HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN
XALQ ARTİSTİ CANƏLİ ƏKBƏROVUN MUSİQİ
ALBOMU NƏŞR OLUNUB
Azərbaycan
muğam sənətinin
qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər
Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun
70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir.
Azərbaycan musiqi
ifaçılığı məktəbinin görkəmli
nümayəndəsi Canəli Əkbərovun həyat və
yaradıcılığına həsr olunmuş albom yüksək
poliqrafik səviyyədə və nəfis şəkildə
hazırlanmışdır. Musiqi albomu kitab və dörd
kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin
uşaqlıq və gənclik illərindən, zəngin və
unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq
yolundan söhbət açılır.
Yetmiş il əvvəl
Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda
musiqiçi ailəsində anadan olan, xanəndə babası
və atasının yolunu davam etdirən Canəli Əkbərov
sonra Bakıda Filarmoniyanın nəzdində fəaliyyət
göstərən Xan Şuşinskinin muğam studiyasında
ustad dərsi almışdı. Bu məktəbin təsiri onun
bütün yaradıcılıq yolunu müşayiət
etmişdir.
Nəşrdəki
kompakt disklərdə cəmlənmiş musiqi nümunələri
sənət hesabatı kimi xanəndənin
yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin
ifasında “Zabul-segah”, “Mahur-hindi” muğam dəsgahları,
“Dügah”, “Şahnaz” muğamları, “Simayi-şəms”, “Mənsuriyyə”
zərb muğamları, “Qarabağ” şikəstəsi və
xalq mahnıları toplanmışdır.
Heydər Əliyev
Fondunun yeni layihəsi indiyədək nəşr olunmuş
“Qarabağ xanəndələri”, “Muğam aləmi” musiqi
albomları, tədris vəsaiti kimi hazırlanmış “Azərbaycan
muğamı” multimedia toplusu, muğam ustadlarımız, xalq
artistləri Əlibaba Məmmədovun, Arif Babayevin,
tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin,
xalq artisti Ağaxan Abdullayevin həyat və
yaradıcılığından bəhs edən musiqi
albomları silsiləsini zənginləşdirmişdir.
İki
sahil.- 2010.- 10 mart.- S. 16.