Çıraq Neft
Layihəsinə sanksiya
verilmişdir
Martın
9-da Azərbaycan Dövlət Neft Şirkətinin Baş
ofisində Çıraq Neft Layihəsinə sanksiya
verilməsi ilə bağlı mərasim keçirilmişdir.
Tədbirdə çıxış
edən ARDNŞ prezidenti Rövnəq
Abdullayev qeyd etmişdir ki, bu layihə Xəzər dənizinin Azərbaycan
sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun hazırda davam edən işlənməsində
növbəti əhəmiyyətli addımdır. O bildirmişdir ki, layihə
“Əsrin müqaviləsi” çərçivəsində 360
milyon barel əlavə neft hasil etməyə imkan verəcək: “Bu da yeni nəhəng
bir yatağın hasilatına bərabərdir”.
ARDNŞ-nin prezidenti
çıxışında qeyd etmişdir ki, yeni layihənin
həyata keçirilməsi prosesində ən müasir
texnologiya və avadanlıqlar tətbiq olunacaq və bu da “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda maksimum hasilatın uzunmüddətli
saxlanmasını təmin edəcəkdir. Bildirilmişdir ki,
tərəfdaşların hesablamalarına görə
Çıraq Neft Layihəsinə 6 milyard dollar yönəldiləcək.
Layihənin bütün tikinti və quraşdırma işləri
daxili qüvvələr hesabına icra olunacaq. Bu işlərin,
əsasən, Heydər Əliyev adına Bakı Dərin
Özüllər Zavodunda və ATA istehsal sahəsində həyata
keçiriləcəyini söyləyən R. Abdullayev qeyd
etmişdir ki, xaricdən yalnız avadanlıqlar gətiriləcək.
Nəticədə Çıraq Neft Layihəsi ölkəmizin
neft sektorunda 1800-dən artıq yeni iş yerinin
açılmasına səbəb olacaq.
R.Abdullayev həmçinin
bildirmişdir ki, “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun 15 il əvvəl başlanmış işlənməsinin
davamı olan Çıraq Neft Layihəsindən ilk neft
haslatı 2013-cü ilə
planlaşdırılmışdır. Daha sonra “BP-Azerbaijan”
şirkətinin prezidenti Rəşid Cavanşir
çıxış edərək bildirmişdir ki, son dərəcə
vacib olan bu layihə “Əsrin müqaviləsi” çərçivəsində
ARDNŞ və ABƏŞ-in birgə həyata keçirdikləri
böyük işlərin uğurlu davamıdır. R.
Cavanşir 2009-cu ildə “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan 40 milyon tondan artıq neft hasil olunduğunu və
Çıraq Neft Layihəsinin gerçəkləşdirilməsi
ilə bu hasilatın daha da artacağını bildirmişdir.
Çıxışlardan
sonra Çıraq Neft Layihəsinin rəhbəri İlqar Məmmədov
layihənin konsepsiyasının prezentasiyasını
keçirmişdir. Mərasimdə Çıraq Neft Layihəsinə
sanksiya verilməsinə dair qətnamə
imzalanmışdır. Qətnaməyə ARDNŞ prezidenti
R.Abdullayev və “BP-Azerbaijan” şirkətinin prezidenti
R.Cavanşir imza atmışlar. Sonda jurnalistlər üçün
brifinq keçirilmişdir. Qeyd edək ki, layihə çərçivəsində
Xəzər dənizində yeni platforma - Qərbi
Çıraq Hasilat, Qazma və Yaşayış Bloklu
platforma inşa olunacaq. 50-dən artıq yerli şirkətin
ÇNL üzrə tikinti işlərində birbaşa və
dolayısı ilə iştirak edəcəyi gözlənilir.
Təkcə 2009-cu ildə 354 yerli şirkət və tərəfdaşları
Azərbaycan şirkətləri olan 22 birgə müəssisə
BP-nin operator olduğu layihələrə cəlb
olunmuşdur.
İki
sahil.- 2010.- 10 mart.- S. 2.