni sənaye müəssisəsi fəaliyyətə
başlamışdır. Bu isə ölkənin sosial-iqtisadi
inkişafına böyük təkan verməklə
yanaşı, işsizlik probleminin həllinə, əhalinin
yoxsul təbəqələrinin güzəranının yoluna
qoyulmasına stimul yaratdı.
Ölkədə daha
çox qeyri -neft sektorunu əhatə edən sənaye müəssisələrinin
geniş şəbəkəsinin yaradılması dövlət
başçısı İlham Əliyevin ən çox diqqət
yetirdiyi məsələlərdəndir. Məhz bunun nəticəsidir
ki, Naxçıvan, Gəncə, Şamaxı, Yevlax,
Şirvan, Mingəçevir, Sumqayıt, Zaqatala və digər
şəhərlər sənaye mərkəzlərinə
çevrilməklə, əvvəlki şöhrətlərinin
qaytarılmasına nail oldular.
İki il əvvəl
Şamaxıda Prezident İlham Əliyevin xeyir-duası ilə
fəaliyyətə başlamış “Azərelektronika” məişət
cihazları zavodu ildə 600 min kondisioner istehsal edir. Gəncə
polad kompleksi və “Düral” alüminium zavodu,
Naxçıvan və Gəncə şəhərlərində
avtomobil zavodları, Yevlaxda tekstil fabriki, Qəbələdə
piano zavodu, Sumqayıtda texnopark yaradılması ölkəmizin
iqtisadi yeniliklərinin tam siyahısı deyil. Ötən
müddətdə regionların sənaye xəritəsinə
yüzlərlə yeni emal müəssisəsinin adı
yazılmışdır. Belə bir faktı yenidən
xatırladırıq ki, ölkədə, xüsusilə
regionlarda istehsal sahələrinin geniş şəbəkəsinin
yaradılması işsizlik və yoxsulluq kimi sosial problemlərin
həllinə geniş imkanlar vermişdir. Son 6 ildə 840 min
iş yerinin açılması əhalinin yoxsulluq səviyyəsini
50 faizdən 11 faizə endirmişdir. Bu belə bir həqiqəti
təsdiq edir ki, hətta maliyyə -iqtisadi böhran şəraitində
də Azərbaycanda yoxsulluğun azaldılması
üçün dövlət səviyyəsində
böyük işlər görülüb. Prezident İlham Əliyev
bu istiqamətdə əldə olunmuş nəticələrə
münasibət bildirərək demişdir: “Azərbaycanda
yoxsulluğa qarşı çox ciddi mübarizə
aparılır. Bu mübarizənin praktik nəticələri
vardır. Azərbaycan vətəndaşları gündən-günə
daha yaxşı yaşamağa başlayırlar.”
Ölkədə
yaşayış səviyyəsinin yaxşılaşması
kənd adamlarının, xüsusilə gənclərin iş
tapmaq məqsədilə iri şəhərlərə
axınını aradan qaldırmışdır. Kəndlərdə
yeni sənaye müəssisələrinin yaradılması,
bununla da məşğulluq probleminin xeyli dərəcədə
həll olunması, mədəni-məişət obyektlərinin
işə salınması, sahibkarlığın
inkişafına geniş şərait yaradılması
insanları doğma torpağa, evə, ailəyə
bağlamışdır.
Bu gün Azərbaycanda
elə bir kənd tapmaq çətindir ki, elektrik enerjisindən
istifadə etməsin. Hər bir rayonda səhiyyə, təhsil,
idman-sağlamlıq, mədəniyyət obyektlərinin
geniş şəbəkəsi yaradılıb. Regionlarda 8
elektrik stansiyası işə salınıb. Prezident İlham Əliyevin
dediyi kimi, “bu il, gələn il və sonrakı illərdə
bölgələrdə mövcud problemlərin həlli
üçün daha da böyük işlər görüləcəkdir.
2010-cu ilin dövlət büdcəsində bütün bu məsələlər
öz əksini tapıbdır.”
Bütün bunlar təbii
ki, kənd adamlarını doğulub boya-başa
çatdıqları torpaqlara möhkəm bağlayır. Kənddə
yeni iş yerləri açılıbsa, məişət xidməti,
səhiyyə və digər sahələrini əhatə edən
müəssisələr fəaliyyət göstərirsə
insan öz kəndini, evini-ailəsini tərk edib nə
üçün şəhərə, yaxud digər ölkələrə
üz tutmalıdır?! Müşahidələr və kənd
adamları ilə söhbətdən aydın olur ki, bir vaxtlar
şəhərlərdə yaşamağa getmiş
insanların çoxu kəndlərə qayıdır,
ev-eşik tikir. Son bir ildə regionlarda fərdi ev tikintisinin
2-3 dəfə artması məhz bu amillə
bağlıdır. Yardımlı, Lerik, Astara, Biləsuvar,
Beyləqan, Göygöl, Gədəbəy və digər
rayonlarda fərdi mənzil tikintisi hətta 10-12 dəfə
artıbdır.
Ən önəmli məsələlərdən
biri də 1990-cı illərin əvvəllərində
iş, dolanışıq dalınca Rusiyaya və başqa
xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarının
xeyli hissəsinin doğma yerlərə qayıtmasıdır.
Bu fikri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev
də jurnalistlərlə söhbətində təsdiq edərək
bildirdi ki, son vaxtlar əhalinin şəhərlərdən kəndə,
eləcə də Rusiyadan Azərbaycana qayıdışı
artıb. Komitə sədrinin dediyinə görə,
dünyadakı maliyyə-iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə
Azərbaycanda 70 mindən çox iş yeri
açılmış, işsizlik probleminin həlli demək
olar sona yaxınlaşmışdır. Bu isə insanları
doğma yurd yerlərinə bağlayan, kəndlərdən
şəhərlərə axının
qarşısını alan əsas amillərdən biridir.
Telman Qafar
İki
sahil.- 2010.- 10 mart.- S. 2.